Övladlarımızı ev qəzalarından qoruyaq

qezaUşaqların böyük bir qismi böyükləri təqlid etməyi istədikləri üçün, mütəmadi olaraq hərəkətdə olduqlarından və mühiti kəşf edərək öyrənməyə çalışdıqları üçün bir çox qəzalarla qarşılaşırlar.

Bəziləri isə diqqətsiz, ani bir hərəkət səbəbindən bir sıra kiçik qəzalar törədirlər. Uşaqlarda tez-tez qarşılaşan ev qəzaları  televizorun düşməsi, dərman və kimyəvi maddələrlə zəhərlənməsi, qaynar su tökülməsi, elektrik vurması, pəncərə, balkon, nərdivandan düşmələridir.

Ev qəzalarının qarşısını almaq üçün diqqətli olmaq lazımdır. Pəncərə və balkon qapılarını daima bağlı saxlamaq, təhlükəsizlik açarı quraşdırmaq, televizor kimi ağır ev alətlərini sabitləmək, dərman və ümümiyyətlə ev təmizliyində istifadə olunan kimyəvi maddələri uşaqların əldə edə bilməyəcəyi yerlərə qaldırmaq, sobada yeməkləri arxa gözlərdə bişirmək və tavaların qulplarını içəriyə tərəf qoymaq övladlarınızı bir çox qəzalardan qoruya bilər. Bundan əlavə uşaqları məlumatlandırmaq məqsədilə ev qəzaları ilə bağlı xəbərdarlıq etmək və məlumat vermək də önəmlidir.

Ev qəzalarında ilk yardım:

Bir sıra kiçik ev qəzaları zamanı uşağa evdə müdaxilə edilə bilər. Ancaq bu bəsit yanıqlar və kəsiklər üçün keçərlidir. Qanamalar, ciddi yanıqlar və elektrik vurması kimi vəziyyətlərdə mütləq professional yardım almalı və təcili yardım çağırılmalısınız.

  • Yanıq xəsarəti zamanı heç bir şey sürtməyin, toxunmayın və dərini soymayın. Yalnız 15 dəqiqə soyuq  su altında soyudun. Əgər daha ciddi bir yanıqdırsa, dəsmala sarılmış bir buzu uşağın yanmış hissəsində tutun və ən yaxın xəstəxanaya aparın.
  • Kəsik xəsarətlər zamanı yaranın üzərinə təmiz bir bez örtüb ovucunuzun içi ilə ən az 5 dəqiqə basmaq lazımdır. Yaranı antiseptik məhsullarla və ya təmiz su ilə yuyun. Yaranın təmizlənməsində və bağlanmasında pambıq istifadə etməyin. Çoxlu qanama vəziyyətlərində isə kəsik olan əlinizlə möhkəm basaraq xəstəxanaya gedin. Kəsik olan bölgəyə tikiş atıla bilər.
  • Elektrik vurmasında  taxtadan istifadə edərək uşağı kənara çəkin və həmin anda da təcili yardım çağırın.
  • Kimyəvi zəhərlənmələrdə uşağı qusdurmağa çalışmayın. Qusma zamanı zərərli maddələr uşağın boğazından keçərək ağciyərlərə dolması ilə uşağa daha çox zərər verə bilər.
  • Nərdivan, balkon və pəncərədən düşmə, üzərinə televizor kimi böyük bir cismin düşməsi kimi vəziyyətlərdə də vaxt itirmədən təcili yardıma zəng edərək kömək istəyin.

Mənbə: Valideyn.az

Gec danışan uşaqlar

danisUşaqlarda dilin inkişaf etməsi üçün nə qədər müddət lazımdır? Uşaqlar ətraflarındakı səsləri, danışıqları dinləyərək dili və danışmağı öyrənirlər. Körpənin ilk ağlaması danışmağın başlanğıcı hesab edilə bilər. Yemək istədiyini, yuxusunun gəldiyini, altının bulaşdığını, yorulduğunu demək üçün bu səsdən istifadə edirlər.

Müəyyən zamandan sonra körpələr ağlamaqdan başqa da səslər çıxara bildiyini kəşf edirlər. Körpələr get-gedə sadəcə ətrafında eşitdiyi səsləri təqlid etməyə başlayır. Səslərdən hecalara, sözlərə və cümlələrə  doğru sürətli bir inkişaf olur.

Uşağın dil inkişafında bir gecikmə olub-olmadığının göstəricisi nədir?

