Bu sualları hər gün övladınızdan soruşun

valideynÖvladınıza gündəlik ünsiyyətdə bəzi sualları verməklə siz onun fəaliyyəti, hissləri, planları haqında xeyli məlumat əldə etmiş olarsınız. Bu suallar söhbətin axıcılığına və davamlı olmasına dəstək olmalıdır və standart “hə/yox” ilə cavablandırılmamalıdır.

  1. Günün ən yaxşı (yaxud ən pis) hissəsi hansı olub?
  2. Bu gün yeni nə öyrənmisən?
  3. Dərsdə/məşğələdə kiminlə oturmuşdun?
  4. Bu gün kimə kömək etdin?
  5. Bu gün sənə kim kömək edib?
  6. Hansı fənn/dərnək sənə asan / çətin gəldi? Niyə?
  7. Müəllimən səndən razıdırmı? /Sən müəlliməndən razısanmı?
  8. Boş vaxtını necə keçirdin? Səncə bunu faydalı şəkildə necə istifadə edə bilərsən?
  9. Sabaha nə planların var?
  10. Səni nə qədər çox sevdiyimi bilirsən?

Söhbətin daha səmimi alınması üçün öz gününüzdən hadisələri danışmaqla övladınızın fikirlərini canlandırın. Bununla siz həm övladınızı daim nəzarətdə saxlamış olacaqsınız, həm də onun ən etibarlı sirdaşına çevriləcəksiniz.

Mənbə: Valideyn.az

Uşaqları toz allergiyasından belə qoruyun

otaqTozlar hər kəsin evində olan, gözlə görülməyəcək qədər kiçik olan ölçülərinin 0,1-0,5 mm arasında dəyişən mikroskopik canlılardan formalaşmışdır. Ev tozları çöldəki kirli yerlərdəki tozlardan fərqlidir.

Çünki bu əslində toz deyil, canlı həşərat, yataq həşəratları, digər bir adı ilə ev içi parazitlərdir. Yer kürəsində ilk insan qədər qədim olan bu canlılar insanın olduğu hər yerdə vardır. Çünki insan və heyvanların vücudundan tökülən saç, tük, kəpək və dəri artıqları ilə bəslənirlər. İsti və nəmli mühitləri sevirlər və tez çoxalırlar. Ev içində ən çox yataqda və yataq otaqlarında mövcud olur.

Uşaq həkimləri bildirirlər ki, bir uşağın toza allergiyasının inkişaf etməməsi üçün ev içərisində və yataq otağında alınması vacib olan tədbirlər aşağıdakılardır:

  • Yataq otağına gün işığı düşməlidir;
  • Evdə rütubət olmamalıdır;
  • Yataq, yorğan və döşəkdə yun və ya tük olmamalıdır;
  • Yataq otağı sadəcə yatmaq üçün istifadə olunmalıdır;
  • Yataq otağı sadə və əşyasız olmalıdır;
  • Yataq otağında xalça olmamalıdır;
  • Yataq otağı günlük təmizlənməli və havalandırılmalıdır;
  • Təmizlik edərkən uşağınız təmizlik edilən mühitdə olmamalıdır;
  • Yataq örtükləri həftədə ən az bir dəfə yuyulmalı və ütülənməlidir.

Mənbə: Valideyn.az

Dəcəl uşaqlar və valideynlər

cocuk-oyun-ve-aktiviteleri-3Məktəbəqədər yaş dövründə övladınız əsas həyat bacarıqlarını və müstəqil olmağı öyrənir. Bu yaşda övladınız paltarını düymələməkdən və velosiped idarə etməkdən tutmuş xəyali dostlarla oyunlara qədər geniş spektrumlu yeniliklər öyrənirlər.

Məktəbəqədər yaş dövrü eyni zamanda ən çox dəcəlliklərlə yadda qalan illərdir. Bu kiçik ailə üzvlərinizin sizdən sərbəst hərəkət etmək və qərar vermək meylləri ilə bağlıdır. Onlar öz istəkləri və arzularından və bunların qarşılanıb qarşılanmamasından agahdırlar. Bu səbəbdən də sizin “olmaz” və “etmə”ləriniz adətən narazıçılıq, qışqırıq və hətta göz yaşları ilə cavablandırılır.

