Uşaqlarda bu dəri xəstəliyində antibiotiklər lazım deyil

İmpetiqo adlı dərinin bakterioloji infeksiyası olub, daha çox körpələrdə rast gəlinən yara, qabarcıq, suluq, qabıq formasında görünür.

Bu vaxta kimi onun müalicəsində antibiotik terapiya tətbiq edilib.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, Britaniya Milli Sağlamlıq institutu həkimlərə və pediatralara artıq bu xəstəliyin antibiotiklərlə yox, antieptiklərə keçməyi və 3 həftə müalicə etməyi tövsiyyə edir.

Düzdür antibiotiklər xəstəliyi daha tez sağaldır, amma bu da uşaqda antibakterial rezisdentlik yaradır, ona görə bu kimi xəstəliklərdə 3 həftəlik gözləmə müalicəsi seçilməlidir.

Xəstəlik antiseptik kremlərə təslim olur, eləcə də perekislə silinməlidir.

Əgər xəstəlik bu müalicəyə tabe olmasa, dəridə yayılsa, yalnız o zaman antibiotik təyin edilə bilər. Eyni vaxtda yerli antibiotik mazla peroral qəbulu təyin etmək olmaz. Təkcə dərman kifayətdir.

Uşağı xəstəxanaya yerləşdirəndə nələrə diqqət etməliyik?

Təəssüf ki, bəzən uşaqları xəstəxanaya yerləşdirməli oluruq. Psixoloqlar təsdiqləyir ki, əksər anaların şüurunda “Yaxşı valideynlərin uşaqları xəstələnmir”, deyə mif yaranıb. Əfsus ki, dünyanı idarə etmək əlimizdə deyil və əvvəlcədən nəyin baş verəcəyini bilmirik. Ona görə də belə hallarda valideynlərin davranışları, reaksiyaları çox vacibdir. Körpəsi xəstələnmiş ana, uşağının xəstəliyində özünü günahlandırmamalıdır. Valideynin özünü günahkar hiss etməsi uşağa təsir edir və onun vəziyyətini ağırlaşdırır. Ona görə də çox vaxt xəstəxanada valideynləri uşaqlarının yanına buraxmırlar. Belə halda psixoloqlar valideynlərə sakitliyi qorumağı tövsiyə edirlər.

İkinci məsləhət isə xəstələnən uşağın hisslərini nəzərə almaqdır. Belə ki, yaranan vəziyyətlə bağlı uşaqda olan qorxu hissi normaldır. Buna görə onu danlamamalısınız. Çıxış yolu kimi, onun fikrini bu narahatlıqlardan yayındıra bilərsiniz. Bəzən isə lazım gəlir ki, həqiqəti uşağa deyəsiz və ona səbrli olmağı tövsiyə edəsiz. Lakin onu da unutmayın ki, özünüzü çox şən göstərmək də doğru deyil. Qorxmuş, xəstəlikdən əziyyət çəkən uşaq görəndə ki, valideynləri tamamilə sakitdir, düşünə bilər ki, onu dəstəkləmir, başa düşmürlər.

Valideynlərdən birinə uşaqla birlikdə xəstəxanada qalmağa icazə verilərsə, bu, yaxşıdır. Lakin bu, həmişə baş vermir, xüsusən, yeniyetmələrdə. Beləliklə, uşaq xəstəxanada tək qalır. Gəlin onun gözü ilə vəziyyətə baxaq. Körpələri nəzərə almasaq, hətta məktəblilər də onların başına gələn bu vəziyyəti həyatları üçün təhlükə kimi qəbul edirlər. Məsələn, sağlamlıq üçün təhlükəsiz olan prosedurlar onlar üçün ölümcül görünür və bunu faciə kimi qəbul edirlər. Düşdükləri vəziyyət və məkanla bağlı qəribə fantaziyalar quran uşaqların narhatlığı yüksək dərəcədə olur. Uşaqlara elə gəlir ki, valideynləri onları qəddar insanlara veriblər və heç vaxt burdan onları götürməyəcəklər.