Bəzən dil inkişafındakı gecikmə eşitmə əngəlliyi, autizm, serebral iflic kimi bir çox səbəbdən qaynaqlana bilir. Əgər dil inkişafı ilə birgə oturma, iməkləmə, gəzmə kimi bacarıqlarında da gecikmə varsa, tez-tez tarazlığını itirib yıxılırlarsa, göz təması qurmur və toxunduqda reaksiya  vermirsə onu uşaq nevropatoloqunun yanına aparmağınız məsləhətdir. “Böyüdükcə düzələr”, “atası da gec danışmışdı”, “məktəbə başlayana qədər düzələr” kimi fikirləri əsas gətirib həkimə getməmək düzgün deyil.

Hansı vəziyyətdə həkimə aparılmalıdır?

  • 3 aylıq – ətrafdakı səslərə və ya insan səsinə reaksiya vermirsə;
  • 3-5 aylıq – qığırdamalar olmursa, yetgin insanların isti münasibətinə gülümsəyərək cavab vermirsə, hirsli səs tonuna ağlamaq ilə reaksiya vemirsə;
  • 6-9 aylıq – “bada-bagu” kimi başa düşülməyən hecalardan istifadə etmirsə, üzünü görmədiyi halda anasının səsini eşitdiyində reaksiya vermirsə;
  • 10-11 aylıq – “xeyr-yox” deyildiyində anlamır, jest və mimikadan istifadə etmirsə;
  • 12 aylıq –  danışıq səslərini təqlid etmir, istədiklərini əldə etmək üçün ağlamaq xaricində başqa səs çıxarmırsa;
  • 18 aylıq – ailə üzvlərini tanıyıb göstərmirsə;
  • 24 aylıq – söylənilən bir-birindən fərqli 50 sözü anlamır, ana-ata kimi ailə üzvlərinin və ya evdə saxlanılan heyvanların adlarından başqa ən az 4 sözü deyə bilmirsə;
  • 3 yaşında – söylədiklərinin 50%-i ailə üzvləri xaricində heç kəs tərəfindən anlaşılmır, ən azı 3 sözdən ibarət olan cümlələr qurmursa, bəsit suallara cavab vermirsə;
  • 4 yaşında – keçmiş-gələcək zamana aid danışa bilmirsə;
  • 5 yaşında– “nə üçün-necə” suallarına cavab vermir, cisimlərin nə işə yaradığını (məs, stul ilə nə edirik?) ifadə edə bilmirsə (ola bilər ki bilir, deyə bilmir), danışdıqlarının böyük hissəsi insanlar tərəfindən anlaşılmırsa ən qısa müddətdə onu həkiminin yanına aparmalısınız.
 Mənbə: valideyn.az

Övladınıza üzməyi öyrədin

Havalar isti keçir. Nə etmək lazımdır? Təbii ki, üzmək.

Əgər dənizə gedə bilmirsinizsə, pis olmayın, çünki şəhərdəki üzmə hovuzlarından yararlana bilərsiniz. Üzmək həm sizin, həm də uşağınız üçün mükəmməl  fəaliyyətdir. Balaca yaşından düzgün şəkildə üzməyi öyrənməsi uşaqların sudan qorxmalarının qarşısını alır və asan şəkildə bu fəaliyyəti öyrənmələrinə şərait yaradır.

Araşdırmalara görə, kiçik yaşlarından uşağı üzməyə öyrəşdirmək onun həm fiziki, həm də mənəvi inkişafına təsir göstərir.

Bəs uşağınıza üzməyi öyrətmək üçün nə etməlisiniz?

Əvvəlcə hazırlıq görmək lazımdır. Hər hansı bir narahatlığının olub-olmamasına nəzarət edin. Aşağıdakı problemlərdən hər hansı biri uşağınızda varsa, onu üzməyə aparmayın.

  • Nəfəs almaqda çətinlik
  • Temperatur
  • Gərginlik
  • İştahsızlıq
  • Səbəb olmadan qusmaq və ürəkbulanma
  • Hər növ  açıq yara və ya qulaq infeksiyası

Nə edə bilərsiniz?

  • Yanınızda uşağınızın sevdiyi oyuncaqlardan biri olsun. Beləcə balacanız özünü bir qədər güvəndə hiss edəcəkdir.
  • Uşağınızı qucaqlayıb onu cəsarətləndirin. Sudan xoşu gələrsə, başını suya salıb çıxarmaq və ya yan-yana irəliləmək kimi hərəkətlər edə bilərsiniz.
  • Uşağınızın çiyinlərinin suda qalmasına fikir verin. Əks halda, çiyinləri qısa vaxtda üşüyəcək.
  • Övladınızın ağlaması heç də hər zaman onun sudan çıxmaq istəməsi anlamına gəlmir. Onu həmin dəqiqə sudan çıxarsanız su ilə ağlamağı əlaqələndirəcək. Gözyaşının səbəbini tapmağa və sudan çıxmadan öncə onu sakitləşdirməyə çalışın.
  • İlk  sınağınızı qısa edin.
  • Məkanın insanlarla dolu olmamasına çalışın. Övladınız səs-küylü mühitdən narahat olub qorxa bilər.
 Mənbə: valideyn.az

