Bəzən mağazalarda, parklarda, ictimai nəqliyyatda valideynləri ilə inadlaşan uşaqlarla qarşılaşırıq. Bir gün isə öz övladımız inad etməyə başlayır? Bu vəziyyətdə necə davranmalıyıq ki, həm uşaq zərər görməsin, həm də inadkarlığı yumşalsın? Bütün bu suallara “Bağçam” uşaq bağçaları şəbəkəsinin Uşaq inkişafı üzrə koordinatoru Arzu Rzayeva cavab verir.
Uşaqlarda inadkarlıq emosional inkişafın nəticəsidir.
İnadın yaşı
Uşaqlarda inadkarlıq təqribən 14 aylığından başlayır. 1-3 yaş aralığında uşaq dünyanı kəşf edir, ətraf aləmlə tanış olur. Bu zaman o, özünü “dinləyir”, öz istəklərini “eşidir”. Bu dövrdə uşaqlar valideynlərindən ayrılmaq narahatlığı yaşayır, digər tərəfdən yeni şeylər kəşf etməyə başlayır, valideynlərin, böyüklərin dediklərinə əməl etmir.
4 yaşdan sonra artıq bu zamana qədər öyrənib gördüklərini təcrübədən keçirmək istəyir. Buna görə də uşağa “yox, etmə, dur” dedikcə o, əksinə, daha da inadkarlıq edib, öz istəyinə doğru gedir. Uşaq bu vaxt sərhədləri öyrənməsə, gələcəkdə qaydaları qəbul etməkdə çətinlik çəkə bilər. Valideynlərin uşağın istəklərinə zidd davranışları gələcəkdə uşağın davranış pozğunluqları göstərməsinə səbəb olur.
5-6 yaş aralığında isə uşaq artıq şəxsiyyətdir. Başqalarının eqoistliyinə, iradına qarşı öz şəxsi mövqelərini bildirir. İnadla qarşılaşdıqda öz mövqeyində inadkarlıqla durur.
Uşaqlarda inadkarlıq səbəbləri
Bəzi hallar var ki, onları inadkarlıqla qarışdırmamaq lazımdır, məsələn uşağın alışdığı düzəninin dəyişilməsi qarşısında dirənməsi, bağçaya getmək istəməməsi, ondan tələb olunan təmizlik qaydalarına tam riayət edə bilməməsi və s. bunlar inadkarlıq deyil.
Hər inadkar davranışın arxasında bir neçə səbəb dayana bilər. Uşaqlarda inadkarlığın səbəbləri:
- Yaş dönəmi xüsusiyyətləri
- Ətrafdakıların diqqətini cəlb etmək istəyi
- Uşaqların valideynlərinin sevgisinin sərhədlərini test etməsi
- Uşağın gündəlik tələbatlarının ödənməməsi
- Tərbiyədə yol verilən nöqsanlar – ya aşırı qadağa qoymalar və ya uşağın hər istəyinin yerinə yetirilməsi
- Ailədə ümumi tərbiyə strategiyasının qeyri-müəyyənliyi
- Ətrafdakıların kompromisə getmə bacarığının əksikliyi, öz nöqteyi-nəzərindən başqasını qəbul etməməsi və s.
İnadkar uşaqla davranış
Əvvəlcə “Xeyr!” deyilən şeyə sonradan “Bəli!” deyilsə, uşaq bunu ətrafında hər kəsə qarşı hər zaman istifadə etməyə başlayacaq. Başqa vaxt və vəziyyətlərdə də ətrafdakılar məğlub olana qədər mübarizəyə davam edəcəklər. Ona qərarlı və tutarlı, eyni zamanda mütləq şəkildə nəvaziş göstərərək yaxınlaşıb, lazımi açıqlamaları edib məyus olduğumuzu söylədikdən və bu mövzuda qərarlılığımızı hiss etdirdikdən sonra ona zaman vermək lazımdır. Bir müddət sonra yenidən istədiyini əldə etmək mövzusunda bizimlə inadlaşlamağa başlayarsa, heç bir reaksiya verməməliyik. Bir neçə cəhddən sonra uşaq özü imtina edib geri çəkiləcək.
İnadkarlığı mənfi keyfiyyətə keçirməmək üçün onu pik nöqtəyə çatdırmamaq lazımdır. Bunun üçün böyüklər aşağıdakıları mütləq nəzərə almalıdır:
– Hadisələrə “uşağın gözü” ilə baxmaq, soyuqqanlığı qorumağa çalışmaq, dərindən nəfəs almaq və “O, sadəcə, bir uşaqdır!” demək.
