“Uşaq travmalarını oyun terapiyası ilə sağaltmaq olar”

Uşaqların kiçik yaşlarda keçirdikləri travmaları oyun terapiyası ilə sağaltmaq mümkündür.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu haqda türkiyəli psixoloq və oyun terapevti Nihat Doğan məlumat verib. Onun sözlərinə görə, oyun və oyuncaqlardan istifadə edərək depressiya, diqqət əskikliyi, travma, gecə yerini islatma, yemək və yuxu kimi problemləri həll etmək olar: “Bunun sayəsində uşaqlar özlərini ifadə edə bilirlər. Bu üsul problemlərin həllinə və ya azaltmağa kömək edən terapiya növüdür”.

Azyaşlının iç dünyasını, duyğularını anlamağın vacibliyini vurğulayan psixoloq, oyun terapiyasının əsas hədəfinin uşaqların narahat olduqları problemlərini həll etmək olduğunu bildirib: “Oyunu maraqsız əyləncə kimi adlandırmaq olmaz, son zamanlar kifayət qədər mühüm xarakter daşıyır. Böyüklər üçün sözlər nə məna kəsb edirsə, uşaqlar üçün də oyun odur”.

Mütəxəssis bu terapiyanın adətən 2-12 yaş arası uşaqlara tətbiq olunduğunu qeyd edib.

“Terapiyada seçilmiş oyun materiallarında azyaşlılar özlərini ifadə və kəşf edirlər. Terapevt uşaqların istəyini qəbul edər, amma, eyni anda sərhəd də qoyar. Çünki sərhədlər fiziki və duyğusal baxımından onları güvəndə hiss etdirər”, – deyə terapevt Doğan bildirib.

Körpələrin sağlamlığı onun döşəyindən asılıdır

Uşağın beli və bədəninin düzgün formalaşması yatdığı döşəkdən asılıdır
Körpələr üçün düzgün və sağlam yataq necə olmalıdır?
Ailə yeni doğulacaq körpənin gəlişinə sevinclə hazırlaşır. Uşaq üçün bahalı beşik, kolyaska, oyuncaqlar – hər şey alınır. Qədimdə nənələr körpə üçün xüsusi yorğan-döşək, balış tutardılar. Onun yunu, tükü təzə, yumşaq, təmiz olmalıydı. Amma indi uşaq üçün hər şey alınır, bahalı çarpayı seçilir. Lakin uşağın üzərində yatacağı döşək və balış ən ucuzu, ən zərərlisi olur. Çünki valideynlər yeni doğulmuş uşağa hər şeydən çox ortopetik yatağın vacibliyini bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, skolioz yaranır, allergiya ilə üz-üzə qalır.
Gününün yarıdan çoxunu yatmaqla keçirən körpənin yatağı ən ideal, düzgün və beynəlxalq standartlara uyğun olmalıdır. Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə, toyuq tükündən iri yastıqda yata bilməz.
Körpənin hələ formalaşmamış sümük, onurğa və daxili orqanlarının düzgün yer alması üçün hər bir valideyn övladına doğulandan rahat yataq təşkil etməlidir.
Mütəxəssislər bildirir ki, 3 yaşına kimi körpələr purjunsuz, içi natural materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. Çünki böyüklərdən fərqli olaraq yeni doğulmuş S-vari formaya yox, düz onurğaya, yumşaq sümük və əzələlərə malikdir. 3 yaşından 7 yaşa kimi uşaqlar üçünsə orta bərklikdə döşək lazımdır.
Uşaqlar üçün döşək üzləri antiallergen və mikrobəleyhinə materialdan olmalıdır. Körpələr üçün xüsusi nəmi özündə saxlamayan döşəküzləri də vacibdir.
Həmçinin uşaq matraslarında metal detallar olmamalıdır. Çünki metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizminə zərərlidir.
Körpələr üçün natural lateks və visko materialdan döşəklər ən uyğunudur.
Uşaq döşəyi aşağıdakı üstünlüklərə malik olmalıdır:
– Ventilyasiya – hava almalı
– Hipoallergen
– Ortopedik
– Düzgün ölçü
– Mikrobəleyhinə
– Keyfiyyətli üzlük
– Sərtlik
– Toz və bakteriya saxlamamalı
Uşağın boyun və başının formasını düzgün alan balış da yataqda ikinci vacib əşyadır.
Mənbə: medicina.az