Belə neqativ halların qarşısını almaq üçün ilk növbədə övladınıza kifayət qədər diqqət yetirməlisiniz. Yadınızda saxlayın ki, istənilən xoşagəlməz davranışın baş qaldırmaması üçün övladınızın təliminə sərf etdiyiniz vaxt və zəhmət, bu davranışı yaranandan sonra onu islah etməklə keçiriləndən daha azdır. Odur ki, övladınızın təlimi ilə məşğul olmaq üçün gününüzdən sırf ona həsr edəcəyiniz vaxtı ayırın. Bu vaxt ərzində ona özünə qulluq, gündəlik məşğuliyyətləri, davranış qaydaları haqqında bilik və bacarıqlar aşılamağa çalışın. Balaca dəcələ yaşına uyğun tapşırıqlar verin. Bu oyuncaqlarını toplamaq, yaxud ev heyvanına yemək vermək tapşırığı ola bilər; əsas odur ki, bu fəaliyyət zamanı övladınız özünü qərar evrmək iqtidarında və müstəqil hiss edə bilsin. Sizin ona ayırdığınız bu xüsusi diqqətə görə onun öz davranışı ilə sizə minnətdar olacağından əmin olun.

Qeyd : Bu məlumat Məktəbəqədər (4 – 6) yaş üçün nəzərdə tutulub.

Uşaqlarda müşahidə olunan stresslə mübarizənin üsulları

usaqÖvladınız stresslə üzləşibsə valideyn olaraq siz mütləq səbəbi müəyyən etməli, stressin aradan qaldırılmasına səy göstərməli, daha ciddi hallarda is mütəxəssisə müraciət etməlisiniz. Əks halda  stress fəsadları ilə övladınızın inkişafına mənfi təsir edə bilər.

Uşalarda yaranan stressi aradan qaldırmaq üçün bir neçə mühüm addım atılmalıdır:

  • Övladınızda stressə səbəb olan hadisəni müəyyən etməyə çalışın. İlk növbədə səbəbi aradan qaldırın. Məsələn, ailə üzvləriniz arasında mübahisələr, yaxud digər problemlər varsa onu övladınızın iştirakı olmadan həll edin. Xoş hadisələr də bəzən övladınız üçün psixoloji sınağa çevrilə bilər. Məsələn, ailənizə yeni körpənin gəlişi övladınızda stress yaradıbsa, onda körpəyə qarşı sevgi yaratmağa, körpəyə qulluqda onun köməyindən istifadə etməyə çalışın;
  • Övladınızdan  diqqət və qayğınızı əsirgəməyin;
  • Onunla daha çox zaman keçirin. Onun əhvalını qaldırmağa, ətrafında xoş mühüt yaratmağa çalışın;
  • Övladınızla rollu oyunlar oynayın. Bu zaman siz onun  keçirdiyi hissləri fikrə çevirməsinə, sizinlə bölüşməsinə yardımçı olacaqsınız. Siz həmçinin lazımlı məlumatları bu vasitə ilə övladınıza çatdıra biləcəksiniz;
  • Övladınızın baxdığı televiziya verilişlərinə, filmlərə, cizgi filmlərinə və s. diqqət edin. Onu zorakılıq, yaşına uyğun olmayan səhnələr sərgiləyən TV proqramlardan çəkindirin;
  • Övladınızın normal yuxu rejimini, qidalanmasını, düzgün günlük cədvəlinin tənzimləyin;
  • Ehtiyac yaranarsa mütləq mütəxəssizə müraciət edin.

Bu gün sizə uşaq şıltaqlığı kimi görünən davranış daha ciddi problemlərin göstəricisi ola bilər. Belə hallar vaxtında doğru ünvanlanmadıqda gələcəkdə həm övladınız, həm də bütün ailəniz üçün dağıdıcı fəsadlara səbəb ola bilər.

