“Peter Pan”-da sağlam səhər

Aktiv səhər gimnastikası və sağlam səhər yeməyi bağça yaşında olan uşaqların inkişafı üçün  vacib amillərdəndir. Günə belə rejimlə başlayan uşaqlar gümrah və öyrədilənləri mənimsəməyə daha həvəsli olurlar.

“Education Management Network” təhsil şəbəkəsinə daxil olan bütün bağçalar kimi “Peter Pan” uşaq  bağçası da  uşaqların hərtərəfli inkişafı üçün çalışır.

Bağçada hər səhər uşaqlar hər şeydən əvvəl Dövlət Himnini ifa edirlər. Daha sonra səhər gimnastikasına başlanılır. Gimnastika vaxtı uyğun otaq temperaturunun olmasına və balacaların tərləməməsinə tərbiyəçilər xüsusi nəzarət edir.

Gimnasitkanın ardınca isə uşaqlar gigiyena qaydalarına uyğun əllərini yuyub, yemək masası arxasına keçirlər. Xüsusi zövqlə və həssaslıqla hazırlanan səhər yeməyi uşaqlara verilir. Səhər yeməyində uşaqların inkişafına faydalı olan bal və süd məhsullarına, əsasən də sıyığa üstünlük verilir.

 “Peter Pan” uşaq bağçasının sağlam səhər fəaliyyətinin əks etdirən video çarxı təqdim edirik:

Uşaqları qrip peyvəndi etdirək, ya yox?

grip_asisi_ne_zaman_yaptirilmalidir_1ade41d0d631acae9ffa0026db3de309Elə ki, havalar bir azca soyuyur, uşaqlar arasında qrip və soyuqdəymə hallarına tez-tez rast gəlinir.
Qrip sözünün hərfi mənası tutulmaq deməkdir. Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) ailəsinə daxil olan xəstəliklərdən biridir. Bu, böyük bir xəstəliklər qrupunu özündə əhatə edən patoloji haldır. Qrip də bu ailəyə daxil olan xəstəlikdir. Bəs uşaqlarımızı bundan necə qoruyaq? Bu baxımdan qrip peyvəndinin faydası varmı?

Bagcam.az Aile.lent.az-a istinadən  mövzu ilə bağlı pediatr Vaqif Qarayevin məsləhətlərini təqdim edir.

Həkim ilk növbədə onu bildirib ki, hər soyuqdəymə və Kəskin Respirator Virus İnfeksiyaları qrip deyil. Qrip virusunu klinik gedişatı və laborator müayinələr əsasında təyin etmək olar: “Qrip ümumi anlayışdır. Amma qrip virusunun 3 növü var – A, B, C. Hər birinin törətdiyi xəstəlik gedişatına görə fərqlənir. Qrip xəstəliyi xüsusən uşaqlarda ağır gedişatı ilə fərqlənir. Başqa respirator xəstəliklərdə temperatur 38-ə qədər qalxa bilirsə, qrip zamanı 39-40 dərəcəyə qalxır və dayanıqlı olur, yəni uzun müddət davam edir. Uşaqların ümumi halı kəskin və qəflətən pisləşir. Südəmər, yəni kiçikyaşlı uşaqlarda yeməkdən imtina, oyanıqlıq, ağlağanlıq, yuxusuzluq, qusma halları baş verir. Əgər qızdırmanın qarşısı vaxtında alınmazsa, qıcolmalar baş verir. Körpə uşaqlarda qrip virusları ilk növbədə yuxarı tənəffüs yolları və mərkəzi sinir sistemini zədələyir. Südəmər uşaqlarda daha çox ağırlaşma, fəsadlaşma ehtimalı çoxdur. Ən çox fəsad ağciyərlərə verir. Qrip virusunun verdiyi pnevmoniya, yəni ağciyər iltihabı, sadə dillə desək, sətəlcəm, həddən artıq ağır keçir. Onun müalicəsi çox çətindir. İkinci ağırlaşma mərkəzi sinir sistemində, yəni baş-beyində miningit yaranır. Bu da uşaq orqanizmi üçün ağırdır, müalicəsi uzun müddət çəkir”.