Uşağa yod çəkərkən bu məqamlara diqqət edin – PEDİATR SADALADI

Əksər valideynlər uşaq bir azca soyuqlayan, yaxud öskürən kimi türkəçarə vasitələr əl atırlar. Bu sırada yod çəkmək ən öndə gedən vasitələrdən biridir. Böyüklər yod çəkərkən özlərinə faydası olduğu kimi, uşaqlara da faydalı olduğunu əsas gətirərək bunu edirlər. Amma mütəxəssislər yod çəkilən zaman müəyyən nüanslara diqqət etmək lazım olduğu barədə xəbərdarlıq edir.

Bagcam.az-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı Ailem.az-a danışan pediatr Aytən İsmayılzadə məlumat verir ki, yod dezinfeksiyaedici bir maddədir: “Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki, yod dəridən qana keçərək də eyni işi görə bilər. Amma yod qana keçərsə, bədəndə yod artıqlığına gətirə bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər”.

Həkim deyir ki, yod çəkiləndən 2-3 saat ərzində silinib gedirsə, bu, bədəndə yodun əskikliyindən xəbər verir. Əgər 6-8 saat sonra çəkilirsə, diqqətli olmaq lazımdır. Çünki bu, bədəndə yod toxluğunun göstəricisidir.

Oğlan uşaqlarının saçlarını uzatmayın

Mütəxəssislər azyaşlı uşaqların saçlarının uzadılmasına qarşıdırlar. Xüsusilə də oğlan uşaqlarının saçlarının vaxtlı-vaxtında kəsilməsinin tərəfdarıdırlar.

Bagcam.az Ailem.az-a istinadən xəbər verir ki, mütəxəssislərin belə düşünmələrinin əsl səbəbi isə psixoloji mənada uşaqların cinsi şəxsiyyətlərindən təsirlənə biləcəkləridir.

Ümumiyyətlə, mütəxəssislər hesab edir ki, valideynlər uşaqlarının saçlarını uzatmaq istəyirlərsə, 3-4 yaşından sonranı gözləməlidirlər. Bəs nə üçün saç uzatmaq üçün 3-4 yaşdan sonranı gözləmək lazımdır? Bu yaşlara qədər gecikdirilməsinin səbəbi odur ki, uzun saçlar tökülən və ya qopan zaman tüklər uşaqların əllərinə dolana bilər və bu tükləri ağızlarına apara bilərlər. Bu da uşaqlarda bir çox problemlərə səbəb ola bilər.

Şagirdlərin də hərəkət etməyə ehtiyacı var

Qısa aralarla ayağa durub dərslikləri dəyişdirməkdən başqa əziyyət dolu doxsan dəqiqə müddətində yerimdə oturdum. Ayağıma baxıram, hərəkət edir. Möhtəşəmdir deyirəm, yerimdə dura bilmirəm. Diqqətimi toplaya bilmək üçün hər şeyi edirəm. Amma səylərim boşunadır, bunu təxminən 45 dəqiqə əvvəl başa düşmüşdüm. Artıq müəllimin izah etdiklərini dinləyə bilmirəm. Məndən yaşda balaca olan Uşaqların nə etdiyini anlamaq üçün ətrafıma baxıram.

