Uşaqların qusmağı əslində faydalı imiş

Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Uşaqlar arasında isə ən çox rastlanan pozulmalar qusma vəishaldır.

Adətən buna həzm sistemindəki viruslar səbəb olur. Bu hal vücudda su itkisinə səbəb olur ki, kifayət qədər maye qəbul edilmədikdə daha ağır nəticələr yarada bilər.

Bagcam.az Medicina.az-a istinadən bildirir ki, Türkiyədə fəaliyyət göstərən özəl klinikalardan birinin pediatrı Özlem Sipahinin sözlərinə görə, şiddətli qusmalar fərqli xəstəliklərin xəbərçisi ola bilər:

“Qusma mədə bağırsaq infeksiyası xəstəliyinin əlamətlərindən biridir. Uşaqlarda görünən sidik kanalı infeksiyalarından menengitə qədər bir çox xəstəliyin ilk əlaməti olan qusma, qarın ağrısı, halsızlıq, ishala səbəb olur. Bu səbəbdən qusmağa başlayan uşağın nə qədər qusduğuna və  sidiyinin rənginə mütləq nəzarət edilməlidir”.

Pediatr əlavə edib ki, əslində ishal və qusma bakteriyaları vücuddan atmağa kömək edir:

“Uşağın qusması zamanı çox sayda bakteriya bədəndən çıxmış olur. Əks təqdirdə bakteriyaların sayı arta bilər və bağırsaq divarını deşərək bütün vücuda yayıla bilər”.

Qusma, hər uşaqda və körpədə müşahidə edilə bilən problemdir. Ancaq bəzi vəziyyətlərdə  başqa xəstəliklərin xəbərçisi ola bilər. Bunu müəyyən edən faktorlar isə qusmanın şiddəti, miqdarı və zamanıdır. Körpələrdə görünən şiddətli qusmalar, həzm sistemi ilə bağlı xəstəliklərin siqnalını verə bilər. Hətta mədə darlığı da zədənərək qusmağa yol aça bilər.

Bu zaman mütləq maye çox qəbul edilməlidir. Əgər uşaq içdiyi suyu 10 dəqiqə içərisində qusarsa, bu, su itkisindən xəbər verir. Bu zaman mütləq həkimə müraciət edilməlidir.

Çirklənmək gözəldir…

Jack Gilbert yeni ata olduğu dönəmdə uşağına daha yaxşı baxmaq üçün bir neçə fərqli tövsiyələrə əməl edirdi. “Ona antibiotikləri nə vaxt verə bilərəm və ya onun əmziyini hansı aralıqda sterilizə etməliyəm?”

Chicago Universitetində mikrobioloji ekosistemlər üzərində çalışan Gilbert, mikrobların uşaqlar üçün hansı riskləri olduğunu müəyyən etməyə qərar verdi.

Gilbert Mikroblara məruz qalmağın adətən faydalı olduğunun müəyyənləşdiyini dedi. “Yerə düşən çirkli əmziyi, əgər öz ağzınıza salıb yalasanız və sonra təkrar balaca uşağınızın ağzına qoysanız, əslində onun immun sistemini hərəkətə keçirmiş olarsınız. Bunun sayəsində immunitet daha güclü olacaqdır”.

Gilbertin bu haqda kitabı da var. Sual-cavab formatındakı bu kitab illərlə valideynlərin Gilbertə gələn çox sayda suallarını cavablayır. Bu suallardan bir neçəsini təqdim edirik:

Valideynlər nəyi səhv edir?

Ən əsas səhvlərdən biri, ətrafı həddindən artıq sterilizə etmələri, uşaqları həyətə çıxdıqda və palçıqda oynadıqlarında, çirkləndikləri anda onları içəri çağırmaları və əllərini dərhal antiseptik dəsmallarla sterilizə etmələri və üzlərinin kirlənməsinə icazə verməmələridir. Bundan əlavə onları heyvanlardan uzaq tutmaq da çox səhvdir. Sadəcə pişik və itlərdən deyil, digər heyvanlardan da uzaq tutmaları yanlış hərəkətdir. Ətrafda qrip virusu varsa, uşaqların əllərini yumaları yaxşı bir şeydir, amma əgər bir itlə oynayırlarsa və sonra o it üzlərini yalayırsa, bu heç də pis bir şey deyil. Əksinə, bu, uşağın sağlamlığı üçün də faydalıdır.

Əmzik yerə düşdüyündə yuyaq ya yalayaq?

Yalayın. 300 000 uşaq üzərində edilən bir araşdırmaya görə, əmziyi yaladıqdan sonra uşaqlarının ağzına qoyan valideynlərin uşaqlarında daha az allergiya, daha az astma  inkişaf edib.

Allergiya kimi şeylər uşaqlarımızı çox qorumağa çalışmağımızın istənməyən nəticəsidir ola bilər?

Qətiyyən. Keçmişdə, tərkibində bakteriya olan fermentləşdirilmiş qidalardan daha çox yeyirdik. Uşaqlarımızın heyvanlara, bitkilərə və torpağa  daha çox düzənli olaraq məruz qalmalarına icazə verirdik. Artıq qapalı məkanlarda və adətən içəridə yaşayırıq. Səthlərimizi sterilizə edirik. Sonra da uşaqlarımızın immun sistemləri həddən artıq həssas bir hala gəlir. Bədənimizdə nötrofil adı verilən kiçik hücrələr var və  onlar bir şey tapmaq üçün çox vaxt sərf etdikdə təcavüzkar olurlar. Və buna görə də yad bir şey gördüklərində, həddən artıq iltihablı hala gəlirlər. Astmanı, allergiyanı hərəkətə keçirən də bunlardır.

Uşağımın nələri etməsinə icazə verməyimi tövsiyə edərdiniz?

Çox vaxt uşağınızın sağlam yeməklər yeməsini təmin etmək çox çətin ola bilər. Daha rəngli və daha yarpaqlı tərəvəzlər yemələrini, şəkəri azaltmaqlarını şiddətlə tövsiyə edirəm.

Mənbə: egitimpedia.com

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq?

Bagcam.az Ailem.az-a istinadən psixoloq-konsultant Məsumə Şahmərdanlının məqaləsini təqdim edir.

Qaranlıqdan, yüksək səsdən, heyvanlardan, həşəratlardan, hətta insanlardan da qorxan bir çox uşaq tanıyırıq. Bu qorxuların miqdarı həddi keçməzsə, müsbət hal sayılıb, hətta onların üzləşəcəyi xətərlərin qarşısını almaqda gözəl amillərdən sayılır. Deməli, uşaqlarda məntiqi olmayan, həddi aşan qorxularla mübarizə aparmaq lazımdır.

Uşaqlarda qorxu hissi 1-3 yaşlarından etibarən yaranmağa başlayır. Bu qorxular valideyndən ayrılma qorxusu, yüksək səslər (göy gurultusu, tozsoran və s.), tanımadığı insanlarla qarşılaşmaq və sair kimi səbəblərdən yaranır.