Uşaqların mənfi davranışlarını necə yox etməli?

usaq_menfi_davranisUşaqların mənfi davranışlarını necə yox etməli? Bagcam.az valideynlərin köməyinə çatacaq bir neçə məsləhətləri diqqətinizə çatdırır:

Səssiz qalmağı üstünlük verirsə

Uşaqlarınıza hər ağlına gələni danışmaq və dürüstlük arasındakı fərqi öyrətməlisiniz. Bunun üçün uşaqlarınızı mühakimə etmədən dinləməlisiniz. Daha sonra hadisələri başa düşmək üçün köməkçi olmalısınız. Problemləri danışaraq həll etdiyinizi gördükdə, səssiz qalmaqdan imtina edəcəkdir.

Uşaqlar arasında sonsuz bir rəqabət varsa

Problemin kökünə enin və bir-birinə fiziki zərər vermələrini qadağan edin. Uşaqlarınızı bir komanda kimi yetişdirin və hər hansı bir problemlə qarşılaşdıqda ədalətli olun. Bununla da uşaqlarınız rəqabət əvəzinə birlikdə hərəkət etməyi öyrənərlər.

Oğurluq edərkən tutmusunuzsa

Uşaqlarınıza düzgün əxlaqi dəyərlər qazandırmağınız çox əhəmiyyətlidir. Beləliklə, əvvəlcə sakit olun. Uşağınız əgər həyatında ilk dəfə bir şey oğurlayırsa, səbəbini öyrənməyə çalışın və ona bunun niyə yanlış olduğunu izah edin. Sonra da uşağınıza oğurladığı şeyi sahibinə təhvil verməsini və üzr istəməsini xahiş edin.

Əgər oğurluq aktı davam edirsə, peşəkar birindən yardım almağınızda fayda var. Əks təqdirdə bu uzunmüddətli bir vərdiş halına çevrilə bilər.

Qarşısındakına hörmət etmirsə

Uşaqlarınıza öz hisslərini və duyğularını düzgün şəkildə izah etməyi öyrətmək lazımdır. Əgər cəmiyyət içində qarşısındakının qəlbinə toxunan davranışlar edirsə, bunun mütləq bir səbəbi vardır. O səbəbi tapmağa çalışın. Hisslərini danışan insanlar daha sakit və empatiya quran insanlardır. Bu davranışları isə  ən yaxşı uşaq vaxtı öyrətmək olar.

Mənbə: qadin.net

“Bir yaşadək uşaqlar olan otaqda kondisioner olmaz”

kondisanerYayı kondisionersiz təsəvvür etmək mümkün deyil. Qızmar günəşli havalarda insanların kondisionerlərə olan tələbatı da artır. Ancaq kondisionerdən düzgün istifadə edilmədikdə, o, hətta insanı ölümə qədər apara bilər. Belə ki, kondisioner yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə səbəb ola bilər. Eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yarada bilər.

Alimlər hesab edir ki, kondisioner otaqdakı oksigeni məhv edir. Kondisionerdən istifadə edərkən onu gündüz 24, gecələr isə 26 dərəcədə qoyulması xəstəlik riskini azaldır. Bundan başqa, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını dəyişmək lazımdır. Avtomobildə də kondisioner tənəffüs yolları xəstəliklərindən bronxit, sinusit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Buna görə avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir.

Bagcam.az Ailem.az-a istinadən bildirir ki, həkim, pediatr Vaqif Qarayev kondisionerin yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaratdığını deyir: “Kondisioner işləyən otaqda havada ventilyasiya olmur. Kondisionerin filtrləri həmin otaqda olan toz, mikrob, bir sözlə, xəstəlik törədən nə varsa özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədiciləri öz yerinə qayıdır. Bu baxımdan, bir çox kondisionerlər sərinlətməklə yanaşı, xəstəlik də törədir. Ona görə hər bir kondisioner modelinin filtrinə qulluq qaydasına əməl edilməlidir. Bəzən illərlə bu filtrlər təmizlənmir. Açıb baxdıqda orada barmaq qalınlığında tozun yığışdığını görərik. Ona görə də kondisioner yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaradır. Allergik problemi olan insanlar kondisionerdən uzaq qaçmalıdır. Saatlarla kondisionerin işləməyi düzgün deyil. Kondisioneri söndürdükdən sonra qapı, pəncərəni açıb otaqda bir ventilyasiya yaratmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır. Bundan əlavə, kondisioner otaqdakı havanı qurudur. Kondisioneri elə tənzimləmək lazımdır ki, hava daha çox tavana istiqamətlənsin. Çünki birbaşa kondisionerdən gələn sərin havanın altında otursaq, uzansaq mütləq əzələ-oynaq ağrıları yaradacaq, allergik problemləri, yaşlı insanlarda isə xroniki xəstəlikləri kəskinləşdirəcək. Bu problemləri olmayanlar da soyuq hava şırnağının altında saatlarla otursa, mütləq boyun və kürək nahiyəsində ağrılar olacaq. Kondisionerin altında yatmaq qətiyyən olmaz. Çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür. Kondisioner olan otaqda çılpaq gəzmək olmaz. Yaxşı olar ki, sintetik olmayan təbii parçalardan, xüsusən də boyun və kürək nahiyəsini qapayan paltar geyinmək lazımdır. Bu mütləqdir. Bu soyuq hava ilə dəri arasında bir boşluq yaradır. Yəni soyuğun birbaşa təsirinin qarşısını alır”.