Bir orta məktəb sinfindəyəm. Dərsə diqqətini verməkdə çətinlik çəkənin tək mən olmadığını o dəqiqə başa düşürəm. Uşaqların təxminən yarısı yerlərində tərpənirlər, digər uşaqlar isə müxtəlif formalarda otururlar ya da oturacaqlarına yayılıblar. Bir uşaq birdən ayağa durub qələmini yonmağa gedir. Bir neçə dəqiqə sonra başqa uşaq əlini qaldırıb tualetə getmək üçün icazə istəyir. Əslində son iyirmi dəqiqə içində ən az üç uşaq tualetə gedib. Zehni olaraq tükənmiş vəziyyətdəyəm və gün hələ yeni başlayıb. Bütün gün müşahidə etmək niyyətindəyəm, amma bunu edə bilməyəcəm. Nshardan sonra getməyə qərar verirəm.

Bir gün belə altı saat yerimdə oturmağa dözə bilmirəm, hər gün bunu etdiyimi isə heç düşünə bilmirəm.  Bu uşaqlar buna necə dözə bilirlər? Cavabı məlumdur: onlar da dözə bilmirlər. Bədənləri uzun müddət eyni yerdə oturmağa uyğun deyil. Əslində bu qədər uzun müddət hərəkətsiz qalmaq heç birimizin bədəninə görə deyil. Bu hərəkətsizlik və davamlı oturan vəziyyətdə olmağın bədən və zehnimiz üzərində dağıdıcı təsiri var. Bədənlərimizin təbii olmayan vəziyyətlərdə qalması və hərəkət etməməsi nəticəsində əzələlərimiz zəifləyir, hissiyatımız daha az inkişaf edir.

Əgər sinifdəki çox uşaq sadəcə düzgün otura bilmək və dərsi dinləyə bilmək üçün belə səy göstərmək məcburiyyətindədirsə, bu, şagirdlərin hərəkət etməyə ehtiyac olduğunu göstərir. Əslində bunun sizin nə qədər yaxşı bir müəllim olduğunuzla əlaqəsi yoxdur. Əgər uşaqlar gün boyu yerlərində oturub dərs dinləmək məcburiyyətində qalırlarsa, bir müddət sonra beyinləri təbii olaraq özünü dayandırır, hər kəsin vaxtı boşa xərclənmiş olur.

Müəllimlər hərəkətdə olmağın faydalarını bilmirlərmi? Xeyr, bir çox müəllim hərəkətin önəmli olduğunu bilir. Bir çoxu da uşaqları gün boyunca daha çox hərəkət etdirə bilmədiyinə görə narahatlıq keçirir. “Uşaqları daima biliklə doldurmağımız gözlənilir” deyir bir müəllim. “Bu dəlilikdir! Artıq doğru olduğunu bildiyimiz formada dərs keçə bilmirik”.

Müəllimlər, həm uşaqların zərər görməsindən qorxulduğu, həm də yer və zaman qısıtlaması olduğu üçün tənəffüslərin qısaldığını deyirlər. “Çox şagird yaralanır”, deyir bir müəllim. “Valideynlər uşaqlarının dizləri ya da dirsəkləri sivrilidiyi üçün məktəbə zəng edib şikayət edirlər”. Uşaqların  artıq nəsə yemək saatları belə yoxdur. Bu sərbəst vaxtlar belə dərslərlə əvəzlənib.

Valideynlərin çoxu da tənəffüslərin müddətinin az olmağından və uşaqlarının daha az hərəkət etməsindən məmnun deyillər. Bir valideyn məktəb müdiri və idarəçilərlə danışaraq şagirdlərin məktəbdə daha çox hərəkət etməsini təmin etmələrini istəyib. Nəticə? Nahardan sonra məktəb binası ətrafında beş-on dəqiqəlik gəzinti. “Tam bir tənəffüs sayılmaz, amma ən azından yaxşı bir başlanğıcdır” deyir ana.

Müəllimlərə uşaqların məktəbdən evə getdiklərində nə etdiklərini soruşuram. Bir müəllim cavab verir: “60%-nin proqramları ağırdır. 40%-ni evdə qarşılayan kimsə olmadığı üçün istədiklərini edirlər ki, bu da adətən video oyun oynamaq olur”. “Uşaqların çox azının evə gedib oyun oynamağa vaxt tapdıqlarını deyə bilərəm”. Danışdığım iki müəllim də ən çox bir saatda bitə biləcək ev tapşırıqları verməyə çalışırlar, çünki bütün günü məktəbdə keçirdikdən sonra evdə rahatlamaya ehtiyacları olduğunu bilir.

