“Bayram tədbirləri uşaqlarda əzbərçiliyin qarşısını alır”

10Xalqımızın tarixi kökü ilə bağlı olan Novruz bayramı zəngin adət-ənənələrə malikdir. Papaqatma, tonqaldan tullanma, yumurta döyüşdürmə kimi qədim adətlər sanki uşaqlar üçün nəzərdə tutulmuş rəngarəng oyunlardandır. Elə bu səbəblərdən də Novruz uşaqların ən sevimli bayramıdır.

Müsahibimiz “Baby Star” uşaq bağçasının meneceri Sevda Abbasova Novruz bayramının uşaqlar üçün əhəmiyyətindən və onlara aşıladığı dəyərlərdən söhbət açıb:

– Bayram tədbirlərində iştirak etməklə uşaqlar bir daha yazın gəlişi, milli bayramımız olan Novruz bayramı və onun adətləri haqqında geniş məlumat əldə edirlər. Bundan başqa belə bayramlar uşaqlarda milli ruhun formalaşmasına təkan verir, onlara vətənpərvərlik hissi  aşılayır.

Bağça meneceri “Education Management Network”ə daxil olan “Baby Star” uşaq bağçasında Novruz bayramı ilə bağlı keçirilən tədbirlərdən də danışıb:

– Bağçamızda Novruz bayramı və çərşənbə axşamları keçirilir. Uşaqlar  səhnədə, valideynlərin qarşısında çıxış etməyə – öyrəndikləri rəqsi ifa etməyə, şeirləri, tapmacaları  söyləməyə tələsirlər. Belə tədbirlər uşaqlara dostluq, komanda işi, birgə fəaliyyət, səhnə mədəniyyəti, auditoriya qarşısında sərbəst çıxış etmək, özgüvənin artırılması, utancaqlıqdan, komplekslərdən azad olma kimi müsbət keyfiyyətlər aşılayır. Bu,  həm də uşaqlarda əzbərçiliyin  qarşısını alır.

5Yazın gəlişini xəbər verən qaranquşlar uşaqlarımız tərəfindən maraqlı səhnəciklərlə canlandırılır. Uşaqlar bu bayramda bir anlıq  müasir, gündəlik geyim tərzindən uzaqlaşaraq milli geyimlərimizi sevə-sevə geyinir, bir-birindən maraqlı obrazlarla çıxış edirlər. Tərbiyəçilərimiz də öz növbəsində bu geyimlər haqqında onlara məlumatlar verir, xalqımızın adət-ənənələrini uşaqlara sevdirirlər. Həmçinin, uşaqları əyləndirmək üçün bayrama Kosa, Keçəl və Bahar qızı dəvət edirik.

Sevda xanım bildirib ki, bağçada təşkil olunan bayram şənliklərinə uşaqlarla birgə hazırlaşırlar:

– Hazırlıq prosesində uşaqlar əyani olaraq bir daha Novruzun adət – ənənələri ilə tanış olur, bayramdan öncə çərşənbələrin qeyd edilməsində iştirak edir, birlikdə səməni cücərdir, bağçamızın həyətində tonqal qalayır, tonqalın üzərindən hoppanıb “ağırlığım, uğurluğum bu odda yansın” deyərək şənlənirlər.

“Bu prosesdə  uşaqlarla yanaşı, valideynlər də aktiv iştirak edirlər” deyə Sevda xanım əlavə edib:

– Onlar uşaqlara verilən şeirlər, mahnılarla tanış olur, uşaqların öyrənməsinə yardımçı olur, onları dəstəkləyirlər. Bundan başqa valideynlər üçün maraqlı yarışlar keçirilir. Bu, Novruz bayramına uyğun olaraq, xonçaların tərtibi, şəkərburaların gözəl naxışlarla bəzədilməsi və s. kimi maraqlı yarışlardan ibarətdir.

Son olaraq isə Sevda xanım bağçada Novruz bayramı ilə bağlı qurulan güşəni göstərərək  bu bayramı uşaqların səbirsizliklə gözlədiyini vurğulayıb.