Əksər valideynlər uşaqların yeməklərə qarşı həssalığı ilə qarşılaşır. Bu hal təxmini hər ailədə eynidir. Uşaq faydalı qidadan imtina edir, əksinə şirniyyat, konfet, şokolad, çipsi, suxarini isə istənilən qədər yeyə bilir. Sizinlə razıyıq, uşağı doğru qidalanmağa inadırmaq olduqca çətindir, amma mümkündür və lazımdır.
“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Əməliyyatlar üzrə Direktoru, Məktəbəqədər Təhsil Üzrə Mütəxəssis Xalidə Rzayevanın bu mövzu ilə bağlı təqdim etdiyi bir neçə qızıl qayda sizin köməyinizə çatacaq:
- Səbrli olun və şəxsi nümunədə göstərin. Əvvəlcə valideyn maksimum səbirli olmalıdır. Çünki uşaqlar heç də hər zaman rasionlarına yeni qidalar daxil olanda sevinmirlər. Həm də uşaqların çoxuna faydalı qidalar dadsız gəlir. Ona görə də təəcüblənmək lazım deyil ki, niyə uşaq bu yeməkləri sevmir. Bir də nəzərə alın ki, faydalı qidalanmaya bütün ailə keçməlidir. Təsəvvür edin bir boşqabda qızardılmış kartof digərində qaynadılmış tərəvəz var. Belə halda vəziyyət daha da gərginləşir. Uşağa ən böyük təsiri gözlə gördüyü ola bilər. Mütləq uşaqla bərabər öz boşqabınıza da tərəvəz qoyun və uşağa – ye bu faydalıdır və sən bunu yeməlisən sözlərinin əvəzinə, özünüz ləzzətlə yeyin və uşağa da təklif edin. Həmçinin uşaqlara çiy tərəvəz təklif edin, onlar ağızda xırtıldayan qidaları xoşlayırlar. Kök, kələm, bibər, xiyar onlar üçün çox xoşagələn ola bilər.
- Uşağın qidalanma rejimini tənzimləyin. Çox vaxt valideyn uşağın aclıq hissini gözləmədən onu tez və çox yedizdirməyə can atır. Uşaq nə qədər aktivdirsə, bir o qədər iştahı yaxşıdır. Əsas yeməklərin arasında uşaqlara əlavə qidalar verməməyə çalışın. Çalışın meyvə qabı daim masa üzərində olsun və əl çatan yerdə olsun ki, uşaq acanda şirniyyat deyil, meyvə yesin. Beləliklə, uşaqda düzgün atışdırmaq vərdişi yaranacaq. Yeni tərəvəzi və ya başqa bir qidanı uşağın artıq tanıdığı və sevdiyi yeməyin yanında təklif edin ki, o, yeni dada daha çox etibar edə bilsin.
- Sağlam qidaya erkən vaxtdan başlayın. Uşaq yeni dadlarla nə qədər tez tanış olsa, bir o qədər onlara alışmağı asan olar. Uşaq ana südündən digər qidaya keçid edəndə tədricən yeni dadlara uyğunlaşır. Çalışın qonaq gedəndə belə “Mənim uşağım onu yemir, bunu yemir” deməyəsiniz. Çox vaxt uşaqlar evdə yemədiklərini qonaq getdiyi yerdə yeyirlər və görəndə ki, dostlarının xoşuna gəlir onlarda da həmin qidaya qarşı həvəs yaranır. İcazə verin marketdə uşağın özü tərəvəz seçsin. Özü seçib deyə dadına baxmaq onun üçün maraqlı olacaq.
- Yeməkləri maraqlı tərtib edin və oyun formasında təqdim edin. Unutmayaq ki, biz inkişaf edən uşaqdan danışırıq və uşaq gördüyü, daddığı hər şey vasitəsi ilə dünyanı dərk edir və öyrənir. Ona görə qida prosesi özü də bir öyrənmə mərhələsidir. Bu, rəngarəng və maraqlı formalar, fiqurlar və personajlarla əhatə olunanda uşaq üçün həm də əyləncəli olur.
- Uşaqları yedizdirərkən aldatmayın və lazımsız vədlər verməyin. Gül kələmi yediyinə gürə konfetlə mükafatlandırmaq ən böyük səhvdir. Belə etməklə uşaq meyvə tərəvəzi sevmək əvəzinə, onları hədiyyə mənbəyi kimi görəcək. Uşaq meyvə və tərəvəz bol yeyərsə, daha sürətli velosiped sürəcək, topla oynayacaq, dişləri möhkəm olacaq və s. Uşağın özü üçün bu maraqlı məqamları qeyd etməyiniz məsləhətdir. Yemək yeyərkən televizor, telefon və ya hər hansı digər diqqət yayındıran vasitə məsləhət deyil. Uşağın diqqəti yeməkdə olmalıdır. Uşağı yemək yeyərkən əsla tələsdirməyin. İcazə verin o, bacardığı sürətlə yesin. Əksinə uşaq nə qədər yavaş yeyərsə, bir o qədər həzm prosesi yaxşı olar. Eyni zamanda valideynlər meyvələr, tərəvəzlər və digər faydalı qidalar haqqında uşaqlara maraqlı hekayələr, nağıllar şəkilli kitablar oxuya bilər. Həmçinin bərabər faydalı, öyrədici videolar izləməyiniz yaxşı olar. Bu zaman uşağa nəsihətlər verməkdən çəkinin. Sadəcə yüksək əhval-ruhiyyədə olun. Məlumatı onlara pozitiv çatdırın.
Beləlikə biz qida mövzusunda bu qaydalara riayət edərkən uşaqlara kiçik yaşlarından faydalı qidalanma vərdişlərini aşılamış oluruq.