4-6 yaşlı uşaqlar div, şeytan, qaranlıq, gecələr eşitdiyi qəribə səslərdən qorxmağa başlayırlar. Həmçinin 6 yaşdan etibarən uşaqlar məktəbdən, təbii hadisələrdən (sel, zəlzələ və s.), xəstəlik və uğursuzluqdan çox qorxurlar.

Uşaq və yeniyetmələrin qorxularının artmasının əsas səbəblərindən biri valideynin laqeydliyidir. Övladının qorxduğunu bildiyi halda onu öz qorxusu ilə təhdid etmək bu qorxuları daha da artırır.

Bəzi valideynlər övladlarının qaranlıqdan qorxduğunu bilə-bilə onu qaranlıq məkanlara salıb, cəzalandırmaqla tərbiyə etməyə çalışırlar. Həmçinin övladı həkimdən və iynədən qorxduğu halda onu bu vasitələrlə qorxudan valideyn hələ də az deyil. Lakin həmin bu uşaq yeniyetməlik dövrünə çatdıqda valideyn onun qaranlıqdan qorxduğunu biləndə “bizim nəslimizdə qorxaq yoxdu, sən kimə oxşadın?”, “bunlar sənin qurmalarındı, istəsən qorxmazsan” kimi sözlər deyib, onları bu işdən çəkindirməyə çalışırlar. Halbuki bu qorxaqlığın bu qədər inkişaf edib, övladının bütün vücudunu sarmasına səbəb məhz özlərinin məntiqsiz davranışları olduğunu unudurlar. Buna görə də qorxutmaqdan tərbiyə vasitəsi kimi istifadə etmək qətiyyən olmaz.

Əgər övladınız öz qorxusundan sizə söz açırsa, onun sözünü kəsmədən diqqətlə dinləyin. Çalışın ki, onu öz qorxusuyla üzləşdirəsiniz. Məsələn, qaranlıqdan qorxan uşaqla birlikdə qaranlıq otağa girin. Gah işıqda, gah da qaranlıqda onunla bir yerdə oturub, heç də qorxulu olmadığından danışın. Tək otaqda yata bilməyən uşağın qapısını açıq qoyun. Dəhlizdə işığı yanıq saxlayın. Övladınızı özünüzlə yatızdırmaqla onun qorxusunu daha da artırmayın. Düzdür, siz onu öz yanınızda yatırdanda o, rahat yatacaq və qorxmayacaq. Lakin bu qorxusuna heç vaxt qalib gələ bilməyəcək. Yaxşı olar ki, bu vəziyyətlərdə onu qucaqlayın, başına sığal çəkin və “sən güclüsən”, “sən şücaətlisən” deyin.

Həmçinin, onlara bu cür qorxuların bəzi səbəblərdən yarandığını, lakin ötəri olduğunu mütləq söyləyin. Hətta özünüzdən və başqalarından ona misallar da çəkə bilərsiniz. Məsələn, “mən də sənin kimi balaca olanda bəzi şeylərdən qorxurdum. Lakin bir az böyüdükdən sonra qorxmadım” deməklə onu rahatlada bilərsiniz. Hətta övladınızın əvvəllər qorxduğu, lakin indi qorxmadığı hadisələri yadına salıb onu cəsarətləndirə bilərsiniz.

Bəzi uşaqlar isə daha çox tüklü heyvanlardan qorxurlar. Bunlar it, pişik, siçan, hətta toyuq ola bilər. Bu cür vaxtlarda ona “adam pişikdən qorxar?”, “ayıb olsun sənə”, “sən kişisən, qorxaq olma” kimi sözlər əvəzinə, belə demək olar: “Gəl, birlikdə pişiyin yanına gedək. Bax, o, bizi görən kimi qaçdı. Deməli, pişik bizdən qorxur. Elə deyilmi?”

Övladınıza “həmişə qorxursan”, “nə vaxta kimi qorxaq olacaqsan?” demək əvəzinə bunları deyə bilərsiniz: “Sən bu problemi həll edə bilərsən”, “səni başa düşürəm, lakin bilirəm ki, özün istəsən və çalışsan, mütləq müvəffəq olacaqsan”.

Əgər azyaşlı övladınız nədənsə qorxursa, onu oyun vasitəsiylə də qorxusuna qələbə çalmağa şövqləndirmək olar. Yetər ki, seçdiyiniz obraz oyunda öz qorxularına qalib gəlsin. Övladınız da bu oyunları müşahidə etmək və sizi təqlid etməklə öz qorxularına necə qələbə çalmağı öyrənəcəkdir.

Valideynlərin diqqət etməli olduğu məsələlərdən biri də övladlarına sakit mühit yaratmalarıdır. Çünki tez-tez baş verən ailə münaqişələri səbəbiylə uşaqlarda olan qorxular daha da artır və uzun müddətli olur.

Valideynlər nələrdən çəkinməlidirlər?

1. Övladınızı qorxduğuna görə lağa qoymayın və başqalarının da bunu etməsinə icazə verməyin.

2. Onun yanında qorxulu şeylərdən danışmayın. Öz qorxularınızı üzə vurmaqla onun qorxusunu daha da artırmayın.

3. Qorxaq olduğu üçün övladınızı təhqir etməyin.

4. Qorxaq olduğu üçün övladınızı həddindən artıq qorumayın.

5. O, qorxduğu zaman əsəbləşib, üstünə qışqırmayın. Xüsusilə də əgər hazırda qorxu içindədirsə.

Uşaqlarda dırnaq yemə vərdişi

Ömründə bir dəfə də olsun dırnaqlarının “dadına” baxmayan uşaq çətin tapılar.

Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır. Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur.

Həkim-pediatr Hafizə Məmmədova bu barədə Azertag.az-ın müxbirinə deyib: Dırnaq yemək vərdişinin 3-4 yaşından tez başlamadığı müəyyən olunub. Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də, əslində bu, çox ciddi problemdir. Həmin problem nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur. Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək vacibdir, Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur.

Uşaqlarda dırnaq yeməyi tərgitməyin bir yolu onu görməzliyə vurmaq, bir müddət ona fikir verməməkdir. Uşaq yenə də dırnağını yeməkdə davam etsə, ona səbəb olan halları öyrənmək lazımdır. Uşağı bu vərdişinə görə danlamaq, qorxutmaq və ağlatmaq yolverilməzdir.

Şagirdlərinizi necə motivasiya edə bilərsiniz?

Ən yaxşı kitablar, ən yaxşı dərslər və ən yaxşı tədris vəsaitləri… Bunların hamısı şagirdlərinizi öyrətmək mövzusunda həvəsləndirmədikdən sonra o qədər də önəmli deyil. Həm daxili, həm də xarici motivasiya uşaqların uğurlu olması üçün çox önəmlidir. Müəllimlər də şagirdlərin bu motivasiyalarını təmin etməkdə və onları həvəsləndirməkdə önəmli rol oynayırlar.