Təsəvvür edək ki, bir palatada bu şəkildə qorxmuş, narahat 4-5 uşaq müalicə alır. Uşağı bu cür palatada qalan valideynlər öz uşaqları ilə yanaşı digərlərinə də baş çəkməyi unutmamalıdırlar. Belə ki, bu uşaqlarla müxtəlif oyunlar oynayaraq, söhbət edərək onları məşğul edə bilərsiniz.

Bəzən olur ki, xəstəxanalardakı mühit uşaqlar üçün uyğun olmur: palatanın divarlarının rəngi, köhnə geyimlər, dadsız yeməklər və s. Belə halda valideynlər xəxtəxanadakı mühiti ev mühitinə yaxınlaşdırmalıdırlar. Bunun üçün palataya uşağın oyuncaqlarını, kitablarını gətirib qoymaqla otağı bəzəyə bilərsiniz.

Uşaq xəstəxanadan çıxandan sonra çox vaxt valideynlər çalışır ki, baş verən bu hadisəni, xəstəxananı uşağa unutdursunlar. Bu, çox ciddi səhvdir. Çünki stress yaşamış uşağın dünyaya qarşı inamı itir. O, tez-tez özünə qapanır. Bu hal uşağın yeniyetməlik dövründə yaranabiləcək psixoloji çətinliklərə səbəb ola bilər. Ona görə də, övladınızla söhbət edin, ondan ötrü necə darıxdığınızı, onun üçün necə narahat olduğunuzu deyin. Xəstəxanada niyə onunla birlikdə ola bilmədiyinizi izah edin. Qoy o, sizə öz narahatlıqları barədə danışsın.

Mənbə: mamam-papam.ru

Uşaqlı ailə başqa ölkəyə köçəndə nələrə diqqət etməlidir?

Ailə ilə başqa ölkəyə köçmək stressli situasiyadır. Əgər böyüklər bu addımı şüurlu şəkildə atırlarsa, uşaqlar bir qayda olaraq şüurlu şəkildə bunu etmək istəmirlər. Buna görə də əvvəlcə uşaqlara vəziyyətin qaçılmazlığını izah etmək və onları başqa ölkədə yaşama hazırlamaq lazımdır. Bütün bunları başqa ölkəyə yerləşməmişdən əvvəl etməliyik.

4 yaşa qədər olan uşaqların uyğunlaşma prosesi rahat olur. Onların məkana, əşyalara qarşı bağlılıqları güclü olmur və hər şey onlara maraqlı gəlir. Yeniyetmələr üçün isə bu proses ağrılıdır. Çünki öyrəşdikləri həyat tərzi olmayanda onlar özlərini tənha hiss edirlər. Ona görə də bəzi ailələr müxtəlif ölkələrdən olan imiqrantlarla tanışlıq yaratmağa, dost olmağa çalışırlar ki, övladlarını xarici insanlarla münasibətə uyğunlaşdırsınlar.

Hazırlıq mərhələsi üçün bir neçə məqamı diqqətinizə çatdıraq:

Bağçayaşlı uşaqlara tərbiyəçinin işlədə biləcəyi sözləri öyrətmək lazımdır: yeməyin adı, uşağın ehtiyaclarını ifadə edən sözlər və s. Məsələn:

  • İçmək istəyirəm
  • Yemək istəyirəm
  • Otur
  • Gəl gedək
  • Əllərini yu
  • Anam tezliklə gələcək
  • Mənə kömək elə

Sizə dili öyrənməyə (tərcüməsiz) cizgi filmləri, yeniyetmə serialları və ailə filmləri kömək edə bilər.

Başqa ölkəyə yerləşmə zamanı uşağa imkan vermək lazımdır ki, ona lazım olan, istədiyi əşyanı özüylə aparsın. Çünki bu əşyalar onu sakitləşdirir, marağını cəlb edir. Unutmayın ki, başqa ölkəyə köçdüyünüz zaman ilk olaraq uşaq otağını qaydaya salmalısınız. Gətirdiyiniz əşyaları uşaqla birlikdə yerbəyer etsəz, bu, ona həm əyləncəli gələcək, həm də otağına öyrəşəcək.