V.Qarayev bildirir ki, bir yaşadək uşaqlar olan otaqda kondisioner qətiyyən olmaz: “Böyüklərin orqanizmi yuxarıda sadaladıqlarıma dözür, amma uşaq orqanizmi dözə bilmir. Kiçik yaşlı, xüsusən də südəmər uşaqlar olan yerdə kondisioner qətiyyən olmaz. Uşaq olan ailələr bunu gərək tənzimləsin. Tutaq ki, axşam saatlarında uşaqları təmiz havaya çıxartmaq lazımdır. Yoxsa “kondisionerim var, qoy uşaq kondisionerin altında oynasın, mən də ev işimlə məşğul olum” demək olmaz. Çünki bu, uşağı mütləq xəstələndirəcək. Yay aylarında təmiz havanın uşaq orqanizmi üçün böyük əhəmiyyəti var. Uşağı uzun müddət qapalı məkanlarda, kondisioner altında saxlamaq düzgün deyil. Uşaq, eyni zamanda böyüklər də bayırdan gəlib birbaşa kondisionerin soyutduğu məkana girəndə temperatur fərqinə orqanizm mənfi reaksiya verəcək. Əgər bayırdan gəlmisinizsə, kondisioneri bir müddətlik söndürmək lazımdır. Bədən bir müddət kondisionersiz rejimə öyrəşəndən sonra otağı soyutmaq olar. Yəni temperatur rejimini tənzimləmək lazımdır. 23-28 dərəcədə kondisioner sərin hava verir, soyutmur. İnsan bədəninə təsir etmir. Ancaq təəssüf ki, ictimai yerlərdə buna riayət etmirlər. Buna görə də hazırda hamı əzələ tutulması, boyun, baş ağrılarından, burun tutulmasından şikayət edir. Bu hallar kimdə varsa, demək ki, o, kondisionerdən düzgün istifadə etmir”.

Uşaqlarda uzun müddət davam edən öskürəyin səbəbi

oksuruk-2

Uşaqlarda  uzun müddət  davam  edən  öskürəyin bir neçə səbəbləri olur. Bu səbəblərdən biri də Qastroezofagiyal reflyuks xəstəliyidir. Bu xəstəlik qidanın daimi olaraq mədədən qida borusuna,boğaza geri qayıtmasıdır ki, (hiss edilən və edilməyən ola bilər) bu qayıdış zamanı kütlə üst tənəffüs yollarına düşərək və ya üst tənəffüs yollarındakı reseptorlara vagal qıcıq verərək bronxspazma səbəb olduğu üçün uzun müddət öskürək şikayətlərinə səbəb olur. Reflyuksu olan uşaqlarda, uzun müddət davam edən,aparılan “öskürəkəleyhinə” müalicələrə cavab verməyən öskürəklər çox narahat edir.Amma təəsüf ki,müayinədə çox vaxt bu problemə diqqət edilmir. Halbuki reflyuks uşaqlarda Astma və təkrarlayan pnevmoniyaların 50 %-nin səbəbidir.Yəni vaxtında bilinib müalicə olunmasa astma səbəb ola bilər.Reflyuks həmçinin uşaqlarda ani nəfəs durması,boğulma,stridor (“timus” kimi bilinən nəfəsdə eşidilən xırıltılar) və təkrarlayan öskürəklərə səbəb olur. Övladınızın belə bir narahatlığı varsa bu problem haqqında düşünməyiniz vacibdir.

Pediatr Günay Rəsulova

“Uşaq xəstələndikcə immuniteti daha da güclənir”

xesteusaqUşaqlarda immun sistem yetkin olmadığına görə, erkən yaşlarda tez-tez xəstələnmələri tam normal haldır. Belə ki, bağçaya gedən uşaq ildə 7-8 dəfə üst tənəffüs yolu infeksiyası, 2 dəfə qastroenterit, 1-2 dəfə sidik yolu infeksiyaları ilə xəstələnə bilər. Uşaq xəstələndikcə immuniteti daha da güclənir və xəstəliklərdən qorunmaq üçün orqanizmdə yaddaş hüceyrələr əmələ gəlir.

