Uşaqlar və emosional istismar

duygusal istismarƏvvəlcə emosional istismar davranışlarınəın hansılar olduğuna nəzər salaq:
• Onu davamlı tənqid etmək, alçaltmaq
• Davamlı olaraq qışqırmaq
• Uşaq kömək istədiyində görməməzlikdən gəlmək, kömək etməyi rədd etmək
• Başqalarının yanında uşağa qışqırıb onu utandırmaq, alçaldıcı ifadələrdən istifadə etmək
• Uşağın duyğusal ehtiyaclarını rədd etmək / görməməzlikdən gəlmək
• Sevgini geri çəkmək / təhdid etmək
• Uşağı kriminal fəaliyyətlərlə məşğul olması üçün istiqamətləndirmək
• Uşağı fiziki şiddətlə cəzalandırmaq
• Yaşına uyğun olmayan ağır işlər / məsuliyyətlər vermək
• Təhsil almasını maneə törətmək
• Etdiyi səhvə görə ona psixoloji zərər yetirəcək cəzalar vermək
• Həddindən artıq təzyiq
• Qorxduğunu bilərək uşağı nəyisə etməyə məcbur etmək
Uşağı emosional istismar edən zaman onun özünü qorxaq, utanmış, bədbəxt, yalnız və dəyərsiz hiss etməsinə səbəb olursunuz.
Uşaqlar bu cür duyğusal şiddətə məruz qaldıqlarında sevilmədiklərini, dəyərsiz olduqlarını hiss edir və özgüvənləri azalır. Həmçinin duyğusal istismara məruz qalmış uşaq yaşıdları, eləcə də böyüklərlə sağlam əlaqə qurmaqda çətinlik çəkir.Emosional istismar hər ailədə, hər şəraitdə ortaya çıxa bilər.

 

Uşaqların Emosional İstismara uğradıqlarının ilkin göstəriciləri nələrdir?
• Valideyndən qorxmaq
• Valideynlərdən nifrət etdiklərini söyləmək
• Özləri haqqında pis danışmaq (axmağam, savadsızam, həç nə bacarmıram)
• Danışıqlarında anlıq dəyişmə (kəkələmə, qorxa-qorxa danışmaq)
• Davranışlarda anlıq dəyişmə

 

Uşaqlarda emosional istismarın mənfi təsirləri nələrdir?
Uşaqlarda duyğusal istismar zəif zehni inkişaf, əlaqə qurmada çətinlik, maddə asılılığı, elmi müvəffəqiyyətsizlik, özgüvən əskikliyi ilə əlaqəlidir.
Perdue Universitetində 2012-ci ildə edilən araşdırmaya görə duyğusal və fiziki istismara məruz qalmış uşaqların xərçəng xəstəsi olma ehtimalları daha çoxdur.
Emosional istismara uğrayan uşaqlar müalicə görmədikləri halda müəyyən bir yaşa qədər böyüdükdən sonra özləri də ətraflarındakı insanları duyğusal istismar etməyə cəhd edirlər, valideynlərinin onlara etdiklərini onlar da başqaları üzərində tətbiq etməyə çalışırlar.
Belə uşaqlar vaxtında psixoloji dəstək (müalicə) alaraq bundan xilas ola bilər.Uşağın psixoloji dəstək alması ilə yanaşı belə vəziyyətdə istismar tətbiq edən adamın və ailə üzvlərinin də müəyyən mənada müalicə alması vacibdirdır.

 

Emosional istismar tətbiq edən valideynin əlamətləri nələrdir?

 

• Uşağı çox az və ya heç önəmsəməmək
• Uşaq haqqında pis danışmaq
• Uşağa ləqəblər taxmaq
• Uşağın bacara bilməyəcəyi işləri tapşırmaq
• Uşağı rədd etmək
• Uşağa sevgi göstərməmək (qucaqlamamaq / öpməmək və s)
• Uşağın sağlıq ehtiyaclarını qarşılamamaq
• Cəmiyyət içində uşağı tənqid etmək, alçaltmaq, qışqırmaq
• Uşağı təhdid etmək
Valideyn olaraq uşağınızı duyğusal istismara məruz qoyduğunuzun fərqinə vardığınızda mütləq psixoloji dəstək alın. Bu müddət ərzində uşağınıza “tənbəl”, “axmaq”, “heç bir şeyi bacara bilmirsən” kimi sözlər deməyin. Sizi narahat edən vəziyyətləri qeyd edin və özünüzü idarə edə bilməyəcəyinizi düşünüdüyünüz zaman məkanı tərk edin. Övladnızdan bu vəziyyət üçün üzr istəyin və mütləq dəyişikmək üçün psixoloqdan dəstək alın.

 

Həyat yoldaşınız uşağınıza emosional istismar tətbiq etdikdə uşağınıza kömək etmək üçün nə etməlisiniz?

 

• Uşaq psixiatriyası olan xəstəxanalardan
• Psixoloqlardan / psixiatr
• Uşaq terapistlerinden
• Ailə terapistlerinden kömək ala bilərsiniz.

Bu kömək müddətində;

• Uşağınızı istismar tətbiq edən yoldaşınız ilə tək buraxmayın.
• Övladınıza dəyərli, əhəmiyyətli olduğunu xatırladın və hiss etdirin.
• Uşağınızın zövq aldığı fəaliyyətlərə başlamasına imkan yaradın və bu fəaliyyətləri davam etdirin.
• Onun həmyaşıdları ilə vaxt keçirməsinə, yoldaşlıq etməsinə şərait edin.
• Uşağınızı diqqətlə dinləyin və ona hörmət etdiyinizi hiss etdirin.

Unutmayın, yuxarıdakı təkliflər müalicə üçün deyil. Emosional istismara uğrayan / uğramış uşaqların mütləq mütəxəssis bir adamdan müalicə alması lazımdır.

“Əgər uşaq normal qidalanmazsa…”

cemile_x_esasValideynləri narahat edən problemlərdən biri də uşaqlarda iştahsızlığın olmasıdır. Bu haqda “İndigo” Nərimanov uşaq bağçasının meneceri Cəmilə Kərimova Bagcam.az-a danışıb. Onun sözlərinə görə, iştahsızlığın bir neçə səbəbləri var. Ən əsas səbəb isə uşağın hər istədiyi xörəyi bişirmək və onu dadını bilmədiyi  yeməklərdən məhrum etməkdir.

“Uşaqlarda iştahsızlığın bir neçə səbəbləri var. Ancaq əsas 5 səbəbi sadalamaq istərdim.

1. Uşağa hər istədiyi xörəyi vermək olmaz. Məsələn, ana qarabaşaq bişirib, uşaq amma başqa bir yemək istəyir. Ana da tez gedib onun istədiyini bişirir. Artıq uşaq evdə həm “diktatora” çevrilir, həm də həmin yeməyin heç dadını belə bilmir. Uşaq müxtəlif çeşidli yeməklərin dadını bilməlidir. Çeşid azlığı iştahsızlığa gətirib çıxardır. Əslində isə belə olmalıdır: Ana nə bişirirsə, uşaq onu da yeməlidir, əgər yeməsə bir nahar ac qala bilər. İnsan orqanizmi 2-3 gün yeməksiz qala bilər. Əsas odur ki, susuz qalmasın. Burada qorxulu heç nə yoxdur. Acan zaman özü yeyəcək. Təbii ki, uşağın istəklərini də nəzərə almaq lazımdır. Bəzən yemək bişirmədən öncə onun da fikrini öyrənmək, nə istədiyini bilmək şərtdir. Çünki o da bir şəxsiyyətdir.