Qripdən ölüm təhlükəsi!

V. Qarayevin sözlərinə görə, qripin konkret yaşı yoxdur, yəni yeni doğulmuş uşaq da qrip ola bilər. Hətta yeni doğulanlarda qrip ağır keçir və çox vaxt da ölümlə nəticələnir. Ümumiyyətlə, qrip virusu fəsadlaşdıqda ölüm təhlükəsi yaranır: “Südəmər uşaqlarda qıcolmanın fonunda miningit ani ölümə səbəb ola bilər. Bir az böyük uşaqlarda pnevmoniya – ağciyərlərin iltihabı, sətəlcəm baş verə bilər. Uşaqlar bu vəziyyətdən də çətinliklə çıxırlar. Bəzən deyirlər ki, qrip sağalmadı. Adi burun axması, burun tutulmasına qrip demək olmaz. Burun axması allergiyadan, adi soyuqdəymədən də ola bilər. Amma qripin əlamətləri çoxdur, üstəlik təhlükəli və ağırdır. Çox zaman da deyirlər ki, uşağın qızdırması düşüb, amma öskürək və burun axması keçmir. Bu, düzgün anlayış deyil”.

Pediatr qrip virusunun son dərəcə təhlükəli və yoluxucu olduğunu vurğulayır. Yoluxucu hallar daha çox uşaq bağçaları və məktəblərdə baş verir: “Bir saatın içində bütöv məktəb yoluxa bilər. Qrip virusu hava damcı yolu ilə – öskürək və asqıraqla keçir. Burnun içindəki möhtəviyyatın tərkibi virusla zəngindir. Asqıraq və öskürək zamanı kənara sıçrayaraq yayıla bilər. Bir sinifdə bir uşaq bircə dəfə asqırmaqla bütün sinfi qripə yoluxdura bilər”.

Bəs uşaqlara hansı yaşdan etibarən qrip peyvəndi vurula bilər?

Uşaqlar 6 aylığından sonra qrip peyvəndi oluna bilər. 9 yaşından aşağı və əvvəllər heç bir qrip peyvəndi almamış uşaqlara bir ay ara ilə iki dəfə, böyük dozasının yarısı qədər vurulur. Lakin 9 yaşından yuxarı uşaqlara qrip peyvəndi 1 dəfə vurulur.

Vaqif Qarayev xüsusi tibb müəssisələrində əvvəlcədən proqnozlaşdırılmış virus epidemiyasına əsasən peyvənd edildiyini bildirir: “Məsələn, 2016-cı ilin qışında qripin A (B, C də ola bilər) virusunun epidemiyası gözlənilir. Ona görə əgər proqnozlar düz çıxarsa, peyvənd A virusuna qarşı aparılmalıdır. Bəzən valideynlər şikayət edirlər ki, peyvənd də vurdurduq, amma uşaq yenə qrip oldu. Demək, həmin vaxt epidemiyası gedən virusun növünə görə peyvənd vurulmayıb. Məsələn, A virusu qripi var, amma B qrupunun peyvəndi olunub. Qripin törədicisinin A, B, C virusu olması dəqiqləşdirildikdə həkim, tibbi personaj, valideyn üçün də hansı peyvənd vurulması asanlaşır”.

Peyvənd etdirirkən nəyə diqqət etmək lazımdır?