İlk imkanda ailənizlə birlikdə yaşadığınız bölgəni ekskursiya edin, istirahət məkanlarını araşdırın. Əgər övladınızın xoreoqrafiyaya, musiqiyə, idmana həvəsi varsa, uyğun sahələr üzrə kurslar axtarın və onu həmin kursdan qeydiyyatdan keçirin. Beləliklə sevimli fəaliyyəti ilə məşğul olan uşaq həm də özünə yeni dostlar qazanmış olacaq.

İlk vaxtlarda yeni ölkədə yaşamaq həm valideynlərə, həm də uşaqlara çətin ola bilər. Əsas odur ki, bir-birinizi dəstəkləyəsiniz. Övladınızdan tez-tez özünü necə hiss etməsini, gününün necə keçməsini soruşun. Kiminlə tanış olduğu, nə öyrəndiyi ilə maraqlanın. Çünki qayğı və anlayış istənilən stressli vəziyyəti qaydasına sala bilər.

Mənbə: mel.fm

 

Temperamentə görə uşaqlarla davranış

Əvvəlki yazıda temperamentin 4 növünü aydınlaşdırmışdıq. Bu dəfə isə valideynlərin bu 4 tiplə necə münasibət yaratmasından söhbət açacağıq.

Temperament anadangəlmə xüsusiyyətdir və onun müsbət və mənfi cəhətləri var. Onu dəyişdirmək demək olar ki, mümkün deyil. Əgər temperamentə görə uşağa təzyiq göstərsəniz, o, psixoloji travma ala bilər. Münasibətlərin qaydasında olması üçün valideynlər  uşaqlarının fərdi xüsusiyyətlərini nəzərə alaraq təlim və tərbiyə prosesini təşkil edə bilərlər.

Xoleriki sakit olması, özünü ələ alması üçün onu razı salmaq faydasızdır. Biz ona emosiyalarını, qəzəbini rahatlıqla ifadə etməsinə imkan verməliyik. Kağızdan müxtəlif fiqurlar hazırlamaq, gil və ya plastilinlə oynamaq, idmanla məşğul olmaq gərginliyi aradan qaldıra bilər. Həmçinin empatiyanın (özünü başqasının yerində hiss etmə qabliyyəti), ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi də faydalıdır.

Sanqvinikə işlərini planlamağı, onları nəzarətdə saxlamağı və nəticələri dəyərləndirməsini öyrətmək lazımdır. Xoleriklər kimi sanqviniklər də istəyir ki, onlarla maraqlansınlar və onları dəstəkləsinlər. Çox enerjili sanqviniklərə müxtəlif tapşırıqlar verməklə onların aktivliyini faydalı istiqamətə yönəldə bilərsiniz.

Fleqmatiki yavaşlılığına görə danlamaq doğru deyil. Əgər onu danlasaz, o, çevik olmaq əvəzinə özgüvənsiz olacaq. Ən yaxşısı ona işlərini planlamaqda kömək edin: tapşırığı bir neçə hissəyə bölmək, onun və həll edilmə müddətini təyin etmək lazımdır. İşin mahiyyətini başa düşməyə, sualları yaranarsa, ona o sualları verməsinə imkan yaradın.

