“Hər kəs öz uşağının ürəyini exokardioqrafiya etdirsin. Çünki bəzi xəstəliklər simptomsuz keçdiyinə görə, onların vaxtında aşkarlanması çox vacibdir”.
Bagcam.az-ın Ailem.az-a istinadən verdiyi məlumata görə, bu fikirləri Azərbaycan Tibb Universitetinin ürək-damar cərrahı Mirəli Məcidov bildirib: “Bu yaxınlarda 2 yaşlı qızda “qulaqcıqarası çəpərin defekti” ilə bağlı əməliyyat aparıldı. Bu, anadangəlmə qüsurlar arasında ən çox rastlanan patologiyalardan biridir. Bu patologiyaları düzəltmək mümkün olmur. Ona görə də standart protokollara görə, bütün hamilə qadınlarda fetal exo kardioqrafiya aparılır. Bu zaman dölün ürək funksiyası, ürəkdə hər hansı bir patologiyanın olub-olmaması dəqiqləşdirilir”.
M. Məcidov məlumat verir ki, 4 ildə təxminən 1000-dən çox açıq ürək əməliyyatı aparıb: “Praktikamda qulaqcıq arası çəpərin defekti olan xəstələr arasında 2 yaşlı bu uşaq ən gənc xəstə olub.
Bəzi patologiyaların doğuşdan sonra aradan qaldırılması çox çətindir. Bəzən elə hallar olur ki, həkimlərin qərarı ilə dölün inkişafını sonlandırılmasına dair qərar verilir”.
“Azərbaycanda fetal exokardioqrafiya hələ yeni tətbiq olunur. Türkiyədə, Avropa ölkələrində bu, hamilə qadınların standart yoxlanışına aid edilib. Belə olarkən, döldəki patologiyalar hamiləlik zamanı aşkarlanır və lazımi tədbirlər görülür. Məsələn, hansısa patologiya aşkarlanırsa, bu zaman valideyn də, həkimlər də uşağın xəstəliklə doğulacağına hazır olur, xüsusi həkimlər tapılır, plan-proqram hazırlanır, uşağın doğulan kimi əməliyyatına hazırlıqlar aparılır və s.”, – deyə o qeyd edir.
Cərrahın sözlərinə görə, bəzən körpə 1 yaşının tamamına kimi onda hansısa xəstəliyin olduğu bilinmir: “Görürsən ki, xəstələrdə təsadüfi müayinə zamanı patologiyalar aşkarlanır. Adətən uşaq düzgün qidalana bilməyəndə, təngənəfəs olanda, böyüməsində problem olduqda, tez-tez tənəffüs yolunun infeksiyası yaşandıqda, valideyn şübhələnib həkimə müraciət edir. Bəzən belə uşaqlar mərkəzdən kənarda, bölgələrdə yaşayır. O uşaqlarda xəstəlik təxminən 6-7 yaşında aşkarlanır. Bəzən hətta 50-60 yaşına qədər bu xəstəliklə yaşayan, amma bundan xəbərsiz olan xəstələr olur. Belə yaşlarda xəstə əməliyyat şansını itirmiş olur. Əgər bu cür patologiyaya vaxtında müdaxilə olunmazsa, xəstədə ürək çatışmazlığı formalaşır. Onu ürək və ağciyər transplantasiyası kimi ağır əməliyyatlar gözləyir. Bu da təbii ki, həm maddi, həm mənəvi yöndən xəstə üçün böyük travmadır”.
Həkim bütün valideynlərə məsləhət görür ki, hər kəs öz uşağının ürəyini exokardioqrafiya etdirsin. Çünki bəzi xəstəliklər simptomsuz keçdiyinə görə, onların vaxtında aşkarlanması çox vacibdir.