Ən yüksək təhsil alan müəllim də olsanız ara-sıra uşaqlarla eyni yolda getdiyinizdən əmin olmaya bilərsiniz. İstər peşəsinə yeni başlayan, istər təcrübəli bir müəllim olun, sizə təqdim etdiyimiz bu məsləhətlərlə şagirdləri həm motivasiya edəcəksiniz, həm də bu motivasiyayla yaşamaları yönündə onları istiqamətləndirmiş olacaqsınız:

Şagirdlərə kontrol etmək hissi verin.

Şagirdlərinizə sinifdə nələr olduğunu anlamaları və bununla bağlı qərar vermələrini təmin etmək üçün imkan yaradın. Məsələn şagirdlərinizin istədikləri bir imtahan növü ya da üzərində işləyə biləcəkləri problemi seçmələrini təmin edə bilərsiniz. Bunun sayəsində edəcəkləri şeyə daha çox həvəsləndirmiş olacaqsınız.

Hədəfinizi tanımlayın.

Hədəfləri öncədən müəyyənləşməyən bir tapşırığı etmək ya da hədəfləri müəyyənləşməmiş bir sinifdə olmaq şagirdlər üçün ürküdücü ola bilər. Şagirdlərinizin həvəsləndirilmiş şəkildə işləyə bilmələri üçün onlardan nə istədiyinizi bilmələri lazımdır və bunu da həqiqətən dönəmin əvvəlində etməyinizi istəyirlər. Dönəmin əvvəlində bütün hədəflərinizi, qaydalarınızı və gözləntilərinizi onların qarşısına qoyun ki, onlar da ağıllarında hər hansı bir qarışıqlıq olmadan hədəflərinə doğru irəliləyə bilsinlər.

Təhdid olmayan bir mühit yaradın

Şagirdlər davranışlarının nəticələri olduğunu anlamağa ehtiyac duyurlar. Şagirdləri təhdiddədən çox daha motivasiya edən şey müsbət dəstəkdir. Onlar bacarıqlarını nümayiş etdirdiklərində daha həvəsli olurlar. Günün sonunda şagirdlər ətrafındakı yetkinlərin gözləntilərini yerinə yetirəcəklər. Buna görə də “edə bilməzsən” yerinə “edə bilərsən” duyğusuna fokuslanın.

Təhsil hər yerdə!

Sinif öyrənmək üçün çox gözəl bir yerdir, ancaq bütün gün sinifdə oturmaq bəzi uşaqlar üçün sıxıcı gələ bilər. Öyrənməyi daha təsirli və əyləncəli hala gətirmək üçün şagirdlərinizin sinifdən çölə çıxmasına şərait yaradın. Gəzintilər təşkil edin, mühazirə deyənlər çağırın ya da bir az araşdırma etmək üçün kitabxanalara gedin. İnsan beyni yenilikləri çox sevir və yeni bir mühit şagirdlərinizin motivasiyasının artmasına kömək ola bilər.

Şagirdlərinizə müxtəlif təcrübələr təqdim edin.

Hər şagird hər dərsə eyni reaksiya verməyəcək. Kimisi aktiv fəaliyyəti, kimisi isə sakit mühitdə kitab oxumağı ya da qrup halında çalışmağı bəyənir. Bütün şagirdlərinizi motivasiya edə bilmək üçün dərsləri bir az qarışdırın və tərzinizi dəyişin. Bunun sayəsində hər dəfə fərqli bir şey təcrübə edən şagirdləriniz bəlkə də ən sevdiyi tərzlərini tapacaqlar.

Müsbət rəqabətdən istifadə edin.

Sinifdə rəqabət həmişə pis şey deyil, hətta bəzi vəziyyətlərdə şagirdlərinizin daha aktiv olmasına həvəsləndirə bilər.

Mükafatlandırın.

Mükafatı hər kəs sevir. Şagirdlərinizə verəcəyiniz kiçik hədiyyələrlə onların motivasiyalarını yüksək tuta bilərsiniz. Məsələn, pizza şənlikləri, bərabər film izləmək kimi sadə mükafatlarla şagirdlərin daha çox çalışmalarını təmin edə bilərsiniz.

Şagirdlərə məsuliyyət verin.

Şagirdlərinizə sinifdə edə biləcəkləri kiçik tapşırıqlar verərək onların motivasiyalarını canlı tua bilər və dayanışma ruhu qazanmalarına dəstək ola bilərsiniz. Bir çox şagirdi sinifdə verilən məsuliyytləri iş yükündən çox, bunu imtiyaz olaraq görməkdədirlər və bunun üçün çalışmaqdadırlar. Eyni zamanda fəaliyyətlərdə şagirdlərin sırayla lider və məsul olmasına imkan yaradaraq, hər birinə önəmli və dəyərli oluğu hissini verə bilərsiniz.

Şagirdlərin birlikdə çalışmalarına imkan yaradın.

Şagirdlərin əksəriyyəti qrup halında problem həll etməyi, təcrübələr həyata keçirməyi, digər dostlarıyla birgə layihə üzərində işləməyi çox sevirlər. Bundan əlavə bir-biriləriylə ünsiyyətdə olan uşaqlar sinifdə olan şeylər haqqında həyəcan keçirirlər və bir-birilərini də bir məqsədə çatmaq mövzusunda motivasiya edərlər.

Həyəcanlı olun

Həyəcanınızı paylaşın. Bəli şagirdlərinizi motivasiya etməyin təsirli yollarından biri də budur. Siz öyrətmək üçün nə qədər həyəcanlı olsanız, onlar da öyrənmək üçün o qədər həyəcan duyar.

Mənbə: ustunzekalilar.org

 

 

Şaxta babanın olmadığını uşağa hansı yaşda deyək?

Yeni il yaxınlaşır və bu bayramı xüsusilə də uşaqlar səbirsizliklə gözləyirlər. Axı Şaxta baba qarlı dağlar aşaraq, çox ellər dolaşaraq məktub vasitəsilə yazıb istədikləri hədiyyələri gətirəcək.

“Şaxta baba, istəyirəm, mənə elə bir konfet gətirəsən ki, nə qədər yesəm də bitməsin”.

“Şaxta baba, salam, bilirəm ki, çox uzaqda yaşayırsan. Mənim yanıma da uçan marallar qoşulmuş faytonla gələcəksən. İstəyirəm, gələndə mənə qırmızı boks əlcəyi gətirəsən”.

“Şaxta baba, mən istəyirəm ki, mənə gəlincik hədiyyə edəsən. Amma gəlinciyimin süd əmmək üçün butulkası, boşqabı və qaşığı da olsun”.

“Mənə Max Steelin qılıncını gətirin”.

“Mən istəyirəm ki, kəpənəkli balaca çantam olsun”.