2. Nahardan yaxud şam yeməyindən öncə nəsə yemək iştahsızlıq yaradır. Bu zaman uşaq lazım olan vaxtda xörək yeməyəcək. Çünki yeməkdən öncə məsələn, şirniyyat yeyir və iştahı yox olur.

3. Uşaqlara individual yanaşmalıyıq. Bəzən uşaq az hərəkət edir, eyni zamanda bir az kökdür. Təbii ki, belə uşaq az yemək istəyəcək. Ancaq idmanla məşğul olan, çox hərəkət edən uşağın iştahı daha yaxşı olur. Çünki onlarda maddələr mübadiləsi düzgün işləyir. Belə bir fakt da var ki, təkcə fiziki yox eyni zamanda zehni işlə məşğul olan zaman uşaqda iştah artır. Aclıq hissi yaranır.

4. Qidanın mütləq qida dəyəri olmalıdır. Yəni müxtəlif ərzaq və xörəklərin kalori miqdarını və qida dəyərini öyrənmək lazımdır. Bəzi analar fikirləşir ki, uşaq hər səhər mütləq şirin çay içməlidir, pendir-yağ yeməlidir. Əslində bu düzgün yanaşma deyil. Uşaq səhər meyvə də yeyə bilər. Meyvənin qida dəyəri şirin çaydan qat-qat çoxdur. Əgər fikirləşirsiniz ki, meyvədən sonra xörək yemək istəmir. Bu pis hal deyil.

5. Uşaqları məcbur yedizdirmək olmaz. Biz tez-tez buna rast gəlirik ki, qaşığı uşağın ağzına güclə qoyurlar. Bu çox səhv bir addımdır. Çünki hər bir yemək zövq gətirməlidir. Əgər uşaq göz yaşı ilə yeyirsə, heç o yeməyin faydası da olmaz. Həmçinin uşaqlar xəstələnəndə onların iştahı aşağı düşür. Bu zaman da onu yeməyə məcbur etmək olmaz. Ancaq su mütləq olmalıdır. Suyun keyfiyyətli olmasına da diqqət etmək lazımdır”.

 

94bd2b72-90fe-43da-affe-dc3d42e78c57Cəmilə xanım deyir ki, uşaq düzgün qidalanmasa, fiziki və zehni inkişafdan geri qalar.

“Əgər uşaq normal qidalanmırsa, onda onun orqanizmi bioloji aktiv maddələri, mineral maddələri, vitaminləri, zülalları, makro və mikro elementləri artıq normal qəbul edə bilmir. Bu zaman fiziki və zehni geriləmə baş verir, dırnaqlar qırılır, saç inkişaf eləmir, tökülməyə başlayır. Ümumiyyətlə, hər bir məqamda uşaq inkişafdan geri qalır. Beyin aktivliyi aşağı düşür. Uşaq halsız olur, daim yatmaq istəyir, başgicəllənmə olur”.

 

Rejimin vacib olduğunu vurğulayan Cəmilə xanım valideynlərə bir neçə məsləhətlər də verdi. O deyir ki, yeməyi bişirən hər kəs ona sevgi qatmalıdır.

“Bizim bağçada hər iki saatdan bir yemək saatı olur. Artıq uşaqlar rejimlə qidalandıqları üçün həmin vaxtda acmağa başlayırlar. Bəzi valideynlər evə gələndə uşağın ac olmasından şikayətlənir. Çünki uşaq rejimə düşüb. Biz axırıncı yeməyi 5-də verdiyimiz üçün uşaq evə getdikdən sonra yemək istəyir. Bu normal haldır. İştahı artırmaq üçün təmiz havada çox gəzmək lazımdır. Çünki uşaq gəzəndə, qaçanda çox enerji itirir. Evin havası da tez-tez dəyişilməlidir. 21c21b25-dd23-4308-8fe2-2f8a008a4743Uşağın iştahını artırmaq üçün yaradıcı yanaşma lazımdır. Məsələn, xörəyi yaxşı bəzəmək olar. Yaxud valideyn yemək bişirəndə övladı ilə birgə hazırlasa, onda uşaqda özünə inam çoxalacaq, həmin xörəyi zövqlə yeyəcək. Bəlkə də həmin xörəyi o sevmir, heç vaxt yemək istəmir. Ancaq özü bişirdiyi üçün mütləq yeyəcək. Süfrə mədəniyyətinin olması da mütləqdir. Stolu bəzəmək, qabları yaxşı düzmək lazımdır. Kimyəvi maddələrlə iştah artırmaq olmaz. Məsələn, itburnu bitkisini dəmləyib uşağa içizdirmək olar. Tərkibində C vitamini olduğu üçün həm faydalıdır, həm də iştahı artırır. Xörəklərdə ədviyyatlardan istifadə etməyə qorxmayın. Təbii ki, çox az miqdarda. Ən vacib məsələni unutmamalıyıq. Uşaqlar üçün ən gözəl nümunə böyüklərdir. Böyüklərdə qidalanma mədəniyyəti yoxdursa, uşaqlardan da bunu gözləmək düzgün deyil. Bəzən valideynlər övladlarına qazlı içkilər, fast foodların ziyanlı olduğundan danışır. Amma ailədə kimsə evə qazlı içki gətirib içəndə, uşaq fikirləşir ki, bu ziyanlıdırsa, valideyn niyə içir? Biz bəzən uşaqları dəyərləndirmirik. Amma əslində uşaqlar böyüklərdən də ağıllı və məntiqli düşünə bilir. Valideyn bəzən deyir ki, övladım heçnə yemir. Amma bağçada yeyir. Çünki bağçada kollektiv olaraq yedikləri üçün başqa uşaqlar ona nümunə olur”.

Televizor qarşısında uşaqların qidalanmasından danışan Cəmilə xanım valideynləri bu üsuldan istifadə etməməyə çağırdı.

“Televizor qarşısında uşağa yemək vermək olmaz. Əgər uşaq  televizorun qarşısında yemək yeyirsə, bu zaman piylənməyə meyilli olur. Çünki qida haqqında fikirləşmir və fikri televizordadır. Sadəcə qidanı udmaqla məşğul olur. Nəticədə lazım olduğundan artıq yeyir. Məsələn, valideyn özü uşaqla söhbət etməklə yaxud nağıl danışmaqla ona yemək verə bilər. Valideyn uşaqla üzbəüz oturub ünsiyyətə girirsə, bu daha yaxşı üsul olar, nəinki televizor. Ananın öyrətdiyini televizor öyrədə bilməz”.

 

21b42c95-da3a-414a-b5c1-a6a674243038Menecerin sözlərinə görə, bağçada da uşaqların iştahının artırılması üçün bir neçə tədbirlər görülür.

