Uşaq bağçası yanvar ayında “Açıq qapı” adlı maraqlı layihə həyata keçirib.
Layihəyə əsasən valideynlər bir ay boyunca uşaqlara müəllim rolunda ayrı-ayrı fənləri tədris ediblər. Seçdikləri mövzu əsasında cürbəcür nümunələr göstərən “müəllimləri” dərsin sonunda balacaları hədiyyələrlə sevindiriblər. Dərsdə aktiv çıxış edən uşaqlar bu dəyişikliyi maraqla qarşılayıblar.
Layihədə iştirak edən valideynlərdən biri də Sinanın anası Gülanə Hüseynovadır. Uşaqlara bir günlük riyaziyyat fənnini tədris edən “müəllimə” məşğələdən sonra təəssüratlarını bizimlə bölüşüb.
“İlk öncə bağçanın direktoru Samirə xanıma təşəkkür edirik ki, belə bir məşğələ təşkil edilib. Biz valideynlər uşaqlarımızla birlikdə onların nə öyrəndiklərinin, necə öyrəndiklərinin şahidi olduq. Bu gün müəllimə qismində riyaziyyat fənnindən dərs keçdim. Həmçinin mən Şəfiqə müəlliməyə təşəkkür edirəm. Riyaziyyat çətin fənndir , onu tədris etmək də asan deyilmiş. Amma əmin oldum ki, uşaqlar həqiqətən də nə isə öyrəniblər, bu da bir valideyn olaraq çox qürurverici bir hissdir. İnşallah uşaqlarımızın daha böyük uğurlarının şahidi olarıq”.
Nağıyev Alimin valideyni Kamilə xanım isə uşaqlara təbiət mövzusunda müxtəlif maraqlı nümunələr göstərib. Müsahibimizin sözlərinə görə, balacalar belə məşğələlərə olduqca maraq göstərirlər.
“Bilirsiz, bu yaşda uşaqlar min dənə sual verirlər, “Bulud necə yaranır?”, “Niyə otlar yaşıl rəngdədir?”. Mən də qərara gəldim ki, uşaqlara sadə nümunələr göstərim, onlar da başa düşsünlər nə necə yaranır. Görünür, uşaqların xoşuna gəldi, maraqlandılar, razı qaldılar. Mövzuya aid suallar verdilər. Dərs yaxşı keçdi. Düşünürəm ki, yenə belə məşğələlər təşkil olunacaq”.
Uşaq bağçasının direktoru Samirə Muxtarova da layihə haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, “Açıq qapı” təşkil etməkdə bağçanın əsas məqsədi valideynləri bağçanın iş prinsipi ilə yaxından tanış etmək, eyni zamanda uşaqlarla işləməyin çətinliklərini göstərməkdir.
“Bağça olaraq uşaqların təlim-tərbiyəsindən əlavə valideynlərlə işləməyi çox sevirik. Çünki uşaqların təlim tərbiyə prosesində valideynlər çox böyük rol oynayır. Yəni hər uşaq haqqında ilkin məlumatı biz ata analar vasitəsilə alırıq. Buna görə də biz birgə işləyərkən daha yaxşı nəticə əldə edirik. İndiyə kimi valideynlər “Açıq qapı” günlərində, açıq dərs məşğələlərində, tədbirlərdə iştirak ediblər . Bu ay “Açıq qapı” münasibətilə biz valideynləri dəvət etdik ki, onlar müəllim qismində uşaqların qarşısında çıxış etsinlər, uşaqlarla vaxt keçirsinlər. Biz uşaqlarla işləməkdən çox böyük zövq alırıq, istədik ki, bu zövqü onlar da yaşasınlar. Həm də belə məşğələlər uşaqlara yaxşı təsir göstərir. Bundan çox böyük qürur duyurlar. Bu, onlara çox böyük özgüvən gətirir”.
Samirə xanımdan bu cür layihələrin valideyn-uşaq münasibətlərinə təsiri haqqında soruşuruq. Direktor bildirir ki, belə maraqlı məşğələlərin təşkili valideynlə uşaq arasındakı emosional bağı gücləndirir.
“ Valideyn-uşaq münasibətlərinə o təsiri göstərir ki, uşaqlar vaxtlarının çoxunu bağçada keçirirlər (8:00-dan 18:00-a kimi). Valideynlər də normal olaraq işdə olurlar, uşaqlara saat 19:00-dan sonra vaxt ayıra bilirlər və bunun nəticəsində balacaların günlərini necə keçirdiklərini, dostları ilə necə oynadıqlarını görə bilmirlər. Bu məşğələlər vasitəsilə ana-ata ilə övladları arasında emosional bağ qüvvətlənir. Nəticədə uşaq valideyninə bir addım daha da yaxınlaşır”.
Sonda isə Samirə xanım layihədə iştirak edən bütün valideynlərə öz təşəkkürünü bildirir.
”Ümumiyyətlə, uşaqlar müəllimlərini çox sevirlər, çünki müəllim onlara nə isə öyrədir. Müəllimlərinin yerində valideynlərini gördükdə isə qürur duyurlar. Bütün bunları nəzərə alaraq bu ay “Açıq qapı” elan etdik və çox maraqlı rəngarəng oldu. Bütün valideynlər bu işə məsuliyyətlə yanaşdılar, nəinki öz uşaqlarının digər uşaqların da diqqətini cəlb etmək üçün cürbəcür oyunlar hədiyyələr fikirləşmişdilər. Düşünürəm ki, onların köməkliyi ilə bu layihə bağçamıza rəngarənglik qatdı. Bütün valideynlərə minnətdarlığımı bildirirəm.”