“Mən istəyirəm ki…”

Beləcə, dünyanın hər bir yerindən uzaq Laplandiyaya istəklər dolu məktublar ünvanlanır. Şaxta baba isə gecə gələrək mütləq şam ağacının altına arzu olunan hədiyyəni qoyur…

Görəsən uşaqlar hansı yaşa qədər Şaxta babaya məktub yazmağa davam etməlidir? Kifayət qədər böyümüş, 8-9, hətta 10 yaşlı uşaqlar var ki, onlar hələ də Şaxta babanı real varlıq kimi təsəvvür edərək, ona istək məktubları yazırlar. Bəs əslində uşaqlar Şaxta babaya inanmalıdırlarmı? Onlara nə zaman həqiqəti demək lazımdır?

Mövzu ilə bağlı Ailem.az-a danışan psixoloq Narınc Rüstəmova deyir ki, uşaqlarda Şaxta babaya məhəbbəti yaratmaq lazımdır: “Əslində uşaqda inam formalaşdırmağa ehtiyac var. Nəyəsə inanmağa ehtiyac duyan uşaqlarda, məhəbbət, sevgi, vicdan hissləri formalaşır. Amma bunu uşağın 7 yaşına qədər etmək lazımdır. Uşaq 7 yaşdan sonra hədiyyənin Şaxta baba tərəfindən yox, valideynləri tərəfindən gətirildiyini anlamalıdır. Elə valideynlər var ki, bunu uşağa bildirmirlər. Və bu, 7 yaşdan sonra da davam edir. Onsuz da uşaq bunu hardansa eşidir və o zaman onda bir güvənsizlik formalaşır ki, məni aldatdılar, məndən gizlətdilər. Çox zaman uşaq gəlir valideynlərinin aldığı oyuncaqları şkafın içərisindən axtarıb tapırlar. Ya da yatmırlar, gözləyirlər ki, atası, ya anası hədiyyəni nə zaman gətirib qoyacaq”.

Onun sözlərinə görə, 6-7 yaşa qədər uşaqlarda təxəyyül, fantaziya çox yüksək olur, ancaq sonradan zəifləməyə başlayır: “7 yaşa qədər uşaqlarda fantaziya güclü olur. Ona görə də Şaxta babaya inanma ehtiyacı duyur və sevirlər. Hətta biz öz oğlumuz üçün kökə bişirib, südlə bərabər şam ağacının altına qoyuruq. Deyirik ki, Şaxta baba gəlib kökəni yeyəcək, süddən də içəcək və təşəkkür hədiyyəsi verəcək bizə. O da bu şəkildə inanmaq istəyir. Burada uşağın psixoloji tutumu da əhəmiyyətlidir. Məsələn, mənim oğlumun zəka inkişaf səviyyəsi çox yüksək olduğu üçün 5 yaşından sonra anlamağa başladı ki, Şaxta baba həqiqət deyil, bizim yaratdığımız obrazdır. Bu, heç də onu zədələmədi. Çünki biz ona bunu fərqli şəkildə aşılamışıq. Hansısa oyuncağı qabağına qoyub demirik ki, bunu Şaxta baba gətirib. Deyirik ki, Şaxta babaya məktub yazaq və o sənə hədiyyəni gətirsin. Oğlum artıq bilir ki, həmin hədiyyələri biz alırıq. Amma bildiyini birbaşa bizim üzümüzə də vurmur və məktub yazır. Odur ki, bunu uşağa davranışları ilə əlaqədar bir mükafat kimi göstərmək lazımdır. Məsələn, deməliyik ki, sən yaxşı hərəkətlər edəndə Şaxta baba onları görür. Yaxşı uşaqlara yaxşı hədiyyə alır. Sən istədiyin hədiyyəni, il boyu etdiyin yaxşı hərəkətləri yaz, qoy Şaxta baba da bilsin. Bəlkə nəsə yadından çıxıb, sən yadına sal. Həmin məktubda uşaqlar yaza bilər ki, mən bu gün özümü yaxşı aparmışam, özüm çimmişəm, otağımı yığışdırmışam və sair. Əgər o, balacadırsa və yaza bilmirsə, desin, valideyni yazsın. Yaxud etdiyi işlərin şəklini çəksin. Mənim oğlum otağının şəklini çəkirdi ki, yəni mən otağımı səliqəyə salmışam. Biz həmin məktubu bəzəyib çox sevinclə şam ağacının yanına qoymuşduq ki, Şaxta baba gəlib oxuyacaq. Yəni Şaxta baba gəldi hədiyyəni verdi ilə bitməməlidir. Bu, uşaqlara ona görə aşılanır ki, onlar yaxşı qiymətlər alsın, özlərini yaxşı aparsınlar ki, ilin sonu mükafatlandırılsınlar”.

Mütəxəssis hesab edir ki, uşaqları nağıl dünyasından ayırmaq olmaz. Bu, onların vaxtından tez böyüməsinə səbəb olur: “Balaca uşağa Şaxta baba yoxdur, bunlar boş-boş şeylərdir demək düzgün deyil. Bu şəkildə uşaqları yaşından tez qocaltmağın mənası yoxdur. Belə olanda uşaqlar daha çox yüklü olur, problemlərlə yüklənir. Düşünür ki, atamın pulu yoxdur, filan şeyi istəməyim. Uşaqları çox yükləyirlər və onlar da vaxtından tez yükləndiyi üçün nevrozlar, problemlər, qorxu halları ilə üzləşirlər. Uşaqların bir az əylənməsinə, onların uşaq dünyasına da dəyər vermək lazımdır. Uşaqları həvəsləndirin, yaxşı davranışlar aşılayan Şaxta baba mesajı verin. Çünki inanclar həm də bizim dini təməllərimizi formalaşdırır. Mütləq uşaqları nəyəsə inandırmalıyıq. Ümumiyyətlə, insan nəyəsə inanmaq ehtiyacı duyur. Uşaqda da bu kimi inancları formalaşdırmaq vacibdir və uşaqların dünyasını yıxmaq olmaz”.

Uşaqlarınızla birgə ev işləri görün

Deyirlər, uşaqlar ağ səhifə kimidir. Ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir.

Uşaqlara tərbiyə vermək, onları düzgün qaydada böyütmək isə elə də asan iş deyil. Həmçinin valideynlər onlarla necə davranmaq lazım olduğunu, onların nələri sevəcəyini və onları necə sevindirmək mümkün olduğunu da bilsələr, çox yaxşı olar.

Bagcam.az Ailem.az-a istinadən psixoloq Vəfa Əkbərin uşaqları necə sevindirməklə bağlı tövsiyələrini diqqətinizə çatdırır.

– Uşaqları sevindirməyin o qədər də çətin olmadığını bilirsiniz. Düzgün üsul seçməniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almanız bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyədə, eyni ailə mühitində böyüsə də, hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyə zamanı, onlarla davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərkən və s. sizin lazımınız olacaq.

– Birlikdə ev işləri görün. Bu işləri əyləncəli vəziyyətə gətirə bilərsiniz. İşlərinizi planlayaraq, onunla birgə ev işləri görməniz marağına və sizə yardım edə bildiyi, ona güvəndiyiniz üçün xoş hiss yaşamasına səbəb olar. Avtomobilinizi təmir edərkən, evdə təmir işləri apararkən balaca oğlunuzun köməyindən yararlanın. Bu zaman siz həmçinin şəxsi davranışınızla ona nümunə olduğunuzu unutmayın.

