Uşaqların öyrəndiklərini ölçə bilmərik

Dünən üç və dörd yaşındakı uşaqlarımla birlikdə parka getdik. Skamyada əyləşib onları izləyirdim. Həmin anda parkda olan iki oğlan uşağı yelləncəyə minmək istədiklərinə qərar verdilər. Əyləşdikdən sonra uşaqlardan biri mənə tərəf dönüb “Tom müəllim, siz də bizi itələyin” dedi.

Mən də “Təəssüflənirəm, mən skamyada oturmaqla məşğulam. Başqa birini tapmalısınız” deyərək cavab verdim ona.

İlk uşaq məni razı salmağa çalışarkən, ikincisi “Mən qardaşımı çağıracam. O mənim sevdiyim şeyləri etməyi sevir” dedi və sinif yoldaşları olan tərəfə qaçdı. Onlara “Bizi kim yelləmək istəyər?” deyə çağırdı. Ancaq digər uşaqlar onu görməzdən gəldilər, o da yelləncəyə tərəf geri döndü. Yelləncəyə çıxdığı sırada, yelləncəyi ayağı ilə yüngülcə tərpətdi və iki uşaq yavaş-yavaş yellənməyə başladılar.

Yelləncəyin yellənmə sürəti azalmağa başladığı sırada ora bir neçə qız uşağı yaxınlaşdı. Onlardan istənilmədiyi halda yelləncəyi itələməyə qərar verdilər. Oğlanlar bu vəziyyətə çox sevindilər. Birlikdə çalışan qız uşaqları yelləncəyin sürətini artırmağı bacardılar və sonra aralarından ikisi oyuncağın üstünə atlandılar. İkili və üçlü qrup halında fırlanan yelləncəyə yönələn uşaqların sayı getdikcə artırdı və bir neçəsi minmədən öncə oyuncağı yelləyirdi. Oyuncağa minən iki uşaqdan biri başını arxaya ataraq “Budur, fırlanmaq vaxtıdır!” deyərək mahnı oxumağa başladı.

Bu uşaqlar nələrsə öyrənirdilər, çünki oyun oynayarkən həmişə yeni şeylər öyrənirik. Uşaqların bu oyun zamanı öyrəndikləri ilə bağlı siyahı, hesabat hazırlaya bilərdim. Bu hesabatları günümüzdəki hesabatlarla qarşılaşdırıb və bu məlumatları uşaqların aylar ərzində nələr öyrəndiklərini bilirmiş kimi etmək üçün istifadə edə bilərdim. Bunun sayəsində uşaqların inkişafını və geridə qalmış uşaqları müəyyənləşdirə bilərdim. Digərlərinə çatsınlar deyə bu geridə qalmış “yazıq” uşaqlara yelləncək tapşırığı verməyimi təmin edəcək bir “əvvəl və sonra testi” belə hazırlaya bilərdim. Yelləncəklə bağlı önəmli olduğunu düşündüyüm ünsürləri əsas alaraq və fərqli ölçülərə dayanaraq uşaqları sıralaya da bilərdim.

Bütün bunları edərkən uşaqların nələr öyrəndiyinə dair ən balaca ipucu belə tapa bilməzdim və üstəlik daha çox məhsuldar bir iş edə biləcəyim yerdə önəmli bir vaxt dilimini xərcləmiş olardım. Başqa insanların nələr öyrəndiyini bilə bilmərik. Yelləncəyin üstündəki uşaqların hər biri fərqli, bənzərsiz və təkcə öz həyatlarına tətbiq edə biləcəkləri şeylər öyrənirlər. Öyrənməyi reallaşdıran şəxs daxil çox vaxt heç bir test, qeyd ya da məlumat bu reallığı dəyişdirməyəcək.

Uşaqların oyun oynadıqları üçün öyrəndiklərini bilmək içimi rahatladır. Çünki başqa seçimim yoxdur: Uşaqların nələr öyrəndiyini bilirəm demək, bir yalana inanmağa bərabərdir. Bu, uşaqların əhvalını pozmaq olar və mən belə bir şeyə bilərək ortaq olmayacam.

