Böyümə uşaq sağlamlığının ən əhəmiyyətli göstəricilərindən biridir. Hər bir valideyn övladının ucaboy olmasını arzulayır. Bunun üçün müəyyən qida məhsullarından, idmandan yararlanmağa çalışırlar. Amma o gerçəklik də var ki, illər keçdikcə sanki insanların boyunda bir kiçilmə, normadan aşağı boy ölçülərinə malik olma kütləvi hal alıb. Bəs bu halları doğuran səbəblər hansılardır? Uşaqlarda boy artımına mane olan əsas səbəblər nələrdir? Uşağın boyunu uzatmaq üçün qidalanmada nələrə diqqət etmək lazımdır? Genetik böyümə problemi olan uşağa kənar vasitələrlə kömək etmək mümkündürmü? Bagcam.az Ailem.az-a istinadən bu və digər suallara aydınlıq gətirməyə çalışıb.
Mövzu ilə bağlı danışan endokrinoloq Nadirə Ağazadə bildirir ki, böyümə uşaq sağlamlığının dəyərləndirilməsində ən önəmli göstəricilərdən biridir. Normal böyümə genetik, hormonal, psixoloji və sosial faktorların təsiri altındadır: “Genetik faktorların böyümənin bütün dövrlərinə təsiri olmasına baxmayaraq, uşağın bətndaxili inkişafından başlayaraq həyatının ilk illərində qidalanma, daha sonra cinsi yetişkənlik dövründə hormonal faktorlar ön plana çıxır. Boy qısalığı yaşa və cinsə görə uşağın illik böyümə sürətinin normal dəyərlərdən aşağı olmasıdır”.
İlk bir ildə boy 24-25 sm uzanır
N.Ağazadə məlumat verir ki, ata və ana boyuna görə düzəldilmiş boy hesabı aşağıdakı formulla hesablanır:
Oğlanlarda – Ata boyu + ana boyu + 13/2
Məsələn: (Ata 185 + ana 160 + 13) : 2 = 179
Qızlarda – Ata boyu + ana boyu – 13/2
Məsələn: (Ata 185 + ana 160 – 13) : 2 =166
İllik böyümə sürəti:
1-2 yaş arası < 10 sm
2-3 yaş arası < 8 sm
3-4 yaş arası < 6 sm
4 yaş və puberfat arası < 4 sm
Həkim deyir ki, boy göstəriciləri bu rəqəmlərdən aşağıdırsa, uşaqlarda boyümə geriliyi ilə bağlı səbəblər araşdırılmalıdır: “Qeyd edim ki, uşağın böyüməsində ən sürətli dönəm doğulduqdan 1 yaşına qədər olan dövrdür. İlk bir il içində uşağın boyu təxminən 24-25 sm uzanır. Sonrakı illərin böyümə sürəti düşməyə başlayır”.
Valideynlərin boyunun hündürlüyü əhəmiyyətlidir
Həkim vurğulayır ki, boy qısalığının ən sıx səbəbi genetik faktordur. Burada ata, ana boyunun hündür olması əhəmiyyətlidir. Bundan başqa qidalanma, xroniki xəstəliklər, davamlı olaraq bəzi dərman maddələrinin qəbulu, boy hormonu yetərsizliyi, endokrin xəstəliklər, xromosom xəstəlikləri də boy qısalığı üçün şərait yaradır: “Həmçinin, bəzi psixoloji səbəblər var ki, böyüməyə birbaşa təsir edir. Tutaq ki, uşağın ata və ya anadan ayrı qalması, ailədə yetəri qədər sevgi və qayğı görməməsi və sair kimi faktorlar da bura daxildir”.
Qidalanma, idman, psixologiya…
N. Ağazadə uşağın normal böyüməsi üçün düzgün qidalanmanın əhəmiyyətindən söz açır: “Yetərli və düzgün qidalanma, tərkibində kalsium, sink olan qidaların, balıq, süd, yumurta, meyvə və tərəvəzlərin qəbulu, D vitaminin yetərli olması vacibdir. Düzgün yuxu rejimi, idman, psixoloji məsələlər də əhəmiyyət kəsb edir”.
Geyimlərinin ölçüsündə fərq yoxdursa…
Endokrinoloq xəbərdarlıq edir ki, uşaq yaşıdlarından boyda geri qalırsa, son bir ildə geyindiyi geyimlərin ölçülərində dəyişiklik yoxdursa, deməli, böyümə ilə bağlı bir problem var. Bu zaman valideynlər narahat olmalı və vaxtında uşaq endokrinoloquna müraciət etməlidirlər.