Melanxolilər doğmalarının dəstəyinə ehtiyac duyurlar. Həmçinin onlara nəyin nə vaxt deyilməli və ya edilməli olduğunu bildirmək lazımdır. Melanxoliklərin narahatlığını azaltmağın ən yaxşı yolu sabit və proqnozlaşdırılan vəziyyət yaratmaqdır. Onlardan qonşu həyətdəki uşaqlarla dərhal dost olmağı istəmək doğru addım deyil. Uşaqlar öz ərazilərində özlərini daha etibarlı hiss edirlər. Buna görə də onun gələcək dostlarını öz evinizə dəvət etsəz, daha yaxşı olar. Melanxolikdə özgüvəni yaratmaq üçün onun ən kiçicik nailiyyətinə görə  onu tərifləyin, dətəkləyin. Bu uşaqlar çox emosional olur, lakin emosiyalarını daxillərində gizlədirlər. Bu səbəbdən də hisslərini rahatlıqla ifadə edə bilməyən melanxoliklər əziyyət çəkirlər. Elə buna görə də uşaqla mənəvi əlaqə yaratmaq, danışmaq, onunla birgə acısını bölüşmək, tövsiyə və kömək istəmə fürsəti vermək lazımdır. Bununla yanaşı melanxoliklərin iş görmək qabiliyyətləri aşağı olur. Ona görə də real imkanları nəzərə alaraq onlara hansısa tapşırıq verilməli, tapşırıq hissələrə bölünməli və işin icrasında fasilələr təşkil edilməlidir.

Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik  adam tapmaq çətindir. Hər bir adamda bu tip­lərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər. Məsələn, müəyyən vəziyyətlərdə sanqvinik  xolerik kimi, fleqmatik isə melanxolik kimi davrana bilər.

Mənbə: mamam-papam.ru

Uşaqların temperamenti haqqında nə bilirik?

Hamımız fərqliyik və bizim bu cür müxtəlifliyimiz hələ kiçik yaşlardan özünü göstərir. Bu fərqliliyi adicə uşaqların oyun meydançasında müşahidə edə bilərsiniz: kimi sakitcə qumdan müxtəlif fiqurlar hazırlayır, kimi isə meydança boyu qaçır, tullanır. Elə uşaqlar da var ki, kiminsə onların oyuncaqlarına toxunmasına icazə vermirlər. Bəziləri isə əksinə, digər uşaqlarla öz oyuncaqlarını paylaşır. Müxtəliflik özünü mübahisələrdə, davalarda da daha çox göstərir. Belə ki, bəzi uşaqlar kiçicik anlaşılmazlıqdan dava edirlər. Halbuki məsələni sülh yolu ilə həll etmək olar. Uşağın bu və bu kimi xüsusiyyətlərini müşahidə edəndə özümüzə sual veririk: “Axı o niyə belədir?” İndividual özəlliklər tərbiyə üsulundan, valideyn nümunəsindən, həyat şəraitindən, fiziki və psixi sağlamlıqdan asılı olur. O cümlədən də, temperamentin də burda rolu var.

Temperament anadangəlmə xüsusiyyət olub, sinir sisteminin bəzi xüsusiyyətlərini xarakterizə edir. Məhz o, insanın davranışını, zehni fəaliyyətinin təbiətini təyin edir. Alimlər temperamentin dörd növünü təyin ediblər: xolerik, sanqvinik, fleqmatik, melanxolik.

Xolerik – Bu tip insanlar üçün aktivlik, emosionallıq xarakterikdir. Belə uşaqlar bir fəaliyyət növündən digərinə asanlıqla keçə bilirlər. Onlar yeni təəssüratlara can atan olurlar. Xoleriklərin maraq dairələri geniş olur. Xoleriklərin devizi: “Mən gərək hər şeyi görüm, eşidim və bilim”. Onlar hər hansısa bir işə tez uyğunlaşır, liderlik xüsusiyyətinə malik olurlar. Eyni zamanda onların əhvalı qəfil dəyişə bilir, tez hirslənir, aqressiv və dözümsüz olurlar. Emosiyalarını çətinliklə idarə edirlər. Ona görə də onlarla münaqişələr tez-tez baş verir. Bununla yanaşı xoleriklər tez “alışıb” tez də “sönür”lər.

