“Hər Uşaq Bir Ümid” Məktəbəqədər Təhsil Müəssisələri arasında I Teatr Festivalı keçiriləcək.
Festival barədə öz fikirlərini Bagcam.az-a festivalın rejissoru Rafiz Mehdizadə bölüşüb. O bildirib ki, artıq bütün bağçalarda ssenari təsdiqlənib:
“İndigo” Nərimanov, “Baby Star” bağçalarında artıq işlər başlayıb. Mövzular nağıllardır, onların içində müəllif nağılları da, xalq nağılları da var.
Sırf istiqamət, dəqiqləşdirilmiş mövzu yoxdur. Sadəcə olaraq cədvəlin sxemi var və orada tamaşaların növləri qeyd olunub. Yəni, uşaqlar nağıl, rəqslə, pontamima, kukla üslublarında işləyə bilərlər”.
Festivalın ölkədaxili keçirildiyini qeyd edən Rafiz bəy, noyabr ayının ortasından sonra maraqlananların sayının daha da çoxalacağını bildirib:
“Noyabrın 31-nə qədər qeydiyyat olacaq. Başqa bağçalar da var ki, onlar da qoşulmaq istəyir. Mən və ya seçilmiş başqa biri, bu tamaşalara baxacaq və festival üçün təsdiqlənəcək. Bir tamaşanın müddəti minimum 20-25, maksimum 40-45 dəqiqə olmalıdır. Tamaşa teatr üçün uyğundursa, heç bir texniki problem, böyük pauzalar yoxdursa, o vaxt təsdiqlənəcək”.
Rafiz Mehdizadə deyib ki, festival ən çox 5 gün nəzərdə tutulub. Günə 4 və ya 5 tamaşa səhnələşdiriləcək:
“Festival çox güman ki, mart ayının birinci həftəsində Rəşid Behbudov adına mahnı teatrında keçiriləcək. Ona görə də istəyirik ki, noyabr ayında tamaşaları təsdiqləyək və 2-3 ay ərzində də bizim üzərimizə düşən işləri yerinə yetirək.
Birinci yerə 1000 AZN, ikinci yerə 750 AZN, üçüncü yerə 500 AZN mükafat veriləcək. Bundan əlavə bütün iştirakçılara, festivalda iştirak etdiyinə görə diplom veriləcək. Münsiflər isə uşaqlarla işləmiş, uşaq psixologiyasını bilən incəsənət adamları olacaq”.
Rejissor keçənilki teatr tədbiri ilə teatr festivalının fərqlərindən danışarkən qeyd edib ki, keçənilki teatr tədbirində bütün uşaqlardan istifadə olunub, amma bu festivalda əksəriyyəti 5-6 yaş arası seçilmiş uşaqlar oynayacaq və hər bağçadan bir tamaşa olacaq:
“Keçən il səhnədə uşaqları idarə edən mən idim, amma bu dəfə səhnədə sadəcə özləri oynayacaqlar. Onlar heç bir müdaxilə olmadan öz tamaşalarını səhnələşdirəcəklər. Biz artıq bir neçə dəfə bağça daxilində bunu etmişik. Yəni, onlar indiyə qədər 40-45 dəqiqəlik tamaşaları çox böyük uğurla oynayıblar. Bu tamaşaların içində nağıllar, pontamima olub. Sadəcə olaraq bizim bu dəfə məqsədimiz odur ki, uşaqlar özlərini peşəkar səhnədə sınasınlar”.
Sonda isə Rafiz bəy belə festivalların keçirilməsinin uşaqlara olan təsirindən də söz açıb. O bildirib ki, uşaqların bu cür fəaliyyətləri onların özgüvənini formalaşdırır:
“Elə böyük insanlar var ki, belə festivallara qatılanda heç özgüvənləri olmur. Amma bu gün bizim uşaqlarımızın festivallara qatılmağı, işləməyi artıq onların özgüvənlərini formalaşdırır. Uşaqlıqdan gələn belə uğurlar olduqca onlar gələcəkdə daha möhkəm və arxayın addımlar atacaqlar.
Mən öz və bütün kollektiv adından deyə bilərəm ki, biz uşaqlara inanırıq. Mən düşünürəm ki, bizim uşaqlar artıq çoxdan səhnəyə çıxmalı idi. Ən böyük işimiz Rus Dram Teatrında olmuşdu. Azərbaycanda ilk dəfə belə böyüklükdə, bu səviyyədə iş görüldü. İkinci böyük işimiz isə teatr festivalı olacaq”.
Qeyd edək ki, “Hər Uşaq Bir Ümid” Məktəbəqədər Təhsil Müəssisələri arasında keçiriləcək I Teatr Festivalının təşkilatçıları Education Management Network və Edu Co. Şirkəti,
İnformasiya Dəstəyi isə bagcam.az Təhsil Portalı, Bağçam Jurnalı, PreMark Şirkəti, GSR.fm-dir.