Hamımız fərqliyik və bizim bu cür müxtəlifliyimiz hələ kiçik yaşlardan özünü göstərir. Bu fərqliliyi adicə uşaqların oyun meydançasında müşahidə edə bilərsiniz: kimi sakitcə qumdan müxtəlif fiqurlar hazırlayır, kimi isə meydança boyu qaçır, tullanır. Elə uşaqlar da var ki, kiminsə onların oyuncaqlarına toxunmasına icazə vermirlər. Bəziləri isə əksinə, digər uşaqlarla öz oyuncaqlarını paylaşır. Müxtəliflik özünü mübahisələrdə, davalarda da daha çox göstərir. Belə ki, bəzi uşaqlar kiçicik anlaşılmazlıqdan dava edirlər. Halbuki məsələni sülh yolu ilə həll etmək olar. Uşağın bu və bu kimi xüsusiyyətlərini müşahidə edəndə özümüzə sual veririk: “Axı o niyə belədir?” İndividual özəlliklər tərbiyə üsulundan, valideyn nümunəsindən, həyat şəraitindən, fiziki və psixi sağlamlıqdan asılı olur. O cümlədən də, temperamentin də burda rolu var.
Temperament anadangəlmə xüsusiyyət olub, sinir sisteminin bəzi xüsusiyyətlərini xarakterizə edir. Məhz o, insanın davranışını, zehni fəaliyyətinin təbiətini təyin edir. Alimlər temperamentin dörd növünü təyin ediblər: xolerik, sanqvinik, fleqmatik, melanxolik.
Xolerik – Bu tip insanlar üçün aktivlik, emosionallıq xarakterikdir. Belə uşaqlar bir fəaliyyət növündən digərinə asanlıqla keçə bilirlər. Onlar yeni təəssüratlara can atan olurlar. Xoleriklərin maraq dairələri geniş olur. Xoleriklərin devizi: “Mən gərək hər şeyi görüm, eşidim və bilim”. Onlar hər hansısa bir işə tez uyğunlaşır, liderlik xüsusiyyətinə malik olurlar. Eyni zamanda onların əhvalı qəfil dəyişə bilir, tez hirslənir, aqressiv və dözümsüz olurlar. Emosiyalarını çətinliklə idarə edirlər. Ona görə də onlarla münaqişələr tez-tez baş verir. Bununla yanaşı xoleriklər tez “alışıb” tez də “sönür”lər.
Sanqvinik – Balaca sanqvinikləri “günəş uşaqlar” adlandırırlar. Onlar mehriban, emosional dayanıqlı və əsasən yaxşı əhval-ruhiyyədə olurlar. Sanqviniklər aktiv, maraqlanan, oynaq və ünsiyyətcildirlər. Həmyaşıdları ilə asanlıqla danışıq apara və mübahisələri konstruktiv həll edə bilirlər. Yeni vəziyyətlərdə özlərini çox yaxşı hiss edirlər. İnsanlarla ünsiyyət qura bildiklərinə, səmərəli, enerjili və özlərinə inamlı olduqları üçün onlardan yaxşı lider olur. Bununla yanaşı sanqviniklərin mənfi xüsusiyyətləri də var: onlar başladıqları işi tez də buraxa bilirlər, səhvlərinin fərqində olmur və buna ciddi yanaşmırlar. Unutqan və asanlıqla nədənsə yayınan olurlar. Digər həmyaşıdlarından fərqli olaraq, oyun oynamaq onlar üçün daha uzunmüddətli fəaliyət növüdür.
Fleqmatik – Onları nəyəsə asanlıqla razı salmaq olur. Sülhpərvərdirlər. Əgər fleqmatikin qarşısına hansısa məqsəd qoysan, ətrafda onun fikrini yayındıran faktorlara baxmayaraq həmin məqsədə doğru gedəcək. Ona hər hansı bir tapşırıq versəz, onu hərtərəfli və məsuliyyətlə yerinə yetirəcək. Yavaşlılıq, passivlik belə uşaqların problemlərinin səbəbidir. Məsələn, dərsdə zəng çalınana qədər verilən tapşırığı edib bitirməsələr də onu çox gözəl həll edirlər, həmyaşıdları ilə eyni vaxtda stol arxasına əyləşdiklərinə baxmayaraq yeməyi vaxtında bitirə bilmirlər və s.
Melanxolik – Depressiv, gözüyaşlı olan melanxoliklər kövrək olurlar. Buna görə də ən kiçik xoşagəlməz hadisə onlar üçün faciə kimi görünür. Lakin bu cür xüsusiyyətlərə baxmayaraq onların zəngin daxili dünyaları var. Onu qeyd etmək lazımdır ki, melanxoliklər daxili dünyalarını hər kəsə açmırlar. Çünki onlar narahat, qapalı insanlardır. Bununla yanaşı yeni şəraitə gec öyrəşir və utancaqdırlar. Empatiya, başqalarına yardım etmək qabiliyyətinə malik olan melanxolikər arasında yaradıcı, incəsənət insanlarına çox rast gəlinir.
Bu yazıda sizə temperamentin dörd tipinin xüsusiyyətlərini aydınlaşdırdıq. Növbəti yazıda isə valideynlərin bu dörd tiplə necə müansibət yaratması haqqında məlumat verəcəyik.
Mənbə: mamam-papam.ru