“Uşaqlara əllərini tez-tez yuyulması vərdiş edilməlidir”

bagcaq

Kəskin Respirator Virus İnfeksiyası (KRVİ) kəskin respirator virus infeksiyalarının böyük qrupunu  özündə birləşdirir. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, respirator sinsitial (RS), rinovirus, reovirus infeksiyaları və quş qripi daxildir.

Bu sözləri Bagcam.az-a “İndigo” Nərimanov uşaq bağçasının həkim-pediatrı Şəhla Əhmədova Kəskin Respirator Virus İnfeksiyası haqqında danışarkən bildirib. O deyir ki, bu, uşaqlar arasında daha çox təsadüf edilən qrip-spesifik infeksiyasının əlamətləri  və yuxarı tənəffüs yollarının katarı ilə xarakterizə olunan həddən artıq yoluxucu kəskin infeksion xəstəlikdir.

 

Bəs bu xəstəliyə necə yoluxulur?

 

-İnfeksiyanın  mənbəyi xəstə insandır. İnfeksiya hava-damcı yolu ilə ötürülür.  Virus yuxarı tənəffüs yollarının selikli qişasından asqırma, öskürmə, danışıq, tənnəffüs zamanı böyük miqdarda xaric olur və aerozol şəklində asılmış vəziyyətdə bir neçə dəqiqə saxlanıla bilir. Nadir hallarda infeksiya qulluq əşyaları, oyuncaqlar, əmzik, yataq ağları, qab-qacaq vasitəsi ilə də ötürülə bilər.

Xəstəliyin profilaktikası virusa yoluxmanın, infeksiyalaşmanın qarşısına almaq  və orqanizmin viruslara qarşı müqavimətini artırmaqla aparılır.

İnfeksiya mənbəyi xəstə insan olduğuna görə yoluxmanın qarşısının alınması üçün  xəstə ilə kontaktın minimuma endirilməsi vacibdir. KRVİ-nin yayıldığı dövrdə insanların çox toplaşdığı məkanlarda  – ictimai nəqliyyatda, satış mərkəzlərində, kütləvi tədbirlərin keçirildiyi yerlərdə, uşaq əyləncə mərkəzlərində xəstə şəxslərlə kontakt ehtimalı böyükdür. Uşaqların toplaşdığı məktəblərdə və bağçalarda xəstə uşağın olması xəstəliyin yayılmasına səbəb olur.

 

Bu xəstəliyin qarşısını necə almaq olar?

 

– Xəstələnmə hallarının qarşısını almaq üçün xəstə təcrid edilməlidir. Təcrid olunmanın müddəti 7 gündür. Qriplə xəstələnmənin epidemik təkanı zamanı məktəbəqədər uşaq kollektivinə yeni uşaqlar qəbul edilmir, bir qrupdan digər qrupa uşaq köçürülmür. Xəstəliyin yayılma dövründə 4-6 qat tənzif maskadan istifadə edilməlidir. Maska yoluxmanın qarşısını tamamilə almasa da, xəstənin danışması, asqırması zamanı seliklə bərabər xaric olan virusların ətrafdakı şəxslərə və məişət əşyalarına düşməsinin qarşısını müəyyən dərəcədə almış olar. Maskanın 4 saatdan bir dəyişdirilməsi məsləhətdir.

 

Xəstələnmənin baş verməsinə hansı faktorlar təsir göstərir?

 

-Virusla kontaktda olarkən xəstələnmənin baş verməsi havadakı virusların konsentrasiyasından, virusun aktivliyindən, orqanizmin immun vəziyyətindən asılı olur. Virus tozlu, quru, isti və hərəkətsiz havada öz aktivliyini saatlarla, hətta günlərlə saxlayır. Ancaq təmiz, sərin, nəm və hərəkətli havada virusların aktivliyi azalır. Ona görə də otaqların havasının intensiv dəyişdirilməsi havada virusların konsentrasiyasının azalmasına səbəb olur. Ona görə də uşaq müəssisələrində KRVİ-nin profilaktikası üçün havanın tez-tez və mütəmadi dəyişdirilməsi vacibdir. Havadakı virusların konsentrasiyasının azaldılması üçün istifadə olunan üsullardan biri də viruslara öldürücü təsir edən ultrabənövşəyi şüalardan, kvars lampalarından istifadə edilməsidir.

 

Xəstə şəxslərin əllərində viruslar daha çox toplanır və  əlləri ilə toxunduğu yerlərdə, qapı dəstəklərində, kran vintillərində – toxunduqları hər bir əşya üzərində virusların konsentrasiyası çox olur ki, bu da sağlam şəxslərin infeksiyalaşması üçün şərait yaradır. Xəstə uşaqların istifadə etdikləri oyuncaqlar, üzərində oynadıqları xalçalar infeksiya mənbəyi ola bilər. Ona görə də təmizlik işlərinin nəm üsulla  aparılması, oyuncaqların mütəmadi yuyulması, ümumi istifadə olunan əşyaların  dezinfeksiyaedici məhlullarla təmizlənməsi vacibdir. Uşaqlara əllərini tez-tez və diqqətlə təmiz yuyulması vərdiş edilməlidir. Uşaq bağçalarında istifadə edilən oyuncaqlar nəm üsulla gigiyenik təmizlənmə üçün  yararlı materillardan olmalıdır. Tamamilə təhlükəsiz və effektiv  üsul olan duzlu məhlulları buruna istifadə etməklə KRVİ-a yoluxmanın qarşısının almaq olar.  Bu məqsədlə Marisol, Aqua Maris, Aqvalor kimi məhlullardan istifadə edilir. Duzlu məhlullar burunda virusların konsentrasiyasınnın azalmasına səbəb olur. Əsnəyin yaxalanması da əhəmiyyət kəsb edir. Bu üsullar xəstə ilə kontaktda olarkən tətbiq edilməlidir.

 

Viruslara qarşı müqaviməti artırmaq üçün bunlar edilir:

 

  1. Yerli immunitet sisteminin aktivləşdirilməsi
  2. Spesifik immunizasiya
  3. İmmunotrop maddələrin qəbulu

 

Uşaq orqanizminin möhkəmləndirilməsi üçün vitamin C, A və B qrup vitaminlərə olan tələbatı ödəmək, bal və propolisdən istifadə etmək, hemeopatik dərmanlardan (engystol,contramutan və s.) alfa interferondan, fitoimmunomodulyatorlar, yəni bitki mənşəli  dərmanlardan (eleuterokokk, jenşen, herbion exinasea, tonsilqon H, ultravit, itburnu və s.) istifadə etmək məsləhət görülür.

Uşaqların olduğu məkanlarda havanın optimal temperaturunu saxlamaq, havanın nəmliyinə diqqət yetirmək, təmiz havada gəzmək, havanın temperaturuna uyğun geyinmək, sutkalıq mayeni lazımi miqdarda qəbul etmək, qidalanma rejimini düzgün təyin etmək, vitaminlərlə zəngin təzə meyvə və tərəvəzləri qida rasionuna daxil etmək lazımdır.