“Qadağadan sonra uşağa nəzarət etmək lazımdır”

Untitled-1Bəzən valideynlər “perfeksionist” olub (perfekt-mükəmməl) öz uşaqlarının  da  davranışlarının mükəmməl olmasını tələb edirlər. Uşaqlar düzgün etiket qaydaları, valideynlər tərəfindən deyilən tapşırıqların dərhal icra olunması, qonaq getdikdə nümunəvi uşaq olması  və s. kimi öhdəliklərlə üz-üzə gəlirlər.

Buna hazır olmayan uşaq qoyulan öhdəliklərdən yayınaraq sərbəst və rahat davranmağa başlayır. Bu isə özlərini cəmiyyət arasında “mükəmməl” kimi təsdiqləmiş valideynlərin prinsipləri ilə düz gəlmir. Nəticədə valideyn-uşaq , ata-ana arasında gərginliyə və əgər ətrafın qınayıcı baxışı varsa məsələ daha da böyüyərək  fiziki bir xatırlatmaya (çimdik, saç yolma, qulaq  burma və s.) səbəb olur.

Valideynlər tez-tez uşaqlarına “səndən utandım” deyə narazılıq edirlər. Unudurlar ki, onlar da nə vaxtsa uşaq olublar və onların qarşısında dayanan bu balaca hələ öz şəxsiyyətinin formalaşması üçün cəhd edən biridir. Övladlarınızın  özgüvənli, diqqətli, bacarıqlı şəxsiyyət olmasını istəyirsinizsə, onlara qarşı diqqətli davranın, keçirtdiyiniz vaxt nisbətini  bacarıqla bölüşdürün (təhsil-oyun-təlim), onlara dəstək olaraq güvənin və ən əsası qətiyyətli olun.

Qətiyyətli mövqedə olan valideyn şikayətlənmir, nə istədiyini və uşağından nə gözlədiyini dəqiq bilir. Ondan tələb etdiyini öyrətdiyinə hər an nəzarət edərək əldə edir. Nəzarət edir ki, uşaq öyrətdiyini tətbiq etməyə başlasın. Çox vaxt uşaq evdə stolun üstünə çıxarsa və ya icazəsiz mobil telefon götürərək oynamağa başlayarsa, oyuncaqlarını yığışdırmazsa, hər istəyinə uyğun “kapriz” edərsə  ana buna çox da fikir vermir. Çünki evdə yalnızdırlar, kənar baxışlar və narahat etdirici hallar yoxdur.  Ana sadəcə körpəsinin həmin an ondan razı qalması ilə kifayətlənir. Evə qonaq gəldikdə  isə uşaq bu hərəkətləri edərsə o zaman onun hərəkətlərindən  utanır və qadağalar qoymağa başlayır.

Bir -iki gün keçməmiş uşaq o hərəkəti təkrar edir, bu zaman da  ana deyir: “Öyrətmişəm, başa salmışam, onun üstündə döymüşəm ki, ay bala, eləmə, yenə eləyir, daha neyniyim, bəxtimə pis uşaq çıxıb”. Bu cür düşüncələr yalnışdır. Sadəcə olaraq qadağalar qoyulandan sonar uşağa buna əməl edib etmədiyini yoxlamaq lazımdır.

Unutmayın, biz övladlarımızı “filankəsin uşağı necə də ağıllıdır”desinlər deyə böyütmürük. Biz onları cəmiyyətə və özlərinə yararlı şəxslər olsunlar deyə düzgün böyütməliyik.  Amma hər kəsin də öz doğruları var .

Vəfa Şirinova