“Bağçalarda uşaqların inkişafı üçün xüsusi otaqlar olmalıdır”

Adətən xoşbəxt uşaq anlayışı uğurlu uşaqla əlaqələləndirilir. Balacaların xoşbəxt və eyni zamanda uğurlu olması üçün isə onların sosial emosional bacarıqlarının inkişaf etməsi və özünə xidmət bacarıqlarını mənimsəməsi vacib şərtlərdən hesab olunur.

Bu barədə “Education Management Network”un (EMN) Uşaq İnkişafı üzrə Koordinatoru, uşaq psixiatrı Vəfa Şirinova  Bagcam.az-a müsahibə verib. O, uşaqları şərtsiz qəbul etmək, onlarda özünə inam hissini yaratmaq və pozitiv yanaşmanı tətbiq etmək lazım olduğunu söyləyib:

“Xoşbəxt uşaq olmaq üçün onun sərbəstliyi olmalıdır, sərbəst ailəsi olmalıdır. O, çərçivə daxilində özünü sərbəst və özünü ifadə edə biləcək qədər göstərə bilməlidir. Yenilikdən və uşaqlarınıza yenilikləri göstərməyə qorxmamalısınız”.

“Uşaq nə qədər xoşbəxtdirsə, onun dərsləri də, ətrafla münasibətləri də bir o qədər inkişaf edəcəkdir” deyən Vəfa xanım, uşaqların dərslərini daha yaxşı öyrənməsi üçün xüsusi şərait olmasının vacibliyini vurğulayıb:  

“Ola bilər ki, sizin çox otağınız, uşağınızın ayrıca otağı olmasın, amma onun dərslərini öyrənməsi üçün xüsusi bir güşəsi olmalıdır. O bilməlidir ki, ora onun dərslərini öyrənməsi üçün bir mərkəzdir və o mərkəzdə hər şey ona aid olmalıdır. Bu zaman uşaq dərslərində daha keyfiyyətli nəticələr verəcəkdir”

Bağçam Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “İndigo” uşaq bağçasında menecer vəzifəsində də                                                                                                                                                                                     çalışan Vəfa xanım bağça yaşlı uşaqların öyrənməsi üçün yaradılmalı olan imkanlardan bəhs edib:

“2-6 yaşlı uşaqlar həyatı daha çox gördükləri ilə qavradıqlarına görə, onlar nə qədər rəngarəng əşyalar görərsə, daha çox maraqlı, fərqli hissiyatlara toxunarlarsa, onların görmə bucağı genişlənir.. Hansı ki, biz o standartları qoruyuruq. Bundan başqa da oyuncaqlar keyfiyyətli olmalıdır, ələ xoş dəyməlidirlər və rəngarəng olmalıdırlar. Bunların hamısını ardıcıl olaraq qoruyuruq”.

Sosial emosional bacarıqların uşaqların inkişafına təsirindən də söhbət açan Vəfa xanım balacaların bu sahədə ola biləcək hər hansı bir ləngimənin onların öyrənməsinə də mane olacağını bildirib:

“Çünki sosial emosional bacarığında problem yaşayan uşaq bölüşmə hissində də problem yaşayacaq. Hər hansı bilmədiyi mövzunu soruşa bilmir və yaxud soruşarkən onu dinləməyi ona problem yaradır. Bağçalarda uşaqların daha doğru inkişafı üçün standartlardan biri də odur ki, otaqlar geniş və işıqlı olmalıdır

Adətən bağçaya gələn uşaqlar 2-3 yaşında olurlarsa, artıq  onların yetəri qədər hər hansı bir bacarıqları formalaşmış olur. Əgər onların hər hansı bacarıqları formalaşmayıbsa, biz mütləq onun hansı yaş sosial emosional bacarıqda olduğunu yoxlayırıq, qiymətləndirməsini aparırıq. Əgər qiymətləndirmə öz yaşı ilə, yəni ki, uşağın fiziki yaşı ilə onun sosial emosional yaşı uyğun gəlmirsə, həmin yaşı onun  öz fiziki yaşına uyğun  eləməyə çalışırıq”.

Uşaqların xoşbəxtliyinə təsir edən amillərdən biri də özünə qulluq bacarıqlarıdır. Vəfa xanım qeyd edib ki, əgər bu bacarıqlara uşaq vaxtı-vaxtında əməl edərsə , digər bacarıqlar da ondan asılı olaraq inkişaf edəcək:

“Özünə qulluq bacarığına hər şey aiddir. Yəni bu yemək, istər geyinmə, istər tualet bacarıqları olsun – bunlar vacib bacarıqlardır. Bağçaya təzə gələn uşağa mütləq 3 yaşından etibarən sərbəst yeməyə öyrədirik və hətta məcbur edirik ki, onlar sərbəst yeməyi öyrənsinlər. Qaşığı düz tutsunlar, çəngəldən, 4 yaşından etibarən artıq bıçaqdan istifadə etsinlər”.

Qeyd edək ki, Bağçam Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “Baby Star”, “Peter Pan” və “İndigo”  Nərimanov uşaq bağçalarında da  uşaqların özünü xoşbəxt hiss edib, uğur qazanmaları üçün sosial emosional və özünəqulluq bacarıqlarının tədrisinə xüsusi yer ayrılır.