Peyvənd iynə şəklində vurulur. Bütün peyvəndlər kimi, qrip peyvəndi zamanı da uşaq mütləq sağlam olmalıdır. Həkim qrip virusu aşkarlandıqda uşaqların mütləq peyvənd olunmasını məsləhət görür: “Bütün peyvəndlər kimi, qrip peyvəndinin də əks təsiri ola bilər. Əgər uşaq xəstədirsə, peyvəndin fəsadları olacaq. Qrip peyvəndi ilə paralel başqa peyvənd vurula bilməz. Uşağa başqa peyvənd vurulmalıdırsa, qrip peyvəndindən iki ay sonra vurula bilər. Qrip peyvəndinin vurulma mövsümü oktyabr-noyabr aylarıdır. Çünki peyvənd iki ay sonra təsirini göstərir. Epidemiya isə əsasən yanvar-fevral aylarında baş verir”.

Uşaqlarda nitq geriliyinin səbəbləri

usaq_İnsan doğulan kimi onun nitqi mövcud olmur. Uşaq inkişaf etdikcə nitq əmələ gəlir və formalaşmağa başlayır, yəni ətrafdakıları, böyükləri təqlid etməklə inkişaf edir.

Öncə uşaq anadan olan kimi ağlayır, narahatçılığını, aclığını ağlamaqla biruzə verir. 4-5 ayında səs eşidərək səs gələn tərəfə çevrilir, anasını tanıyır, hirsli və mehriban danışıq tərzini ayıra bilir. Ucadan gülür, müxtəlif səslər çıxarmağa başlayır. 6-9 ayında nitqi anlamağa çalışır. Böyüklərin öyrətdiyi hərəkətləri etməyə çalışırlar, səslərə diqqətlə qulaq asırlar. Məsələn: gözlərini, burnunu göstərmək, əl çalmaq və s. 10-11 ayında “ver, götür, olmaz və s. kimi sözləri başa düşür və əməl edirlər. Böyüklərin ardınca hecaları təkrarlayır, pişiyin, itin, inəyin səsini təqlid edirlər. Bu onu göstərir ki, onlarda nitq inkişafı var. Uşaq müəyyən vaxtdan sonra danışacaq. 1-2 yaşında əgər 35-40 söz bilib, nitqi anlayıb təqlid etməyi bacarırsa, 2-3 yaşında artıq sözlərin miqdarı artıb 250-300-ə çatır. Uşaqlar 2-3 sözdən ibarət cümlələr qurur, sözləri daha aydın tələffüz edirlər. 3-4 yaşında söz ehtiyatı artaraq 800-900-ə çatır, şeir demək bacarığına yiyələnir, çox qulaq asmağa və çox danışmağa başlayır. Hamının onu dinləməsinə çalışır. Çoxhecalı sözlərin deyilişində səhvlərə yol verir. 4-5 yaşında şəkilli kitablara baxmağı xoşlayır, heyvanların bəzilərinin adını tapıb səsini təqlid edir. Artıq daha geniş cümlələrdən istifadə edir. Nitqi daha aydın olur. Lüğətində 2300-2500 söz olur. Tam formalaşma müddəti isə 5-6 yaşına qədər çəkir. Artıq bu müddətdə o, 3000-3500 sözdən istifadə edərək mürəkkəb cümlələr qurur, özündən hadisələr uydurur, anasının danışdığı nağıllara dair suallar verə bilir. Hətta böyüklər kimi danışa və demək olar ki, başa düşə bilir. Onun nitqində ardıcıllıq qorunub saxlanılır. Lakin bu həmişə belə olmur.

Göstərilən mərhələlərdə uşaqda normal inkişaf görülmürsə, bu artıq valideyn üçün bir siqnaldır və valideyn bu barədə narahat olmalıdır. Bəzi uşaqların nitq inkişafı bu mərhələlərdən birini və ya bir neçəsini keçməyə bilər. Bu da gələcəkdə uşağın normal nitqə yiyələnməsinin qarşısını ala bilər. Əgər valideyn uşağın nitqində hər hansı bir problem hiss etsə, gecikmədən mütəxəssisə müraciət etməlidir. Mütəxəssis tərəfindən müayinə edilərkən nəinki onun nitqi, həmçinin eşitmə dərəcəsi, psixoloji durumu, əqli və fiziki inkişafı da müayinə edilməlidir. Bəzən belə hesab edirlər ki, nitq yoxdursa və yaxud gecikirsə, bu oliqafreniyanın, yəni kəmağıllılığın formasıdır, əlamətidir. Lakin bu heç də belə deyil. Nitqin gecikməsinə həm daxili amillər, həm də xarici amillər səbəb ola bilər.