Mənbə: Valideyn.az

Uşaq otağından çıxmadan yalnız telefonla oynayırsa…

telefonHəyatımızın ayrılmaz hissəsinə çevrilən telefonlar artıq uşaqların da imtina etmədiyi bir vasitəyə çevrilib. Mütəxəssislər isə uşaqların telefondan bu qədər çox istifadə etməsinin əleyhinədir.

Bagcam.az Ailem.az-a istinadən məsələ ilə bağlı türkiyəli psixoloq Eda Yavaş Togaerin fikirlərini təqdim edir.

Mütəxəssis deyir ki, özünəinamı qeyri-kafi olan, ictimai əlaqə problemi yaşayan uşaqlar telefona daha düşkün olurlar: “Uşağa əvvəlcə telefondan çox istifadənin zərərlərini izah etmək, sonra da istifadənin məhdudlaşdırılması baxımından nümunə olmaq lazımdır. Bu bir həqiqətdir ki, uşaqlara telefonu biz böyüklər veririk. Ağıllı telefonlardan biz özümüz idarəli istifadə etməliyik ki, uşağa uyğun və doğru nümunə olaq. Uşaq ünsiyyət qurmağa başladığı andan etibarən yemək yeməsi üçün və ya işlərimizi edə bilək deyə uşağın əlinə mobil telefonu biz veririk. Uşaq televizor, cib telefonu kimi davamlı xəbərdar edən bir alətlə fokuslanmağı öyrənir. Zaman içərisində cib telefonuyla oyun oynamaq kimi daha fərqli yollarla ictimailəşməyi də öyrənirlər”.

Psixoloq söyləyir ki, uşaqlar bir-biri ilə ünsiyyət qurmaqdansa cib telefonlarına yönəlirlər: “Uşaqların telefondan istifadəsinin nə dərəcədə təhlükəli olduğunu onun bu vasitə ilə nə qədər zaman keçirməsindən anlaya bilərik. Problemli istifadə deyə bilmək üçün telefonun uşağın həyatına nə qədər təsir etdiyinə baxmaq lazımdır. Uşağınızın məktəbdə müvəffəqiyyəti yaxşıdırsa və mobil telefonunu yalnız ictimailəşmək üçün istifadə edirsə, valideynlər bir az daha rahat ola bilərlər. Ancaq uşağınız otağından heç çölə çıxmayıb yalnız telefonla oynayırsa, diqqətli olun. Çünki özünü yoldaşları içində rahat hiss etməyən və birə-bir ünsiyyətdən çəkinən uşaq mobil telefonuna yönəlir. Yalnız oyun oynamaq və ya ailə ilə vaxt keçirmək istəməmək də uşaqları telefona istiqamətləndirə bilər. Ailə bu nöqtələrə diqqət edərək uşağı çox yaxşı təqib etməli və bu suallara dəqiq cavablar verməlidir”.

Onun sözlərinə görə, telefonu uşağın həyatından tamamilə çıxarmaq da doğru deyil: “Uşaqları mütləq yaxşı anlamaq və onların telefona yönəlmələrinin səbəblərini yaxşı araşdırmaq lazımdır. Qadağalar tətbiq etmək yerinə uşaqla qarşılıqlı danışmaq və ortaq bir yol tapmaq daha faydalı və təsirli olur. Bu zaman ona telefondan çox istifadənin zərərlərini dəqiq izah etmək lazımdır. Əksinə, telefonu tamamilə uşağın həyatından çıxarmaq çox ciddi reaksiyaya səbəb ola bilər”.

Mobil telefon istifadəsi ilə əlaqədar yetkinlik dövründə yaşanan problemlərin bir az daha çətin olduğunu ifadə edən mütəxəssis bildirir ki,  bu müddət ailələrin uşaqlarla daha çox qarşıdurma yaşadıqları bir dövrdür: “Yetkin fərdə evin qaydalarını izah etmək və onu da çox yaxşı anladığınızı, ehtiyaclarına əhəmiyyət verdiyinizi diqqətlərinə çatdırmalısınız. Bu zaman övladınızla aranızda sağlam bir ünsiyyət yaranacaq. Ancaq bütün hallarda uşağın cib telefonunu nə məqsədlə istifadə etməsindən xəbərdar olmaq və daim nəzarətdə saxlamaq çox vacibdir” .