– Ona kitab hədiyyə edin. Kitab hədiyyə etmək üçün xüsusi bir günün olmasını gözləməyin. Yaşına uyğun və maraqlı hekayələrdən ibarət kitablar övladınızın sevincinə səbəb olar.

– Birlikdə film izləyin. Film maraqlı olduğu qədər övladınızın yaşına uyğunluğuna da diqqət edin. Film izləmə zamanını övladınız üçün əyləncəli edin.

– Gəzintilər təşkil edin. Onun sevdiyi yerlərə getməniz övladınız üçün daha xoş olar. Bu zamanı ona həsr etməyə çalışın. Telefonla məşğul olmanız və digər işlərinizi gəzinti zamanına saxlamanız övladınıza xoş olmayan hisslər bəxş edər.

– Birlikdə oyunlar oynamanız onun xüsusi sevincinə səbəb olmaqla yanaşı, ona olan qayğınızın, sevginizin və diqqətinizin də göstəricisi olar. Domino, dama, şahmat, puzzle yığmaq kimi oyunlardan istifadə edə bilərsiniz.

– Birlikdə şirniyyatlar hazırlayın. Bu zaman övladınızın bu işdə özünəməxsus rolu olduğunu hiss etdirin. “Mətbəxi çirkləndirmə”, “dayan, mən edim” və s. kimi ifadələr əvəzinə “Səninlə birgə iş görmək olduqca maraqlıdır”, “Mənə kömək etdiyin üçün təşəkkür edirəm”, “Şirniyyatımız hazır olandan sonra çirkli mətbəximizi bir yerdə təmiz edərik”, “Sən edə bilərsən, amma diqqətli ol” ifadələri daha uğurludur.

– Kiçik belə olsa sevdiyi hədiyyələrlə övladınızı mükafatlandırın. Sizin qayğınız övladınız üçün hər zaman gərəklidir. Sevgiylə, qayğı və mehribanlıqla davranmanız psixoloji sağlam övlad böyütmənizin təməli olar.

Uşaqda qarın ağrısı, qusma varsa… – Valideynlərə çağırış

Bagcam.az Ailem.az-a istinadən uşaq cərrahı Murad Əlibəyovun uşaqlarda qasıq yırtığı haqda məqaləsini təqdim edir.

Qasıq yırtığı nədir?

Qasıq yırtığı valideynlər arasında daha çox “qrıja” termini ilə tanınır. Qasıq yırtığı uşaq ağladıqda, qışqırdıqda, öskürdükdə və ya oynayarkən qarındaxili təzyiqin artması ilə əlaqədar olaraq qızlarda qasıq, oğlanlarda isə qasıq-xayalıq bölgəsində findıq, qoz, yumurta və ya daha böyük ölçüdə şişkinliyin qeyd edilməsi ilə özünü büruzə verir. Adətən bu şişkinlik uşaq sakitləşdikdə və ya şişkinliyin üzərinə əllə yüngül təzyiq etdikdə qarın boşluğuna qayıdaraq aradan qalxır.

Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbi

Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbini başa düşmək üçün mütləq bətndaxili dövrdə xayanın xayalığa enmə prosesini nəzərdən keçirmək lazımdır.

Belə ki, bətndaxili dövrdə qarın boşluğundan ayrılan peritonun yataq çıxıntısı (processus vaginalis) adlandırdığımız struktur qızlarda qasıq kanalının formalaşmasına kömək edir, oğlanlarda həm də xayanın xayalığa enməsi üçün yol açır. Xaya açılan bu yolla xayalığa endikdən sonra isə peritonun yataq çıxıntısı obliterasiyaya uğrayır, yəni bağlanır. Daha sadə dillə desək, bətndaxili dövrdə qarın boşluğu ilə qasıq bölgəsi arasında bir yol olur və xaya xayalığa endikdən sonra bu yol bağlanır. Hamiləlik dövründə dölə təsir edən hər hansı daxili və ya xarici amillərin təsirindən normalda bağlanmalı olan bu yol bağlanmır və uşaq anadan olduqdan sonra qarındaxili orqanlardan nazik və yoğun bağırsaq ilgəkləri, böyük piylik, qız uşaqlarında həm də yumurtalıqlar bu yoldan keçərək qızlarda qasıq, oğlanlarda isə qasıq və xayalıq nahiyəsində sişkinliyin əmələ gəlməsi şəklində özünü büruzə verir ki, buna da qasıq yırtığı deyilir.

Rast gəlmə tezliyi

Vaxtında doğulmuş uşaqlarda bu patologiya 3-5% hallarda, vaxtından əvvəl (yarımçıq) doğulan uşaqlarda isə 10-30% hallarda rast gəlinir. Uşaqlarda rast gəlinən qasıq yırtıqlarının demək olar ki, hamısı anadangəlmədir. Oğlanlarda qız uşaqlarına nisbətən daha çox rast gəlinir. Uşaqlarda 60% hallarda sağ tərəfli, 30% hallarda sol tərəfli, 10-20% hallarda isə ikitərəfli qasıq yırtığına rast gəlinir. Sağ tərəfdə daha çox rast gəlmə səbəbi qarın boşluğu-xayalıq arasındakı yolun (processus vaginalis) sağ tərəfdə daha gec bağlanmasıdır. Klinik əlamətlər 30% hallarda 6 aydan öncə, 90% hallarda isə 2 yaşdan əvvəl özünü büruzə verir.

Kliniki əlamətləri

Bu xəstəlik qızlarda qasıq, oğlanlarda isə qasıq və ya xayalıqda şişkinliyin olması ilə özünü büruzə verir. Mütəmadi olaraq bu nahiyələrdə şişkinlik əmələ gəlir, öz-özünə və ya üzərinə əllə yüngül təzyiq etdikdə aradan qalxır.

Qasıq yırtığının diaqnozu

Uşaqlarda qasıq yırtığının diaqnozu ilk olaraq diqqətli valideyn tərəfindən qoyulur. Belə ki, həkimə müraciət edən valideyn uşağın qasıq bölgəsində ara-sıra şişkinliyin olmasını və bu şikayətlə həkimə müraciət etdiyini deyir. Həkim müayinəsi zamanı diaqnoz körpə uşaqlarda qasıq nahiyəsini işarət barmağı ilə yoxladıqda yırtıq kisəsinə məxsus qalınlaşmanı hiss etməklə və ya böyük yaşlı uşaqlarda ayaqüstü müayinə zamanı uşaq gücəndikdə və ya öskürdükdə qasıq nahiyəsində şişkinliyin əmələ gəlməsi ilə təsdiqlənir. Yırtıq diaqnozunun qoyulması adətən çətinlik törətmir, ehtiyac olarsa, şübhəli hallarda ultrasonoqrofiya (UZİ) müayinəsindən istifadə edilir.