“Bağçada xüsusi günlər olur ki, uşaqlar özləri bişirirlər. “Ümumdünya Aşpaz” və “Ümumdünya Kulinariya” günləri keçirilib. Balacalar müəllimlərlə birgə yemək hazırlayırlar. Həm də müəllimlər bütün ərzaqlar haqqında danışırlar. Məsələn, bu kökdür, narıncı rəngdədir. Onun faydalarından danışırlar. Artıq uşaq nə yediyini bilir. Eyni zamanda bağçada bəzi günlər hər hansı bir ölkənin mətbəxinə həsr olunur. Məsələn, “Fransa günü”ndə fransız mətbəxinə aid yeməklər bişirilir. Bu həm uşaqların ağız dadını dəyişir, həm digər ölkələrin mətbəxi ilə tanış olmaq imkanı qazanırlar. Bu ənənəni valideynlər də davam etdirsələr, iştahsızlıq probleminin qarşılaşısını ala bilərlər”.

“Qadağadan sonra uşağa nəzarət etmək lazımdır”

Untitled-1Bəzən valideynlər “perfeksionist” olub (perfekt-mükəmməl) öz uşaqlarının  da  davranışlarının mükəmməl olmasını tələb edirlər. Uşaqlar düzgün etiket qaydaları, valideynlər tərəfindən deyilən tapşırıqların dərhal icra olunması, qonaq getdikdə nümunəvi uşaq olması  və s. kimi öhdəliklərlə üz-üzə gəlirlər.

Buna hazır olmayan uşaq qoyulan öhdəliklərdən yayınaraq sərbəst və rahat davranmağa başlayır. Bu isə özlərini cəmiyyət arasında “mükəmməl” kimi təsdiqləmiş valideynlərin prinsipləri ilə düz gəlmir. Nəticədə valideyn-uşaq , ata-ana arasında gərginliyə və əgər ətrafın qınayıcı baxışı varsa məsələ daha da böyüyərək  fiziki bir xatırlatmaya (çimdik, saç yolma, qulaq  burma və s.) səbəb olur.

Valideynlər tez-tez uşaqlarına “səndən utandım” deyə narazılıq edirlər. Unudurlar ki, onlar da nə vaxtsa uşaq olublar və onların qarşısında dayanan bu balaca hələ öz şəxsiyyətinin formalaşması üçün cəhd edən biridir. Övladlarınızın  özgüvənli, diqqətli, bacarıqlı şəxsiyyət olmasını istəyirsinizsə, onlara qarşı diqqətli davranın, keçirtdiyiniz vaxt nisbətini  bacarıqla bölüşdürün (təhsil-oyun-təlim), onlara dəstək olaraq güvənin və ən əsası qətiyyətli olun.

Qətiyyətli mövqedə olan valideyn şikayətlənmir, nə istədiyini və uşağından nə gözlədiyini dəqiq bilir. Ondan tələb etdiyini öyrətdiyinə hər an nəzarət edərək əldə edir. Nəzarət edir ki, uşaq öyrətdiyini tətbiq etməyə başlasın. Çox vaxt uşaq evdə stolun üstünə çıxarsa və ya icazəsiz mobil telefon götürərək oynamağa başlayarsa, oyuncaqlarını yığışdırmazsa, hər istəyinə uyğun “kapriz” edərsə  ana buna çox da fikir vermir. Çünki evdə yalnızdırlar, kənar baxışlar və narahat etdirici hallar yoxdur.  Ana sadəcə körpəsinin həmin an ondan razı qalması ilə kifayətlənir. Evə qonaq gəldikdə  isə uşaq bu hərəkətləri edərsə o zaman onun hərəkətlərindən  utanır və qadağalar qoymağa başlayır.

Bir -iki gün keçməmiş uşaq o hərəkəti təkrar edir, bu zaman da  ana deyir: “Öyrətmişəm, başa salmışam, onun üstündə döymüşəm ki, ay bala, eləmə, yenə eləyir, daha neyniyim, bəxtimə pis uşaq çıxıb”. Bu cür düşüncələr yalnışdır. Sadəcə olaraq qadağalar qoyulandan sonar uşağa buna əməl edib etmədiyini yoxlamaq lazımdır.

Unutmayın, biz övladlarımızı “filankəsin uşağı necə də ağıllıdır”desinlər deyə böyütmürük. Biz onları cəmiyyətə və özlərinə yararlı şəxslər olsunlar deyə düzgün böyütməliyik.  Amma hər kəsin də öz doğruları var .

Vəfa Şirinova

Kitab oxumağı sevək, övladlarımıza da sevdirək!

foto4Kitaba sevgini necə qazandırmaq olar?

Uşağa hərfləri birləşdirərək söz yaratmağı, sözləri birləşdirərək cümlə halına gətirməyi öyrətmək asandır. Lakin, kitab oxumaq prosesini uşağa sevdirmək heç də göründüyü kimi asan deyil. Bu yolda əziz valideynlər, sizdən tələb olunanlar: səbr, səliqəlilik və ardıcıllıqdır.

0-2 yaş arası

Kitab – uşaqlar üçün oyuncaqdır

Uşağı kitabla doğum evində də, doğum evindən öncə də seçilmiş poema və romanlardan sevdiyimiz hissələri ona bətnimizdə oxumaqla tanış edə bilərik.

4-5 aydan etibarən isə uşaq yalnız kitabın dadına və rahatlığına fikir verir, başqa sözlə desək ağzına yerləşib, yerləşməyəcəyinə baxır.

Bu ayda uşaqlara kitab oxumaq sizə mənasız görünə bilər. İlk növbədə bu, uşağınızla  bir ünsiyyətdir, ikincisi isə sizdən eşidərək danışmağı öyrənməkdir.  Xüsusilə də, şeir və mahnılar faydalıdır, hətta lap kiçik uşaqlar ritmi yaxşı qavrama imkanına malikdir və valideynlərinin intonasiyasını fərqləndirməyi bacarır.

foto3

Necə oxuyaq?

Kitabı uşağın başını qatan oyuncaqları yığışdıraraq, televizor  və kompüteri söndürərək, sakit ab-havada oxuyun.

Diqqətli və emosional diktə edin, bütün səsləri canlı şəkildə səsləndirin. Asta və yüksək səslə, tez-tez, aram-aram oxuyaraq, ürəkdən danışaraq uşağı əyləndirin.

Yaxşı olardı ki, sizdə  bir şəklin müxtəlif variantları olsun və o şəkilləri balacaya göstərin.

Şeirlərdə və nağıllarda  əks olunan hərəkətləri canlandırmağa çalışın. Keçinin buynuzunu, bacarıqsız ayının hərəkətini  və aslanın kükrəməsini göstərin.

Nə vaxt ki bu kitabın uşağı bezdirdiyini görsəniz o zaman kitabı bir  günlük kənara qoyun.

 

foto2Nə oxuyaq?

Heyvanlar, oyuncaqlar və dünyanı əhatə edən kiçik, düzgün şəkildə  qafiyələnmiş şeirlər oxumaq daha məsləhətlidir.

Nə alaq?

Bərk, şəklini dəyişməyən, təhlükəsiz kitab-oyuncaqlar almaq daha düzgündür. Hansını  ki asanlıqla təmizləmək, dişləmək və hətta yumaq olur. Canlı illustrisiyalı animasiyalar, tüklü heyvanlar, “kvak” eliyən qurbağalar və s.