Mənbə: egitimpedia.com

Uşaqların təbiətə həmişəkindən daha çox ehtiyacı var

Bu günlərdə uşaqlarımızın həyatları stressli və ağır keçir. Məktəb, tapşırıq, idman və ya digər tədris planından kənarda baş verən fəaliyyətlər bütün həftələrini doldurur və adətən həftə sonları da bunlarla məşğul olurlar. Sanki araya başqa heç nəyi salacaq vaxt yoxmuş kimi hiss edirik. Amma elə bir vaxt olmaq məcburiyyətindədir. Çünki, uşaqlarımızın həyatlarında təbiətdə vaxt keçirməyə və macəra yaşamağa ehtiyacları var. Bunu onlara biz valideynlərdən daha yaxşı kim modelləşdirə bilər ki? İddia edirəm, etdikləri çox proqramlanmış fəaliyyətdən daha vacib bir şey açıq havada vaxt keçirməkdir. Təbiət və macəra, uşaqların çox yönlü yetkinlərə çevrilməsinə böyük təsir edir.

  1. Uşaqların proqramsız həyatın nəyə oxşadığını öyrənmə azadlığına ehtiyacı var.

Bu gün bazarda gələcək nəsil və onların yaşayacaqları təzyiq dolu həyatlar və uğursuz olmayacaqları inancı ilə bağlı bir neçə kitab var. İcazə verin, həyatlarının bəzi hissələrində uğursuz olsunlar. Açıq hava yeni şeylər yoxlamaq üçün mükəmməl bir fürsətdir. Təbiət fəaliyyətlərində güclənmək çox çalışmaq tələb edir, amma həqiqi mənada uğursuzluq deyə bir şey yoxdur, mütəmadi olaraq yoxlamağa davam edirsiniz. Lisey şagirdi olan oğlumla dağa dırmaşmağn, təbiət gəzintisinə getməyin və bərabər səyahət etməyin ona tarazlıq və fərqli baxış bucaqları qazandırdığını müşahidə etdim. Artıq mütəmadi olaraq dağa dırmaşır və həftə sonlarında təbiət gəzintilərinə gedirik. Bunun sayəsində məktəb həyatına daha real bir gözlə baxa bilir. Uşaqlarımızı erkən yaşdan etibarən çölə çıxardaraq açıq havada bol vaxt keçirmələrini təmin etməyimiz onların çox işinə yarayır. Ancaq unutmayın, bunun üçün heç vaxt gec deyil.

  1. Hər yaşdan olan uşağın təbiətlə bağ qurmağa ehtiyacı var.

Təbiəti kəşf etməyin alternativi yoxdur. Hər uşaq təbii mühitə bəlkə də asanlıqla çata bilmir, amma bunu təmin etmək üçün çalışan bir çox proqram və fəaliyyət mövcuddur. Təbii mühitlərə çatımlılığınız varsa, uşaqlarınızın təbiətlə əlaqə qurmasını təmin edin. Başlanğıc səviyyəsində təbiət gəzintiləri edə, xizəyə minə, çiyin çantasıyla səyahət edə və ya təbiətdə şəkil çəkə bilərsiniz.

  1. Uşaqların dinlənməyə və rahatlamağa ehtiyacı var.

İcazə verin sıxılsınlar! Uşaqlarınızın təbii bir mühitdəykən özlərini necə əyləndirəcəklərini öyrənmələrini təmin edin. Övladlarımdan biri düşərgədəykən ya da çay kənarında vaxt keçirərkən gününün yarısını daşdan strukturlar inşa etməyə ayırdı. Böyük oğlum isə qamaka uzanır və göyə baxaraq yorğunluğunu atırdı. Bu qədər. Bu, həyəcanverici şeylər deyil, amma onlara çox yaxşı təsir edirdi.

Mənbə: egitimpedia.com

Xoşbəxt uşaq böyütməyin 3 yolu

Xoşbəxt uşaq böyütməyin əsas 3 yolunu təqdim edirik:

1. Sevgi

Hər ana və ata uşağına sevgi göstərir. Amma, bu sevgini necə göstərirsiniz? Şərtlərin və istəklərin üstünə qurulmuş sevgi bağı, güvən problemi yaradacaq dəyərsizlik hissi yaradacaq. Hər uşaq şərtsiz sevildikdə, sevməyi öyrəndikdə hüzur tapır. Şərtsiz sevgi xoşbəxtliyin açarıdır.

2. Mükəmməlikdən uzaq olun

Uşağınızdan mükəmməl olmasını gözləmək həm onu, həm də sizi yorar. Heç kim mükəmməl deyildir. Uşaqlar hər yaşda bir işi bacardıqlarını hiss etmək istəyərlər. Bu hal onları gücləndirər. Uğurla dəyər hissini qarışdırmayın. Bacarmadıqları işə görə onlara dəyərsiz olduqlarını hiss etdirməyin.