Daxili amillərə – ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər, anemiyalar, dölün hipoksiyası (oksigen çatışmazlığı), doğuş zamanı baş verən travmalar, zədələr və s. ola bilər. Nitqlə bağlı yaranan mərkəzlər bəzən ana bətnində inkişaf etməyə bilər.

Xarici amillərə isə uşağın stressli şəraitdə yaşaması, valideynləri tərəfindən qayğı görməməsi, uşağın valideynləri ilə ünsiyyətdə olmaması aid edilir. Bilməliyik ki, uşaq danışmağa başlayanda ona kömək etmək vacibdir. Uşağın nitqinin formalaşması zamanı valideynlər tərəfindən düzgün, vaxtında müdaxilə olmazsa, bu uşağın inkişaf geriliyinə gətirib çıxara bilər.

Nitqin ləngiməsinə səbəb olan amillərdən digəri oliqofreniya, yəni əqli gerilikdir. Ağır dərəcəsində demək olar ki, nitqin inkişafı olmur, uşaq heç kimlə ünsiyyətə girmir. Yalnız valideynin qayğısına ehtiyac duyulur. Orta dərəcəli əqli gerilikdə isə ola bilsin ki, 4-5 yaşında 10-15 söz bilsin.

Uşaqlarda nitq geriliyinin səbəbləri

Normal uşaqlar arasında da nitqin ləngiməsinə rast gəlinir. Bu bir neçə səbəbdən ola bilər. Ağız əzələlərinin, dişlərin, çənənin düzgün inkişaf etməməsi, 0-1 yaşında keçirilən ağır xəstəliklər, infeksion xəstəliklər, aldığı travmalar, qurdağızlıq, dovşandodaqlıq da nitqin düzgün inkişafına əngəl ola bilər. Ağız boşluğunda olan qüsurlar da nitqin gecikməsinə səbəbi ola bilər. Eşitmə pozuntusu da nitqin olmamasına gətirib çıxarır. Ona görə də nitq geriliyi varsa, mütləq audioqrafiya metodu ilə eşitmə yoxlanmalıdır. Bundan başqa, psixoloji travma nəticəsində də uşaqda nitq geriliyi yaranır. Autizmi olan usağın da nitqi ola bilsin ki, heç olmasın. Nitqin ləngiməsinə səbəb olan faktorlardan irsi xəstəlikləri, uşaq serebral iflici də misal göstərmək olar. Ağır nitq qüsurları da – alaliya (ana bətnində və ya uşağın ilkin inkişaf mərhələsində beyin qabığının nitq zonasının zədələnməsi nəticəsində nitqin olmaması), afaziya ( baş-beynin lokal zədələnməsi nəticəsində artıq formalaşmış nitqin itirilməsi), anartriya ( nitq aparatının tam fəaliyyətsizliyi nəticəsində nitqin olmaması), mutizm (psixoloji durum, psixoloji travma nəticəsində nitqdən imtina) nitqin ləngiməsinə gətirib çıxarır.

Nitqin səbəblərini araşdırarkən ilk növbədə valideynlərlə söhbət aparılır. Ananın hamiləliyi necə keçirməsi, uşağın keçirdiyi xəstəlikləri, aldığı zədələr öyrənilir, yaşadığı ailədə, ətrafdakı mühit barədə məlumat alınır, bununla bağlı sual- cavab aparılır, eşitmə yoxlanılır. Uşağın artikulyasiya orqanlarının vəziyyətinə baxılır, nitqi müayinə olunur.

