Uşaqlarda xarici dilə maraq müəyyən yaş dövründən, xüsusən də bağça yaşlarından (3-6 yaş) başlayır. Xarici dil öyrənmək (rus, ingilis, fransız və s.) ilk dili öyrənməkdən fərqlidir, çünki artıq uşağın öz doğma dilində sistem halına düşmüş müəyyən bir söz bazası olur.
Bəs uşaq xarici dili necə asan mənimsəyə bilər?
Xarici dilin mənimsənilməsində iki üsuldan istifadə olunur. Yaş dövründən asılı olaraq ikinci dil eyni vaxtda və ya ardıcıl şəkildə öyrədilə bilər. Xarici dilin öyrədilməsinə uşağın temperament və ya motivasiyasından asılı olaraq istənilən yaşda başlamaq olar. İkinci dili öyrədən zaman başlanğıcda sadə sözlər, frazalar və ya bir sözdən ibarət cümlələrdən istifadə etmək lazımdır.
Xarici dilin öyrədilməsi eləcə də uşağın fərdi marağından asılıdır. Burada daha çox yeni sözlərin uşağa necə öyrədilməsi, mənimsəmə prosesində hansı əyani vəsaitlərdən (məs: şəkilli lüğət, kitab, kart, proyektor və s. ) istifadə olunması nəzərdə tutulur. Uşaqda dilə maraq və ya həvəs yaratmaq üçün şəraitdən asılı olaraq dərs prosesində və ya ev şəraitində mahnılardan, nağıllardan (nağıl qəhrəmanlarını təsvir etmək), maskotlardan, kuklalardan, qısa cizgi filmlərdən, əyləncəli və didaktik oyunlardan, eləcə də bu kimi digər fəaliyyətlərdən istifadə etmək lazımdır. Nəticədə isə uşağın xarici dilə marağı artacaq, yeni biliklərə yiyələnməkdən zövq alacaq və əylənərək öyrənəcək.
Xarici dilin mənimsənilməsində önəmli faktorlardan biri də uşağı məcbur edərək deyil, ona dili sevdirərək öyrətməkdir. Belə ki, indiki dövrdə belə hallara tez-tez rast gəlinir. Buna görə də bu kimi xoşagəlməz halların qarşısını almaq üçün əvvəlcə uşağın istəklərini müəyyən məhdudiyyətlər qoyaraq nəzərə almaq lazımdır. Daha sonra isə tədricən həvəsləndirici, qiymətləndirici üsullardan istifadə edərək uşağın dili həvəslə öyrənməsinə cəlb etmək olar.
Onu da qeyd edim ki, istənilən xarici dilin mükəmməl səviyyədə qavranması üçün müəllimlə yanaşı valideynin də rolu böyükdür. Buna görə tədqiqetmə və tətbiqetmə prosesində müəllim və valideyn paralel şəkildə iştirak etməlidir. Belə olduqda isə yüksək nəticə əldə etmək mümkündür.
Arzu Məmmədova
İngilis dili müəlliməsi