Mənbə: Ailem.az

Uşaqların gecə 9-12 saat yatmağı tövsiyə olunur

yuxuAmerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, gecə az yatan uşaqlarda 2 tip şəkərli diabetin inkişafı riski artmış olur.

Araşdırmada 9-10 yaşlı 4525 uşaq iştirak edib. Araşdırma göstərib ki, gecə vaxtı daha az yatan uşaqlarda insulinə qarşı həssaslıq aşağı idi. Bundan əlavə bu uşaqların artıq bədən çəkisi var idi. İnsulinə qarşı həssaslığın azalması və artıq çəki 2-ci tip şəkərli diabetin inkişafının əsas səbəbləridir.

The Daily Mail xəbər verir ki, Amerika Pediatriya Akademiyası 6-12 yaş arası olan uşaqlara gecə 9-12 saat yatmağı tövsiyə edirlər.

Mənbə: saglamolun.az

Ailədə iki dildə danışmayın!

loqopedHazırda günümüzün problemlərindən və valideynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir.

Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: “Uşağım danışa bilmir və 2 yaşı var. O, daha çox evdə yalnız mənimlə əlaqədə olur. Mən rus dilində danışıram. Uşağımla da bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba azərbaycan dilində danışır.

Uşağın danışmasında problem olduğu üçün, loqopedə müraciət etmişik. O arada hər iki dildə sözlər deyir. Mən nə etməliyəm? Hansı dildə bağçaya və loqopedə aparmalıyam…” .

Belə hallarda isə mənim məsləhətim o olur ki, ümumiyyətlə hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə hansı dil üstünlük təşkil edirsə, uşağa həmin dil öyrədilməlidir. Çünki dil irsi deyil, irqidir. Mütəxəssis kimi məsləhət görürəm ki, uşağın dili açılıb nitqi formalaşana kimi, bir dil seçimi etmək daha uyğundur. Əgər ata, ana rus dilli, lakin nənə, baba azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki ailəni iki dillidir və uşağınızın nitqində bu problem yarada bilər və nitqinə mənfi təsir edə bilər.

Bəs bu halda nə etməli? Əgər, siz ailənizdə iki dil istifadə edir və hər bir istifadə etdiyiniz sözləri, uşağınıza başa salırsınızsa, tərcümə edirsinizsə, doğru yoldasınız. Əgər yuxarıda göstərildiyi kimi ana rus dilli, digər ailə fərdləri azərbaycan dilində danışırsa, bu zaman uşağın bağça və ya loqopedi azərbaycan dilində olması məsləhətlidir. Ancaq bir məsələ var ki, əgər uşaqla 2 il müddətində rus dilində danışılıbsa, onu tam yığışdırmaq olmaz.

Çünki istəsək də bunu edə bilmərik və bacarmarıq. Uşağın nitqində mütləq rus dilli sözlər qalır. Uşaq ya salam verəndə, ya sağollaşanda və ya dərs müddətində, rus dilli sözləri istifadə edəcək. Ona görə də həmin anda uşağın istifadə etdiyi sözləri ona tərcümə edərək, başa salaraq, möhkəmləndirmək lazımdır. Məsələn uşağa kökü göstərdikdə, “morkovь” deyirsə, ona bunu həm kök, həm “morkovь” kimi öyrətmək lazımdır. Və hər dəfə uşaq “morkovь” dedikdə, onu başa salaraq bunun rus dilində olduğunu, demək lazımdır.