Daha böyük yaşlarda olan uşaqlar üçün valideynlər kitab seçimini təkbaşına edirlər. Əslində kitabı birlikdə seçsəniz balaca oxuculara daha maraqlı olar. Kiçik yaşlı uşaqlar üçün alınacaq kitabların dörddə üçünün şəkil, dörddə birinin yazı olması daha məsləhətdir. Şəkilli kitabdan şəkilsiz kitaba dərhal keçid olmamalıdır.

Uşaqlarda kitabxanalara getmək həvəsi yaratmaq lazımdır. Bağçalarımızda bu məqsədlə yaradılmış kitabxanalarımız və hər qrupda kitab guşəsi var. Yəni  uşaqlar hər  əlini uzadanda rahatlıqla  kitabı götürə bilirlər.

foto

Sonda onu da qeyd edim ki, uşaqlara kitab sevgisini bağça tərbiyəçisi və məktəbdə müəllimdən öncə valideynlər yaradır.  Valədeyn mütailə ilə çox məşğul olarsa, uşaq da ondan nümunə götürər.

Ədəbiyyat siyahısı:

  • “Göyçək Fatimə” Azərbaycan xalq nağılı
  • “Dərsə gedən bir uşaq” şeir kitabı ( Mirzə Ələkbər Sabir)
  • “Ayın itməsi” ( hekayə)
  • “Sehirli torba” ( hekayə )
  • “Tıq-tıq” xanım ( Abdulla Şaiq)
  • Azərbaycan xalq nağılları
  • “Şəngülüm Şüngülüm Məngülüm” ( Mikayıl Müşfiq)
  • “Zəncirotu”, “Yeni qar” (Z. Aleksandrova)
  • “Kim nə yuxu görür” (L. Aronzon)
  • “Oyuncaqlar” (A. Barto)
  • “Komaro üçün urra” (A. Bertelson)
  • “Maşınlar haqqında”, “Əyləncəli yay” (Berestov V.)
  • “Uşaqlar üçün şeirlər” (E. Blaqinina)
  • “Vinni-puxun mahnıları” (B. Zaxoder)
  • “Günəşin altında üzanmışam” , “Panda” (S. Kozlov)
  • “Xoruz” , “Dovşan, dovşan, atdan” (Laqzdın Q.)
  • “Meşə smeşinkası” (Mayer N.)
  • “Qəfəsdə uşaq” (Marşak S)
  • “Zoopark” (E. Morkovskaya)
  • “Ən balacalar üçün şeirlər” (N. Pikuleva)
  • Rus xalq nağılları: “Qaranquş”, “Bubençiki”, “Laduşki”, “Baba və nənəmgilə gedirəm”, “Bayu-bayuşki bayu”, “Parabüzən”.
  • İngilis poeziyasında Marşaka S. və Çukovkovo K. Nın tərcümələri “Husinin anasının qafiyələri”
  • “Necə yaşayırsınız, nə çeynəyirsiniz” (V. Stepanov)
  • “Nümunəvi ailə” , “Kim meşədə yaşayır” (E. Serova)
  • “Yay leysanı”, “İlin fəsilləri” (İ. Tokmakova)
  • “Zürafənin qonağı kirpi” (A. Çebışev)
  • “Kirpilər zaraft edir”, “Dovşan gəzməyə çıxdı” (Çukovskiy K.)

Bu yazı uşaq bağçası tərəfindən hazırlanıb.

“Ağıllı robotlar formalaşdırılır”

psixoloq“Sosiallaşma  insanın sosial normaları, davranış qaydalarını, dəyərləri mənimsəməsidir”.

Bu sözləri Bagcam.az-a müsahibəsində uşaq bağçasının psixoloqu Samirə Hüseynova uşaqların sosiallaşması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə bu doğulandan qocalana qədər gedən prosesdir:

“Sıfır-bir yaş arası sosiallaşmanın birinci mərəhələsidir, bir yaşdan üç yaşa qədər artıq ikinci mərhələdir. Bundan sonra artıq üç-altı yaş mərhələsi, yeniyetməlik, gənclik mərhələləridir. İlkin mərhələlərdə uşaq ana ilə, doğmalarla münasibətdə, sonralar kollektivdə (bağça, məktəb) sosiallaşır. Ailə, bağça, məktəb, iş və s. bunlara birlikdə sosiallaşma institutları deyilir. Biz həyatımız boyu bir institutdan digərinə keçid edirik”.

Psixoloq uşaqların sosiallaşmasına mane olan amillərdən də danışıb. O bildirib ki, uşaqlara onların utancaq olduğunu demək bu amillərdən biridir:

“Uşaqlara heç vaxt utancaq olduğunu demək lazım deyil. Onlara vaxt və imkan verməliyik ki, özlərini ifadə edə, nəyi bacarırlarsa, onu göstərə bilsinlər. O zaman özlərinə əmin olacaqlar, görəcəklər ki, sadə oyunları (məsələn, gizlənqaç)  artıq bacarırlar, sonra isə mürəkkəb oyunlara keçəcəklər. Uşaqlar elə bilirlər ki, dünyada nə varsa, hamısı onlarındır: Ana, ata mənimdir. Bütün ehtiyac və tələbatlarım o saat ödənilməlidir. Çünki onların artıq təcrübəsi var ki, mən körpə olanda ac olan kimi anam həmin an süd verirdi, deməli, indi də nə istəsəm mənim olacaq. Əgər mən bu oyuncağı istəyirəmsə, mütləq mənim olmalıdır. Görür ki, bu alınmır, xahiş etməyi bacarmır, o ağlamağa, özünü yerə çırpmağa başlayır. Təbii ki, valideyn buna dözə bilməyib istədiyini ona verir. Artıq uşaq görür ki, bu,  işə yaradı və bu üsuldan istifadə etməklə istədiklərini əldə edəcək. Bu kimi vəziyyətlər uşaqların sosiallaşmasına mane olacaq”.

Samirə xanım uşaqların utancaqlığının əsas səbəbləri haqqında da məlumat verib:

“Ola bilsin ki, kimsə onun haqqında mənfi rəy verib yaxud da özü eşidib. Bəzən uşaqlarda sidiyi saxlaya bilməmək halları olur, böyüklər onun yanında ucadan “baxın, şalvarı yaşdı”, “niyə gözləyib tualetə getməmisən?” və buna bənzər ifadələr işlədirlər. Belə olduqdan sonra artıq uşaq özünə güvəni itirir, bilmir necə davransın. Gələn dəfə bu kimi hallarda ya müəlliminə, ya da valideyninə deməyə utanacaq. Bu əsasən həssas uşaqlarda olur, bunu unutsa belə, həyatı boyu onun şüuraltında qalır. Fikirləşir ki, mən kimdənsə asılı qalıram, özüm-özümə qayğı göstərə bilməyəcəm və ona görə də utanır. Artıq 3 yaşda bunlar formalaşmırsa, təbii ki, uşağın özünə güvəni aşağı olacaq. Elə uşaqlar var ki, aktiv uşaqdır, belə hallar baş versə də, heç əhəmiyyət vermir.

Sosiallaşma əsasən ətraf mühitdə, insanlarla münasibətlərdə baş verir. Təsəvvür edin ki, uşaq insanlarla münasibət qura bilmirsə, ümumbəşəri dəyərləri mənimsəmirsə, başqa insanlara və yaxud heyvanlara empatiya bəsləyə bilmirsə, onun üçün insan kimi formalaşmaq, cəmiyyətdə rolunu ifadə etmək, şəxsiyyət kimi formalaşmaq, insanlara hörmətlə yanaşmaq, olduğu kimi onları qəbul etmək çətin olacaq”.