Fəsadları

Qasıq yırtığının ən təhlükəli vəziyyəti onun “boğulmasıdır”.

Qasıq yırtığının boğulması nədir?

Qasıq yırtığının boğulması yırtıq möhtəviyyatını təşkil edən qarındaxili orqanların qasıq kanalında sıxılmasıdır. Bu zaman qasıq nahiyəsində əmələ gələn şişkinlik bərk və gərgin olur, əllə təzyiq etdikdə öz yerinə qayıtmır. Buna səbəb qasıq kanalının xarici dəliyindən çıxan yırtıq möhtəviyyatının (yoğun və nazik bağırsaq ilgəyi, böyük piylik, qız uşaqlarında  yumurtalıq) burda (qasıq kanalının daxili və xarici həlqəsində) sıxılması nəticəsində ödəmləşməsi və geriyə qayıda bilməməsidir. Bu zaman uşaqda qarında ağrı, ağlama, qusma və ümumi narahatçılıq halları qeyd edilir. Sıxılma nəticəsində yırtıq möhtəviyyatını təşkil edən orqanlarda qan dövranı pozğunluğu əmələ gəlir, bu hal təcili olaraq aradan qaldırılmarsa bu, orqanların zədələnməsinə (qanqrenasına) gətirib çıxardır. Qız uşaqlarında yırtıq möhtəviyyatını həm də yumurtalıq təşkil edə bildiyindən daha çox ehtiyatlı olmaq lazımdır. Uşaqlarda boğulmuş qasıq yırtığının 2/3 hissəsi 1 yaşa kimi rast gəlinir. Uşağın yaşı nə qədər azdırsa, boğulma riski də bir o qədər çoxdur. Belə ki, yaşamın 6 ayına kimi yırtığın boğulma riski 30% təşkil edir. Körpə uşaqların 50%-də qasıq yırtığının ilk simptomu onun boğulması ilə özünü büruzə verir. Qız və oğlan uşaqlarında yırtığın boğulma riski bir-birinə yaxın olub oğlanlarda 13%, qızlarda isə 17% təşkil edir. Sağ və ya sol tərəfdə boğulma riski isə demək olar ki, eynidir.

Uşaqlarda qasıq yırtığı boğulmasının simptomları

Boğulmanın simptomları qarında ağrı, qusma, ağlamadır. Bu zaman qasıq nahiyəsində sərt və gərgin törəmə (şişkinlik) qeyd edilir. Şişkinliyin üzərindəki dəri hiperemik (qızartılı) və ödemlidir. Uşaqda qusma, törəmənin üzərinə əllə təzyiq etdikdə kəskin ağrı, ümumi narahatçılıq qeyd edilir və yırtıq möhtəviyyatını qarın boşluğuna salmaq mümkün olmur.

Qasıq yırtığının boğulması zamanı nə etməli?

Boğulma zamanı mütləq, təcili olaraq həkimə-uşaq cərrahına müraciət etmək lazımdır. 80-90% hallarda boğulma zamanı həkimə vaxtında müraciət olarsa, bu fəsadı aradan qaldırmaq olur və qarındaxili orqanlarda heç bir zədələnmə qeyd edilmir. Uşaq cərrahı tərəfindən yırtıq möhtəviyyatı qarına salına bilinmirsə, yəni boğulma aradan qalxmırsa və ya boğulmadan uzun müddət keçmişsə, xəstəyə təcili olaraq əməliyyat təyin olunur. Nəzərə almaq lazımdır ki, boğulmadan 6 saatdan çox vaxt keçərsə, qarındaxili orqanların sıxılma dərəcəsindən asılı olaraq, bu orqanlarda qan dövranı pozğunluğu, qanqrena və ya nekroz əmələ gələ bilər. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır.

Qasıq yırtığının müalicəsi

Qasıq yırtığının müalicəsi yalnız və yalnız cərrahi üsulladır. Uşağın böyüməsini gözləmək, bandajlardan istifadə etmək və ya öz-özlüyündə qasıq yırtığının bağlanması mümkün deyil.

Əməliyyat  herniotomiya

Yüksək anasteoloji xidmətlər sayəsində yırtığın ləğvi əməliyyatı – herniotomiya uşağın 6 aylığından sonra planlı şəraitdə icra edilir. Əməliyyat açıq və ya laparoskopik icra edilə bilər. İkitərəfli yırtıqlar zamanı laparoskopik əməliyyata daha çox üstünlük verilir. Həm açıq, həm də laparoskopik əməliyyatın mahiyyəti qarın boşluğu və xayalıq arasındakı yolu (processus vaginalis) bağlamaqla yırtığın ləğvindən ibarətdir. Əməliyyat kosmetik şəraitdə  0.5-1.5 sm-lik kəsiklə aparılır. Əməliyyatdan 5-6 saat sonra xəstə evə yazılır.

Yırtığın boğulma halı olduqda və boğulmanı aradan qaldıra bilmədikdə uşağın ayından və yaşından asılı olmayaraq təcili cərrahi əməliyyat icra olunmalıdır. Əməliyyat zamanı ilk olaraq sıxılmış orqanın həyat qabiliyyəti yoxlanır (oğlan uşaqlarında boğulma zamanı xaya damarları da sıxıldığından xaya da yoxlanılır), əgər bir problem aşkarlanmazsa, orqan qarın boşluğuna salınaraq yırtığın ləğvi – herniotomiya əməliyyatı icra edilir. Yırtıq möhtəviyyatını təşkil edən orqanda qanqrena qeyd edilərsə, bu, həmin orqanın çıxarılması ilə nəticələnir.

Valideynlər nəyə diqqət yetirməlidirlər?

Uşağa qasıq yırtığı diaqnozu qoyulubsa və ya valideyn uşaqda qasıq yırtığı qeyd edibsə, xüsusən, körpə uşaqlarda bu, nəzərə alınmalı və əgər uşaqda narahatçılıq, ağlama, qusma halları qeyd edilərsə, mütləq ilk olaraq uşaq soyundurulmalı və qasıq bölgəsi yoxlanmalıdır. Əgər qasıq nahiyəsində şişkinlik qeyd edilərsə, əllə üzərinə yüngül təzyiq etməklə şişkinliyin keçməsinə çalışmaq lazımdır. Bu, mümkün olmadıqda təcili olaraq uşaq cərrahına müraciət etmək lazımdır. Qeyd olunan əlamət yırtığın boğulma əlaməti olub, mütləq aradan qaldırılmalıdır. Əks halda bu, yırtıq kisəsində sıxılan orqanın zədələnməsinə səbəb ola bilər.