Sanqvinik – Balaca sanqvinikləri “günəş uşaqlar” adlandırırlar. Onlar mehriban, emosional dayanıqlı və əsasən yaxşı əhval-ruhiyyədə olurlar. Sanqviniklər aktiv, maraqlanan, oynaq və ünsiyyətcildirlər. Həmyaşıdları ilə asanlıqla danışıq apara və mübahisələri konstruktiv həll edə bilirlər. Yeni vəziyyətlərdə özlərini çox yaxşı hiss edirlər. İnsanlarla ünsiyyət qura bildiklərinə, səmərəli, enerjili və özlərinə inamlı olduqları üçün onlardan yaxşı lider olur. Bununla yanaşı sanqviniklərin mənfi xüsusiyyətləri də var: onlar başladıqları işi tez də buraxa bilirlər, səhvlərinin fərqində olmur və buna ciddi yanaşmırlar. Unutqan və asanlıqla nədənsə yayınan olurlar. Digər həmyaşıdlarından fərqli olaraq, oyun oynamaq onlar üçün daha uzunmüddətli fəaliyət növüdür.

Fleqmatik – Onları nəyəsə asanlıqla razı salmaq olur. Sülhpərvərdirlər. Əgər fleqmatikin qarşısına hansısa məqsəd qoysan, ətrafda onun fikrini yayındıran faktorlara baxmayaraq həmin məqsədə doğru gedəcək. Ona hər hansı bir tapşırıq versəz, onu hərtərəfli və məsuliyyətlə yerinə yetirəcək. Yavaşlılıq, passivlik belə uşaqların problemlərinin səbəbidir. Məsələn, dərsdə zəng çalınana qədər verilən tapşırığı edib bitirməsələr də onu çox gözəl həll edirlər, həmyaşıdları ilə eyni vaxtda stol arxasına əyləşdiklərinə baxmayaraq yeməyi vaxtında bitirə bilmirlər və s.

Melanxolik – Depressiv, gözüyaşlı olan melanxoliklər kövrək olurlar. Buna görə də ən kiçik xoşagəlməz hadisə onlar üçün faciə kimi görünür. Lakin bu cür xüsusiyyətlərə baxmayaraq onların zəngin daxili dünyaları var. Onu qeyd etmək lazımdır ki, melanxoliklər daxili dünyalarını hər kəsə açmırlar. Çünki onlar narahat, qapalı insanlardır. Bununla yanaşı yeni şəraitə gec öyrəşir və utancaqdırlar. Empatiya, başqalarına yardım etmək qabiliyyətinə malik olan melanxolikər arasında yaradıcı, incəsənət insanlarına çox rast gəlinir.

Bu yazıda sizə temperamentin dörd tipinin xüsusiyyətlərini aydınlaşdırdıq. Növbəti yazıda isə valideynlərin bu dörd tiplə necə müansibət yaratması haqqında məlumat verəcəyik.

Mənbə: mamam-papam.ru

Qucağa öyrəşən uşaqlara necə davranmalı?

Ailəyə yeni üzv gələndə, qohumlar və ailə üzvləri onu qucağa almaq üçün yarışa girirlər. Qucaqdan qucağa gəzməyə öyrəşən körpə sonra qucaqdan enmək istəməz.

Körpələrdə altıncı aydan üç yaşa qədər keçən dövrdə fərqli xüsusiyyətlər formalaşmağa başlayır, qucağı buraxma dövrü də bu dövrdə tamamlanır. Ancaq bu dövrdən sonra körpənizi daima qucağınıza almağınız və onu tək başına hərəkət etməsinə mane olmağınız, onun hərəkətlərini azaldacaqdır və əzələ inkişafına mane olacaqsınız.

Qucağa alınmadan susmayan körpələr bu vərdişdən əl çəkmək üçün başlanğıncda qısa müddət qucağa alınmalı və daha sonra tək buraxılmalıdır.

Qucağa almağı yavaş-yavaş azaldaraq qucaqdan tamamilə əl çəkməsini təmin edə bilərsiniz. Bu dövrdə onu çox da məcbur etməyin, bu, onda travma yarada bilər.