Əziz valideynlər, uşaqlarınız tez-tez xəstələnən zaman onları bağçadan uzaqlaşdırmayın. Belə etməklə formalaşmaqda olan orqanizmin immun müdafiəsinin yaranmasına mane olmuş olursunuz. Tez-tez xəstələnən uşaqların valideynlərinin diqqət etmələri lazım olan məqamlar vardır.

  • Əgər uşaq ildə 7-8 dəfədən çox yuxarı tənəffüs yolu xəstəlikləri keçirirsə;
  • Virus infeksiyasının gedişatında hər hansı bir bakterial infeksiya ilə ağırlaşma görülürsə (otit, mastoidit, pnevmoniya, abses və s);
  • Uşaq 1 ildə 2 dəfədən çox pnevmoniya ilə xəstələnərsə;
  • Antibiotik müalicəsinə effektsizlik varsa;
  • Ailədə Primer immun yetməzlikli xəstə olubsa;
  • Uşaqda tez-tez göbələk infeksiyası görülürsə;
  • Uşaqda təkrarlayan damaq yaraları, qanamalar görülərsə;
  • Uşaqda təkrarlanan dərinin irinli iltihabi xəstəlikləri görülərsə, bu zaman bu əlamətləri Pediatıra bildirin! Sağlam olun!

Pediatr Günay Rəsulova

Uşaqlar niyə torpaq yeyir?

torpaqBəzən ətrafımızda torpaq, daş, şüşə, sabun və sair kimi maddələri yeyən insanlara rast gəlirik. Hətta bu qəribə davranış uşaqlar arasında daha çox yayılıb.  Bununla bağlı məqamlara aydınlıq gətirmək üçün Bagcam.az Ailem.az-a istinadən türkiyəli həkim Mine Elagöz Yüksəlin fikirlərini  təqdim edir.

Həkim pika sindromu adlanan bu halın qida maddələri olmayan şeyləri yemək, yalamaq şəklində görülən bir yemək pozuntusu olduğunu bildirib: “Pikanın altında yatan psixoloji səbəblər sevgi çatışmazlığı və özgüvənin olmamasıdır. Ana qayğısının azlığı, valideynin uşaqdan imtinası, zəif valideyn-uşaq münasibəti, ailədəki narahat vəziyyət, istismar ən böyük stress qaynaqlarıdır”.

Yeyilən bu qeyri-adi vasitələr arasında saç, kağız, silgi, boya, plastik maddələr, yanmış  kibrit dənəsinin ola biləcəyini söyləyən M.Yüksel deyib ki, bu vəziyyət 2-3 yaşından kiçik uşaqların ağzına uyğunsuz maddələri atmağa və yeməyə çalışmasına aid edilmir. Xəstəlik illərlə davam edə biləcəyi kimi, qısa zamanda da yox ola bilər.

Ən çox uşaqlarda rast gəlinir

Həkim pika sindromuna hər yaşda rast gəlinsə də, bunun daha çox uşaqlarda olduğunu vurğulayıb: “Sindromun ən təməl üç səbəbi qidalanmada çatışmazlıqlar, nevroloji inkişaf pozuntusu, ya da psixoloji səbəblərdir. Dəmir, kalsium, sink, B1, B6 vitamini çatışmazlığı ən çox rastlanan qida çatışmazlığıdır. Həmçinin zəka geriliyi, autizm, epilepsiya, şizofreniya, obsesiv-kompulsiv pozuntular kimi nevroloji-psixiatrik narahatçılığı olan şəxslərdə rast gəlinir. Eşitmə qüsuru, nevroloji dərman istifadəsi kimi tibbi vəziyyətlərdə də görülə bilər. Bəzi insanlarda saç yolma, ya da dəri qoparma kimi də özünü büruzə verir”.

Təhlükəli nəticələrə yol aça bilər

M.Yüksəl adıçəkilən sindromun müalicə olunmadığı təqdirdə olduqca təhlükəli nəticələrə yol açdığını bildirib: “Qidalandırıcı olmayan maddələrin yeyilməsi qan azlığına səbəb ola bilər. Xüsusilə həzm sistemi ilə əlaqədar narahatlıqlar ortaya çıxar. Bunlar diş çürüməsi, ağızda pis qoxu və sair ola bilər. Yeyilən cismin həzm olunmaması bağırsaq tutulmasına, hətta bağırsağın yırtılmasına gətirib çıxarar. Maddənin xüsusiyyətlərinə görə qurğuşun zəhərlənməsi kimi metal zəhərlənmələrinə yol açır. Yeyilən maddənin gigiyenik olmaması da ayrı bir problemdir. Xəstə yedikləri ilə əlaqədar infeksiyaya, parazitli xəstəliklərə yoluxa bilər. Əgər xəstə uşaqdırsa, bu zərərlər daha da təhlükəli hala çevrilir. Pika sindromu nevroloji inkişafında problem olan uşaqlarda ölümə belə yol açır”.