Bəs evdə valideynlər nə etməlidilər ? Məhz belə hallarda mənim şəxsən hər bir valideynə tapşırığım bu yöndə olur ki, uşağın nitqi açılıb formalaşana kimi mümkün dərəcədə azərbaycan dilində danışsınlar. Əgər uşaq danışmağa başladıqda rus dilində sözlər deyirsə və ya siz valideynlərindən rus dilində söz eşitdiyi zaman onu yönləndirməyə çalışın başa salın ki, bu eşitdiyin rus dilidir və bu söz bu anlama gəlir. Bəzən valideynə elə gəlir ki, ” əşi, uşaqdır, o, nə başa düşür?”. Amma bu adi görünsə də, diqqət edilməsi gərəkən məqamlardır.

Çünki edilmədikdə mənfi nüanslar yaradır. Əgər uşağınız dil açanda ona tərcümə edərək, hər iki dildən istifadə etsəniz uşağın nitqi ilə bağlı problem yaşamayacaqsınız. Lakin bu təbii ki mütəxəssis kimi məsləhət gördüyüm, alternativ variantdır. Yəni bu o demək deyil ki, iki dil istifadə etmək lazımdır. Yenə də bildirirəm ki, uşağın nitqi açılıb formalaşana kimi, bir dildən istifadə etmək daha məqsədyönlüdür.

Bəsirə Pənciyeva, loqoped

Ailem.az

 

Uşaqlarda heyvan sevgisi

heyvansevgisiHeyvanlar insanlara sadiq, çox yaxşı dost olurlar. Xüsusi öyrədilmiş ev heyvanları sahiblərini və yaşadıqları yeri qoruyurlar. Uşaqlarınızın da bu dostluqdan pay almaları üçün onlara heyvan sevgisini aşılamaq olar.

Həyatımızın ayrılmaz hissəsi və ən yaxın dostlarımız olan heyvanlar, uşaqların inkişafında da mühüm rol oynayır. Düzgün münasibət qurulduğu halda, empatiya qabiliyyətindən əxlaqi dəyərlərin inkişafına qədər bir çox müsbət nəticə alınır. Heyvanlarla qurulan əlaqə, uşağın yoldaşlıq hissinin inkişafına müsbət təsir edir .Bu əlaqə sayəsində, uşaq daha tolerant, daha paylaşımcı, daha anlayışlı, fərqliliyə daha açıq bir şəxsiyyət inkişaf edə bilər. Ev heyvanlarıyla böyüyən uşaqlarda məsuliyyət hissi də daha irəli səviyyədə olur .

Təmizlik mövzusunda narahatlıqlarınız varsa və uşağınız bir heyvanın məsuliyyətini almayacaq qədər kiçikdirsə, təmizlik problemi ən az olan heyvanları seçə bilərsiz. Məsələn  balıq.

Valideynlər uşaqlarının sağlamlığı baxımından evdə ev heyvanı bəsləməyə yaxşı baxmasalar da, heyvanlarla yaxın olan uşaqların sosial, zehni və emosional baxımdan inkişaf töhfəsi olduğu güman edildiyindən daha çoxdur.

Zehni inkişaf: Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Hər bir heyvan fərqli rənglərə, xüsusiyyətlərə, şəkillərə malikdir və uşaqlar bunları kəşf etməyi çox sevir. Bu uşaqlarda araşdırma, analiz etmə,  münasibət qurmaq, problem həll etmə və s. bacarıqların inkişafına köməkçi olur.

Emosional və Sosial İnkişaf: Bir heyvana nəzarət etmək məsuliyyət hissini inkişaf etdirir. Məsuliyyət götürüb, bunları yerinə yetirən uşaq bundan qürur duyur və özünə inamı artır. Dostlarının ehtiyaclarına daha həssas olmağı öyrənir.

Dil İnkişafı: Heyvanlar haqqında danışmaq uşaqlar üçün ən əyləncəli məsələlərdən biridir. Uşaqlar heyvan haqqında danışaraq həmyaşıdlarıyla ünsiyyət qurmaq şansı əldə edir. Heyvanlar üzərində danışılacaq çox şey olduğu üçün bu söhbətlər uşaqların dost olmalarına köməkçi olur. Əgər bir uşaq ev heyvanı bəsləyirsə, dostlarına ona necə baxdığını, onunla nələr etdiyini bildirməsi danışma bacarığını və söz ehtiyatını inkişaf etdirir.