Mənbə: qadin.net

Uşaqların yay travmaları

Yay aylarında valideynlər öz uşaqlarına qarşı çox diqqətli olmalıdırlar. Uşaqlar tez-tez yıxılır və nəticədə dərinin tamlığı pozulur – dəri sıyrılır, yara əmələ gəlir. Dəri orqanizmin qoruyucu təbəqəsidir. Bu təbəqənin tamlığı pozulduqda müxtəlif təhlükəli mikroblar orqanizmə asanlıqla daxil olurlar ki, bu nəticədə müxtəlif və bəzən çox ağır xəstəliklərə səbəb ola bilər.

Ölçüsündən və ağırlığından asılı olmayaraq yara mütləq dezinfeksiya olunmalıdır. Bunun üçün yara və ya sıyrıntı axar suyun altında sabunla yaxşı yuyulur, daha sonra üzərinə hidrogen peroksidi tökülür, yaranın qıraqlarına brilliant yaşılı (“zelyonka”) və ya yod sürtülür.

Yara dərindirsə (xüsusilə şüşə ilə kəsilmiş, mismarla və s. iti əşya ilə deşilmiş yara), yaraya torpaq, qum, peyin, çirkli su düşübsə, dezinfeksiyadan dərhal sonra uşaq travmatoloqiya məntəqəsinə çatdırılmalıdır və həkim-travmatoloqun müayinəsindən keçməlidir. Məsələ burasındadır ki, belə yaralar çox ağır xəstəlik olan tetanusun inkişafına səbəb ola bilər.

Tetanus çox ağır infeksion xəstəlikdir. Bu xəstəliyi törədən bakteriya qumda, torpaqda, heyvanların ifrazatlarında, çirkli suda on illərlə yaşaya bilir. Bu səbəbdən tetanusa yoluxma təhlükəsi hər zaman yüksək olur.

Xəstəlik əksər hallarda hətta lazım olan müalicəyə baxmayaraq insanın ölümü ilə nəticələnir. Xəstəlik özünü ağır qıcolmalarla büruzə verir.

Bu ağır infeksiyanın profilaktikası məqsədi ilə uşaqlara “AKDS”, “ADS” və ya İnfanriks peyvəndləri vurulur. Axırıncı vaksinasiyanın tarixindən başlayaraq 10 il ərzində uşaq tetanus infeksiyasından qorunmuş olur. Lakin hətta uşağınız lazım olan peyvəndləri alıbsa, yuxarıda sadalanan hallarda onu mütləq travmatoloqa göstərin.

Hazırda valideynlərin bir hissəsi peyvəndləri “zərərli” hesab edərək, onlardan imtina edir. Bu valideynlər bilməlidir ki, öz uşaqlarını böyük təhlükə altına salırlar.

Əgər travma almış uşaq peyvənd almayıbsa, ana bu haqda mütləq travmatoloqa məlumat verməlidir. Bu halda uşağa dərhal xüsusi tetanus əleyhinə zərdab və ya anatoksin (həkim seçim edir) vurulmalıdır.

Mənbə: medicina.az

Uşaqlara yeməyi necə təqdim etmək lazımdır?

Yəqin ki, hər ana istəyər ki, övladı yeməyi iştahla yesin. Bunun üçün hazırladığınız yeməyin dadlı olmasını fikirləşməklə yanaşı, onu körpənizə necə təqdim edəcəyinizi də düşünməlisiniz. Uşaqlar yeməyi oyun kimi qəbul edirlər. Yemək yeyərkən barmaqlarını sıyığın içinə salmaq, salatın tərəvəzlərini ətrafa tullamaq, şorbanın suyunu sıçratmaq, kompotu stəkandan döşəməyə tökmək onlar üçün əyləncədir. Belə ki, qidalanma prosesini əyləncəli, maraqlı etmək üçün bir neçə məqama diqqət etmək lazımdır.

Qab-qacaqlar

Uşaqlar üçün xüsusi hazırlanmış rəngli və rahat qablar körpənizin sevimlisinə çevrilə bilər. Lakin diqqət etmək lazımdır ki, qablar, ləvazimatlar, xüsusilə, melanin materialından hazırlanmış olmasın. Bu, uşaq üçün ziyanlıdır.

