Onun dünyagörüşünü siz formalaşdırın!

Parent-and-child-photoƏziz valideynlər, yəqin ki, övladınızı düzgün tərbiyələndirmək və ideal valideyn olmaq üçün əlinizdən gələni edirsiniz. Bəs sizcə, övladınızın həmişə xoş xatirələrlə yada salacağı uşaqlıq dövrü keçirməsi üçün valideyn olaraq sizdən nə tələb olunur?

Bu dəfəki məqaləmizdə sizə mütəxəssis Penny Tasoninin övlad və valideyn münasibətinə dair əsas məsləhətlərini təqdim edirik.

Birlikdə yemək bişirin

Övladınızla birlikdə yemək hazırlayın. Bu yolla onunla həm daha çox və əyləncəli vaxt keçirmiş olacaq, həm də hansı qidaların onun inkişafı üçün faydalı olduğunu geniş izah edə biləcəksiniz.

Eyni zamanda ona mətbəxdə yaradıcılığını göstərməsi üçün də imkan yaradın. İcazə verin ki, çox sevdiyi bir yeməyi özü özü üçün hazırlasın. Bu zaman həm o yemək yeməkdə daha həvəsli olacaq, həm də bu sahədə öz qabiliyyətini inkişaf etdirmiş olacaq.

Birlikdə mahnı oxuyun

Birlikdə mahnı oxumaq və rəqs etmək övladınızla aranızdakı əlaqəni daha da möhkəmləndirəcək. Birlikdə mahnı oxuduğunuz zaman ona mahnının sözlərini daha anlaşıqlı dildə izah edin. Beləcə o hansısa mahnının sözlərini kor-koranə əzbərləmək vərdişindən əl çəkəcək. Eşitdiyi hər sözün əsil mənasının nə olduğunu araşdırmağa çalışacaq.

Birlikdə toxum səpin, ağac əkin!

Şəhər yaşayışı uşaqların zehnini sərhədləyir. Övladınıza öz əli ilə nələrsə yarada, qura biləcəyini öyrətməyiniz vacibdir. Buna görə də onunla birlikdə torpağa nə isə əkin və övladınızın özünün ona qulluq edib, böyüməsini, bəhrəsini görməyinə imkan yaradın. Əmin olun ki, o birlikdə əkdiyiniz bu ağacın, toxumun və onun bəhrəsinin dadını heç vaxt yadından çıxartmayacaq. Beləcə həm də onda ətraf aləmə, təbiətə sevgi aşılamış olacaqsınız.

Birlikdə hər gecə kitab oxuyun!

Ona10 yaşına qədər gecələr müxtəlif kitablar oxuyun. Birlikdə kitab alış-verişinə çıxın. Bununla günbəgün övladınızın xəyal dünyasının sərhədləri genişlənəcək. O tez zamanda özü də oxumağı öyrənməyə çalışacaq. 8-9 yaşından sonra isə övladınıza əvvəl oxuduğunuz hekayələri yenidən oxuyun və sujet xəttini onunla birlikdə müzakirə etməyə çalışın.

Başqasını xoşbəxt etməyin yollarını öyrədin

Balaca olmasına baxmayaraq övladınıza xoşbəxtliyin nə olduğunu, ətrafdakı insanları necə xoşbəxt edə biləcəyini öyrədin. İlk olaraq onun haqqında hər bir xoş xəbərin, uğurunun siz valideynləri necə xoşbəxt etdiyini bildirin. Atasının işdən gəlməyinə az qalıbsa, onunla birlikdə ata üçün onu sevindirəcək kiçik sürprizlər hazırlayın. Bununla ona sevdiyi insanları xoşbəxt etməyin əslində necə asan olduğunu sübut etmiş olacaqsınız.

Ona oyunlar öyrədin!

Çox zaman uşaqların sakit oturub, səs-küy salmaması üçün valideynlər onların müxtəlif internet oyunları oynamasına şərait yaradır. Amma bu həm fiziki, həm də zehni baxımdan uşağınızın inkişafına mənfi təsir göstərən amildir. Bundansa daha yaxşı olar ki, ona “ gizlən qaç, yeddi şüşə və s”  kimi oyunlar öyrədin. Bu onun daha çox hərəkət eməsinə və düşünməsinə şərait yaradacaq.

Birlikdə səyahət planə qurun

Övladınıza dünyanın nə qədər böyük yer olduğunu izah etmək üçün ona xəritəni öyrədin. Bunun üçün xəritəni qarşısına qoyub görünüşünə görə hansı ölkəni daha çox sevdiyini soruşun və həmin ölkə haqqında ona geniş məlumat verin. İstədiyi halda bir gün ora mütləq səyahət edə biləciyiniz qeyd edin və ona səyahət üçün hansı əşyalar və qədər pul lazım ola biləcəyini izah edin. Daha sonra lazım ola biləcək əşyaların sizyahısını və özünə lazım olacaq pulun bir hissəsini özünün yığmasına imkan verin. Beləcə övladınız yalnız bu gün üçün deyil, gələcək üçün yaşamağın nə demək olduğunu başa düşəcək və eyni zamanda səyahət edə biləcəyiniz daha maraqlı ölkələr axtarmağa başlayacaq.

Birlikdə bir otağı dekorasiya edin!

Hər bir uşağın içində müxtəlif gizli bacarıqlar var. Onun bu bacarıqlarını, təxəyyülünü göstərməsi üçün ən azından bir otağı birlikdə dekorasiya edin. Bu zaman övladınızın düşüncələrini, onun gizli istedadını özünüz və onun üçün üzə çıxarmış olacaqsınz.