Bu məsləhətlərə qulaq asın!

Uşaqda pika sindromu əlamətlərini təyin etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edən mütəxəssis bildirib ki, tibbi müayinə və dəyərləndirmələr nəticəsində pika sindromunu müalicə etmək mümkündür: “Bu zaman uşağın qida rasionu, psixi-sosial, nevroloji inkişafını dəyərləndirmək lazımdır. Pika sindromunu təyin edəcək bir test yoxdur, amma bunu yaradan səbəbləri araşdırmaq üçün laboratoriya analizləri vacibdir. Xüsusilə pika sindromunun altında yatan səbəblər mütəxəssislər tərəfindən təhlil edilərək, lazımi hallarda tibbi və psixoloji müalicə təyin edilməlidir”.

Uşaqların gec dil açmasının səbəbləri

danisiqDanışmaq və ünsiyyət qurmaq insanın sosial həyatında əhəmiyyətli və vacib proseslərdən biridir. Aydın və səlis danışıq, sözləri düzgün tələffüz edərək qarşı tərəfə çatdırmaq təqdirəlayiq haldır. Amma cəmiyyətdə danışıq qüsurlu, hansısa səsləri düzgün tələffüz etməyən, kəkələyən insanlar da var. Bu isə onların cəmiyyət arasında kompleksə düşmələrinə, özlərini narahat hiss edərək ünsiyyətdən qaçmalarına və sair kimi neqativ hallara yol açır. Demək olar ki, son zamanlar bu hal kiçik yaşlı uşaqlar arasında da geniş yayılıb. Əksər valideynlər övladının hətta 3 və daha yuxarı yaşda olmasına baxmayaraq, danışa bilməməsindən şikayətçidirlər. Həmin uşaqlar arasında elələri də var ki, nəinki danışa bilmir, hətta körpəyə məxsus sadə səsləri belə çıxarmırlar. Mütəxəssislər bu qüsurların zamanında aradan qaldırılmadığı təqdirdə qalıcı durum olacağı barədə valideynlərə ciddi şəkildə xəbərdarlıq edirlər. Onlar həmçinin nitqdə ləngiməyə bir çox məsələlərin səbəb olduğunu söyləyirlər. Bu dəfə uşaqların gec dil açmasının səbəblərini araşdırmağa çalışıb.

2 yaşlı uşaq ən az 6 istiqamətdə söz deməlidir

Nevropatoloq Rima İbadova deyir ki, əgər 2 yaşlı uşaq ən azı 6 istiqamətli söz demirsə, bu, artıq problemdən xəbər verir: “Bildirim ki, uşaqda olan eşitmə, tiroid funksiya problemləri, bəzi qıcolma formaları, bir sıra genetik, metobolik inkişaf problemləri nitqdə ləngimə verə bilər. Buna görə də valideynlər bu hallarda ilk öncə nevroloqa müraciət etməlidirlər. Bu zaman həkim diaqnozu dəqiq qoymaq üçün bəzi müayinələr istəyəcək. Aparılan müayinənin nəticəsindən asılı olaraq hər zaman dərman müalicəsi lazım olmaya bilər. Bəzən sadəcə psixo pedaqoji və loqopedik məşqlərlə problemi həll etmək mümkün olur. Burada əsas odur ki, uşağa vaxtında və doğru diaqnoz qoyulsun. Buna görə də valideynlər gözləməsinlər və həkimə vaxtında müraciət etsinlər”.

Uşaqları televizor qarşısından yığışdırın”

Defektoloq-loqoped Qönçə Ağayevanın bildirdiyinə görə, hazırda uşaqlar daha çox elektron vasitələr qarşısında zaman keçirdikləri üçün nitqləri passivləşir. Onlar ünsiyyətdən qaçdıqları üçün nitqləri inkişaf etmir, özünəqapanmalar baş verir. Uşaqlar jestlərdən və mimikalardan istifadə edərək, asan yolla ünsiyyət qurmağa başlayırlar. Hərəkətlərlə, göz-qaşla qarşı tərəfə öz fikirlərini izah etməyə çalışırlar. Bu səbəbdən də hazırda əksər uşaqların nitqində gecikmələrə rast gəlinir. Yaxud danışan zaman nitqində qüsurlar formalaşır: “Məsələn, uşaq su əvəzinə fu deyir, səsləri digər səslərlə əvəz edir. Yaxud həmin səsləri ümumiyyətlə deyə bilmir. Bunun üçün valideynlər uşaqları televizor qarşısından yığışdırmalı, onlara telefon verməməlidirlər. Valideynlər bacardıqca uşaqlarla ünsiyyət qurmalıdır. Nə qədər çox danışdırsalar, nəticə bir o qədər yaxşı olacaq. Belə uşaqları bağçaya, idmana, rəqsə qoysunlar. Yəni uşaqlarla daha çox ünsiyyətdə ola biləcəkləri bir cəmiyyətdə olsunlar. Bu zaman onların söz ehtiyatı artacaq və başlayacaqlar cümlə qurub öz fikirlərini ifadə etməyə. Əks təqdirdə uşaqların ünsiyyət lüğəti az olduğu üçün fikirlərini də ifadə edə bilməyəcəklər”.

