İsti yay aylarında hamı evini sərinlətmək üçün kondisioner alır, quraşdırır, bununla ailəsinə komfort yaratdığını düşünür.
Hazırda ailədə yenidoğulmuş, südəmər və 5 yaşa kimi körpələr olan evlərdə də, təəssüf ki, kondisioner işlədilir.
Bagcam.az-ın Medicina.az-a istinadən verdiyi xəbərə görə, pediatr Vaqif Qarayev mövzu ilə bağlı bildirib ki, südəmər, yenidoğulmuş və körpə uşaq olan otaqda kondisioner işləməsi qəti olmaz, yolverilməzdir.
“Kondisioner özündə müxtəlif xəstəliktörədicilərini “gizlədir”. Əsasən də onun filtrində pnevmoniya törədiciləri yaşayır. Ona görə birbaşa uşağın bədəninə üfürülən soyuq hava ilə filtrdən yayılan törədicilər nəfəs yolları ilə ağciyərlərə keçərək pnevmoniya yarada bilər. Eləcə də uşaqlarda soyuqdəymə, əzələ-oynaq ağrıları qaçılmaz olacaq. Uşaq olan otaqda kondisioner olmamalıdır.
Əgər ailə üzvləri kondisionersiz qala bilmirsə, mütəmadi söndürüb, pəncələri açıb otağı havalandırmalıdır. Eləcə də kondisionerlərin filtrləri tez-tez təmizlənməlidir. Kondisioner otaqda havanı qurudur, bu da körpənin normal oksigen almasına mane olur”.
Həkim yayda ventilyatorun uşağa daha uyğun olduğunu bildirib. Amma ventilyator da uşağın üzərinə hava vurmamalıdır. Ventilyatorun filtrinin olmaması onu bir qədər zərərsiz edir.