Demokratiya anlayışı və uşaq

Həyat tərzi və anlayışda artıq daha çox maddi xüsusiyyətlər və məhdudiyyətlər nəzərə alınır, ön plana çıxır. Uşaqlar üçün uğurlu olmaq, akademik göstərici önəmli olduğuna görə “təki uğurlu olsun, insanlarla münasibətləri, ailə içindəki davranış bacarıqları aşağı səviyyədə olsa da olar” fikri mənimsənildi. “Uşaq dərsini oxusun, testləri yaxşı həll eləsin, düzləri çox olsun” anlayışı ilə təhsilə önəm verildi, amma tərbiyə əskik qaldı. Hətta uşaqları tərbiyə etmək yaşları dəyərləndirilmədi.

Keçmiş nəsillərin çətin həyat tərzləri, ana-ataların “təki uşağım oxusun, pul qazansın” fikrinə yönəltdi. Demokratik anlayışlarda başqaları da özümüz qədər önəmlidir. Bizə necə davranılmasını istəyiriksə, başqaları üçün də eyni şeyi düşünməliyik. Empatiya qura bilməliyik.

Bəli, biz önəmliyik, amma adada tək yaşamırıqsa, yəni cəmiyyətdə yaşayıb onun bir parçasıyıqsa, bir-birimizə möhtacıq və fərqli xüsusiyyətlərimiz ilə bir-birimizi tamamlamalıyıq. Tək başına hər kəs azad olub başqalarını heçə sayaraq yaşaya bilməz.

İnsanlar öz azadlıqlarının başqalarının azadlığına zərar verəcəyi yerlə məhdud olduqlarını bilməlidirlər.

Demokratiya dəyər verməklə əlaqəli anlayışdır. Uşaqların  bu anlayışı tam anlaması və həyat tərzinin bir hissəsinə çevirə bilməsi üçün, hər şeydən əvvəl, ailə fərdləri bir-birilərinə dəyər verdiklərini hiss etdirməlidirlər.

Ailə üzvləri bir-biriləri ilə məsləhətləşməyi, fikir almağı özləri üçün bir əskiklik olaraq görməməli, əksinə, fikir dünyalarını zənginləşdirdiklərini düşünməlidirlər. Məsləhətləşmək başqalarının dediyini etmək deyil. Ancaq “ağıl ağıldan üstündür” atalar sözünü nəzərə alaraq, bu üsul bizim daha ətraflı düşünməyimizi dəstəkləyə bilər.

Uşaqlarla ailə iclasları təşkil edib bunu davam etdirmək, müəyyən mövzuları dəyərləndirmək üçün uşaqlarından məsləhət istəmək, ailə üzvlərinin hamısını əlaqələndirən kiçik bir ev əşyası alanda belə səsvermə yolu ilə qərar vermək, hətta bunu xüsusilə planlı şəkildə emək ailəiçi demokratiya işlərindəndir.

Hər nə qədər ailənin öz zövqünə uyğun deyilsə də, onlar bəyənmirlərsə də, yeniyetməlik dövründə olan oğlan uşaqlarının saç uzatmasına qarşı çıxmaq bu anlayışı zədələyə bilər.

Bir evdə uşaqlar nəzərə alınmadan həmişə atanın istədiyi yemək bişirilirsə, bu da zədələyici amillərdən hesab oluna bilər.

Üç uşaqlı bir ailədə iki uşaq, əsasən, top oynamağı istəyirsə və üçüncü uşaq top yox iplə oynamaq istəyirsə, üçüncü uşaq top oynayan bacı-qardaşlarına qoşulmalıdır, amma bu, o demək deyil ki, axıra qədər bu oyunla davam etməlidirlər. Bəzi zamanlarda da ip üzərindən hoppanmaq oyunu ilə bərabər üçüncü uşağın istəkləri yerinə yetirilməlidir.

Mənbə: tavsiyeediyorum.com