Bağçalarda uşaqların təhlükəsizliyi necə təmin edilir?

Uşaqların təhlükəsiz mühitdə böyüməsi hər şeydən önəmlidir. Azyaşlıların evdən sonra ən çox vaxt keçirdikləri məkan əsasən bağçalar olur. Elə buna görə də balacaların təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyət bağçaların üzərinə düşür. Bəs bağçalarda uşaqların təhlükəsizliyi necə təmin olunmalıdır?

Bu barədə “Education Management Network”a daxil olan “İndigo” uşaq bağçasının administratoru Alla Mehrəliyeva Bagcam.az-a müsahibə verib. O, bildirib ki, təhlükəsizliyin təmin olunması üçün bağçada mühafizə, onlayn müşahidə kameraları, təhlükəsizlik sistemi və ən əsası işçi heyətinin valideynləri, uşaqları tanıması lazımdır. Alla xanım “İndigo” uşaq bağçasında təhlükəsizliklə bağlı görülən tədbirlərdən də danışıb:

“Bağça 24 saat ərzində mühafizə sistemi ilə təmin olunur. Mühafizə sistemi gecə və gündüz növbəsinə bölünür. Böyük məsuliyyət gündüz növbəsinin öhdəliyindədir, çünki bağçaya gələn uşaqların, valideynlərin, işçi heyətinin və aidiyyatı qurumların gəlib-getməsi bu növbənin üzərinə düşür.

Gün ərzində növbətçi mühafizə bağçaya gəlib-gedən bütün insanlara nəzarət edir. Kənar şəxslər əgər bağçaya gələrsə, onların çantaları, əşyaları yoxlanılır və ya sorğu-sual olunur”.

Bağça administratoru hər gün səhər uşaqlar gəlməmişdən öncə bütün məşğələ və xidmət otaqlarının nəzarətdən keçirildiyini də sözlərinə əlavə edib.

Bağça daxilində 32 ədəd onlayn rejimdə işləyən kameraların quraşdırıldığını deyən Alla xanım onu da bildirib ki, bu kameralar vasitəsilə valideynlər övladlarına gün ərzində nəzarət də edə bilirlər:

“Kameralar bizim işimizə müsbət təsir edir. Düşünürəm ki, video kameraların olması bizi məsuliyyətli etməklə yanaşı, həm də valideynlərin qarşısında güvənli olmağımıza zəmanət verir. Bu kameralar təkcə valideynlərin övladlarını izləməsi üçün deyil. Həm də müəssisənin təhlükəsizliyi təmin olunur. Onlayn kameraları, həmçinin dəhlizdə quraşdırılmış televizor vasitəsilə də izləmək mümkündür. Əgər xoşagəlməz hallarla rastlaşsaq, həmin hadisənin iştirakçılarıyla söhbət aparılır, xəbərdarlıq edilir və lazım gələrsə, həmin şəxslərə töhmət verilir”.

Balacaların təhlükəsizliyini təmin etmək məqsədilə bağçada xüsusi nəqliyyat xidməti fəaliyyət göstərir. Bu xidmət vasitəsilə uşaqlar hər səhər saat 09:00-da bağçaya, axşam saat 18:00-da isə valideynlərinə təhlükəsiz şəkildə təhvil verilir:

“Uşaqların nəqliyyatda təhlükəsizliyi təcrübəli sürücü və nəzarətçi vasitəsilə həyata keçirilir. Onları səhər tezdən evdən götürməmişdən 10-15 dəqiqə öncə valideynə zəng vurulur və xəbər verilir ki, uşağı hazırlaşdırın, biz çatırıq. Axşam da təhvil verildikdə, yenə əvvəlcədən xəbər verilir.  Valideyn həmin vaxt evdə olmasa, sürücü və nəzarətçi valideynin gəlməyini gözləyirlər”.

Uşaq bağçalarında yanğın hadisəsinin baş verməməsi üçün təhlükəsizlik tədbirləri də görülməlidir. Alla xanım deyib ki, belə halların qarşısını almaq üçün “İndigo” uşaq bağçasında avtomatik yanğın aşkaretmə sistemi quraşdırılıb. Həmçinin, administrator binada iki əlavə yanğın çıxışının olduğunu qeyd edib:

“Bağçamızda yanğın riskini azaltmaq üçün istifadə olunan bütün avadanlıqlar təyin olunmuş standartlara cavab verir. Əgər kiçik yanğınlar olarsa, yanğınları söndürmək üçün yanğınsöndürmə balonları tez istifadə olunacaq yerlərə qoyulub. Bağçada yanğın baş verərsə, təxliyə planına əsasən hərəkət edərək uşaqlar bağçanın həyətində təhlükəsiz toplantı yerinə çıxarılır”.

Bundan əlavə, “İndigo” uşaq bağçası fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı  işçi heyətinə təlimlər, seminarlar da keçirir.

Qeyd edək ki, bu kimi təhlükəsizlik tədbirləri “Education Management Network”a daxil olan –  “Peter Pan”, “İndigo” Nərimanov və “Baby Star” uşaq bağçalarında da tətbiq olunur.