Niyə uşaqların beş ya da altıncı sinfə gəldikdən sonra artıq oyuna ehtiyacları olmayacağını düşünürük? Onlar hələ uşaqdırlar. Əslində biz yetişkinlərin belə oyun oynama fürsətlərindən yararlana biləcəyimizi düşünürəm. Hər kəsin rahat bir vaxt keçirməyə ehtiyacı var. Bədənlərimizi hərəkət etdirməyə, reallıqdan uzaqlaşıb yaradıcı olmağa ehtiyacımız var.

Şagirdlərimiz üçün nə edə bilərik? Orta məktəb müəllimi Jessica Lahey belə deyir: “Müəllimlər adətən uşaqları sərbəst buraxsalar, onları bir daha toplaya bilməyəcəklərindən qorxurlar. Yenə də uşaqları, nələrsə öyrənə bilmələri üçün şərt olan hərəkətlilikdən məhrum etməməyiniz lazımdır. Tənəffüs şagirdlər üçün həmişə yararlıdır. Dərs deyərkən məktəbimizin arxasındakı cığırlardan çox yararlandıq. İngiliscə dərslərimin çoxunu bu gəzintilərdə edərdim. Şagirdlərimə bir mövzu verir və gəzərkən on dəqiqə müddətində bu mövzu haqqında düşünmələrini istərdim. Sonra bir yerə toplanır, mövzunu müzakirə edirdik”.

Jessica bunun şəhərdəki məktəblər üçün də keçərli olduğunu söyləyir. Uşaqlar muzeylərdə ya da parklarda gəzərək ətraflarını kəşf edib nələrsə öyrənirlər. Məktəb qayda-qanunlarının müəyyənləşdirilməsində söz sahibi olan hər kəsin ən azından bir günü sinifdə oturaraq keçirib uşaqlardan istənən şeyin nə olduğunu birbaşa yaşaması lazımdır. Beləcə nəyin doğru, nəyin yanlış olduğu mövzusunda daha yaxşı bir fikir sahibi ola bilərlər. Beləcə bəlkə də verdikləri qərarların real məktəblərdəki real uşaqlar üçün nə mənaya gəldiyini düşünməyə başlayarlar. Bəlkə o vaxt uşaqların hərəkət etməyə, oyun oynamağa və insan olaraq hörmət görməyə ehtiyac duyduqlarını fərq etməyə başlayarlar.

Şagirdlərin də hərəkət etməyə ehtiyacı var. Hər kəs kimi!

Mənbə: egitimpedia.com

Məktəb direktorunun imtahandan öncə valideynlərə məktubu

Sinqapurda bir məktəb direktorunun imtahanlardan əvvəl valideynlərə göndərdiyi bir məktub sosial şəbəkələrdə marağa səbəb olub. Bagcam.az məktubu sizinlə paylaşır:

Əziz valideynlər,

Uşaqlarınız bu yaxında imtahana girəcək. Uşağınızın uğurlu olması mövzusunda hamınızın narahat olduğunu bilirəm.

Xahiş edirəm unutmayın, imtahan verən uşaqlar arasında riyaziyyatı bilməsinə ehtiyac olmayan bir sənətçi olacaq… Tarixi ya da ingilis ədəbiyyatını önəmsəməyən bir sahibkar… Kimya qiymətləri önəmli olmayan bir musiqiçi… Fiziki olaraq fit olması, fizika dərslərindən daha önəmli olan bir idmançı olacaq… Əgər uşağınız ən yüksək balları alarsa, bu möhtəşəmdir! Amma əgər ala bilməzsə… Xahiş edirəm özgüvənini əlindən alıb qürurunu qırmayın. Onlara problem olmadığını, bunun sadəcə bir imtahan olduğunu söyləyin. Həyatda çox daha böyük şeylər üçün uyğun ola bilərlər. İmtahandan neçə alırlarsa alsınlar, onları sevəcəyinizi və günahlandırmayacağınızı onlara söyləyin.