Kəkələmələrdə 80 faiz yaxşı nəticə almaq mümkündür

“Valideynlər bilməlidirlər ki, uşağın inkişaf səviyyəsi necə olmalıdır. Yəni hansı yaş dövründə uşağın neçə söz ehtiyatı olmalıdır. Bildirim ki, 1 yaşa qədər uşaq təxminən 10 söz bilməlidir. Yaş yarım, iki yaşlı uşaqların isə 40-a qədər söz ehtiyatı olur. 3 yaşa qədər uşaqlarda isə 200-ə qədər söz ehtiyatı olmalıdır. Yaş səviyyəsi artdıqca söz ehtiyatı da artır”, – deyə Q.Ağayeva məlumat verdi.

Defektoloqun sözlərinə görə, uşaqda olan nitq ləngiməsi anadangəlmə səbəbdirsə, bu zaman nevropatoloq, psixoloq, loqoped üçlü formada işləməlidir: “Qoyulan diaqnozun nəticəsindən asılı olaraq biz uşaqdakı nitq qüsurunu konkret olaraq nə qədər müddətə aradan qaldıra biləcəyimizi müəyyən edə bilirik. Əksər hallarda biz uşağın nitqinin düzəlməsinə zəmanət veririk. Kəkələmələrdə isə 80 faiz yaxşı nəticə ala bilirik. Burada əsas odur ki, valideyn bizim tapşırıqlarımızı dəqiq yerinə yetirsin”.

“3 yaşına qədər uşaqlar texnoloji vasitələrdən uzaq durmalıdır”

Problemin psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Narınc Rüstəmova söyləyir ki, nitqində ləngimə olan uşaqlarda nevroloji problemlərdən əlavə əsas səbəb texnoloji amillərdir: “Bu problemin yaranmasında televizor, planşet, telefonun rolu kifayət qədər çoxdur. İnanın ki, saydığımız bu vasitələrə aludəçilik yaranandan sonra uşaqlarda nitq ləngiməsi çox müşahidə edilir. Bunlar bir tərəfdən ünsiyyət vasitəsidir, amma uşaqların alıcı nitqi formalaşır, verici nitqi formalaşmır. Buna görə də uşaq informasiyanı alır, amma ötürmədiyi üçün onun nitqi passivləşməyə başlayır. Məsələn, uşaq kiminləsə danışsa, onun emosiyalarına uyğun olaraq reaksiya verəcək və bununla da uşaq yavaş-yavaş ünsiyyətə təşviq olunacaq. Amma saydığımız texnoloji vasitələr buna mane olur, zaman keçdikcə passivləşdirir və uşağın ağız aparatı yatır. Buna görə də 3 yaşına qədər uşaq bu vasitələrdən tamamilə uzaq tutulmalıdır. Həmin yaşdan sonra 20 dəqiqə olmaqla istifadə edə bilər. Amma reallıqda adıçəkilən cihazlar dayə rolunu oynayır. Ana uşağı qoyur televizorun qabağına və başlayır iş görməyə. Gün bitir və bir də ayılır ki, uşaq televizorun qabağında necə sakit oturub. Hətta ana bu haldan çox məmnun olur. Deyir, televizor, planşet olmayanda uşaq mənə “qan uddurur”.  Bu hal əslində uşaqda davranış pozuntularından xəbər verir”.

N.Rüstəmovanın sözlərinə görə, problemin yaranmasına səbəb olan amillərdən biri də uşaqlara verilən əmziklərdir: “Bu vərdişlər və bir də ana südünü uzun müddət yeyən uşaqlarda həmin hallar ağız aparatı rolunu oynadığına görə, uşağın öz ağız aparatı, dişləri, damağı üçün problemlər yaradır. Bu vərdişlərin hamısı nitq ləngiməsinə səbəb olur”.

