Uşaqlarda immun sistem yetkin olmadığına görə, erkən yaşlarda tez-tez xəstələnmələri tam normal haldır. Belə ki, bağçaya gedən uşaq ildə 7-8 dəfə üst tənəffüs yolu infeksiyası, 2 dəfə qastroenterit, 1-2 dəfə sidik yolu infeksiyaları ilə xəstələnə bilər. Uşaq xəstələndikcə immuniteti daha da güclənir və xəstəliklərdən qorunmaq üçün orqanizmdə yaddaş hüceyrələr əmələ gəlir.
Əziz valideynlər, uşaqlarınız tez-tez xəstələnən zaman onları bağçadan uzaqlaşdırmayın. Belə etməklə formalaşmaqda olan orqanizmin immun müdafiəsinin yaranmasına mane olmuş olursunuz. Tez-tez xəstələnən uşaqların valideynlərinin diqqət etmələri lazım olan məqamlar vardır.
- Əgər uşaq ildə 7-8 dəfədən çox yuxarı tənəffüs yolu xəstəlikləri keçirirsə;
- Virus infeksiyasının gedişatında hər hansı bir bakterial infeksiya ilə ağırlaşma görülürsə (otit, mastoidit, pnevmoniya, abses və s);
- Uşaq 1 ildə 2 dəfədən çox pnevmoniya ilə xəstələnərsə;
- Antibiotik müalicəsinə effektsizlik varsa;
- Ailədə Primer immun yetməzlikli xəstə olubsa;
- Uşaqda tez-tez göbələk infeksiyası görülürsə;
- Uşaqda təkrarlayan damaq yaraları, qanamalar görülərsə;
- Uşaqda təkrarlanan dərinin irinli iltihabi xəstəlikləri görülərsə, bu zaman bu əlamətləri Pediatıra bildirin! Sağlam olun!
Pediatr Günay Rəsulova