Fiziki İnkişaf: Uşaqlar heyvanları təqlid etməyi çox sevirlər və onları təqlid edərkən hoppanıb tullanırlar. Bu böyük və kiçik əzələ inkişafına yardımçı olur.

Tək uşaqlı ailələrin ev heyvanı bəsləməsi daha məqsədəuyğundur. Çünki evdə uşağın oyun oynayacağı bir qardaşı  və ya bacısı yoxdur. Eyni zamanda yeganə uşaq olduğu üçün ailənin də ulduzudur və bütün diqqət onun üzərindədir. Bu səbəblə uşaq hər dediyinin həyata keçirilməsini istəyir və yox sözünü qəbul etmir. Heç bir şeyini başqaları ilə bölüşmək istəməz və hər zaman marağın onun üzərində olmasını istəyər. Evdə bir ev heyvanının olması, ana atanın onu sevdiyini və onla məşğul olduğunu görməsi əskik olduğu bu sahələrdə inkişafını təmin edəcəkdir.

Bununla yanaşı bəzən uşaqlar ailədə tapmadığı sevgini bir heyvanda tapa bilər. Maraqsız ana ataya malikdirsə və ailəsi kifayət qədər uşaqla vaxt keçirmirsə bir ev heyvanın olması uşağın yaxşılaşmasını təmin edir və özünə qapanmasının qarşısını ala bilir. Çünki uşaq sevgisini, marağını baxdığı bu heyvana verir, onla danışır, problemlərini, xoşbəxtliyini onla bölüşür, ən önəmlisi ondan sevgi görür və özünü dəyərli hiss edir.

Bu baxımdan heyvan sevgisinin terapiya təsiri də vardır. Hətta bəzi heyvanlar psixoloji problemlərin həllində terapiya məqsədilə istifadə edilir. Məsələn, Amerikada körpə itlə terapiya aparılır. Terapiya zamanı körpə it uşaqla, uşaqda körpə itlə oyun oynayır. Heyvan sevgisi içinə qapalı, dostu olmayan uşaqlar üçün də çox faydalıdır.

Bundan başqa, real həyatda müxtəlif heyvanları görməmiş, heç bir heyvana toxunmamış uşaqlarda heyvan fobiyası inkişaf edir

Göründüyü kimi bir uşağın ev heyvan bəsləməsi ona bir çox cəhətdən kömək edir. Əgər evdə ev heyvanı bəsləmə imkanınız yoxdursa ən azından imkan tapdıqca uşağınızın onlara toxunması  üçün  fürsət yaradın; Onları zooparka və fermalara aparın. Şəhərdə uşaqlar bina evlərində böyüyür və heyvanları yalnız televizordan, kitablardan tanıyırlar. Bu səbəbdən heyvanları bəlkə də ilk dəfə canlı olaraq zooparkda görmə şansı yaxalayırlar. Bu şansı yaxşı istifadə etmələrinə və bu qısa müddətdə heyvanları kəşf etmələrinə və sevməsinə icazə verin.

Heyvanlara aid filmlər izləyin. Uşaqların heyvanları tanıması və heyvan sevgisini inkişaf etdirmək üçün heyvanlarla bağlı sənədli film CD-ləri alaraq uşağınızla birlikdə izləyin. Həmçinin heyvanların qəhrəman olduğu dostluq, məhəbbət mövzulu filmləri də uşağınızla birlikdə izləyin.

Amma bu məsələdə ailələr həssas olmalıdırlar. Heyvanlar uşağınızın inkişafını artıran bir oyuncaq və ya bir vasitə deyil. Bir ev heyvan bəsləmə məsuliyyətini almayacaq bir uşağa bir ev heyvanı əmanət edib ona əziyyət edilməsinə icazə verməyin və ya  bir heyvan alıb 2-3 həftə bəsləyib təkrar geri qaytararaq bu şirin heyvanların psixologiyasını pozmayın. Unutmayın ki,heyvanlar  uşağınızı əyləndirəcək, xoşbəxt edəcək bir oyuncaq deyil. Onlar yaşayan bir canlı və onların da ürəyi, duyğuları var. Bu məsələdə çox həssas olmaq lazımdır.