Boşqablar

Körpələr üçün boşqabların kənarları yüksək olmalıdır: uşaq qaşığı həmin kənarlara söykədərək asanlıqla sıyığı götürə bilir. Boşqabın ölçüsünü uşağın yaşına və iştahına görə seçə bilərsiniz: qab, uşağın yeməyi birdəfəlik yeyə biləcəyi ölçüdə olmalıdır. Bu, onda qidanı axıra qədər yemək vərdişini yaradır.

Boşqabların müxtəlif növləri var. Məsələn, müəyyən hissələrə bölünmüş boşqabın hər gözündə müxtəlif qidalar qoymaq olar.

Ləvazimatlar

Körpənin yeməklə qidalanmağa başladığı vaxtlarda desert qaşığı kifayət edir. Yaxşı olar ki, bu qaşıq diş ətinə zərər verməyən, kiçik çömçəsi olan plastik materialdan hazırlanmış olsun. Qaşığın tutacağı əyilmiş olsa bu uşaq üçün daha rahat olar. Çəngəlin dişləri isə, yuvarlaq olmalıdır. Əgər uşaq plastik çəngəl-qaşıqdan məharətlə istifadə etməyi öyrənibsə, onları metal materialla əvəz etməyin vaxtı çatıb.

Stəkanlar

Uşağın ilk stəkanı yüngül və rahat tutacaqlı olmalıdır. Burda sizə plastik stəkanlar kömək edə bilər.

Oturacaq

Adətən övladınızı necə bəsləyirsiniz? Öz qucağınızda, yoxsa atasının dizinin üstündə oturtmaqla? Yoxsa mənzil boyu qaşıqla uşağınızın arxasınca qaçmaqla? Yəqin ki, razılaşarsınız ki, bunlar heç də yaxşı üsullar deyil. Qidalanma zamanı uşağa rahat olması üçün onu xüsusi oturacaqda oturtmalısınız. Bu oturacağı almazdan əvvəl bir neçə vacib məqama diqqət etmək lazımdır:

  • Rahat və yumuşaq oturacaq
  • Yuyula bilən və dözümlü örtüklü material
  • Stolunun stula asanlıqla bərkidilə bilməsi
  • Üçhissəli, möhkəm kəmərli
  • Tənzimlənən hündürlükdə olması və oturacağın ayaqlarının rahat yerləşməsi
  • Qidalanmaq üçün istifadə olunan stul daşına bilən olsa, səyahətə, istirahatə gedəndə işinizi asanlaşdıracaq.

Mənbə: mamam-papam.ru

Uşaqlara pul yığmağı necə öyrətməli?

Uşaqlara pul yığmağı necə öyrədə bilərik?

Oyunlarla alış-verişi öyrədin

Uşaqlar ilk əvvəl pulun mənasını başa düşməlidir. Sonra isə oyunlarla alış-verişi onlara öyrədin. Pulu necə istifadə edəcəklərini görsünlər. Oyunlarla öyrənmək həm maraqlı, həm öyrədici olacaq.

Pul qabı alaraq təşviq edin

Uşaqların vərdiş qazanması üçün təşviqə ehtiyacları var. Onlara pul yığmaq üçün pul qabı alın. Uşaqlar ailələrində gördükləri davranışlardan təsirlənirlər. Onların davranışlarını təqlid edirlər.

Həftəlik pul verin

Onlara pul yığmağı öyrətmək üçün öz büdcələrini yaratmağa kömək edin. Həftənin son günləri onlara müəyyən məbləğ verə bilərsiniz. Başlanğıcda uşaq pulu idarə edə bilməyəcək, xərcləyəcək. Miqdarı düzgün seçin, ekstra pul verməyin. Yığmağı öyrənsin.

