“Master Tərbiyəçi müəllimlərin təkmilləşdirilməsinə xidmət edir”

xalide-rzayeva“Education Management Network” təhsil idarəetmə şəbəkəsi rusdilli pedaqoqlar üçün “Master Tərbiyəçi” proqramına start verir.

Şəbəkənin təlim-tərbiyə işləri üzrə mütəxəssisi, “Master Tərbiyəçi” proqramının rəhbəri Xalidə Rzayeva Bagcam.az-a bildirib ki, proqram məktəbəqədər təhsil müəssisəsində çalışan tərbiyəçi müəllimlərin təkmilləşdirilməsinə xidmət edir:

“Master Tərbiyəçi” proqramının ideyasını “Education Management Network” təhsil idarəetmə şəbəkəsinin rəhbəri Rasif Dünyamalıyev irəli sürüb. Əsasən, ölkəmizdə tərbiyəçi-müəllim statusunun vacibliyini önə çəkmək məqsədilə belə bir layihə həyata keçirilir. Bu proqram pedaqoqların peşəkarlıq səviyyəsinin, liderlik bacarıqlarının artırılması, səmərəli qərar qəbuletmə, məntiqi düşüncə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir”.

Xalidə xanım proqramda iştirak şərtləri barədə məlumat verib. Onun sözlərinə görə, üstünlük, təhsilini tam bitirmiş məktəbəqədər təhsillilərə verilir:

“Həmçinin ibtidai sinif və ya filologiya ixtisaslarını bitirən şəxslər də iştirak edə bilər. Həm təhsilini bitirən, amma çalışmayan, həm də təhsilini tamamlayıb artıq çalışan şəxslər də proqrama qoşula bilər. İştirak etmək istəyənlər CV-lərini info@bagcam.az ünvanına göndərməlidirlər. İlkin mərhələdən keçənlər müsahibəyə dəvət edilir.  Müsahibələrdə ümumi tanışlıq prosesi olur və müraciət edən şəxsin proqram üçün nə dərəcədə uyğun olduğu müəyyənləşdirilir”.

Proqram rəhbərinin sözlərinə görə, artıq üçüncü mövsümünə hazırlıq görülən layihə ətrafdakıların marağını cəlb etməyi bacarıb. Üç ay nəzərdə tutulan proqramda tərbiyəçilər iki ay təlimlərdə iştirak edəcək, bir ay isə şəbəkəyə daxil olan bağçalarda təcrübə keçəcəklər:

“Bu müddətdə tərbiyəçilər uşaq inkişafı sahələrini, sağlamlıq təhlükəsizlik bölməsini, fövqəladə hallarda necə davranmalı olduqlarını öyrənəcəklər, şəxsi inkişaf üzrə biliklər əldə edəcəklər, konflikt menecment, stress menecment, taym menecment (vaxtın idarəedilməsi), ünsiyyət və nitq bacarıqları kimi təlimlərdə iştirak edəcək, psixoloqların ustad dərsləri ilə yanaşı,  metodiki sahədə də bir sıra təlimlər keçəcəklər. Təlimlər əyani vəsaitlərlə, interaktiv formada keçirilir”.

Xalidə xanım sonda bildirib ki, proqramı bitirən və bağçalarda çalışan şəxslərin fəaliyyətini izləyir,  öyrəndiklərini necə tətbiq etdiklərini müşahidə edirlər:

“Bu proses yalnız sertifikat verməklə bitmir. İştirakçılara şəxsi həyatda da yararlana biləcəkləri material təqdim edirik. “Master Tərbiyəçi” proqramının nəticə yönümlü olduğuna inanırıq. Çünki  gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan insanların peşəkarlıq səviyyəsi olduqca vacibdir. Ölkədə ixtisaslaşmış tərbiyəçi-müəllimlərin olması üçün bu proqram önəmli rol oynayacaq”.

Qeyd edək ki, proqramda yüksək nəticə göstərən üç iştirakçı işlə təmin ediləcək və “Education Management Network” təhsil idarəetmə şəbəkəsi ilə bir illik müqavilə bağlanacaq.

Proqrama qəbul 30 noyabr 2016-cı il tarixində başa çatır.