Xahiş edirəm bunu edin və bunu etdiyinizdə… uşaqlarınızın dünyanı fəth etməsini izləyin. Bir imtahan ya da zəif bir bal, xəyallarını və istedadlarını əllərindən ala bilməz. Və həkimlərin, mühəndislərin dünyada tək xoşbəxt insanlar olduqlarını düşünməyin.

Hörmətlə,

Uşaqlarınıza “yox” deməyi öyrətməsəniz…

“Uşağa birinci dərəcə qohumu olsa belə, bədəninə toxunmaq istəyən birinə “xeyr” deməsini öyrədin”.

Türkiyənin Üsküdar Universitetinin rektoru, psixiatr Nevzat Tarhan bununla bağlı açıqlama verib.

Rektor bildirib ki, uşaqlara “xeyr” deməsini öyrətmək lazımdır. Rektor son vaxtlar gündəmdə olan uşaq istismarı və uşaqların mövcud təhlükələrdən qorunması ilə bağlı məlumat verib.

“Uşaq yeriməyə başlayandan ona məhrəmiyyət anlayışı öyrədilməlidir. Uşağın bədənində özəl bölgələr var. Onda pis təəssürat yaratmasın deyə “alt paltarlarının olduğu bölgələrə səndən başqa heç kim toxuna bilməz. Sən icazə vermədən həmin bölgələrinə biz belə toxuna bilmərik”, deyərək uşağı bu mövzuda məlumatlandırmaq lazımdır”.

Psixiatr tualetin öyrədilməsindən sonrakı dövrün önəmli olduğuna diqqət çəkib:

“Xüsusən də, məktəb yaşlarında uşaqlara onların bədəninə toxunmaq istəyənlərə “xeyr” demək bacarığı aşılanmalıdır. İstismar yaxın çevrəmizdən gəlir. Cinsi istismar son nəticədir. Bundan əvvəl, “emosional laqeydlik”, “emosional istismar”, “fiziki laqeydlik” və “fiziki istismar” halları yaşanır.

Aparılan araşdırmalara görə, bu 4 məqamdan sonra uşağa qarşı cinsi istismar 60-70 faiz hallarda onların yaxınlığındakı birindən olur”.

Psixiatr ailələrdə uşaqlara qışqırmağı öyrətməyi tövsiyə edib:

“Uşağın istismara məruz qalmasından şübhələnsəniz belə, ondan birbaşa soruşmağa çalışmayın. Bir oyun əsnasında, uşağın özünü rahat hiss etdiyi yerdə ona diqqət edin. Xüsusən də, oyun zamanı oyuncaqlarının düzülüşü və qurduğu oyun zamanı o yaşadığı hadisələri təqlid edəcək”.

5 yaşdan sonra uşaqlar söz və duyğu ifadəsi anlayışı yavaş-yavaş başladığını deyən rektor uşaqlarla güvən duyğusu qurulduğu halda onların problemlərini rahatlıqla valideynlərinə aça biləcəyini ifadə edib.

Bacı və qardaşları ilə fərqli yataqlarda yatmasının vacibliyinə toxunan professor uşaqlarda məhrəmiyyət anlayışının öyrədilməsinin mütləq olduğunu deyib.

Mənbə: Publika.az

Uşaqda qıcolma 2 dəfədən çox təkrarlanarsa…

Valideynlər üçün uşaqlarının sağlamlığı dünyadakı hər şeydən öncə gəlir. Hər kəs övladının sağlam böyüməsini istəyir. Təbii ki, valideynlər nə qədər çalışsa da, onlar müəyyən xəstəliklərə yoluxur, səhhətində hansısa problemlər yaşayırlar. Xüsusilə də azyaşlı uşaqlar arasında qızdırma hallarına çox rast gəlinir. Uşaq qızdırdıqda hansısa dərman preparatları verilir, yaxud təbii üsullarla temperaturu aşağı salmağa çalışılır. Əksər hallarda qızdırma uşaqda heç bir fəsad yaratmır, amma bəzən onda qızdırma nəticəsində qıcolmalar baş verir. Mütəxəssislər isə bu kimi hallarda valideynləri diqqətli olmağa çağırır.

