Uşaqların fiziki və psixoloji inkişafının qiymətləndirilməsi bağça üçün əsas istiqamətlərdən sayılır. Aparılan qiymətləndirmələr zamanı uşaqların inkişafı ilə bağlı müəyyən informasiya əldə edilir, güclü və zəif tərəflər öyrənilir.
“Education Management Network” təhsil idarəetmə şəbəkəsinə daxil olan “Peter Pan” uşaq bağçasında da uşaqların inkişaf qiymətləndirilməsi aparılıb. Bağçanın meneceri Xalidə Rzayeva keçirilən qiymətləndirmədə uşaqların fiziki və idraki bacarıqlarının yoxlanıldığını deyib.
“Yaş və inkişaf üzrə qiymətləndirmə bütün yaş qruplarını əhatə edir. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi üzrə uşaqların özünə xidmət bacarıqlarının qiymətləndirilməsi, həmçinin fiziki fəaliyyət üzrə yürüş, qaçış, hoppanma hərəkətləri, gimnastika skamyası üzərində yeriş, gimnastika nərdivanına qalxmaq, enmək və s. kimi topla müxtəlif təmrinlər yoxlanılır.
İdrakın inkişaf sahəsi üzrə qiymətləndirmə aparılarkən nitqin inkişafı sahələri, sadə nitq etiketlərindən istifadə, özünü təqdimetmə bacarıqları, uşağın söz ehtiyat bazası, həmçinin sadə riyazi-məntiqi anlayışlar, məkan və zamana bələdlilik və s. kimi bacarıqlar yoxlanılır”.
Xalidə xanım həmçinin fiziki və idraki bacarıqlar ilə yanaşı mədəni estetik və sosial emosional bacarıqların da yoxlanıldığını qeyd edib.
Uşaq bağçasının psixoloqu Quliyeva Xoşqədəm keçirilən qiymətləndirmənin nəticələri barədə danışıb. O qeyd edib ki, qiymətləndirmə zamanı uşağın yaşına uyğun səviyyədən başlamaq lazımdır:
“Bütün uşaqları qiymətləndirdikdən sonra qiymətləndirməyə uyğun fərdi inkişaf planı tərtib edirik. Zəif nəticə göstərən uşaqların fərdi inkişaf planı tərtib olunduqdan sonra biz onları valideynlərə göstəririk, onlar nəticələrlə tanış olurlar. Eyni zamanda həmin nəticələri biz müəllimələrə də təqdim edirik ki, müəllimələr, tərbiyəçilər məşğələlər zamanı həmin uşağın nəticəsinə fikir verərək ona daha çox əlavə vaxt ayırsınlar. Eyni zamanda biz də burda bağçanın tərkibində zəif nəticə göstərən uşaqlara ən azı 15-30 dəqiqə ərzində onlarla məşğul olmağa çalışırıq”.
Qeyd edək ki, “Education Management Network” təhsil idarəetmə şəbəkəsinə daxil olan digər bağçalarda da mütəmadi olaraq uşaqların fiziki və psixoloji inkişaf qiymətləndirilməsi aparılır.