Teatr uşaqların dünya görüşünün formalaşmasında mühüm rol oynayır. Bakı şəhərində yerləşən uşaq bağçasında bu amil nəzərə alınaraq uşaqlar üçün maraqlı pantomim tamaşalar təşkil edilir. Bağçanın pantomima müəllimi Rafiz Mehdizadə müsahibəsində deyir ki, uşaqlar belə tamaşalarda həvəslə çıxış edirlər. O, hazırlanan tamaşaların mövzusu barədə də məlumat verir:
“Mövzular müxtəlif olur, məsələn, bu yaxınlarda nənələr və babalar günü oldu və biz uşaqların nənə və babalarına münasibətləri haqqında nömrələr hazırladıq. Uşaqların bağça xatirəsindən də pantomima qurmuşduq. Uşaqların öz kövrəkliyi var, 5-6 yaşlı uşaqlardır və dərk edirlər ki, bağçadan gedirlər. Elə pantomimada da bu həzinlik əks olunmuşdu.”
Müəllim deyir ki, teatr uşaqların psixologiyasına müsbət təsir göstərir. Onun sözlərinə görə, hər bir uşağın oynadığı rola öz münasibəti, yanaşması olur. Pantomimaya üstünlük verilməsinin səbəbini belə açıqlayır:
“Biz onlara pantomima ilə yanaşı tamaşalar, video materiallar da göstərmişik. Amma pantomimanın onlardan fərqi budur ki, sözlə aldatmaq mümkündür, amma hərəkətlə yox. Məsələn, əgər biz yalan danışırıqsa bu bizim bədənimizdə üzə çıxır. Azyaşlı uşaqların bədənlə ifadəsi daha rahatdır. Çünki onların çox söz ehtiyatları yoxdur. Pantomima vasitəsilə uşaq özünü ifadə edə bilir.”
Pantomimada ifadə vasitəsi söz yox, hərəkət olduğu üçün Rafiz müəllimdən uşaqların tamaşalarda çətinlik çəkib-çəkmədiklərini soruşuruq. Müəllim qeyd edir ki, obraz uşaqlara necə təqdim olunursa, onlar da rolu o dərəcədə mənimsəyir:
“Çətinlik çəkirlər, çünki məsələn, uşaq baba rolunu oynayırsa baba kimi gəzməli oturmalı, durmalı, baxmalıdır. Pantomima göstərmə sənətidir. Çünki biz onu sözlə ifadə etmirik, bunu bədənimizin plastikasında tapırıq. Uşaqlarla bir baxımdan çətin olur, bir baxımdan rahat. Çünki uşaqdan soruşduqda baba necə gəzir? Uşaqlar oynamağa həvəsli olduğuna görə rolu ifa edir və mən də onların baba xarakterindən çıxış edərək başlayıram o səhnəni qurmağa. Daha çox uşağı yükləməklə deyil, məhz uşaqdan çıxış edərək uşağı yönəldirik.”
Rafiz müəllim deyir ki, gələcəkdə yaxşı nəticə əldə etmək üçün uşaqlar üç-dörd yaşlarından pantomimlə məşğul olmalıdırlar.
“Daha çox 4-5 yaşlı uşaqlar daha yaxşı qavrayır. Amma bağçamızda 3-4 yaşlı uşaqlar vardır ki, onlarla sırf bu cür ağır proqlamlarla işləmirik. Onlara pantomimlə yemək yeməyi, harasa baxmağı, kiməsə salam verməyi öyrədirik. Onlara indidən bu cür gündəlik hərəkətləri öyrədirik ki, artıq 4-5 yaşlarında onlardan pantomim bir pyes üzrə işləyə bilək onlarla.”