Əgər uşaqda qasıq yırtıq qeyd olunubsa, valideyn əməliyyat vasitəsilə yırtığın aradan qaldırılmasına qərarlaşmalıdır. Əgər uşaqda əlavə problem qeyd edilmirsə, 6 aylıqdan sonra bu əməliyyat planlı şəraitdə icra edilə bilər. Və ya valideyn ola bilər körpə vaxtı uşaqda qasıq yırtığının olmasını bilməyib, bunu ancaq böyük yaşlarda (1-5 və ya daha böyük yaşlarda) qeyd etsin bu zaman da əməliyyatın gecikdirilməsi məsləhət görülmür. Ümumiyyətlə, 6 aylıqdan sonra uşaqda nə vaxt qasıq yırtığı qeyd edilərsə, o zaman da planlı şəraitdə əməliyyat vasitəsilə aradan qaldırılması məsləhət görülür.

Allergik körpələrə meyvə-tərəvəzi necə verməli?

Pediatrlar yeni doğulmuş körpələrin ilk 6 ay ərzində yanlız ana südü  ilə qidalanmalarını tövsiyə edirlər. 6 aydan sonra isə əlavə qidalara keçmək mümkündür. Ancaq allergiyalı uşaqların qidalanması daha fərqli olmalıdır. Çünki belə azyaşlıya hər qidanı vermək olmaz. Bu müxtəlif fəsadlar, hətta ölümə belə gətirib çıxarda bilər. Anaların bəziləri isə bu rejimdən məlumatsızdırlar. Bu səbəbdən də bəzən gərəkli olmayan meyvə və ya qidanı düzgün zamanda verməyərək uşağının vəziyyətinin pisləşməsinə səbəb yarada bilir.

Bagcam.az xəbər verir ki, məsələ ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Gülnar Qasımova, 6 aydan sonra əlavə qidaya keçildiyi zaman diqqət edilməsi vacib olan məqamlardan danışıb: “Öncə bunu qeyd edim ki, bəzən ayda 500 qr-dan az kilo artıran uşaqlarda ən tez 4 aydan sonra əlavə qidaya keçilə bilər.

1. Körpəyə ilk əlavə qidanı ən az 3 gün tək olaraq verməliyik. Əgər bu qidaya qarşı allergik reaksiyası olduğu ortaya çıxarsa, onda körpənin menyusundan çıxarılır. Onu da qeyd edim ki, hər hansı qidaya qarşı olan allergiya müəyyən zaman müddətindən sonra aradan qalxa bilir.

2. Körpəyə veriləcək ilk meyvə və tərəvəz mütləq mövsümə uyğun olmalıdır.

3. İlk olaraq verilməsi məsləhət görülən tərəvəz, kartof, yerkökü və qabaqdır. Sonra isə brokkoli, gül kələmi, boranı və s. qidalardır.

4. İlk olaraq verə biləcəyimiz meyvələrdən öncə alma və armud verilməsi məsləhətdir. Sonralar bu menyuya banan da daxil ola bilər”.

Həkim 1 yaşadək körpələrə verilməsi məsləhət olmayan qidalardan da bəhs edib:

“1-ci badımcan: tərkibində nikotin olduğuna görə, 1 yaşadək uşaqların menyusuna daxil etmək məsləhət deyil.

2-ci paxla (lobya): nadir xəstəlik sayılan “qlükoza 6 fosfat dehidrogenaz əskikliyi” olan uşaqlarda sarılığı gücləndirdiyi üçün 1 yaşadək verilməsi məsləhət görülmür.

3-cü çiyələk: pomidor, subtropik meyvələr (naringi, yəni hamının tanıdığı mandarin, kivi, portağal, feyxoa və s.) allergik olduğu üçün 1 yaşadək verilməməlidir. Çünki portağalın və mandarinin suyu asitli olduğu üçün reflüksü artıra bilir.

4-cü inək südü, bal, fındıq və yumurtanın ağı 1 yaşdan əvvəl verilməsi qəti şəkildə məsləhət görülmür”.

Bəs məsləhət bilinməyən qidalardan istifadə etdiyimiz zaman hansı narahatlıqlarla qarşılaşa bilərik?

Bu allergik reaksiyaları ilk olaraq ana necə hiss edə bilər?

“Analar uşaqda qaşıntı, səpki, dodaq və göz qapaqlarında şişkinlik, ekzemalar

Yuxarı tənəffüs orqanlarında: Burun axıntısı, asqırma, boğazda quruluq və ya boğazda qıcıqverici qaşıntı, quru öskürək

Nəfəs darlığı, xışıltılı öskürək

Gözlərdə: sulanma, qaşınma, qızartı, göz qapaqlarının şişməsi

Ürəkbulanma, qusma, qarın ağrısı, qanlı ishal (əsasən inək südü allergiyasında) yemədən imtina

Ürəkdə: taxikardiya (ürək vurğularının tezləşməsi), təzyiqin enməsi, baş gicəllənmə və hətta bayılma kimi ağır fəsadlarla qarşılaşa bilərlər”, – deyə G. Qasımova vurğulayıb.

Gülnar həkim uşaqlarda qida allergiyasının olmasının ilk səbəbinin irsiyyətdən olduğunu qeyd edib:

“Yeni allergiyasi olan uşaqların əksəriyyətində ailə üzvlərində qida allergiyası, allergik rinit, bronxit, ekzema, dermatit olduğu müşahidə olunur”.

Uşaqlarda ilkin olaraq qida allergiyası olduğu necə müəyyən edilə bilər?

Həkim bunu qan və dəri allergik testləri vasitəsi ilə təyin etmək mümkün olduğunu ifadə edib:

“Qanda IgE və qanın ümumi analizinə mütləq baxılmalıdır. 1 yaşdan sonra isə uşaqlarda allergik panel (qida ve tənəffüs) edilir. Vaxtında edilən düzgün müalicənin ve qorunan pəhrizin nəticəsində uşaqlarda əksər hallarda 11 yaşından sonra allergik reaksiyalar yavaş-yavaş keçib gedir. Yəni kiçik yaşlarda allergik reaksiya verdikləri qidalara sonralar reaksiya verməyə bilirlər.

Qandakı dəyərlərə nəzarət edilməklə uşaqlarda müəyyən yaş dövründən sonra allergik olan qidaları yavaş-yavaş menyularına əlavə edə bilərik. Bəzi qidalar təkrar olaraq allergik reaksiya verməyə bilər, ancaq istisna hallarda bəzi meyvə və tərəvəzlər daim allergik qida kimi qalırlar”.

Finlandiya uşaq bağçalarının təhsil sistemi

Finlandiyada uşaq bağçaları necə işləyir? Uşaqlara nə öyrədilir? Bu və digər suallara bu məqaləmizdə cavab tapacaqsınız.

Finlandiyada bağçalar

Finlandiyadakı uşaq bağçalarının böyük qismi bələdiyyələrə aiddir. Bunların içərisində bəzi özəl bağçalar da var. Məsələn, sadəcə macarca danışılan özəl bağçalar var. Təbii ki, özəl bağçalar da dövlətin müəyyənləşdirdiyi standartlara uyğun olmalıdır.