Bagcam.az-ın Ailem.az-a istinadən verdiyi xəbərə görə, Nevroloq Rima İbadova bildirir kiqızdırmadan olan qıcolmalar (febril) çox zaman təhlükəsiz sayılır: “Amma valideyinlər diqqətli olmalıdırlar. Bu kimi hallarda müəyyən əlamətlərə fikir verməlidirlər. Məsələn, əgər qıcolma 3 aydan erkən və ya 3 yaşdan gec, temperatur 37,5-ə qədər olarsa, fikir vermək lazımdır. Həmçinin sutkada 2 və daha çox təkrarlanarsa, müddəti uzun sürərsə, fokal nevroloji defisit qoyarsa, ailədə epilepsiya hekayəsi varsa, bu hallarda qıcolmalar daha ciddi səbəblərdən qaynaqlana və gələcəkdə epilepsiya xəstəliyinə keçə bilər”.

R. İbadova vurğulayır ki, xüsusən tez-tez febril qıcolma keçirən uşaqlar risk altındadır: “Onların gələcəkdə mezial temporal skleroza bağlı davamlı qıcolma keçirmə riski yüksəkdir. Həmçinin ağır epileptik ensefalopatiya olan Drawet sindromunun da ilk olaraq febril qıcolma ilə başlandığını yadda saxlamaq lazımdır”.

Nevroloq qeyd edir ki, bəzən valideynlər febril qıcolma ilə digər halları səhv sala bilərlər. Daha çox səhv salına bilən hallar aşağıdakılərdır:

Riqor  – Yüksək temperatur fonunda huşun itməsi ilə paroksizmal titrəmələr və ya əzələ spazmlarıdır, daha çox bakteremiya ilə bağlıdır.

Refleks anoksik ataklar – Yüksək temperaturdan olan ani bayılmalar (vaqal senkope)

İstənilən halda febril qıcolmanın təhlükəsi ilə bağlı qərarı həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.

“Uşaqlarda şəxsi mülkiyyət duyğusu yaratmaq lazımdır”

Ailədə uşağın tərbiyəsi çox önəmlidir. Təbii ki, zaman-zaman  ailədə baş verən problemlər, uşaqlara kifayət qədər vaxt ayrılmaması, onlara nəzarətin azalması müəyyən dövrdə özünü büruzə verir. Bəzən isə nəticələrinin çox ağır olduğunun şahidi oluruq.

Araşdırmalara görə, dünyada daha çox yəhudi xalqı öz övladlarına zaman ayırır. Bu xalqın nümayəndələri övladlarına qarşı xüsusi həssaslıqla yanaşır, onların tərbiyəsi ilə hələ erkən yaşlarda məşğul olmağa başlayır. Xüsusən də yəhudi analar övladları ilə çox zaman keçirir. Nəticədə bu cür şəraitdə böyüyən uşaqlar gələcəkdə bütün sferalarda olduqca böyük uğur qazanır.

Bəs övladlarımıza necə nəzarət edək, tərbiyələndirək? Bagcam.az Ailem.az-a istinadən bildirir ki, mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli danışıb: “Hazırda apardığım müşahidələrə görə, valideynlərin öz uşaqlarından şikayət etməsinin əsasında düzgün tərbiyənin olmaması durur. Tərbiyənin özündə bir müəyyən qədər axsama var, bu anlayışı doğru anlamırlar. Çünki bildiyiniz kimi, adətən ”tərbiyəli” və yaxud “tərbiyəsiz uşaq” sözlərindən istifadə edilir. Bu sözdən istifadə edilməsinin özü bir səhvdir. Bir insanı terrorist, oğru, cinayətkar kimi və yaxud hansısa peşəyə yiyələnmək üçün tərbiyələndirmək olar. Yəni bu, neqativ və ya pozitiv ola bilər. Lakin biz tərbiyə sözünü ancaq pozitiv anlayırıq.

