Süd və süd məhsulları gündəlik qida normamızın önəmli hissəsini təşkil edir. Bu məhsullar protein, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur. Süd məhsullarının tərkibindəki kalsium, sümüklərin və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır. Həmin qidaların tərkibindəki keyfiyyətli protein isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir. Lakin autizm xəstəliyi olan uşaqlarda bu, heç də belə deyil.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, autizm autistik spektrum xəstəliklərinin ən klassik forması olub, həyatboyu davam edən, uşaqların sosial münasibətlərində, ünsiyyət vərdişlərində, təxəyyüllərinin inkişafında zəiflik və ya tamamilə yoxolma ilə müşahidə edilən xəstəlikdir.
Autizmli uşaqların vərdişlərində rutinləşmə qeydə alınır ki, bu qayda onların qidalanmasında da əks olunur. Onların hər dəfə eyni qida məhsullarından asılılıqları da buradan qaynaqlanır. Aparılan sorğularla bu qidaların taxıl məhsulları və güclü ədviyyatlı qidalardan ibarət olduğu aydınlaşdırılıb.
Bir sıra araşdırmalar göstərir ki, süd məhsullarının qəbulundan sonra autizm xəstəliyi olan uşaqlarda qavrama, idrak, duyğu və davranış anomaliyalarının intensivləşməsi baş verir. Bu hal autistik uşaqlarda südün tərkibində olan kazein zülalının tam parçalanmadan bağırsaq divarından qana keçməsinin nəticəsi olaraq meydana gəlir.
Bu səbəbdən autistik uşaqlara müəyyən müddət buğda və süd məhsullarından istifadə etmədən, yəni qlüten və kazeinsiz xüsusi pəhriz saxlamaq tövsiyə olunur. Belə pəhrizdə olan xəstələrin bağırsaq keçiriciliyində əhəmiyyətli dərəcədə azalma olduğu müşahidə edilir.
Araşdırmalara görə, süd məhsullarının isidilməsi müxtəlif protein dəyişikliklərinə səbəb olur və bu da onların həzmini azaldır. İnək südünün sənaye sterilizasiyasında və qatıq emalında istifadə edilən istiliyə yaxın dərəcədə isidilməsi onun tərkibindəki kazein zülalını həzmə daha dözümlü hala gətirir.
Ultra emal olmuş qidaların digər zərərli xüsusiyyətlərinə əlavə olaraq bəzi emal üsullarının qida zülallarının həzminə olan mənfi təsiri də diqqətdən yayınmamalıdır. Autistik uşaqların pəhrizində minimal emal edilmiş süd, yumurta, ət və balıq və s. məhsullar yer almalıdır.