Finlandiyadakı uşaq bağçalarının fiziki xüsusiyyətləri:

  • Adətən bağçalar ibtidai məktəblərin yanında ayrı bir binada yerləşir.
  • Bağçaların içində oyun, yemək və vanna otaqları, paltar qurutma aparatları, mərkəzi isitmə sistemi, yeni binalarda yerdən isitmə sistemi də mövcuddur. Bağçanın həyəti, parkı, uşaq arabalarını qoya biləcəyiniz bağlı məkanları var.
  • Finlandiyada bağçaların olmazsa olmazı: Çöldə uşaqların vaxt keçirə biləcəyi və oynaya biləcəyi həyəti olmalıdır. Finlandiyada özəl bağça açmaq istəyənlər buna xüsusi olaraq diqqət etməlidirlər.
  • Uşaqların olduğu yerdə texnoloji alətlər olmur. Sadəcə olaraq uşaqların musiqi dinləyə bilmələri üçün musiqi setləri var.
  • Bağçaya ayaqqabı ilə girilməsinə icazə verilmir. Girişdə ya ayaqqabınızı çıxardırsınız, ya da baxıldan istifadə edirsiniz. Ailə istəyirsə, uşaqların içəridə geyinməsi üçün rahat ayaqqabı gətirə bilərlər.

Finlandiyada bağça qiymətləri

Bağçalar əksər insanların düşündüyü kimi ödənişsiz deyil. Ailənin ödəyəcəyi qiymət aylıq büdcəyə görə müəyyənləşdirilir. Yəni ailənin gəliri aşağıdırsa az, gəliri yüksəkdirsə, daha çox ödəyir. Əvvəllər isə ödəniş aylıq hesablanırdı. İndi yeni sistemə keçilib; aylıq ödəyəcəyiniz ödəniş uşağın bağçada keçirdiyi saata əsasən hesablanır.

Uşağı bağçaya apardığınızda və uşağı  bağçadan götürdüyünüzdə bağçadakı yumru enerji cihazına bənzər aləti səlahiyyətli şəxslərdən birinin telefonuna oxudursunuz. Bu proqram uşağın bağçada neçə saat qaldığını hesablayır.

Standart aylıq ödəniş isə 100-250 euro arasında dəyişir.

Finlandiya bağçalarında təhsil sistemi

Bağçalarda müəllimələr və dayələr olur. Müəllimlər  gün ərzində ediləcək fəaliyyətlərin və uşaqlara öyrədiləcək şeylərin planını qurur. Uşaq baxıcıları da bu planları tətbiq edir.

Finlandiyada məktəbə başlama yaşı 7-dir. Uşaqların bağçaya başlaması üçün isə 1 yaşı olmalıdır. Yəni Finlandiyada 1-7 yaşarası uşaqlar bağçaya gedə bilirlər. Uşağı bağçaya göndərmək məcburi deyil, amma ailələrin böyük bir qismi uşaqlarını bağçaya göndərir.

Finlandiya bağçalarının gün rejimi belədir:

  • Səhər 8:00 – 8:30 səhər yeməyi
  • Bir-iki saat oyun və təhsil, havaya görə həyətdə keçirilən zaman
  • Saat 11:00-da günorta yeməyi
  • Yeməkdən sonra uşqların təmizliyi, paltarının dəyişdirilməsi, əl-üzünün yuyulması
  • Saat 12:00 – 14:00 günorta yuxusu
  • Saat 14:00-da günortadan sonra yeməyi
  • Saat 14:00-dan vəziyyətə görə, içəridə oyun və ya uşaqların bağçaya çıxardılması

Havanın soyuq və yağışlı olmasına baxmayaraq uşaqların çöldə vaxt keçirmələrinə şərait yaradılır. Hava çox soyuq və yağışlı deyilsə uşaqlar hər gün bir neçə saat bağçanın həyətində oynayırlar.

Finlandiyadakı bağçalarda uşaqlara nələr öyrədilir?

Uşaqların yaş aralığına görə, öyrədiləcək mövzular da fərqli olur. 1 yaşdan 7 yaşa doğru sırayla nələr öyrədildiyindən danışsaq:

  • Əvvəlcə uşaqlara yemək yemə vərdişləri qazandırılır. Uşaqlar kiçik yaşlarından etibarən yeməkləri özləri yeyirlər.
  • Uşaqlara gün içərisində hekayələr oxunulur, mahnılar dinlədilir və uşaqların çox kiçik yaşlarından etibarən rəsm çəkməsinə təşviq edilir.
  • Uşaaqlara özünəqulluq vərdişləri qazandırılır.
  • Uşaqların əl bacarıqlarının inkişaf etməsi üçün fəaliyyətlər edilir. Kağız kəsmə, yapışdırma, dekor əşyalar düzəltmək və s.
  • Uşaqların fiziki inkişafı üçün isə bağça həyətində sərbəst oynamalarına icazə verilir və bəzən də kiçik yarışlar hazırlanır.
  • Eyni zamanda bəzi yerlərdə uşaqlara buz üstündə sürüşmək də öyrədilir.
  • Bağçalarda uşaqlara rənglər, sayılar və əşyaların adları öyrədilir.

Finlandiya təhsil sistemi möcüzəsi deyilən şey əslində sadəlik və təbiilikdir:

  • Uşaqları saatlarca bir sıraya oturdub nələrsə əzbərlətməyə çalışmaq yerinə, mümkün qədər sadə və qısa bir proqramla və hər şeyi praktik olaraq tətbiq edərək öyrənmələrinə təşviq edilir
  • Əgər uşaq immiqrant bir ailədəndirsə, əlavə proqramlar vasitəsilə dil öyrənməsinə dəstək verilir.
  • Uşağın ailəsini dini inancı da diqqətə alınan mövzular arasındadır.

Qısaca desək bağçalarda öyrədilən mövzular digər ölkələrdən çox fərqli deyil. Burada öyrətmə metodu və öyrədən şəxslərin keyfiyyəti önəmli rol oynayır. Digər önəmli faktor isə ailədən gələn təhsilin yaxşı olmasıdır. Finlandiya dünyadakı ən çox kitab oxunan ölkələrdən biridir. Kitab oxuma vərdişləri kiçik yaşlarından uşaqlara da qazandırılır.

Finlandiyada uşaq bağçasında işləmək

Bağça müəllimi ola bilmək üçün universitetdə bu bölümü bitirib magistratura səviyyəsində təhsilə sahib olmağınız lazımdır. Finlandiya uşaq bağçalarında dayə olaraq çalışmaq üçün isə ibtidai sinifin ardından peşə məktəblərinə getməyiniz lazımdır.

Finlandiya uşaq bağçalarında işləmək şərtləri çox yaxşıdır. Bağçaların əksəriyyəti həftəsonları işləmir. Adətən həftədə 5 gün, səhər 08:00-dan 17:00 arası işləyirlər. Digər ölkələrə görə ən önəmli fərq hər baxıcıya düşən uşaq sayının az olmasıdır. Məsələn 10-12 nəfərlik uşaq qrupu ilə ortalama 2-3 baxıcı maraqlanır.

Mənbə: avrupada-yasam.com