Bağçalarda “Üstün Zəkalılar” Klubları yaradılır

Bağçalarda “Üstün Zəkalılar” Klubları yaradılır“İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarında “Üstün Zəkalılar” Klublarının yaradılması layihəsinə başlanılıb.

Bu  barədə məlumat verən “Baby Star” və “İndigo” Nərimanov Uşaq Bağçalarının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyev deyir ki, Education Management Network Şirkəti məktəbəqədər yaş dövründə uşaqların fiziki, sosial və emosional inkişafı ilə yanaşı intellektual – zəka inkişafını da dəstəkləyir və bu istiqamətdə fəaliyyətini genişləndirir:

“Layihənin məqsədi “İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarında təlim- tərbiyə olunan üstün zəkalı uşaqların müəyyən olunması, onlara istiqamətlənmiş tədris proqramının hazırlanması və xüsusi məşğələlər vasitəsilə proqramın həyata keçirilməsi, valideynlərə üstün zəkalı uşaqlarla davranış və onların ehtiyaclarını doğru müəyyən etmək istiqamətində dəstək olunmasıdır.

Üstün zəkalı uşaqların seçimi bağçada təlim-tərbiyə prosesində iştirak edən üç yaşından yuxarı uşaqlar arasından xüsusi qiymətləndirmə və texnikalar – alətlər vasitəsilə aparılır. Seçim prosesi şirkətin psixoloq, pedaqoq və zəka oyunları təlimçisindən ibarət komandası tərəfindən təşkil edilir”.

Rasif Dünyamalıyev həmçinin bildirir ki, qiymətləndirmə zamanı xüsusi zəka inkişaf etdirən materiallardan istifadə edilir:

“Uşaqların qiymətləndirilməsi zamanı onların zəka səviyyəsinin ölçülməsi üçün uşaqların strateji düşünmə, məntiqi yanaşma, plan qurmaq, problem həlli, yaddaş, diqqət və konsentrasiya, müqayisə bacarığı, həndəsi, vizual və fəza qavraması, koordinasiya bacarığı kimi anlayışlar nəzərə alınır”.

Klubun fəaliyyətlərinə qiymətləndirmə aparıldıqdan və klubun üzvləri seçildikdən sonra həftədə iki dəfə xüsusi proqram əsasında zəka və ağıl oyunları məşğələlərinin keçirilməsi, həmin üstün zəkalı uşaqlarla davranış və onların ehtiyaclarını doğru qiymətləndirmək məqsədilə valideynlər üçün seminarların keçirilməsi və valideynlər üçün məsləhətçilik xidmətinin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, kluba rəhbərlik psixiatr Vəfa Şirinova tərəfindən həyata keçirilir. Klubun digər mütəxəssisləri də bu sahə üzrə xüsusi təlim görmüş və təlim modulu Türkiyə Republikasında üstün zəkalı uşaqlarla işləyən TÜZDER Təşkilatı tərəfindən təqdim edilib.