Samirə xanım qeyd edib ki, sosiallaşma üçün ailə ilk mühitdir və ailə buna önəm versə də, verməsə də sosiallaşma baş verəcək:

“Adətən ailələr istəyir ki, uşaqları danışsın, münasibət saxlasın. Əgər bu gec baş verirsə, övladı yeni dostlar qazana bilmirsə, kimisə görəndə ağlayırsa, artıq valideynlər narahat olurlar. Buna önəm verdiklərinə görə də, onların sosiallaşması üçün bağçaya qoyurlar. Düzdür, mütləq deyil ki, uşaq  bağçaya qoyulsun, amma onların bağçaya getməsi daha yaxşıdır.

İndi biz baxsaq, həyətdə oynayan uşaq görə bilmərik, valideynlər uşaqları gözündən kənara qoymur. Özləri də uşaq ilə  həyətə düşmürlər. Bunun üçün də  uşaqların bağçada kollektivə qarışması onun  daha da sosiallaşmasına şərait yaradır. Adətən valideynlər daha çox uşaqları əqli bacarıqları öyrənməyə yönəldirlər. Mən belə düşünürəm ki, sosial bacarıqlar, emosiyaları idarə edə bilmək, özünü sakitləşdirmək, başqalarının hisslərini anlamaq ümumiyyətlə, psixi bacarıqlarını inkişaf etdirsələr, daha faydalı olar. Əqli baxımdan uşaq inkişaf edə bilər, amma özünü insan kimi hiss etmirsə ağıllı robot kimi formalaşacaq ”.

Sonda psixoloq  uşaq bağçasında uşaqların sosiallaşması üçün çox sadə üsullar tətbiq etdiyini də vurğulayıb:

“Bəzi uşaqlar bu tətbiqlərə əməl edir, bəziləri isə daha gec öyrənirlər. Məsələn, adi bir salamlaşma sosial normadır. İlk növbədə kiçik körpələr bizimlə salamlaşa bilməyəcəklər, amma gülümsəyə bilərlər, səsimizi eşidəndə bizə baxırlar, onlar üçün bu salamlaşmadır. Göz kontaktı yaratmaq çox vacibdir, artıq bunu bacarırsa, müsbət haldır. Növbəti mərhələdə artıq ona hansısa söz deyilibsə, çalışacaq ki, onu təkrar etsin. Gələn dəfə onun yadına salıb soruşursan ki, “gedəndə nə demək lazımdır?”

Daha mürəkkəb forması isə uşağa xatırlatmadan özünün yadına salmasıdır. Eynilə başqa davranışlarda da belədir: növbə gözləmək, icazə almaq.

Bunlar da mərhələlərlədir, addım-addım inkişaf edirlər. Həmçinin, uşaqlara hansısa bir əşyanı nəzakətli şəkildə xahiş etmək öyrədilir. Məsələn, bir oyuncaqla 1 uşaq oynayır, amma digər uşaq da o oyuncağı istəyir. Onda o uşağa indi digər uşağın oynadığını, bizim isə gözləməli olduğumuzu başa salmalıyıq. Bəzən olur ki, başqa uşaq inad edib vermir, ona da öyrənməsi üçün vaxt lazımdır. Bir yaş və ya bir yaş yarım olan körpələr üçün bölüşmək çətindir, amma bir az böyüklərdə isə iki, üç dəfə xahiş etməli olduğunu yadına salmaq lazımdır, sonra artıq  bunu özü avtomatik olaraq edir. Bağçada sosiallaşmaya aid başqa tapşırıqlar da var. Bu onlara oyun zamanı rolların verilməsidir. Məsələn, bu gün ona həkim rolu verilir, bu da böyüklərin rollarını mənimsəmək üçün oyun fəaliyyətidir”.

Övladınızla münasibətdə bu qaydalara əməl etməyə çalışın

cocuklarla-yapilacak-aktiviteler1Övladınızla münasibətdə bu qaydalara əməl etməyə çalışın

1. İşə gedərkən övladınızın makarondan düzəltdiyi bilərziyi qolunuza taxın. Ən azından evdən çölə çıxana qədər.
2. Motivasiyaedici bir şüarı soyuducunuzun qapağına yapışdırın və övladınız nə zaman cəsarətini itirdiyini hiss etsəniz, bunu ona xatırladın.
3. Onunla gəzintiyə çıxın.
4. Çantasına ona yazdığınız bir not və ya şokalad qoyun.
5. Normalda icazə vermədiyiniz bir şeyə “bəli” deyin. Məsələn, mətbəxt şkafının üstünə oturmağına icazə verin.
6. Parka gedərkən onunla birgə atraksionlardan istifadə edin, birlikdə əylənin.
7. Uşağınızın yanında mümkün qədər heç kimlə mübahisə etməməyə çalışın.
8. Otağı dağınıq olsa belə, buna görə onu həmişə danlamayın. Bir dəfə də otağın qapısnı bağlayıb günə davam edin.
9. İstədiyi zaman qohumlarınız ilə ilə “Skype”da və ya digər vasitələrlə görüntülü danışmasına şərait yaradın.
10. Övladınız hnasısa bir yoldaşı ilə mübahisə edib və onunla barışmaq istəmirsə, bunu etməyə onu məcbur etməyin.
11. Dörd yaşındakı uşağınızın yoldakı yağış gölməçəsinə tullanmasına və ya sadəcə ayağını şappıldatmasına icazə verin. Yağış üçün çəkmələri olmasa belə.
12. Parıltılı bir kağız alın və uşağınıza ad günü açıqcası hazırlayın.
13. Evə və uşaq sevgisinə ehtiyacı olan bir evcil heyvan saxlayın.
14. Övladınıza siz müdaxilə etmədən evcil heyvanı ilə qum hovuzunda ya da parkda oynamasına icazə verin.
15. Uşağınız məktəbdən evə qaşqabaqlı və yorğun gələndə ondan həmin dəqiqə “Günün necə keçdi?” deyə soruşmayın. Ətraflı hesabatı axşam yeməyində də soruşa bilərsiniz.
16. Öz adətlərinizi, vərdişlərinizi yaradın: Hər bazar axşamüstü birlikdə velosiped sürün.
17. Uşağınızdan sizə nələrsə öyrətməyini xahiş edin. Bunu edərkən onun necə yaxşı müəllim olduğunu da söyləməyi unutmayın.
18. Supermarketə gedərkən onun istədiyi şəkildə geyinməsinə icazə verin.
19. İcazə verin uşağınız onun haqqında xoş sözlər deyilərkən gizlin də olsa dinləsin.
20. Uşaqlıq şəkillərini çıxardın. Böyüdükcə o şəkillərə baxmaq onlara xoş gələcək.
21. Övladınız sizinlə mühüm hesab etdiyi hansısa bir təsüratını, fikrini bölüşərkən ona “əhəmiyyət vermə” deməyin. Onun da duyğularını ifadə etməyə ehtiyacı var.
22. Səhər yeməyi üçün ürək şəklində nəsə hazırlayın.
23. Bütöv ayı görmək üçün birlikdə bütün gecə oyaq qalın.
24. O ev tapşırıqlarını edərkən anidən musiqini qoşun və rəqs etməyə başlayın.
25. Ailənizə məxsus salamlaşmaq tərzi yaradın.
26. Qeydlər etməsi üçün otağına lövhə qoyun.
27. Asudə vaxtlarda yastıq döyüşü edin.
28. Onun yaşında olarkən çəkirdiyiniz şəkilləri, yazdığnız məktubları ona göstərin.
29. Tapşırılmadığı halda gördüyü ev işlərinə görə ona təşəkkür edin. Bu iş yaş dəsmalı asmaq və ya içdiyi stəkanı yumaq belə olsa.

