Əgər uşaq, başqa birinin oyuncağını bağçadan evə gətiribsə, narahat olmağa və övladınıza “oğurçu” donu geyindirməyə tələsməyin. Adətən, uşaqlar qəddar və pis olduqları üçün oğurluq etmirlər. Bunun səbəbini ailə münasibətlərində axtarmaq lazımdır. Bu səbəbləri budəfəki yazıda aydınlaşdırmağa və həll yollarını göstərməyə çalışacağıq.
5 yaşlı uşağın yad əşyaları evinə gətirməsi normal qarşılanmalıdır. Bu yaşda olan uşaqlar öz davranışlarını və istəklərini idarə etmək qabiliyyətində olmurlar. Onların iradəsi hələ formalaşmayıb. Lakin bu, o demək deyil ki, belə hala dırnaqarası yanaşmaq lazımdır. Bu cür davranışın səbəbini araşdırmaq lazımdır ki, uşağa kömək edə biləsiz.
Uşağın oğurluq etməsinin bir neçə səbəbi ola bilər:
- Davranış modeli ailədən gəlir. Oğurluğun yolverilməz olduğu haqqında danışmaq, “mənim-özgənin” anlayışlarının uşaqda formalaşması üçün valideynlər bunu öz həyatlarında tətbiq etməlidirlər.
- Uşağın şəxsi əşyaları yoxdursa. Tez-tez baş verən hadisələrdən biri odur ki, məsələn, əşyalar uşağa məxsus olsa da, ana onun otağına gəlib otaqda səliqə-səhman yaratmağa çalışır. Burda uşaq onu anlayır ki, deməli, burda olan hər şey valideynin nəzarəti altındadır yaxud da bu əşyalar ümumidir və həm də qardaşıma, bacıma məxsusdur. Belə halda “mənim-özgənin” anlayışı ortadan qalxır. Uşağın şəxsi əşyalarının olması mütləqdir ki, onlarla istədiyini edə bilsin: tullasın, hədiyyə versin, təmizləsin və s. Evdə uşağın əşyaları ilə, evin digər üzvlərinin əşyaları ayrı-ayrı yerlərdə olmalıdır.
- Özünütəsdiq. Bəzən olur ki, valideynlər övladlarını başqaları ilə müqayisə edir, danlayır və uşağın zəif tərəflərini davamlı özünə təkrarlayırlar. Bu halda da uşaq özünütəsdiq üçün başqalarının oyuncağını evə gətirir.
- Diqqətin kompensasiyası. Bəzən iş həyatı ilə başları qarışıq olan valideynlər övladlarına sevgi və qayğını oyuncaqlar hədiyyə edərək təlafi etməyə çalışırlar. Belə davranışla onlar günahdan özlərini azad etdiklərini düşünürlər. Uşaq onsuz da özünə qarşı valideynlərindən az diqqət görür. Uşağı əşyalara “bağlamaq” düzgün addım deyil. Yoxsa, bir tərəfdən onun yad əşyalara marağı yaranacaq, digər tərəfdən isə düşünəcək ki, “oğurluq etsəm, o zaman valideynlərimin diqqətini özümə cəlb edə bilərəm”.
Beləliklə, uşağın oğurluq etməməsi üçün səbəblər yaratmamalısınız. Əlbəttə ki, bəzən individual səbəblərdən də uşaq nəsə oğurlaya bilir. Bu, artıq psixoterapiyada aşkar olunur.
Əgər belə hal artıq baş veribsə, uşaqla təkbətək söhbət etmək lazımdır. Yaxşı olar ki, bu söhbəti evdə – başqa insanların, digər ailə üzvlərinin olmadığı yerdə edəsiniz. Söhbət əsnasında belə bu halın ailə üçün yolverilməz olduğunu uşağa bildirin. Həm uşaq, həm də valideyn bu söhbəti aparan zaman sakit olmalıdırlar.
Xüsusilə, bağça yaşında olan uşaqdan “bunu niyə etmisən” sualını soruşmaq olmaz. Bu yaşda olan uşaqlar “niyə” sualına cavab verə bilmirlər.
Qısa suallar vermək və uşağın keçirtdiyi hisslərlə maraqlanmaq lazımdır: Sən nə etmisən, bunu hansı uşaqdan götürmüsən? və s.
Uşağa izah etmək lazımdır ki, götürdüyü əşyanı sahibinə qaytarmaq və ondan üzr istəmək lazımdır. Əşyanın sahibinə qaytarılması prosesində çalışmaq lazımdır ki, övladınız və oyuncağın sahibi təklikdə olsunlar. Təcrübə göstərir ki, uşaq başqa insanların yanında kimdənsə üzr istəyəndə bu zaman o, özünü alçaldılmış kimi hiss edir və bu, müsbət nəticə vermir. Çünki bundan sonra uşaq oğurluq etsə də, düşünəcək ki, üzr istəmək, oğurluqdan da pis və ağrılı prosesdir.
Əgər sizin ailənizdə belə bir epizod yaşanıb və bitibsə, bunu dəfələrə uşaqla danışmaq, onun yadına salmaq lazım deyil, çünki əgər siz onunla dolğun söhbət etmisinizsə, uşaq özü üçün nəticə çıxarıb.
Oğurluq təkrarlanırsa, bu zaman psixoloqa müraciət etmək lazımdır, çünki bunun yuxarıda sadalananlardan daha dərin səbəbləri ola bilər. Adətən valideynlər psixoloqa müraciət etməkdən çəkinirlər. Bunun səbəbi odur ki, onlara ünvanlanan tənqidləri eşitməkdən qorxurlar, çünki uşaqda olan hansısa natamamlıqda özlərini günahkar hesab edirlər. Lakin unutmamalıyıq ki, yaxşı psixoloqlar məqsədyönlü işləyərək, valideyni danlamaq əvəzinə kömək etməyə çalışırlar.
Ruhdan düşməyə dəyməz. Uşağın tərbiyəsi sizdən asılıdır. Hərəkətə keçmək lazımdır.
Mənbə: mel.fm