3. Heç kimlə müqayisə etməyin

Övladınızı başqaları ilə müqayisə edərək ona fayda vermiş olmayacaqsınız. Bu yıxıcı təsir aranızdakı sevgi bağına da zərər verə bilər. Hər kəsin bacarığı və istedadı fərqlidir. Davamlı dostları ilə müqayisə edilən uşaqlar xoşbəxt olmayacaqdır.

Övladlarına qeyri-ənənəvi ad qoymaq istəyən valideynlərə xəbərdarlıq ediləcək

Valideynlər dünyaya yeni gəlmiş övladlarına ənənəvi olmayan adlarla bağlı müraciət etdikdə, onlara elektron qaydada xəbərdarlıq ediləcək.

Bagcam.az-ın Medicina.az-a istinadən xəbərinə görə, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, bu funksiya “myGov” layihəsi çərçivəsində istifadəyə verilən “Şəxsi kabinet”ə inteqrasiya olunub.

“Bu xidmət vasitəsilə valideynlər dünyaya yeni gələn övladlarına elektron qaydada ad verə biləcək. Sistem üzərindən uşağa ad verildiyi zaman, adın mənası avtomatik olaraq göstəriləcək. Belə ki, bəzi hallarda valideynlər övladlarına adın mənasını bilmədən qoyurlar. Bəzən qız uşağına oğlan adı və ya ənənəvi olmayan ad qoyulur. Belə olan təqdirdə də sistem üzərindən müvafiq xəbərdarlıq çıxacaq. Ad verdikdən sonra ata və ananın soyadlarına uyğun olaraq, soyad təklifləri də göstəriləcək ki, bu da valideynlərə soyadları hansı formada seçə biləcəklərinə imkan yaradacaq”, – deyə F. Cəfərov bildirib.

Uşaqların hər yaşına uyğun rəsm ideyaları

Rəsm çəkmək şübhəsiz ki, hər kəsə müsbət təsir edir. Amma xüsusilə uşaqlar çün rəsm çəkmək, bir ekrandan heç vaxt öyrənə bilməyəcəkləri şeyləri qavramasının ən yaxşı yoludur.

Uşaqlar üçün rəsm çəkməyin üstünlükləri saymaqla bitməz. Bunlardan biri kiçik motor bacarıqlarının inkişafıdır: Bir qələmin necə tutulmasını öyrənmək, uşağın əlləri, barmaqları və biləkləri ilə çox xüsusi hərəkətlər edə bilmək bacarığı qazanmasına köməkçi olur. Bundan əlavə rəsm çəkərkən uşağın, gördüklərinin etdikləri ilə əlaqəsi olduğunu göstərən əl-göz koordinasiyası da inkişaf edir.

Rəsm çəkmək eyni zamanda diqqət və səbri də öyrədən bir fəaliyyətdir. Gördüklərini kağıza köçürmək asan deyil və bunu doğru bir formada etmək əzm tələb edir. Bu sırada uşaqlar, “Baxın, mən nə etdim!” deyərək özgüvən qazanırlar.

Uşağınızı rəsm çəkməyə təşviq etməyin yollarını axtarırsınızsa, hər yaş kateqoriyasına aid hazırladığımız sadə rəsm ideyaları ilə tanış ola bilərsiniz.

Uşaq üçün rəsm ideyaları:

  • Sevdikləri bir heyvan (varsa, ev heyvanı);
  • Qabdakı meyvə;
  • Ən sevdikləri və ya sevmədikləri qidalar;
  • Evlərinin kənardan görüntüsü;
  • Pəncərədən görünən mənzərə;
  • Parkda bir gün;
  • Gördükləri ən böyük ağac;
  • Şəhərdəki bir bina;
  • Əlləri və ya ayaqları;
  • Ən sevdikləri müəllimləri;
  • Yarpaq forması;
  • Bir kafedə rəsm çəkmək: Masanın üzərində nə var?;
  • Muzeydəki sənət əsəri;
  • İkiyə bölünmüş meyvə və ya tərəvəzlər.

Mənbə: egitimpedia.com

Solaxaylıq nə vaxtdan başlayır?

Maks Planka Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni faktlar aşkarlayıblar. Alimlərin apardıqları araşdırmaların nəticələri Nature jurnalında dərc olunub.

