Atalar üçün psixoloji seminar

Fevral ayının 28-i uşaq bağçasında atalar üçün psixoloji seminar təşkil olunub. Seminarı həyata keçirən həkim-psixiatr Orxan Fərəcli atalara uşaq psixologiyası, atanın uşaqla münasibəti, yaxşı ata necə olmalıdır  və digər mövzularda dəyərli məsləhətlər verib.

Uşaq bağçasının direktoru Samirə Muxtarova seminarla bağlı fikirlərini GSR.fm-lə bölüşüb.

“Bu daha çox uşağın həyatında atanın rolundan bəhs edən seminar idi. Bu seminarı keçirtməkdə əsas məqsədimiz o idi ki, bağça ilə daha çox təmasda olan analar olur. Uşaqları gətirərkən, bağçadan götürərkən tez-tez müəllimlərə sual verirlər. Analar üçün müxtəlif seminarlar, tədbirlər təşkil olunur. İndi elə bir dövrdə yaşayırıq ki, ailənin bütün gücü atanın üstündə olur. İşlərinin çoxluğundan uşaqlarına çox vaxt ayıra bilmirlər. Bunun uşaqlar üçün mənfi təsir yaradacağını düşünərək bağça olaraq belə bir seminar keçirdik.”

Həkim-psixiatr Orxan Fərəcli seminarın faydalarından danışıb.

Adətən biz öyrəşmişik ki, analar ilə bağlı tədbirlər keçirilir. Amma atalar ilə bağlı mənə təklif gələndə özüm üçün də maraqlı oldu. Ümumiyyətlə, ataların atalıq anlayışı necədir, bu anlayışa necə baxırlar? Özlərini necə ata kimi görürlər? Ən azından onların fikirlərini eşitmək, düşüncələrini bilmək mənim üçün də maraqlı idi. Və düşünürəm ki, bu seminar vaxtı da verdiyimiz məsləhətlər onların gələcək həyatlarında, uşaqlarla davranışında öz müsbət təsirini göstərəcək.

Seminarda iştirak edən ata Namiq Aslanov seminardan razı qaldığını bildirib.

“Bağçada belə tədbirlər tez-tez olsa daha yaxşı olar. Bugün həftə sonu iş günüm olmasına baxmayaraq burada iştirak etmək üçün onu təxirə saldım. Çox xoşuma gəldi. Bura gəlməkdə əsas məqsədim, uşaqlarımıza qarşı etdiyimiz şeylərdə boşluqları öyrənmək idi.”