“Bağçam Valideynlik Forumu”nda ailələr görüşdü

May ayının 14-ü “Məktəbli Düşərgə”sində “Bağçam Valideynlik Forumu”nun beşinci mövsümü keçirilib. “Education Management Network” və “Edu.Co”nun təşkilatçılığı ilə keçirilən tədbir bu dəfə “Ailə günü”nə həsr edilib.

50-yə yaxın ailənin iştirakı ilə baş tutan tədbirdə valideynlər və uşaqlar üçün əyləncəli proqram tərtib olunub. Belə ki, atalar üçün “playstation time”, analar üçün “mini karaoke”, balacalar üçün isə “face art”, “kukla teatrı”, “art studio” təşkil edilib.

“Məktəbli Klubu”nun rəhbər  Ləman Hüseynli Bagcam.az-a müsahibəsində tədbirin keçirilmə məqsədinin valideynləri bir araya toplamaq, onların övladları ilə birlikdə xoş anlar keçirməsinə şərait yaratmaq olduğunu söyləyib:

“Ailələr övladlarıyla bir yerdə olmaqla öz övladlarının həyatında bir iz qoyurlar. Övladlar bir müddət sonra ailələrinin dəyərini anlayırlar. Övladın həyatında ata-ananın rolu böyükdür. Ona görə də onları bir yerə toplamışıq ki, övladlarının həyatında bir iz qoysunlar”.

Tədbirdə həmçinin, müxtəlif yarışlar, müsabiqələr keçirilib. Bu yarışlarda valideynlərin iştirakı isə tədbiri daha da maraqlı edib.

“İndigo” Nərimanov uşaq bağçasına gedən Fərhad və Fuadın anası Gülnaz Məmmədzadə ilk dəfədir belə tədbirə qatıldığını və çox bəyəndiyini deyib:

“Çox xoşuma gəldi. İstərdim təmiz havada belə tədbirlər tez-tez keçirilsin. Həm uşaqlar bir-biriləri ilə ünsiyyət qursunlar, həm valideynlər bir-birilərini tanısınlar”.

“İndigo” Nərimanov uşaq bağçasında təhsil alan Zeynəbin atası Asif Qəhrəmanov isə bu kimi tədbirlərin valideynlər üçün faydalı olduğunu söyləyib:

“Ətrafda sevincək qaçan uşaqları görəndə doğrudan da çox sevinirik. Yəni belə gözəl təşkilatçılıq var. Mənə elə gəlir ki, belə tədbirlər keçirilsə, əla olar.  Həm valideynlər bir-biriylə tanış olar, həm əylənər, həm də valideynlər öz aralarında uşağın tərbiyəsində və digər şeylərdə təcrübə mübadiləsi apara bilərlər”.

“İndigo” uşaq bağçasının balacası İncinin anası Nəzakət İsmayılova isə bugünkü tədbirin uşaqların inkişafında əvəzsiz rolu olduğunu bildirib:

“Belə tədbirlərin uşaqlar üçün daha çox şey öyrənməsinin müstəsna rolları var. Belə açıq havada oyunlar keçirilir məsələn, bu, onları daha çox bir-birinə bağlayır”.

Tədbirin sonunda yarışlarda ən çox iştirak etmiş valideynlərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Education Management Network” və “Edu.Co” mütəmədi olaraq valideynlərin iştirakı ilə müxtəlif forumlar və tədbirlər təşkil edir.