Məktəbəqədər (4-6) yaş dövründə uşaqların təsəvvürü yeni təkanla inkişaf etməyə başlayır. Kiçik balanız rollu oyunları sevəcək və sizi də tez-tez müxtəlif rollara girməyə dəvət edəcək. Onun xəyali dostlarının yaranması təbiidir. Övladınız xəyali dostları ilə oynaya, onun fikirlərini sizə çatdıra, onunla küsüb barışa bilər. Bu dost sizə xeyli boş vaxt təmin edəcək; belə ki, o adətən sizinlə bölüşdüyü əhvalatları dostuna etibar etməyə üstünlük verəcək. Övladınız bununla özünü əyləndirməyi, təklikdə belə xoş vaxt keçirməyi öyrənir.
Xəyali aləmlə ünsiyyət bu yaş dövrünə xas xüsusiyyətdir. Lakin bu sizi, yaxud övladınızı narahat edəcək səviyyəyə çatırsa, pediatrla və uşaq psixoloqu ilə məsləhətləşin.
Beləliklə, tezliklə övladınız sizi əjdaha, özünü isə qəhraman elan edib sizinlə döyüşə girişəndə öz rolunuzu mahir ifa etməyə səy göstərin.
Mənbə: valideyn.az