Bu problemin aradan qaldırılması üçün diaqnozun düzgün qoyulması və sonradan loqopedə, surdopedaqoqa müraciət etməyiniz vacib şərtlərdən biridir.

Mənbə: Qadin.net

Uşaqlar ətraf aləmlə tanışlıq məşğələsində təbiəti tanıyırlar

Uşaqların ətraf aləmlə tanışlığı bağça yaşlarından etibarən başlamalıdır. Bu, onların dünyagörüşü, əqli və fiziki inkişafı üçün əhəmiyyətlidir. “Education Management  Network” təhsil şəbəkəsinə daxil olan bağçalarda uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirildiyi üçün onlara ingilis dili, rəqs və pantomim kimi dərslərlə yanaşı ətraf aləmlə tanışlığa həsr olunan dərslər də keçirilir. Bu dərsin necə tədris olunduğu ilə uşaq bağçasının Azərbaycan dili bölməsindən  hazırladığımız video çarxda tanış ola bilərsiniz:

Uşaqların düzgün yuxu vərdişi

usaqƏgər körpəniz doğulandan bəri gecələri rahat yata bilmirsinizsə, bu yuxu alışqanlığı ilə həm körpəniz, həm də özünüz üçün rahat yuxu rejimi yarada bilərsiniz. Ola bilsin ki, körpəniz yellənmədən yatmır və ya digər  sizi əziyyətə salan və ona əsla faydası olmayan şeyləri etmədən yatmır. O zaman bu məqalə məhz sizin üçündür. Bir neçə prinsipə və qaydaya əməl edildiyi təqdirdə körpəni yuxu rejiminə salmaq heç də çətin iş deyil. Ən önəmli olan isə uşağın gözyaşları qarşısında təslim olmamaq və bu yolda iradəli olmaqdır. Körpənizdən asılı olmayın, çalışın, onu özünüzdən asılı edin.

1-ci gün. Yeni  proqram yaradın

Son tədqiqatlar zamanı öyrənilib ki, uşaqlar əslində gecə ilə gündüzü  qarışdırmırlar. Sadəcə olaraq onların bunun üçün  kiçik bir köməyə ehtiyacları var. Sabahdan etibarən körpənizi səhər tezdən oyadın. Çalışın ki, hər gün onu eyni saatda oyadasınız.  Yatağını pəncərənin yanına qoyun və pərdələri də aralayın. Günəşin şüaları onun oyanmasına kömək edəcək. Körpəniz günorta yatanda da çalışın hava qaralmamış onu oyadasınız. Beləcə, o, gündüz durduğu üçün gecə yatmalı olduğunu anlayacaqdır. Axşamlar isə mütləq eyni saatda yatırdın.

2-ci gün. Proqrama davam edin

Dünən başladığınız proqrama davam edin. Amma unutmayın ki, körpəniz gecələr acdığı üçün oyanıb ağlaya bilər. Onun yeməyini verərkən işığı yandırmayın. Amma otaq tam qaranlıq olmasa da olar. Çalışın ki, uşağınızda gecə yatanda nağıl, şeir dinləmək kimi vərdiş yaradın. Bir müddət sonra gecələr ona nağıl danışmağa başlayanda o artıq yatmalı olduğunu başa düşəcək.

3-cü gün. Ağlamaq

Ağlamaq uşağın ən böyük silahıdır. Çünki heç bir valideyn uşağının ağlamağını görüb sakit dura bilmir. Səbrli olun və tələsməyin. O ağlasa da siz unutmayın ki, bunu onun xeyri üçün edirsiniz. Əgər bir dəfə yerinə qoyarkən ağlayanda onu yerindən qaldırsanız, və ya yatırtmasanız, o zaman elə əvvəlindən uduzmuş olacaqsınız və daha onu öyrədə bilməyəcəksiniz. Çalışın, o ağlasa da yuxu şəraitini pozmayın. Bir qədər ağlayandan onra razılaşıb susacaqdır. Ona görə də onu əzizləməyin və sakitləşməsini gözləyin. Əgər lap əvəvlindən bunu etməsəniz, pis yuxu vərdişi illərlə davam edə bilər. Uşaq sussun deyə işıqları yandırmaqdan, əmzik verməkdən, qucağınıza almaqdan çəkinin. Əks halda növbəti dəfə daha da artıq ağlayacaq və axırda sizə qalib gələcəkdir.

