Bağça balacaları məzun oldular

İyun ayının 3-də Bağçam Uşaq Bağçaları Şəbəkəsinə daxil olan “İndigo” Nərimanov uşaq bağçasında 4-cü məzun günü keçirilib. Tədbir müddətində balacalar müxtəlif şeir və mahnılar söyləyərək müəllimlərinə təşəkkürlərini ifadə ediblər. Məzunlar bağça və məktəb dövrünü əhatə edən səhnəcik və rəqslər nümayiş etdirərək bu günü daha da yaddaqalan ediblər.

Tədbir haqqında ağızdolusu danışan “İndigo” Nərimanov uşaq bağçasının meneceri Sevda Babanlı deyib ki, balacaların məzun olması sevincli olduğu qədər, həm də duyğulu hadisədir:

“Bugün çox möhtəşəm bayramımız oldu. Bayramımız iki hissədən ibarət idi. Birinci hissədə uşaqlarımızı sanki bir gəmidə oturdub  bağça adasından məktəb adasına yola saldıq. Balaca balalarımıza arzu edirəm ki, xoşbəxtlik küləyi hər zaman onları uğura aparsın. İkinci hissədə isə balacalarımız Qara Qarayevin möhtəşəm “Vals” əsərinin sədaları altında gəldilər. Gözəl vals oynadılar və biz Education Management Network bağçalar şəbəkəsi olaraq uşaqların hər birinə diplom və vinetkalar təqdim etdik, gözəl xatirə şəkilləri çəkdirdik. Son olaraq, balaca balalarımıza, məzunlarımıza uğur arzulayıram. Arzu edirəm ki, ailələrinin fəxri olsunlar, istədikləri peşənin sahibi olsunlar, xoşbəxt olsunlar, sağlam olsunlar, çoxlu kitab oxusunlar, ətraf aləmlə tanış olsunlar, hər zaman istədikləri yaxşı şeylərə nail olsunlar”.

Övladları bağçadan məzun olan valideynlər də hisslərini bagcam.az ilə bölüşüblər.

Elmirin anası Elvira Qəhrəmanova bağçanın övladına qazandırdığı dəyərlərdən söhbət açıb, mükəmməl təhsil və tərbiyə üçün bağça kollektivinə minnətdarlığını bildirib.

“Sehrli Dayə” uşaq bağçası övladıma ilkin ünsiyyət qurma bacarığı, yaradıcı düşünmə bacarığı, hörmət etməyi aşılamaqla yanaşı, həm də Elmirin erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına, onun məktəbəqədər təhsillə təmin olunması üçün də şərait yaratdı. Çox sevinirəm ki, yolumuz bu bağçadan keçdi”.

Digər məzun Fərəhin valideyni Gülçöhrə Musayeva tədbirdən xoş təəssüratlarla ayrıldığını deyib. O, qeyd edib ki, bağça sistemli təlim və tədris tətbiq etməklə yanaşı, övladının sosiallaşmasına da yardım edib:

“Övladım məzun oldu, buna görə çox sevincliyəm. Məktəbə ilk addımını atacaq. Bağça uşağıma çox şey qazandırdı. Ən çox sosiallaşmağı qazandırdı. Artıq övladım sərbəst şəkildə özünü idarə edə bilir. Təbii ki, mükəmməl şəkildə bilikləri öyrənib. Bu məni çox sevindirir”.

Tədbirdən sonra balaca məzunlardan Toğrul Cəfərli məktəbə getmək üçün hazır olduğunu deyib.

“Mən indi məzunam. Birazdan bağçanı qurtarıb məktəbə gedəcəm. Müəllimələrim və dostlarım  üçün çox darıxacağam”.

Digər məzun Xədicə Əliyeva da bağçanı çox sevdiyini və bağça həyatı üçün darıxacağını deyib:

“Mən bağçanı çox xoşlayıram. Məktəbə gedəndə müəllimələrim və dostlarım üçün çox darıxacam”.

Qeyd edək ki, bu il “Sehrli Dayə” uşaq bağçasından 13 nəfər uşaq məzun olub.