“Pedaqoji laqeydlik uşağın inkişafına təsir göstərir”

kamileAilədə uşaqlar yalnız məişət problemləri ilə əhatələndikdə, onlara qayğı göstərilmədikdə,  ibtidai biliklər ötürülmədikdə, kitablar oxunmayıb, nağıllar danışılmadıqda, saymaq, şeir, mahnı öyrədilmədikdə və diqqətdən kənar qalanda onlarda pedaqoji laqeydlik yaranır. Nəticə, onlar doğulduqları gündən tanış olduqları məişət söhbətlərini daha tez yadda saxlayır, bu günə qədər yad olan ibtidai bilikləri və davranış qaydalarını isə çox çətinliklə öyrənə bilirlər.

Pedaqoji  laqeydliyik haqqında “Baby Star” uşaq bağçasının meneceri pedaqoq Kamilə Baloğlanova öz fikirlərini bölüşüb:

“Uşaqlarda pedaqoji laqeydliyi  bəzən  psixi  xəstəliklərə də  bənzədirlər. Bunun əmələ  gəlmə səbəblərindən ən başlıcası ailə daxilində konfliktlərin olmasıdır. Belə hallar daha çox ata və ana arasında qarşılıqlı hörmətin olmaması, disharmonik  (özlərinə qapalı) mühitin olması, uşaqlara qarşı ailə daxilində diqqətin olmaması və s. bu kimi hallar təsir edir.

Valideynlər uşaqları  maddi  cəhətdən tam təmin etmək üçün daha çox çalışırlar. Ona görə də uşaqlara göstərdikləri mənəvi  dəstək  yetərsiz olur. Bu  tip valideynlər uşaqların  maddi  cəhətdən tam  təmin olunmasını əsas prioritet qədul edir və bununla da problemi belə həll etmiş olurlar. Valideynlər unutmamalıdırlar ki, uşaq özbaşına böyüyə bilməz. Uşağa  qayğı, məhəbbət, sevgi, diqqət  göstərilməlidir. Bu məsələləri valideyn öz üzərinə götürməlidir.

Təəssüf ki, pedaqoji  laqeydlik uşağın  bütün sahələrdə inkişafına  təsir  göstərir. Uşağın  əsas  inkişaf sahələrindən biri  sosial-emosional inkişafdır. Pedaqoji  laqeydlikdə ilk növbədə zərər çəkən məhz  sosial-emosional  inkişaf olur. Uşaq öz yaşıdları və özündən böyüklərlə ünsiyyət qurmağı bacarmır. Ünsiyyət  qura bilmədiyinə  görə də məktəbəqədər dövrün əsas öyrənmə  vasitəsi olan oyuna qoşula bilmir. İkinci zərərçəkən sahə isə  idrakın inkişafıdır. Bəzən  uşaqlar  sadə cümlələr belə qura bilmirlər, məşğələlərdə fəallıq  göstərmirlər.

Pedaqoq və psixoloqlar  tərəfindən belə uşaqlara ciddi  nəzarət olunmalıdır. Onlarla  müntəzəm intensiv iş aparmaqla  həmin uşaqları digərlərinin inkişaf  səviyyəsinə çatdırmaq olar”.

“Bütün gimnastikalar düzgün və sərbəst yerinə yetirilməlidir”

image-01-12-15-16-57Loqopedik məşğələlər zamanı bir neçə gimnastika növlərindən  istifadə olunur ki, həmin gimnastikalar uşağın nitqinin inkişafına kömək edir. Məsələn: Artikulyar gimnastikalar (dil idmanı),  tənəffüs gimnastikası, barmaq gimnastikaları. Loqopediyada hər bir gimnastikanın özünəməxsus funksiyaları olmaqla yanaşı onlardan istifadə məqsədləri də uşağın nitqində olan problemə görə dəyişir. İş  prosesində ən çox rastlaşdığım nitq problemlərindən biri də uşaqların bir qisminin bəzi səsləri düzgün tələffüz edə bilməməsidir. Məsələn: Rotatizm ( R səsinin olmaması); Lamtatizm (L səsinin olmaması), Dislaliya (bir neçə səsin pozuntusu) və s. Səs probleminin aradan qaldırılması prosesində artikulyasiya və tənəffüs gimnastikalarından istifadə olunur.

Artikulyasiya  gimnastikası nədir?  Məqsədi  nədir?  Necə öyrədilməlidir?

Artikulyasiya gimnastikası səs probleminin aradan qaldırılmasında bizim ən yaxşı və ilkin köməkçimizdir. Bu xususi , məqsədyönlü hazırlanmış dil hərəkətləridir. Hansı ki  bu hərəkətlər  dil əzələlərinin möhkəmlənməsinə, ümumi artikulyar aparatın (dodaq, dil,yanaq, çənə və s.) aktivləşməsinə kömək edir. Beləliklə, uşaq bu dil hərəkətlərini  öyrənərək  dilini məşq etdirməklə onun  üçün çətin olan səsləri  tez bir zamanda tələffüs edə bilməsi  üçün  dilini hazırlayır. Artikulyasiya gimnastikalarını uşağa öyrətmək üçün aşağıdakıları bilmək vacibdir:

  • Gimnastikalar hər gün 5-10 dəqiqə olmaqla gün ərzində 2 dəfə yerinə yetirilməlidir.
  • Bir gimnastika bir neçə dəfə təkrar yerinə yetirilməlidir.
  • Gimnastikalar güzgü qarşısında yerinə yetirilməlidir.
  • Bütün gimnastikalar dili yormamaq və gərgin olmamaq şərtilə, düzgün və sərbəst yerinə yetirilməlidir.

Hər bir səsin özünə aid artikulyasiya gimnastikası vardır. Hansı ki həmin səsin qoyuluşundan öncə bu dil məşqlərini edib dili digər mərhələlərə hazırlayırıq. Məsələn: Rotatizmdə  bizə köməkçi olan artikulyasiya gimnastikaları aşağıdakılardır:

“Göbələk”

Capture1

“Dadlı mürəbbə”

sekil

”Rəngsaz”

Capture3

 

“Dişləri  firçalama”

Capture4

Dil hərəkətlərini uşaq üçün oyunla, maraqlı və əyləncəli şəkildə etsək o, gimnastikaları sevərək və sıxılmadan edəcəkdir. Bunun üçün nağıllardan, şeirlərdən, mahnılardan istifadə etməklə uşağı gimnastikalara sanki oyun oynayırmış kimi hiss etdirərək cəlb etmək olar.

