Tədrisdə məşğələlər və mövzular arasında inteqrasiya: LapBook
Uşaqların sevimli “oyuncaq”larından biri də kitablardır. LapBook isə uşaqlar tərəfindən yaradılan kitabdır. Uşaqları ətraf aləmlə tanış etmək, onlara ilkin bilikləri ötürmək üçün elə uşaqların özlərinin iştirakı ilə kitab hazırlanır. Bunun üçün rəngli kağızlar, rəngli qələmlər, müxtəlif şəkillər və yaradıcılıq lazımdır. Məsələn, Siz övladınıza fəsilləri öyrətmək istəyirsinizsə, fəsillərin adını rəngli kağıza, rəngli qələmlərlə yaza bilərsiz. Sonra adların yanına hər fəsilə uyğun hava şəraiti haqqında şəkil yapışdıra, bu fəslin xüsusiyyətləri barədə bir neçə cümlə əlavə edə bilərsiniz.
“İndigo” Nərimanov Uşaq Bağçasının meneceri Cəmilə Kərimova LB haqqında daha ətraflı məlumat verib.
LB (LapBook) harada və nə üçün yaradılıb?
- LB assosiativ yaddaş və düşüncənin – intelektual xəritənin (mind maping) inkişafı üçün yaradılıb. İntelektual inkişaf sahəsində ilk LB sxemini amerikalı alim Toni Byuzen təqdim edib. Assosiativ düşüncə tərzi uşağa öz beynində dünyanı xırda fraqmentlərlə deyil, bütöv canladırmağa imkan yaradır. LB-nin sayəsində uşağın söz ehtiyatı zənginləşir və onu əhatə edən dünya haqqında daha çox məlumatlı olur.
LB üzrə dərslərə hansı yaşdan başlamaq lazımdır?
- LB üzrə dərslərə 2,5-3 yaşından başlamaq olar. Əvvəlcə uşağa aydın və asan başa düşülən mövzular keçilməlidir, məsələn, yeməklər, meyvələr, oyuncaqlar, bədən hissələri və s. Tədricən LB mövzularını bir qədər çətinləşdirmək olar. Əgər 2,5-3 yaşında bədən hissələrinin adları öyrədilirdisə, artıq yuxarı yaşlarda orqanların funksiyası haqqında mövzular tərtib etmək olar.
LB ilə necə məşğul olmaq lazımdır?
- Dərhal LB-ni doldurmağa çalışmaq lazım deyil. Uşaqla məşğuliyyəti ona darıxdırıcı olmağa başlamadan bir neçə dəqiqə əvvəl bitirmək lazımdır. Hətta siz 5 dəqiqə məşğul olsanız da – bu artıq çoxdur. Az olsun amma əsas odur ki, uşağa maraqlı olsun. Əsəs odur ki, o dəqiqələr uşaqda xoş təəssüratlar buraxsın. Onda uşaq səhəri gün yenə məşğul olmaq istəyəcək. Ümumiyyətlə, bütün bunlar uşağın beynində sevinclə həkk olunmalıdır, onda uşaqlıq illəri də şirin keçəcək. Uşaqla şəkillər vasitəsilə məşğul olun. Yeni hekaylər yaradın, heyvanların yaxud başqa personajların adından danışın. Bütün bunlar LB-yə aid olan mövzuların işıqlandırılması üçün olmalıdır. Fantaziyanızı işlədin! Hər şeyi zövqlə edin!
LB-ni necə düzəltmək olar?
- Qovluq üçün istənilən mövzunu seçmək olar. Elə onun çətinliyini də. Öz təcrübəmə əsasən deyə bilərəm ki, ən yaxşı lapbook (LB) ümumi yox, xüsusi mövzulardan alınır. Məsələn, “Həşəratlar” mövzusuna ümumi LB yarada bilərsiniz. Amma çətin ki, siz onu tam əhatə edə biləsiniz. Sizin kitabçanız sadəcə hamıya məlum olan faktlarla dolu olacaq. Bu lap kiçik uşaqlar üçün daha çox uyğun gəlir. Çünki hətta bu faktlar da onlar üçün yenidir. Ancaq böyük yaşda uşaqlar üçün (əslində elə tam LB ilə məşğul olmaq 5 yaşından mümkündür) bu faktlar faydalı olmayacaq. Ancaq əgər hər hansısa konkret bir həşərat haqqında lepbukda ətraflı məlumat versəniz bu daha faydalı olacaq.
Mövzuları seçdikdən sonra kağız və qələm götürüb planı yazmaq lazımdır. Axı LB-sadəcə şəkilli kitab deyil. Eyni zamanda tədris vəsaitidir. Ona görə də siz bilməlisiniz ki, mövzunu tam açmaq üçün nələri daxil etmək lazımdır. Bunun üçün də sizə plan lazımdır.
Məsələn, bu mənim “Göbələklər” haqqında LB üçün olan planımdır:
- Göbələk nədir?
- Göbələyə harada rast gəlmək olar?
- Göbələyi harada və necə istifadə etmək lazımdır?
- Göbələk çəkməyi öyrənmək.
- Göbələkləri toplayıb və çıxmaq olar (riyaziyyat).
- Göbələk sözündə 3 sait və 4 samit səs var. 3 hecalıdır (fonetika).
- Nitqin inkişafı üçün – atalar sözləri.
- Göbələkləri kim yığır?
- Göbələklərin quruluşu.
- Göbələklər və xarici dildə əsas anlayışlar (ingilis dili)
Maket
Növbəti mərhələ ən maraqlısıdır. İndi fikirləşmək lazımdır ki, LB-də planın hər maddəsi necə təqdim olunsun. Yəni maketi çəkməkdən söhbət gedir. Burada fantaziya üçün sərhəd yoxdur: təqdimatlar istənilən cür ola bilər. Ən sadədən (mətn) tutmuş, oyunlara və digər tapşırıqlara kimi. Və bütün bunları müxtəlif elementlərdə yerləşdirmək: cibdə, dəftərçədə, kitabçada, qeyd kağızında, qarmon kimi kitabçada, müxtəlif formalı vərəqlərdə və s. Sonra bütün bunları mən A4 vərəqində çəkirəm. Çünki bu elementləri yerləşdirmək üçün rahat üsuldur.
Sonda onu qeyd etmək lazımdır ki, bu alət tədrisin inteqrasiyası üçün əvəzolunmazdır. Kurrikulumun əsas problemlərindən bir kimi müəllimlərimizi narahat edən inteqrasiyanı LB vasitəsilə asanlıqla həll etmək mümkündür. Bu alət “İndigo” Nərimanov Uşaq Bağçasında bu ildən tətbiq edilən Zəka İnkişaf Proqramının tərkib hissəsidir. Belə ki, bu alət uşaqların mövzulara müxtəlif zəka istiqamətləri üzrə yanaşmasını təmin edir.