Uşaqlara vəd verdiyiniz zaman onlar sizin vədiniz hər nədirsə, onun vaxtını mütləq soruşur və gözləyir. Uşaqlıq dövründə zaman anlayışı yetkinlərdəki kimi formalaşmadığı üçün vədinizə geciksəniz, bu halı günlərlə izah etməyinizin heç bir faydası olmaya bilər. Hər nə etsəniz də uşağınız o gün gələndə vədin yerinə yetirilmədiyini gördükdə buna qarşı reaksiya verəcək. O, ağlaya, əsəbiləşə və aqressivləşə bilər.

Bəs hansı halda uşağa vəd vermək olar?

Baby Star Uşaq Bağçasının Meneceri Mədinə İmanova böyüklərə verdikləri vəddən əmin olmalarını tövsiyə edir: “Böyüklər vəd verəndə onu hətta mümkün dərəcədə tez yerinə yetirə biləcəklərindən əmin olmalıdırlar. Valideyn əmin deyilsə, o zaman uşağa indi söz verə bilməyəcəyini izah etməlidir. “Bəli, söz verirəm, alaram, edərəm, gedərik və s.”, sözləri uşağın kapriz etməməsi üçün deyilməməlidir. Vədlərə çox ciddi yanaşılmalı, düşünərək vəd verilməlidir. Bu halda uşaqlarda sözün, vədin vacibliyinə şübhə yaranmır və özləri də gələcəkdə verdiyi vədləri yerinə yetirirlər”.

Valideynlərin uşaqlar üçün nümunə, model olduğunu söyləyən Mədinə xanım vəd yerinə yetirilməyəndə uşaqların valideynə inamının azaldığını bildirir: “Vəd və ya yerinə yetirilməyən davranış bir neçə dəfə təkrarlanarsa, uşaqdan ”Sən onsuz da etmirsən, sözünü tutmursan” kimi cümlələr eşidə bilərsiniz. Həmçinin, ananın və atanın vədi 100% əminliklə yerinə yetirəcəyini bilən uşaq həyatında bu məqamları stabil nöqtə kimi görür.