Mənə ünvanlanan şikayətlər əsasən bundan ibarət olur – niyə mənim uşağım əsəbidir, sözə qulaq asmır, yalan danışır?

Bütün bu sualları müxtəlif yaş qrupunda olan uşaqların barəsində səsləndirirlər. Amma gəlin görək uşaq niyə oğurluq edir və sairə. Diqqət edəndə görürük ki, həmin uşaqlar nəyi necə etməyin qaydalarını bilmir. Əslində uşaqların tərbiyəsi üçün valideynlərə düzgün “yol xəritəsi” vermək lazımdır. Bəzən şahidi oluruq valideyn deyir ki, “mən uşağın düzgün tərbiyə edilməsi üçün əlimdən gələni etmişəm, hər zaman ağıllı məsləhətlər verir, bəzi şeyləri qadağan edir, istədiklərini alıram, amma tutaq ki, harasa qonaq gedib gələndə görürəm ki, başqa uşağa məxsus olan oyuncağı və ya əşyanı özü ilə birgə gətirib”. Bu zaman mən valideyni qınayıram. Çünki araşdıranda məlum olur ki, evlərində hər şey ümumidir, uşaqlar bir-birinin əşyalarından istifadə edir, paltarlarını geyinir. Belə olan halda valideynə başa salıram ki, uşaq görəndə ki, əşyalar  ümumidir, başqasının əşyasını özü ilə aparır, bəzən də bunu oğurluq kimi qəbul etmir. Buna görə də uşaqlarda şəxsi mülkiyyət duyğusu yaratmaq lazımdır.

Tez-tez şahidi oluruq ki, ailələrdə uşaqlara qarşı çoxsaylı qadağalar qoyulur. Nəticədə görürük ki, məsələn, evdə şalvar geyinən qız kənarda mini ətək geyinir. Və yaxud oğlan evdə yalan danışır, amma kənarda siqaret də çəkir, spirtli içki də içir. Beləliklə, uşaqlarda daim tənbeh olunma qorxusu yaranır. Düşünür ki, etdiklərinə görə tənbeh, tənqid olunacaq. Nəticədə həmin uşaqlar nəzarətdən çıxır. Halbuki uşağı nəzarət altında saxlamağın ən düzgün yolu bu cür qadağaları, qınayıcı yanaşmaları yığışdırmaqdır. Əgər uşaq siqaret çəkirsə, bunu çəkinmədən valideynin yanında çəkməlidir. Onun bütün neqativlərinə o qədər də qorxulu, avtoritar davranmamaqla, başa salmaq, izahla uşağı rahat şəkildə nəzarətdə saxlamaq olar. Bunun üçün isə övladlarımıza kifayət qədər zaman ayırmaq lazımdır”.

Müvəffəqiyyətsiz şagirdlər bizə nəyi xatırlatmağa çalışır?

Məktəblərimiz hər şeydən əvvəl ləyaqətə əsaslanan sistemlə fəaliyyət göstərir: Şagirdlərə notlar verilir, müvəffəqiyyət səviyyəsinə görə qruplara bölünür və mükəmməl nəticə göstərənlər mükafatlandırılır. Hansı səbəblə olursa olsun, əgər bir uşağın göstəriciləri gözlənilən olmursa, əksərən dəftərə onun haqqında mənfi qeydlər yazılır: “Qeyri-kafi oxuyur”, “Çalışqan deyil” və ya “İmtahan nəticəsi zəifdir” və s.

Bu sistemin nəticəsidir ki, müəllimlər şagirdlərini hər şeydən əvvəl imtahana girib bal alan insanlar olaraq görməyə başlayıblar. Bu ən yüngül deyimlə, əsəb pozucu bir vəziyyətdir. Balların, əslində öyrənmək ilə çox az əlaqəsi var.