– İnadkarlığı doğuran səbəbləri anlamağa çalışmaq, yəni uşaq bu davranışı ilə nə demək istədiyini başa düşməyə çalışmaq.
– İnadlaşan uşağa gözləmədiyi münasibət göstərmək, məsələn: onları təqlid etmək, vəziyyəti oyuna çevirmək, təəccübləndirmək, fikrini yayındırmaq və s.
– Uşağın müstəqil edə bildiyi hər bir işə şərait yaratmaq, işbirliyi təklif etmək, amma öz fikrini zorla qəbul etdirməmək.
-Uşaqların günlük ehtiyaclarını (yemək-içmək, yatmaq və s.) vaxtında ödəmək.
– Qadağaların sayını azaltmaq və var olanların səbəblərini izahedici formada sadə, qısa cümlələrlə açıqlamaq.
– “Böyüklər hər zaman haqlıdır” fikrindən əl çəkmək. Əsas məqsəd uşağa kimin güclü, kimin gücsüz olduğunu sübut etmək deyil, o anda əldə edə bilməyəcəyi bir şeydən imtina etməyə razı salmaqdır.
İnadkarlığın üstünlükləri
İnadkarlığın müsbət yönləri də var – çətinliklərin öhdəsindən gəlmək, əzimli olmaq, doğru bildiyi şeylərdə sabit olmaq, fikirlərinin arxasında durmaq kimi bir çox xüsusiyyətlər məhz inadkarlığın fərqli təzahürləridir.
- İstədiyi şeyi nə üçün etmədiyinizi ona sadə bir şəkildə açıqlayın və mütləq bu vəziyyətə görə nə qədər məyus oluduğunuzu bildirin. Onun istədiyi şeyi sizin də istədiyinizi, ancaq içərisində olduğunuz şərtlərin buna icazə vermədiyini söyləyin. Duyğularını paylaşdığınızı bilmək onu həm rahatladacaq, həm də sizi ona qarşı məhdudiyyətlər qoyan bir düşmən olaraq görməyinə mane olacaq.
- Bütün cəhdlərə baxmayaraq uşağınız sizinlə inadlaşmağa davam edirsə, onun diqqətini istədiyi şeydən başqa bir nöqtəyə çəkməyə çalışın. Bu cizgi filmi, pişik, sevdiyi şirniyyat və ya oyun kimi bir şey ola bilər. Uşağınız sakitləşənə qədər diqqətini çəkəcək başqa alternativlərdən istifadə edə bilərsiz. Bu kiçik yaşalardakı uşaqlarda uşaqlarda daha çox keçərlidir. Ancaq məktəb yaşına qədər, hətta daha sonrasında belə bu metodun faydasını görə bilərsiniz.
- Uşağınıza variantlar təqdim edin; beləliklə onu müstəqil bir şəxsiyyət olaraq qəbul etdiyinizi, onun qərarlarına hörmətlə yanaşdığınızı düşünəcəkdir. Özü ilə əlaqəli qərarları verə bildiyini və onun seçiminə hörmət edildiyini düşünərək inadlaşmaqdan imtina edəcəkdir. Siz də uyğun variantlardan birini qəbul etdirtə bildiyiniz üçün özünüzü rahat hiss edəcəksiniz. Təklif etdiyiniz variantlar nə qədər az olarsa, uşağınızın qərar vermə müddəti də o qədər qısa olar. Variantların hər hansı birinin seçilməsi halında təsdiq etdiyiniz variant olmasına diqqət edin ki, yeni bir anlaşılmazlıq yaşamayasınız.
Və s.kimi üsullardan istifadə etmək olar
İnadkar uşaq təhsildə
Uşaqla kriz zamanı düzgün davranmadıqda inadkar davranış onda vərdiş yaradır. Təlim və tədris nizam-intizamlı prosesdir. Uşağın inadkar davranışları günlük rejimə, nizam-intizam qaydalarına qarşı itaətsizlik yaradır. Bu da təbii ki, yaşıdları ilə birgə təlim və tədris biliklərinə yiyələnməsinə mənfi təsir göstərir. Eyni zamanda ətrafında olan uşaqların da diqqətin yayındırır.
İnadkar uşaq “Bağçam”da
Şəbəkədə inadkar uşaqlara peşəkar yanaşılır. Psixoloqun dəstəyi ilə verilən tövsiyələrə uyğun davranılır. Adətən, alternativ oyun növü, başqa fəaliyyət, uşağa qarşı aktiv dinləmə üsulundan istifadə edilir.