Uşaqlıq və yeniyetməlik böhranı: Tiklər

Tiklər qeyri-iradi, özünü anidən göstərən, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, hər hansı bir məqsədə yönəlik olmayan əzələ sıxılmasıdır. Belə ki, tik zamanı bir hərəkət çox zaman refleks şəklində insanın iradəsindən asılı olmadan təkrarlanır. Aparılan araşdırmalara əsasən, on nəfərdən birində tik müşahidə olunur. Tiklər müxtəlif yaş dövrlərində müşahidə oluna bilər. Xüsusilə 3-6 (uşaqlıq böhranı) və 12-15 (yeniyetməlik böhranı) yaşlarında yaranır.
 
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan uşaq nevroloqu Samirə İsmayılovanın sözlərinə görə, bu, çox vaxt üzdə gözqırpma, burun çəkmə, səsçıxarma, müxtəlif ağız hərəkətləri, həmçinin boyun, çiyin, əzələlərində müşahidə olunur.
“Oğlan uşaqları arasında daha çox müşahidə olunan bu xəstəliyin başlanma zamanı adətən 4-5 yaşdır. Səbəbləri isə müxtəlifdir. Bunlar genetik, bəzən də keçirilmiş xəstəliyin nəticəsi kimi, həmçinin bəzi dərmanların qəbulu ilə əlaqəli yarana bilər”.
Mütəxəssis emosional stress, həyacan, qorxunun da tikləri artıra biləcəyini vurğulayıb:
“Bəzən tiklər spontan keçsə də, uzun müddət davam edən və müalicəyə çətin tabe olan hallar müşahidə olunur. Belə hal Turett sindromu olan uşaqlar üçün xarakterikdir. Bu uşaqlarda lokal və yayılmış motor tiklərlə yanaşı, vokal tiklər – yəni müxtəlif səsçıxarma, aqressivlik kimi təzahürlər görünür”.
Nevroloq bunun ümumilikdə dalğavari gedişə malik olduğunu bildirib:
“Adətən payız-qış aylarında artma, yay fəslində isə azalma müşahidə olunur. Bu da məktəblilərdə yükün azalması ilə əlaqələndirilir. Düzgün günlük rejim tiklərin azalmasında rol oynaya bilir. Tiklərin xoşxassəli variantı ilə yanaşı, ciddi xəstəliklərin əlaməti ola biləcəyini nəzərə alaraq, nevroloq müayinəsi və ehtiyac olduqda digər mütəxəssislərin də məsləhəti vacibdir”.