 

“Bağçayla bağlı tərəddüdlər uşağın yanında müzakirə olunmamalıdır”

Untitled-1Valideynlər və uşaq bağçası arasındakı münasibətlər hər zaman aktual suallara səbəb olub. Uğurlu əlaqələr qurmaq üçün necə davranmalı sualını uşaq bağçasının meneceri Vəfa Şirinova bir neçə sadə qaydanı misal göstərərək cavablayıb:

Qayda 1 – Müsbət münasibət

Valideynlər öz uşaqlarını bağçaya qoymaq qərarına gəldikdə, bunun uşağın inkişafı, həmyaşıdları ilə ünsiyyəti, oyun oynama bacarıqlarının formalaşması üçün nə qədər əhəmiyyətli olduğunu bilsələr də, öz dəyərlilərini başqalarına necə əmanət edəcəklərini düşündükdə təşvişə düşürlər.
İlkin tanışlıq anı valideynlərin münasibətindən asılı olaraq həll olunur. “Bu xanım diqqətli olmaz, uşağıma nəsə olar”, “mənim övladıma az diqqət yetirir” kimi fikirlər inamlı əlaqələrin qurulmasına mane olur. Uşaq bağçasına tərəddüdlə yanaşan valideynlər, həmçinin uşaqlarda da bilmədən narahatlıq hissi doğururlar, onun bağçaya alışma prosesini təxirə salaraq, daxili ziddiyyətlər oyadırlar. Buna görə də, ilk qayda – heç bir halda tərəddüd və ya anlaşmazlıq uşağın yanında müzakirə olunmamalıdır

Qayda 2 – İnam

Valideynlərin baxışına görə, övladları evdə kainatın mərkəzi sayılsalar da, bağçada 15-20 uşaqdan biri olurlar. Burada bütün uşaqlara baxış, qayğı, diqqət eynidir. Bu valideynləri bəzən qane etməyə bilir. İndi isə bu məsələyə optimist nöqtəyi-nəzərdən baxaq: Bağçada çalışan mütəxəsislər öz işlərini bilən və sevən professionallardır. Onlar xüsusi kurslar, seminarlarda iştirak edərək uşaq inkişafı mərhələləri, onları inkişaf etməsinə təsir edən amillər, oyunların uşağın həyatında rolu və s. kimi mövzular haqqında dərin biliyə malikdirlər.

Qayda 3 – Uşaq bağçası və ailə tələblərinin eyniliyi

Uşaq üçün onun bağçadakı qrupu onun cəmiyyətdə həyatının ilk təcrübəsidir. İlk həyat qanunları və qaydaları məhz burada tərbiyəçi tərəfindən aşılanır. Uşağın şəxsiyyət və dünyəvi münasibətləri – böyüklərə hörmət, zəiflərə yardım, digərləri ilə hesablaşma, biri hamı üçün və hamı biri üçün kimi təməl qaydalar məhz burada kök salır.

Qayda 4 – Məlumatlı olmaq

Valideyn-bağça münasibətlərini bərabəryanlı üçbucaq kimi təsvir edib, zirvəyə qalxanın uşaq olduğunu düşünsək: Yan divarları bağça və valideynlər, onların ümumi dayaq tərəfini “münasibətlər” deyə adlandırsaq, həmin tərəf nə qədər enli (geniş, böyük) olarsa, tərəflər bir o qədər az maili olar və uşaq daha rahatlıqla zirvəyə qalxa bilər…
Bu barədə hər iki tərəf məlumatlı olub, bir-birindən çəkinməməlidir. Bağça uşaq haqqında valideynlərə müxtəlif ailə münasibətlərinə dair açıq suallar verərək məlumatlanmalı (bizim bağçalarda bunun üçün xüsusi anket formaları hazırlanır, valideynlərlə individual görüşlər təşkil olunur) və əksinə, valideynlər uşaqları haqqında bağçada fiziki, emosional, idrak, estetik inkişafı, baş verən hər hansı yeniliklər, dəyişikliklər, gün rejimi, məşğələ bölgülərinə və s. fikir verməli, maraqlanmalıdırlar.

Qayda 5 – Tərbiyəçi ilə ünsiyyət üçün doğru vaxtın seçilməsi

Adətən, valideynlər uşağı evə aparan zaman müəllim ilə ünsiyyət üçün vaxt ayırır. Bu ünsiyyət üçün doğru vaxt deyil, çünki müəllim hələ digər uşaqlar üçün məsuliyyət daşıyır və digər uşaqları valideynlərinə verməsi üçün onları hazır etməlidir. Daha yaxşı vaxt vaxtaşırı şəxsi görüş təyin etmək, uşağın uğurları və baş verən dəyişikliklər haqqda danışmaqdır.

Qayda 6 – Bağçanın mütəxəsisləri tərəfindən verilən məsləhətləri dinləmək

Tez-tez valideynlərə hər hansı problem haqqında danışdıqda eşitdiyimiz cavab “Mən də belə uşaq idim” kimi sözlər olur. Belə dəlillər arxasında gizlənərək, mütəxəsis tövsiyələrinə qulaq asmamaq yanlış qərardır. Əgər sizin psixoloq, loqoped, fizioterapevt və ya digər mütəxəsislərə müraciətiniz məsləhət verilirsə, inkar etməyib, dinləyin. Onlar bunu ancaq və ancaq uşaqların maraqlarını düşünərək edirlər. Axı vaxtında müdaxilə gələcəkdə uşaqda yarana biləcək komplekslərdən və lazımsız gərginliklərdən onları azad edə bilər.
Bəzən bağçaya xəstə uşaqların buraxılmaması təəsüf ki, bəzən valideynlərin ilk növbədə maliyyə yönlü yanlış düşüncələrinə səbəb olur. Unutmayaq ki, bu gün bağçaya xəstə halda uşaqlar buraxılmırsa demək ki, başqa vaxt gələn digər xəstə uşaq da sizin övladınızın xəstələnməsinə səbəb olmayacaq.

Qayda 7 – Bağçanın gün rejiminə evdə də riayət etmək

Bu çox mühüm məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Uşaq bağçasının müəyyən qaydaları olur. Səhər qəbulu uşaqların hər birinə xüsusi diqqət edilməsi üçün ayrılan vaxtdır. Bu səhər yarım saat qəbul vaxtı onların layiqincə diqqətlə qarşılamağa köməkçi olan müddətdir. Gecikmələr olduqda isə tərbiyəçi digər fəaliyyət vaxtları zamanı digərlərinə mane olmaması üçün istənilən diqqəti ayıra bilmir.
Bəzən ailə və uşaq bağçası arasında düzgün münasibətin (səmimilik, ünsiyyət, sual-cavab) olmaması səbəbilə uşaqda daxili qarşıdurma olur. “Mənə idman eləmək olmaz axı, mən tərləyərəm”, “Mənim anam dırnağımı qayçı ilə kəsməyə icazə verməyəcək” və ya bu kimi misallar uşaqların bəzən çaşqın vəziyyətdə olmasının bariz nümunəsidir. Bu halda uşaq qorxur, inamsızlaşır və ya gərkinlik keçirir. Əlbəttə, daha yaxşı olar ki, uşaq öz dostlarına bağçada öyrədilən kimi, anası ilə birgə əkdikləri dibçək haqqında danışsın.

