Statistik məlumatlara əsasən dünya əhalisinin 30 faizə qədəri müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Onların sırasında bronxial astma, dərman və qida allergiyaları geniş yayılıb. Təəssüf ki, həmin xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti uşaqlardır. Onların arasında allergik reaksiyaların ən geniş yayılmış formaları isə qida allergiyasıdır. Mütəxəssislərin bildirdiyinə görə, uşaqların 55 faizdən çoxu həmin allergiyadan əziyyət çəkir. Xüsusən də yay mövsümündə göz allergiyası kimi narahatlıq doğuran problemlər bir daha baş qaldırır.
Bagcam.az Medicina.az-a istinadən xəbərinə görə, bunu Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: “Fasiləsiz, çoxlu miqdarda asqırma, gözlərin qızarması, gözdən yaş gəlmə, qulaqda, damaqda, boğazda gicişmə hissiyyatının olmasıdır. Xüsusi diaqnostik müayinə metodlarla məişət tozu allergiyasına, ev tozu göbələyinə olan allergiyanı ayırmaq mümkündür. Onların içərisində ən informativ olanı dəri testidir. Həmin test üsulu ilə 5-10 dəqiqə ərzində allergiyanın nəyə qarşı olduğu təyin edilir”.
Göz allergiyası gözün ağ hissəsinin və göz qapağının qızarması ilə özünü büruzə verir. Gözlərin qaşınması, sulanması, görüntünün bulanıq olması, gözlərdə acışma, yanma hissi, göz qapaqlarının şişməsi və işığa həssaslıq xəstəliyin əsas əlamətləridir. Mütəxəssislər isə belə hallarla üzləşərkən diqqətli olmağı məsləhət görürlər.
Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva deyib: “Allergiya qorxudan, həyəcan pozuntusundan, təşviş hissindən əmələ gələ bilər və belə hallar bədənin həssas nöqtələrində, o cümlədən gözdə yarana bilər”.
Göz allergiyasından əziyyət çəkərkən qətiyyən gözü qaşımaq olmaz. Gözü qaşıyarkən kimyəvi maddələrin miqdarı artdığından qaşınma daha da güclənir. Görülən tədbirlər nəticəsində allergik əlamətlər keçmirsə, həkimə müraciət etmək zəruridir.