Yetişkinlərin, balları yüksək olan şagirdi yaxşı, zəif olanı isə elə də yaxşı olmayan uşaq olaraq görməsi, məktəblərimizdə öyrəşilmiş bir vəziyyətdir.

Travmalarla mübarizə edən məktəblər və müəllimlər olmağa çalışarkən bilməliyik ki, cari sistem bir uşağı təkcə imtahan nəticəsinə əsasən  “müvəffəqiyyətli şagird” deyə etiketləməyimizə imkan verir.  Bu, artıq mövcud travmaları ağırlaşdıra, həmçinin əvvəl travma yaşamamış uşaqları travma yaşada bilər.

Məhz buna görə də əgər bir şagird  yaxşı nəticələr, inkişaf göstərmirsə, dayanıb düşünməli və o uşağın hərəkətlərini izləməliyik. Hər cür dikbaşlıq və qarşı çıxmanın altında yatan səbəbləri də başa düşməyə çalışmalıyıq. Bunun sayəsində uşağın üzərinə yapışıb qalmış – və böyük ehtimalla travma yaradan – etiketlərin “lənət”ini aradan qaldıra bilər və bu uşağı daha real formada tanımaya başlaya bilərik. Bunu etdiyimizdə 7 və ya 17 yaşında olsun, o uşağın bizə nəyi deməyə çalışdığını daha yaxşı görə bilirik.

  1. Mən yığdığım ballarım deyiləm. Bir az savadım olsa da, müsbət qiymətlər almağı və ya tapşırıqlardan yüksək xallar toplamağı bacarmıram. Pis not alacağımı bildiyim üçün bunun üçün çox vaxt səy belə göstərmirəm. Həqiqətdə kim olduğumu göstərə bilmək üçün, ballarla, yanaşı başqa yolların da olmasını istəyərdim.
  2. Mən xəyal qırıqlığı deyiləm. Məktəb çətindir və müəllimlərimə xəyal qırıqlığı yaşatdığımın fərqindəyəm. Bundan əlavə, qrup olaraq işləyəndə sinif yoldaşlarımın da məyus olmalarına səbəb oluram. Buna görə də hər gün, özüm haqqında düşünməyə çalışıram. Nəyi doğru etmirəm? Kaş ki mətkəbdə, sadəcə səhv etdiyimiz şeylərə deyil, doğru etdiyimiz şeylərə də baxa bilsəydik.
  3. Mənim səviyyəmə enin. Edə bildiyim şeylər var – tam sizin istədiyiniz kimi və bu dəqiqə olmasa da. Kaş ki daha çox zamanım olsaydı. İstərdim ki, verilən tapşırıqlar mənə daha çox şey ifadə etsin. Məktəbdə edilənlərin çoxu tələsiyə gətirilmiş və ağıl qarışdıran şeylərdir.
  4. Əl çəkməyin. Mənə çatmağın bir yolunu tapın. Niyə başa düşə bilmədiyimdən əmin deyiləm. Səbəbini tapmaq üçün birinin səy göstərməsini gözləyirəm. Etmək istəmədiyimdən deyil, bilirəm bəzən beləymiş kimi görünür. Böyüklərin mənə suallar verməsi mənə yaxşı təsir edir. Bunu hər gün etmirəm, amma bəlkə bir gün bacararam.

Məktəblərimizdə notlara və imtahanlara həddən artıq önəm verən bu zərərli sistemin dəyişməsi üçün səfərbər olmağımız, uşaqların zəif yönlərinə fokuslanan yanaşmanın tərk edilməsi üçün əlbirliyi ilə hərəkət etməyimiz lazımdır. Ləyaqət əsaslı ənənəvi sistemi aradan qaldıracaq, uğursuzluğun, neqativliyin və əskikliyin tərifi olan zəif bir notla – bəlkə də illərdir – etiketlənmiş olan uşaqları təbrik etməyin, övməyin, mükafatlandırmağın yollarını tapmalıyıq.

Mənbə: egitimpedia.com