Bagcam.az Medcina.az-a istinadən verdiyi məlumata görə, 500 min insan üzərində aparılmış tədqiqatlar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.

Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub. Tədqiqatlarda iştirak etmiş 501730 nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu araşdırmalarla sübut olunub.

Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.

Uşaqlara rəsm boyama necə öyrədilməlidir?

Uşaqların kiçik yaşlardan qələmə və kitaba olan marağını artırmaq lazımdır. Uşaqlıqdan qələm tutma bacarıqlarını artırmaq üçün ilk əvvəl onların diqqətini çəkməlisiniz. Boyama qədər diqqət çəkən və uşaqların sevdiyi məşğuliyyət yoxdur. Amma uşaqlara rəsm boyamağı öyrədərkən müəyyən nüanslara diqqət etməlisiniz.

Rəsm boyama öyrədərkən nəyə diqqət etməlisiniz?

  • Boyama kitabında seçiləcək şəkil kiçik yaşdakı uşaqların diqqətini cəlb etməli olduğu üçün rəsmin tək obyektdən ibarət olmasına və böyük olmasına diqqət edin. (İnsan, bitki, çiçək və.s)
  • 0-3 yaş arasındakı uşaqlar üçün sulu boya, barmaq boya, pastel boya və pastel boya kimi boyaların arasındakı ən uyğun boya barmaq boyasıdır. Barmağını batıracağı boya, uşağın xoşuna gələcək və boyamaqdan zövq alacaq. Ancaq 5 yaşında olan uşaqların qələm tutmaq bacarığını artırmaq üçün quru boyadan istifadə etməlisiniz.
  • Uşaqların ən çox diqqətini çəkən rəng qırmızıdır. Boyama edərkən diqqətinin dağılmaması üçün qırmızı kimi canlı rənglərdən istifadə edin.

Uşaqları onurğa əyriliyindən belə qoruyun

Uşaqların hər gün məktəbə yanlarında aparmalı olduqları çantalar bəzi duruş pozuntularına səbəb olur. Onurğada əyrilik oğlan uşaqlarına nisbətdə qız uşaqlarında daha çox rast gəlinir.

Uşaqlarda onurğa əyriliyinin qarşısını almaq üçün tövsiyələr:

  • Yeniyetməlik dövrü başlamadan əvvəl uşaqlara idman vərdişi qazandırmaq lazımdır.
  • Masa başında və ya kompüter qarşısında oturan uşaqlara dik oturmalı olduqlarını xatırlatmaq lazımdır.
  • İstifadə etdikləri çanta bədən ölçülərinə uyğun olmalıdır.
  • Artıq çəki onurğa əyriliyinə səbəb olduğuna görə, düzgün qidalanmağa diqqət etmək lazımdır.
  • Uşağın onurğasına təsir edəcək formada sərt və yumşaq yataq seçilməməlidir.

Mənbə: qadin.net

Uşaqlar yalan danışdıqda necə davranmalı?

Uşaqlar yalan danışdıqda necə davranmalı?

1. Övladınıza qarşı sərt olmayın

Əgər uşağınız yalan danışırsa, sizdən nəyisə gizlədirsə, sizdən qorxa və ya təhdid hiss edə bilər. Həddindən artıq sərt davranmasınız, övladınızın yavaş-yavaş yalan danışmağı tərgitdiyini görəcəksiniz.

2. Qayğı göstərin

Uşaqların yalana üz tutmalarının ən böyük səbəblərindən biri də diqqət çəkmək istəmələridir. Valideynlərin diqqətini çəkməyən, qayğı göstərilməyən uşaqlar diqqət çəkmək üçün yalana üz tuturlar. Övladınızla maraqlanmağa, onunla vaxt keçirməyə çalışın. Ona həmişə yanında olduğunuzu deyin.

3. Uşaqları öz yalanlarınızda istifadə etməyin

Valideynlər, kiçik yalanlarınızı övladlarınızın yanında nümayiş etdirməyin. Uşaqlar valideynlərini nümunə götürür. “Əsla ataya və ya anaya demə, aramızda qalsın” tipli nəsə desəniz, uşağı da yalanınıza ortaq etmiş olarsınız.