Son olaraq valideynlərin etdiyi digər səhv düşüncə isə heyvanları mikrob mənbəyi görməsidir. Adətən ailələr heyvanlarla təmas edən uşağın ağzına tük qaçmasından, mikrob yoluxmasından ehtiyat edirlər. Amma lazımi tədbirlər görüb, peyvəndləri edildikdə, yəni sağlamlıq şərtlərinə diqqət ediləndə həm uşaq üçün belə bir problem olmayacaq. Yəni ev heyvanın sağlamlığına diqqət etməsi, əmək verməsi onu daha çox sevməsinə dəyər verməsini təmin edəcəkdir. Ən önəmlisi sevməyi öyrənəcəkdir. Unutmayın ki, heyvanları sevməyən insanlar insanları da sevə bilməzlər. Bunun təməlləri uşaqlıqda qoyulur.

Mənbə: Valideyn.az

Uşaqlar üçün 10 faydalı qida

qidaQidalandırıcı və balanslı qidalanma uşaqlarınızın sağlamlığını qoruya bilər. Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Ancaq bəzən ailələr uşaqlarına sağlam yemək yedirtməkdə çətinlik çəkirlər.

Bəzi ləzzətli yeməklər uşaqların aktiv həyat tərzləri üçün zəruri olan hər şeyi təmin etməyə kömək edir. Uşaqların qidalanmasında mühüm yer tutan 10 faydalı yemək aşağıdakılardan ibarətdir:

1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən bəsləyici yeməklərdən biri olan şirin kartof şəkər xəstələri üçün də yaxşı bir seçimdir, çünki qan şəkərini balanslaşdırmağa kömək edir.

2. Brokoli: liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan bütün maddələri qazanır. Əgər uşağınız brokoli sevmirsə, gizlicə yeməklərinə qata bilərsiniz. Yaxud da onu az yağlı salata əlavə edə, bununla da uşaqlarınıza bu tərəvəzi sevdirə bilərsiniz.

3. Taxıl: Çörək, kraker və yulaf kimi tam taxıllı yeməkləri uşaqlar sevirlər. Bu qidalar folik turşu, sink, dəmir və B vitamini baxımından zəngindir. Bundan əlavə, bəziləri D vitamini və kalsium ilə də zənginləşdirilmişdir. Ürək xəstəliklərinə qarşı profilaktik tədbir olaraq indidən uşaqlarınıza tam taxıllı yeməkləri verməyə başlayın. Ancaq doymamış yağ, yəni trans yağ ehtiva edən krakerdən  uzaq durun.

4. Pendir: Uşaqlar üçün əla bir qidadır, çünki uşaqlar pendiri çox sevirlər. Kalsium, zülal və B12 vitamini baxımından zəngin olan pendir sümük meydana gəlməsində çox əhəmiyyətli bir mineral olan fosfor ehtiva edir. Digər tərəfdən, araşdırmalar zamanı müəyyən edilmişdir ki, yeməklərdən sonra pendir yemək dişlərin çürüməsinin qarşısını alır. Uşaqlarınıza pendirli sendviç hazırlaya bilər, pendiri sağlam bir şorba ya da salatın içərisinə qata bilərsiniz.

5. Qatıq: pendir kimi qatığı da uşaqlarınıza sevərək yedirə bilərsiniz. Qatıq kalsium, zülal, karbohidrat, B vitamini, sink və fosfor ilə zəngindir. Bütün təbii qatıqlara təzə meyvə qataraq, daha çox qida dəyəri əldə edə bilərsiniz. Az yağlı qatığa şokoladlı cips və ya yulaf qarışığı əlavə edə bilərsiniz. Uşaqlarınız üçün başqa bir alternativ olaraq, qatığı meyvə şirəsi qataraq soyuducuda dondurub dondurma edə bilərsiniz.

