Bağçalar arası I Teatr Festivalına start verilib

festival_foto3 May tarixində Bağçalar arası I Teatr Festivalına start verilib.  

Festivalın təşkilatçılarından olan Education Management and Network və  Edu.Co şirkətinin rəhbəri Rasif Dünyamlıyev festivala olan maraq barədə məlumat verib. Rasif bəy, qeyd edib ki, bu festivalın keçirilməsi artıq bir çox bağçanının tədris proqramında dəyişiklik etməsinə səbəb olub:

“Hazırda 5 bağça iştirakçı qismində festivalda iştirak edir. Bir bağça isə qonaq qismindədir. Festivalın təşkilində əsas məqsəd teatrın bağçalarda təbliğini genişləndirməkdir. Elan verdiyimiz gündən bəri, bir çox bağçalar maraqlanırdı, iştirak etmək istəyənlər çox idi, amma qoşula bilmədilər, çünki həmin bağçalarda məşğələlər keçirilmir və hazır tamaşaları yoxdur. Festivalda iştirtaka risk etmədilər. Bağçalar arası I Teatr Festivalının keçirilməsi bir növ digər bağçaları hərəkətə gətirdi. Artıq bir neçə özəl bağçalar da addımlar atıblar, tədris proqrama teatr da daxil ediblər. Bu baxımdan deyə bilərəm ki, festival effektiv oldu. Düşünürəm ki, növbəti festivallarda daha çox iştirakçı olacaq”.

Festivalın ilk – açılış günü barədə öz fikirlərini Bagcam.az-la festivalın rejissoru Rafiz Mehdizadə bölüşüb. O bildirib ki, ilk tamaşa uğurlu alınıb:

“Festival ümumilikdə çox yaxşı keçdi. Bugün “Baby Star” bağçasının uşaqları öz tamaşalarını səhnələşdirdilər. İlk tamaşa olaraq, açılış tamaşası kimi uşalar çox yaxşı oynadılar, səhnədə çox rahat idilər. Valideynlər də tamaşadan məmnun qaldı. Tamaşanı izləyənlər arasında müxtəlif bağçalardan nümayəndələr də var idi. Uşaqlar “7 cırtdan və Ağbəniz” tamaşasını səhnələşdirdilər. Oyunun ssenarisində isə ixtisarlar etmişik. Müəyyən səhnələr çıxarılıb, teatrallaşdırılıb, uşaqlara uyğun şəkildə qurulub. Tamaşanın müddəti 20 dəqiqə idi”.

Rafiz bəy, qaliblərin seçiminin gizli münsiflər heyəti tərəfindən aparıldığını da əlavə etdi:

“Ayın 7-si bağlanış mərasimi olacaq, o vaxt münsiflər qalibləri elan edəcək. Qaliblər “İlin ən yaxşı bağça aktyoru”, “İlin ən yaxşı bağça aktrisası” və “İlin ən yaxşı bağça tamaşası” nominasiyaları üzrə  mükafatlandırılacaqlar”.

Qeyd edək ki, Bağçalar arası I Teatr Festivalı Education Mangement and Network,  Edu.Co və PreMark şirkətlərinin təşkilatçılığı ilə təşkil olunur.