4-cü gün. Göz yaşları davam edir

Keçən gün çox ağlayıb, elə deyilmi? Bu gecə də ağlayacaq. Amma bu gecə keçən gecəyə nisbətən daha az ağlayacaqdır. Əsla vaz keçməyin. Qaydalarınızın qəti olduğunu və göz yaşlarının fikrinizi dəyişməyəcəyini hiss etməlidir. Onda ona qarşı zəif olduğunuz hisslərini oyatmayın. Əks təqdirdə keçən gecəyə nisbətən daha da çox ağlayacaqdır.

5-ci gün. Sakitləşir

Körpələrin çoxu 3 və ya 5 günə sistemə alışırlar. Beşinci gecəniz digərləri ilə nisbətdə daha rahat olacaqdır. Bu gecə ən xoşbəxt gecəniz ola bilər! Beş dəqiqədən bir otağına gedib yoxlamayın, ən azı 15 dəqiqədən bir yoxlayın. Bəzi uşaqlar otağa tez-tez girilib-çıxılmağından narahat olur və yata bilmirlər. Ən yaxşısı budur ki, qapını bir az aralı saxlayın və otağa girmədən, qapı arxasından onun yatıb-yatmadığını yoxlayın. Yuxu pozğunluğunun səbəblərindən başda gələni bez dəyişdirmə və gecə acarkən yemək vermə prosesləridir. Təbii ki, bunları etməlisiniz. Ama çalışmalısınız ki, bunları səssiz və ən qısa bir zamanda edib bitirəsiniz. Onun bezini dəyişərkən belə işıqları yandırmayın. Lazım olandan artıq yemək verməyin. Doyduqdan sonra onu yemək üçün məcbur etməyin. Beləcə, o, həm gecəni rahat yatacaq, həm də siz o yatarkən bez dəyişdirməli olmayacaqsınız.

6-cı gün. Yatır

Sanki bir yuxu görürsünüz, elə deyilmi? Bu xoşbəxtliyi günlərdir tətbiq etdiyiniz qaydaları pozaraq məhv etməyin! Körpəniz yatarkən onun üçün darıxdığınız üçün otağına tez-tez girib-çıxmayın. Ona isti bir gecəlik geyindirin. Beləcə, onun üstünü açması da problem olmayacaqdır. Çalışın ki, bu tərzdə də davam edin və qaydaları pozmayın.

7-ci gün. Artıq sizin yatmaq vaxtınızdır

Özünüzə yaxşılıq edin və bu gecə rahat, dərin yatın. Ola bilsin ki, bu 6 gündə yuxusuz qaldınız. Amma əmin olun ki, buna dəydi. Körpənizə möhtəşəm bir vərdiş aşıladınız – Mütəmadi və gözəl bir yuxu vərdişi.

Təbii ki, xəstələndiyi zaman və ya səyahət, tətil zamanı yuxu vərdişi dəyişiləcəkdir. Qətiyyən təlaşlanmayın. Yenidən yuxu problemləri yaransa, bu proqramı tətbiq edin və görəcəksiniz ki, hər şey yenidən öz qaydasına düşəcəkdir.  Bu proqramın ikinci dəfə tətbiqi əslində birincindən daha rahat olacaqdır.

Hər birinizə və körpələrinizə gözəl və sağlam həyat arzulayırıq!