Mənbə: qadin.net

 

Təhsil mərkəzlərində bitki yetişdirməyin faydaları

Bitkilərin faydalarını saymaqla bitməz. Xəstələrin sağalma müddətlərini sürətləndirir, xəstəxana və ofis işçilərinin ruh hallarını yaxşılaşdırır, motivasiyalarını və məhsuldarlıqlarını artırırlar.

Bitkilər sağlamlığımızı və xoşbəxtliyimizi təmin etməklə yanaş, məktəblər və digər təhsil yerləri üçün də olduqca faydalı ünsürdülər. Eynən ofislərdə və xəstəxanalarda olduğu kimi, məktəblərdə də stress səviyyəsi tez-tez arta bilir və xətəlik törədən mikroblar yaxın təmasdan dolayı bir insandan digərinə asanlıqla keçə bilir.

Bitkilərin sinifdəki ümumi sağlamlığı və məhsuldarlığı necə artırdığını bilmək istəyirsinizmi?

Sinif içi performansı artırır

Bitkili bir ortamda olmağın yaddaşı yüzdə iyirmi nisbətində inkişaf etdirdiyi və bir sıra testdə müvəffəqiyyəti artırdığı təsdiqlənib. Bunun səbəbinin, bitkilərin yarpaqlarının və köklərinin arxa plandakı səsləri (maşın, oyun oynayan uşaqlar və ya dəhlizdə danışan insanlar kimi) qəbul edə bilməsi, istiqamətini dəyişdirə bilməsi və mane ola bilməsi olduğu düşünülür.

Diqqət dağıdıcı xarici səslərə mane olmasıyla yanaşı, bitkilər karbon dioksid səviyyəsini azaldaraq da sinif məhsuldarlığını artırmağa kömək edir. Yüksək karbon dioksid miqdarı baş ağrısına, yorğunluğa yol aça bilər və bunların hamısı diqqət toplamağa mənfi şəkildə təsir edir.

Stress və narahatlığın öhdəsindən gəlməyə kömək edir

Dibçək bitkilərinin şagirdlərin performansını artıra bilməsinin səbəbi də, stressi, gərginliyi və narahatlığı azaltmasıdır. Bitkilərin gərginliyi və narahatlığı 37 faiz, əsəbi isə 44 faiz azaltdığı müşahidə edilib.

Xəstəlikləri və davamsızlığı azaldır

Daha əvvəl də qeyd etdiyimiz kimi, məktəblərdə bitkilər yetişdirmək, işçilərin və şagirdlərin baş ağrısı kimi yan təsirlərə məruz qalmasına səbəb olacaq yüksək karbon dioksid səviyyəsini azaltmağa köməkçi olur. Bənzər formada Fjeld tərəfindən 2002-ci ildə Norveçdə edilən bir çalışmada, dibçək bitkilərinin məktəb şagirdlərində xətəliklə əlaqəli davamsızlıqlarını azaltdığı görüldü.

Bununla birlikdə pis hiss etməyimizə yol açacaq tək şeyin karbon dioksid olmadığını bildirməkdə fayda var. Uzun müddət məruz qaldığınız təqdirdə karbon dioksidinkinə bənzər təsirlər edəcək başqa toksinlər də mövcuddur.

Hər gün məruz qaldığımız toksinlər ofislərdə və xəstəxanalarda olduğu qədər məktəblərdə və digər təhsil mərkəzlərində yer alan bəzi maddələrdə də olur. Bunlardan bəziləri, kağız və salfetkalardakı formaldehid, təmizlik ləvazimatlarındakı amonyak və plastik maddələrdəki benzen. Yaxşı ki, məktəblərdə bitki yetişdirmək havanın bu toksit maddələrdən arınmasını təmin edir.

Birlik anlayışını təşviq edir

Son olaraq məktəblərdə bitkilər yetişdirməyin bir başqa faydası da şagird ilə sinif arasındakı əlaqəni gücləndirməsidir. Çünki bitkilər, sosial fəaliyyəti təşviq edir və iş birliyi ilə komanda çalışmasını dəstəkləyir.

Mənbə: egitimpedia.com