6. Balıq: Balıq ilə uşaqlarınızın protein, niasin, B vitaminləri, dəmir və sink kimi maddələri olan ehtiyacını qarşılaya bilərsiniz. Omeqa 3 yağ turşuları ehtiva edən balıq beynin inkişafına kömək edir və ürək sağlamlığını qoruyur. Uşağınıza balığı sendviçlə ya da salatla yedirə bilərsiniz.

7. Qaragilə: Yetkinlər və uşaqlar üçün qaragilə ən bəsləyici qidalardan biridir. Kalium, C vitamini, lif, karbohidrat və antioksidanlar ehtiva edən çöl qaragiləsinin təzə halda hər bir uşağın qida rasionuna daxil edilməsi zəruridir. Şirin olduğu üçün uşaqlar tərəfindən sevilən bu meyvəni qatığa, ya da yulafa əlavə edə bilərsiniz.

8. Süd: Kalsium və fosfor sümüyün sağlam inkişafı üçün lazımlı iki mineraldır. Süd zülal, enerji yanacağı olan karbohidrat, A vitamini və maqnezium ilə yanaşı sümükləriniz üçün faydalı digər mineralları ehtiva edir. Tam yağlı süd 2 yaşına qədər olan uşaqlar üçün yaxşıdır, ancaq 2 yaşından sonra uşağa verilən süddəki yağ nisbəti azaldılmalıdır.

9. Yumurta: Proteinlə zəngin bir qida olan yumurta olduqca faydalıdır. Zülaldan əlavə, yumurta uşaqlar üçün lazımlı artıq bir çox vitamin və minerallarla da doludur. Bununla yanaşı A, D, E və B qrupu vitaminlərini əhəmiyyətli nisbətdə ehtiva edən yumurta içində olan kolin sayəsində beyin funksiyalarının yerinə yetirilməsində də əhəmiyyətli rol oynayır. Yumurtanı müxtəlif reseptlərlə bişirin, uşağınız hansı formada sevirsə, onu da tətbiq edin.

10. Qırmızı ət: Protein, B vitaminləri, niasin, sink və dəmirlə zəngin olan mal ətində yumurtada olduğu kimi beynin inkişafını təmin edən kolin də var. Yağ və xolesterol baxımından yetkinlərin çox yeməməli olduğu ət kiçik uşaqların beyninin və orqanizminin inkişafı üçün olduqca faydalıdır. Balanslı bir yemək üçün əti tərəvəz yeməkləri birlikdə verə bilərsiniz.

Mənbə: Valideyn.az

Rahat ünsiyyət üçün rollu oyunlar

rollu_oyun4-5 yaşında övladınız tək oyunlardan qrup şəklində oynanılan oyunlara keçid edir. Ona artıq əşyavi manipulyativ oyunlardan daha çox, sujetli, rollu oyunlara maraqlı gəlir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yetişkinlərlə ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək kimi xüsusiyyətləri inkişaf etdirir. Rollu oyunlar gələcək həyata hazırlıqda mühüm vasitədir. Bu növ fəaliyət uşağın psixi inkişafında əsaslı dəyişikliklərə təkan verir.

Gündəliyə qeyd: Siz övladlarınıza real həyatdan hər hansı bir situasiyanı götürüb rollu oyun oynamağı təklif edin. Oyunda iştirak edən hər kəs özünə personaj seçə bilər. Məsələn, biriniz həkim, digəriniz xəstə; biriniz müəllim, digərləri şagird; biriniz avtobus sürücüsü, digərləriniz sərnişin və s. kimi rol bölgüsü edə bilərsiniz. Eyni oyunu təkrar oynadıqda rolları dəyişin. Bununla övladınız özünü qarşı tərəfin yerində hiss etməyi və öz mövqeyindən fərqli mövqeyə dözümlü yanaşmağı öyrənəcək.

Qeyd : Bu məlumat Məktəbəqədər (4 – 6) yaş üçün nəzərdə tutulub.