Qayda 8 – Əhvalı korlamamaq

İstərdik ki, valideynlər tərbiyəçilərin canlı insan olduqlarını unutmasınlar. Bəzən valideynlər səhərlər gecikərək, uşaqları tez bağçaya qoyub qaçmaq istəyirlər. Səhərlər kaprizli oyanan uşaq həmin gün valideyninin gecikməsinə səbəb olsa da, təəsüf ki, valideyn bunun əvəzini gərginliklə (bəzən qışqıraraq, sərt davranaraq uşağa və ya bağçaya qarşı) qaytarır. Bir müddət sonra işinə gedir, işlərilə məşğul olur və unudur. Amma günün sonunadək bizim balacalar bunu unutmurlar və gün ərzində tərbiyəçilər, kövrək, gərgin və narahat uşağın könlünü almaqla məşğul olurlar.
Əlbəttə, valideynlər rahatlıqları üçün gün ərzində uşaq bağçası və müəllimlərin telefon nömrələrinə zəng edərək, uşaqları haqqında məlumat almaqları lazımdır, lakin zəng etmək üçün uyğun vaxt əvvəlcədən təyin olunsa daha yaxşı olar.

Unutmayın uşaqla düzgün açılan səhər, gün sonunun ən gözəl mükafatıdır.

“Uşağın eşitdiyi musiqi onun psixologiyasına təsir edir”

suriya2“İncəsənətin ən qədim növlərindən biri sayılan musiqi insan dünyaya gəldiyi andan onun həyatında güclü mədəni təsirə malikdir. Musiqi estetik və mənəvi zövqün ən ali mənbəyidir. Məhz buna görə də müasir uşaqların bədii-estetik tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında musiqinin əhəmiyyətli rolu var”.
Bu sözləri  uşaq bağçasının meneceri Suriyyə Xaspoladova musiqinin uşaqlara təsirindən danışarkən deyib.
“Bədii-estetik tərbiyənin ən təsirli vasitələrindən biri olan musiqi uşağın emosional təbiətinə çox yaxındır. Musiqinin təsiri altında onun estetik qavrayışı inkişaf edir, duyğuları zənginləşir. Onlarda müxtəlif hisslər oyadır. Eyni zamanda musiqi sinir sisteminin inkişafında böyük rol oynayır. Musiqi alətində ifa edən uşaqların digər uşaqlara nisbətən yaddaşı güclü olur, daha yaxşı oxuyur və zəngin söz ehtiyatına sahib olur. Uşaq təfəkkürünün inkişafında musiqinin rolu danılmazdır. Musiqi ilə məşğul olan uşaqlar başqalarının səs tonunu daha aydın seçə bilir. Nəfəs alma imkanları genişlənir, səs telləri möhkəmlənir”.
Suriyə xanım uşaqların musiqi zövqünün formalaşmasında ətrafın rolunu müəyyənləşdirmək üçün apardığı sorğunun nəticələri barədə də məlumat verdi. Belə ki, sorğunun məqsədi valideynlər və şagirdlərin hansı musiqiyə üstünlük verdiklərini və səbəbini öyrənmək olub:

“Mənim sorğum belədir:
1) Sizin sevimli janrınız hansıdır?
-caz –rep -impressionizm –R’n’b’
-rok –pop -trans -xaos
-d’n’ –romantika -kantri -müəllifli mahnı
-klassik -klub musiqisi -cavab yoxdur
2) Başqa musiqi janrlarına münasibətiniz necədir?
-neytral -mənfi
-müsbət -cavab yoxdur
3) Bu janrı seçməkdə səbəbiniz nədir?
-Çünki əla janrdır -Musiqinin üslubu xoşuma gəlir
-Bu musiqi altında rəqs etmək olar -Sadəcə xoşuma gəlir
-Bu musiqi məni rahatladır -Hüzrla doludur

9-16 yaş arası 50 şagird və 22-40 yaş arası 50 valideynin iştirak etdiyi sorğuda məlum olub ki, iştirakçıların 26%-nin sevdiyi janr yoxdur. Hansı musiqi daha çox dinlənilir o musiqiyə də üstünlük verirlər. Musiqi janrını nəyə əsasən seçdiyinə isə 39% “Sadəcə xoşuma gəlir” deyib. Bu nəticələr sorğunun ən yüksək nəticələridir, qalan bəndləri seçənlər azlıq təşkil edir.
Sorğunun nəticələri göstərir ki, əksəriyyət kütlənin dinlədiyi musiqini dinləyir. Belə mühitdə böyüyən uşaq da ətrafının musiqi zövqünə əsasən, yəni kütlənin dinlədiyi musiqiyə üstünlük verəcək.
Lakin nəzərə almaq lazımdır ki, kiçik yaşlardan uşaqlara düzgün musiqi savadı verilərsə, gələcəkdə onların musiqi seçimi kütlənin zövqünə deyil, öz musiqi biliklərinə əsaslanar”.

Suriyə xanım musiqiyə marağın formalaşmasında valideynlərin və müəllimlərin rolu haqqında da məlumat verdi:
“Uşaqların musiqiyə maraq və məhəbbətinin formalaşmasına xüsusi diqqət yetirmək lazımdır. Çünki musiqi uşaqların fiziki cəhətdən kamil, mənəvi cəhətdən zəngin olması üçün böyük təsirə malikdir. Buna görə də hər bir valideyn və müəllim uşaqların yaradıcılıq seçimlərinə böyük məsuliyyətlə yanaşmalıdır. Həmçinin nənələrimizin oxuduğu milli uşaq mahnıları, milli rəqslərin melodiyaları uşaqlara özünü tanımağa kömək edir. Uşaqların eşitdiyi hər bir musiqi onun psixologiyasına, daxili aləminə təsir göstərir. Bu mahnıların sayəsində uşaq özünü dərk etdikcə musiqi seçimində çətinlik çəkmir”.
Suriyyə xanım deyir ki, bağçada həftədə 4 dəfə dərslərdə müxtəlif musiqili oyunlar keçirilir. Müəllim uşaqları xalq və bəktəkar mahnıları, dünya musiqiləri, solfecio, xor və orkestr ilə tanış edir.
“Musiqi tərbiyəsinin düzgün qurulmasında tərbiyə metodlarının seçimi başlıca yer tutur. Metodların seçimində uşaqların bilik alarkən hansı mənbədən istifadə etməsi mühüm şərtdir. Təbii ki, ilkin mənbə musiqinin özüdür. Burada əsas metod uşaqlara musiqini dinlətmə təcrübəsi hesab edilir. Biliklərin əldə edilməsinin ikinci mənbəyi uşaqlara kamil şəkildə musiqi obrazının qavramanılmasına və musiqi əsərinin məzmunun anlaşılmasına kömək etməkdir. Üçüncü mənbəyə isə uşaqların özünün bilavasitə musiqi fəaliyyəti aid edilir. Məsələn, mahnı ifaçılığının, ritmikanın bacarıq və vərdişlərini mənimsəmək mümkün deyil. Yalnız praktiki fəaliyyət uşağın hərtərəfli inkişafına kömək edir. Metodların seçimi zamanı canlı yaradıcılıqdan mücərrəd təfəkkürə və buradan da təcrübəyə doğru istiqamətə üstünlük verilməlidir”.