Mənbə: Qadin.net

Balacalar pantomim məşğələlərində aktyorluq sənətini öyrənir

Erkən yaşlardan pantomim məşqləri uşaqlara hisslərini idarə etməyi öyrədir. Pantomim tamaşalarda çıxış etmək isə aktyorluq bacarığının inkişafı ilə yanaşı, uşaqlara ictimaiyyət qarşısında özünü sərbəst ifadə imkanı yaradır. “Education Management Network” təhsil şəbəkəsinə daxil olan “Baby Star” uşaq bağçasında bu məqsədlə pantomim dərsləri keçirilir və uşaqlar hər gün müxtəlif səhnəciklər məşq edirlər. Dərs prosesindən hazırlanan videonu təqdim edirik:

Körpənin dırnağını necə kəsmək lazımdır?

bebeklerde-tirnak-kesmekXüsusilə də yeni ana olanları çox narahat edən və onların ən qorxduğu məsələlərdən biri də körpələrin dırnağını kəsməkdir.

“Dərinmi, azmı kəsdim? Onu incitdimmi?  İçində mikrob yığılmasın.  Üzünü cırmasın. Dırnağını  nə qədər kəsməliyəm?” bu kimi suallar yeni ana olmuş bütün qadınları düşündürür.

Bəs körpəni incitmədən, ağrıtmadan dırnağını necə kəsmək olar?

Bunun üçün öncə körpəyə uyğun dırnaq qayçısı seçmək lazımdır.

Körpənizin dırnaqlarını  onun yatdığından əmin olduğunuz an kəsə bilərsiniz. Əlbəttə ki, oyanmayacağına da əmin olmalısınız.

Çox insanda olduğu kimi, körpələrdə də dırnaqlar adətən hamamdan sonra kəsilir. Suyun altında yumşalan dırnaqları kəsmək həm zəhmətsiz, həm də ağrısızdır.

Əgər dırnaqlarını o oyaq olduğu zaman kəsəcəksinizsə, onda zədələnmələrin qarşısını almaq üçün kiçik barmaqlarını möhkəm tutmağınız lazımdır. Əllərini durmadan açıb-bağlamaq istəyəcəkləri üçün bu hal barmaq uclarının yaralanmasına səbəb ola bilər.

Dırnaqları kəsərkən körpənizin dırnaq formasını çox yaxşı seçməli və bu formaya uyğun da düz və ya qövs şəkilli kəsməni həyata keçirməlisiniz.

Bu, ayaq dırnaqlarını kəsən zaman daha asandır. Dırnaqları düz şəkildə kəsə bilərsiniz. Kəsib qurtardıqdan sonra qalan çıxıntıları hamarlayın. Bunu uşaq dırnaq itiləyicisi vasitəsilə edə bilərsiniz. Əgər ehtiyatsızlıqla körpənizin barmağını kəsmisinizsə, təlaşlanmayın. Bu zaman qan çox tez kəsiləcək.

Mənbə: Qadın.az

Bağçada uşaqlar həvəslə nahar edir

Gündəlik qida rejimi bağça yaşında olan uşaqların sağlam inkişafı üçün olduqca önəmlidir. Həmçinin qidaların hazırlanmasında istifadə edilən ərzaqların keyfiyyətli və istifadəyə yararlı olması da vacib amillərdəndir. “Education Management Network” təhsil şəbəkəsinə daxil olan bağçalarda uşaqların sağlam gələcəyi  üçün qidaların təzə və keyfiyyətli olmasına xüsusi diqqət yetirilir. Bağçalarda qidalanma vaxtları gündəlik 5 dəfə – səhər yeməyi, meyvə vaxtı, nahar yeməyi, şirniyyat vaxtı, axşam yeməyi olaraq təmin edilir. Nahar vaxtı uşaqlar üçün həm sulu, həm də quru xörəklər hazırlanır. Yeməklərin hazırlanmasında uşaqların yaşı nəzərə alınır, həmçinin mövsümə uyğun olaraq, menyuya uşaqların immunitetini möhkəmləndirəcək qidalar daxil edilir. “İndigo” uşaq bağçasında nahar yeməyindən görüntüləri sizinlə paylaşırıq:

“Uşaqlar tez-tez maye qəbul etməlidir”

usaqlar-suÖtən il Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin siyahısında ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutub.

