Bağça uşaqları üçün ingilis dili kitabı hazırlanıb

Oktyabr ayının 9-da uşaq bağçasında “My Merry English book” adlı ingilis dili kitabının təqdimat mərasimi baş tutub. Kitabın müəllifi bağçanın ingilis dili müəllimi Arzu Məmmədovadır.

3-6 yaş uşaqlar üçün nəzərdə tutulan kitab Azərbaycan- İngilis və Rus- İngilis dillərində çap olunub. Kitab 35 fərqli mövzudan ibarətdir. Bu mövzulara ailə, bədən üzvləri, fəsillər və digərləri daxildir. Həmçinin kitab iki hissədən ibarətdir- ingilis dili kitabı və iş dəftəri.

Tədbir başlamazdan əvvəl Arzu müəllimə uşaqları kitabla tanış etdi. Uşaqlar kitabdan müxtəlif tapşırıqlar həll etdikdən sonra tədbir zalına keçdilər.

Arzu müəllimə tədbiri giriş sözü ilə açdıqdan sonra uşaqlar ingilis dilində mahnı oxuyub, şeir səsləndirdilər.

Daha sonra bağçadakı uşaqların iştirakı ilə keçirilən tədbirlərdən ibarət video çarx nümayiş etdirildi.

Uşaq bağçasının direktoru Samirə Muxtarova Arzu müəlliməni təbrik edib, kitab haqqında fikirlərini bildirdi.
Sonda isə kitabın müəllifi Arzu müəllimə fikirlərini bölüşdü. O bildirdi ki, uşaqlar üçün ingilis dili kitabı nəşr etdirmək onun arzusu olub.

Mən beş ilə yaxındır ki, uşaq bağçasında ingilis dili müəlliməsi kimi fəaliyyət göstərirəm. Bu illər ərzində mənim arzum idi ki, uşaqların daha asan başa düşəcəyi, əylənərək öyrənə biləcəyi kitab ərsəyə gətirim. Nəhayət ki, bu gün bu arzum yerinə yetdi. Bunun üçün özüm də şadam.

Qeyd edək ki, kitab gələn həftədən  “İndigo” Nərimanov, “Baby Star” və “Yuvam” bağçalarında tədrisdə istifadə olunacaq.