4. Əsla şiddət tətbiq etməyin

Şiddət əsla həll üsulu kimi görülməməlidir. Uşaqla olan münasibətinizi yerlə bir edərkən, psixologiyasında da mənfi təsirlər yarada bilər. Uşaq şiddətdən qorunmaq üçün daha çox yalana üz tutacaqdır.

5. Uşaqlarınıza inanın

Valideyn və uşaq münasibətində inam mühüm yerə sahibdir. Əgər övladınız daima “yalan danışırsan” tipli cümlələrə məruz qalırsa, “onsuz mənə inanmırlar” deyib yalan deməyə davam edəcək. Ona inandığınızı hiss etdirin.

Mənbə: qadin.net

12-16 yaşlı uşaqlar oruc tuta bilərmi?

Ramazan ayında dini şəriət hökmünə görə, 12 yaşından yuxarı yeniyetmələr  artıq oruc tuta bilər və tutmalıdır. Azərbaycanda oruc saxlayanlar içərisində də uşaqlar az deyil.
Uzun yaz günlərində, isti havalarda uşaq orqanizminin aclıq və susuzluq qarşısında nə dərəcədə dözümlü olması, acqalmanın həssas uşaq orqanizminə təsiri, baş verə biləcək fəsadlar həkimlərlə yanaşı, valideynləri də narahat edir.
Bagcam.az Medicina.az-a istinadən həkim pediatr Vaqif Qarayevin  orucluğun uşaq orqanizmində yarada biləcəyi problemlər, hansı uşaqlara ümumiyyətlə, ac-susuz qalmağın qadağan olması barədə açıqlamasını təqdim edir.
“Uşaqların oruc tutması kimi həssas, bir tərəfdən dinə bağlı mövzuda öz təcrübəmə, tibbə və elmə əsaslanaraq aydınlıq gətirmək istəyirəm. Bu gün ölkədə elə bir valideyn yoxdur ki, həkimə uşaqlarda mədə-bağırsaq pozulmaları, iştahsızlıq, çəkidə azalma şikayətləri ilə müraciət etnəsin.  Bu problemin altında ciddi səbəblər ola bilər.
Müayinələrdən sonra ciddi problemlər istisna edildikdə, bu şikayətlərə 2 başlıca səbəb qalır:  keyfiyyətli və düzgün qidalanmamaq.  Qidalanmaq uşağın marketlərdə satılan müxtəlif qida vasitələrini, şirniyyatları, hazır yeməkləri, şirəli içkiləri içməsi nəzərdə tutulmur.
Əgər Azərbaycan uşaqlarının çoxu düzgün keyfiyyətli qidalanmırsa,  böyüyən orqanizmi 1 ay süni surətdə ac qoya bilmərik.
Uşaq orqanizmi gündəlik olaraq zülal, yağ, mineral və vitaminləri normasında almalıdır.
Valideynlər diqqətli olmalıdır, uşaq 1-2-3 gün oruc tutdu, baxmalıdır ki, nə dəyişikliklər olur, özünü  necə hiss etdi. Çoxu fikiləşir ki, heç nə olmaz. Amma elə geridönməz hallar yarana bilər ki, valideyn illərlə o uşağı müalicə edə bilməz”.
Həkim məktəbyaşlı uşaqların dərs yükü, kurslar, ali məktəbə hazırlıq kimi ağır zehni yükünün nəzərə alınmadığını da vurğuladı. Belə rejimdə olan uşaqların süni aclıq və susuzluq kimi ağır yük altında qoyulması, onların zehnini, intellektual səviyyəsinə təsir edir. 
“Acqalma böyük insan orqanizmi üçün faydalı ola biər.  Mən bir müsəlman olaraq, bunun əleyhinə deyiləm. Amma söhbət uşaq sağlamlığından gedirsə, ona kənardan istənilən müdaxilə həyatında problem yaratmamalıdır. İstəyir özü istəyib oruc tutsun, istəyir valideyn məcbur etsin, uşağın səhhətində problem yaranmamalıdır. Amma təcrübə göstərir ki, problem mütləq yaranır.
Xüsusən 10-15 saat susuz qalmaq çox dəhşətli fəsadlar verir. Susuz maddələr mübadiləsi olmur.
Davamlı olaraq susuzluq ürək, böyrək, beyində geridönməz proseslərin əsasını qoyacaq.
 
Yenə də burda məsuliyyət valideynin üzərindədir. Əgər sən övladının çəkisi, iştahı, qidası, sağlamlığından narazısansa, ona ac və susuz qalmağa icazə verməməlisən”.