Bagcam.az xəbər verir ki, bu barədə GSR.fm-ə müsahibə verən “İndigo” uşaq bağcasının pediatrı Şəlalə Orucova bildirib ki, uşaqları belə xəstəliklərdən qorunmaq onlara tez-tez maye qəbul etdirməliyik:

“Uşaqlar kifayət qədər maye qəbul etsələr, hansısa antibiotiklərdən və öskürək əleyhinə dərmanlardan istifadə etməyə ehtiyac qalmaz. Hazırda payız mövsümünü yaşayarıq. Çox yaxşı olar ki, uşaqlara balıq yağını məhz bu mövsümdə versinlər. Bəzi valideynlər ilin 12 ayında da balıq yağına üz tuturlar, lakin bu düzgün deyil. Payız mövsümündə immunitetin aşağı düşməsi ilə əlaqədar olaraq yalnız bu dövrlərdə balıq yağından istifadə edə bilərik. Həm də omeqa onların beyinlərinə yaxşı təsir edəcək.

Valideynlər bəzən düşünür ki, uşaqları qalın geydirməklə uşağı xəstəliklərdən qoruyurlar. Əksər hallarda biz müşahidə edirik ki, belə uşaqlar daha tez xəstələnir. Uşaq tərləyir, soyuq alır. Daim hərəkətdə olduqları üçün onları hər dəqiqə izləmək mümkün deyil. Uşaqlara nazik alt paltarı, üst geyim olaraq  isə isti, qalın köynək geyindirmək kifayət edir. Bəzən müşahidə edirik ki, valideynlər tənəffüs yolunu mikroblardan qorumaq üçün müxtəlif məlhəmlərdən istifadə edirlər. Lakin bu düzgün deyil. Çünkü, onlarda burun-tənəffüs yolları tam formalaşmayıb və belə mazlar burun-tənəffüs yolunun inkişafının qarşısını alır”.

“Uşaqlara dərmanlar mütləq həkim nəzarətində verilməlidir”

derman

Abşeronda iki azyaşlı dərmandan zəhərlənib.

Xırdalan şəhər sakini, 1 yaşlı Nadir Novruzov və Abşeron sakini 2 yaşlı Həmid Mayilov dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bagcam.az xəbər verir ki, uşaqların dərmandan düzgün istifadə edilməsi ilə bağlı GSR.fm-ə uşaq pediatrı Şəlalə Orucova məsləhətlərini bölüşüb:

“Dərmanlar müxtəlifdir. Uşaqlara dərman verərkən dozaların miqdarına diqqət yetirmək lazımdır. Dərmanın qəbul vaxtı ötdükdə başqa dərmanlarla bir vermək olmaz. Çünki, dərmanların qana təsir müddəti var. Qanda dərmanın miqdarı maksimum həddə çatanda artıq zəhərlənmə baş verir.

Dərman alarkən haradan aldığımıza önəm verməliyik. Hər dərmanın özünün Səhiyyə Nazirliyi tərəfindən vurulan nişanları mövcuddur. İstehsal tarixinə və hansı şəraitdə saxlanmalı olduğuna nəzər yetirilməlidir. Bəzi dərmanlar soyuduca saxlanmalı, günəş şüalarından qorunmalıdır. Bunların hamısına diqqət yetirilməlidir”.

Sonda isə Şəlalə xanım bildirib ki, uşaqlara dərmanlar mütləq həkim nəzarətində verilməlidir.

Qeyd edək ki, Şəlalə Orucova “İndigo” uşaq bağçasının pediatrıdır.