Valideynlər uşaqları ilə zaman keçirmirlər

Psixoloq məlumat verir ki, ünsiyyətsizlik problemi də nitq ləngiməsini yaradan amillər arasındadır: “Valideynlər uşaqları ilə zaman keçirmirlər. Məsələn, uşağın 3 yaşı var danışmır. Soruşuram ki, onun gündəlik qrafiki nədir? Deyir, uşaq səhər durur, yeyir, televizora baxır. Amma şikayət edir ki, uşaq oyuncaqlarla oynamır. Sual verirəm ki, ona necə oyuncaqlar almısız? O da deyir ki, məsələn, yekə ayı, yaxud bir gəlincik. Axı üç yaşlı uşaq hələ anlamır gəlincik nədir. Hər bir uşağın öz yaşına uyğun oyuncaqları və oynama şəkli var. Valideyn bilməlidir ki, uşağın əli nə qədər aktivdirsə, oyuncaqlarla oynayırsa, onları sürtür, qırır, qopardır, yığırsa, bu, uşağın ümumi inkişafına, o cümlədən nitqinə müsbət təsir edir. Uşaq kəşf edə biləcəyi oyuncaqla oynamalıdır. Rəngli, yerə atanda səs çıxara bilən, görə biləcəyi iri detallı oyuncaqları olmalıdır. Xırda detallar olmaz, çünki kiçik yaşlı uşaqlar onları uda bilər və nəfəs yoluna düşər. Amma valideyn bu mədəniyyəti uşaqda formalaşdırmır və onu qınayır. Əgər ana dizini yerə qoyub uşaqla oynamırsa, ancaq televizora baxır, yaxud planşetlə məşğul olursa, o zaman uşaq da oyuna həvəs göstərməyəcək. Əksər hallarda baxırıq ki, uşağın heç bir nevroloji problemi yoxdur, amma nitqi ləngiyir. Bu isə sadaladığımız problemlərin nəticəsidir.

Bu gün uşağın nitqinin ləngiməsinə səbəb olan amillər arasında üçüncü, dördüncü yerdə vasvası analar durur. Analar ev təmizləməkdən uşağa zaman ayıra bilmirlər. Bu da onu göstərir ki, cəmiyyətimizdə nevroz kifayət qədərdir. Ona görə də bizə ailə institutları lazımdır. Necə ki, gənclər tibbi sığortadan keçir, eynilə də psixi müayinələrdən keçməlidir. Bu, onların ana, ata kimi yetişməyinə kömək edər”.

Mənbə: ailem.az

Uşağa müstəqil yeməyi necə öyrətməli?

yemekUşaq yaxşı otura bildikdə onu daha qucaqda oturdub yedirməyin. Uşağı yemək stolunun arxasında müvafiq hündürlükdə stula oturtmaq lazımdır. Uşaq bu stulda elə oturmalıdır ki, ayaqları yerə dəysin. Ana uşağın qarşısında oturmalıdır. Əvvəlcə uşaq təzə vəziyyətə alışa bilmir, tez stuldan durmaq istəyir. Amma zaman keçdikcə uşaq oturub özü yeməyə vərdiş edir. Ana uşağının müstəqil yemək yeməyə öyrənməsini istəyirsə, uşağı stul arxasında oturdan kimi, qaşığı onun əlinə verməyə çalışmalıdır.

Ana əvvəlcə kasaya azca yemək töküb, qaşığı uşağın sağ əlinə verməli və kənardan uşağı izləməlidir. Arabir ana başqa kasadan yemək götürüb uşağın ağzına qoymalıdır. Uşağın bacarığından asılı olaraq ana onun kasasına yemək əlavə edir. Uşaq yeməyini ananın müşahidəsi altında yeməlidir. Ana uşağına yalnız kasadakı yeməkləri kasanın kənarlarından uşağın qaşığına doğru yönəltməkdə köməklik göstərir. Amma unutmaq lazım deyil ki, uşağın stol-stulu onun boyuna uyğun olmalıdır.

Uşağa stol arxasında düzgün oturmağı öyrətmək üçün lap əvvəldən vərdişlər aşılamaq lazımdır. Əvvəla uşağı öyrətmək lazımdır ki, yemək yeyən zaman stoldan qalxmaq olmaz. Əlbəttə ki, uşaqdan stolun arxasında birdən-birə tərpənmədən oturmağı tələb etmək olmaz. Bunu müxtəlif yollarla, məsələn uşaq stolun arxasından qalxanda yeməyini götürməklə cəzalandırmaq lazımdır. Uşağa başqa yerdə yeməyə icazə vermək, getdiyi yerə yeməyini aparmağa icazə vermək olmaz.

Uşaq lap əvvəlcədən qaşığı düz tutmağı öyrənməlidir. Əgər o qaşığı düz tutmayıbsa, çox incəliklə əlində düzəltmək lazımdır. Uşağı kasaya və ya boşqaba doğru çox əyilməyə qoymaq olmaz.

Mənbə: immunitet.az