Şagirdlərin təhsilə olan marağının artırılması üçün hər il mütəxəssislər tərəfindən müxtəlif təklif planları hazırlanır. İndi pedaqoqları, təhsil ekspertlərini düşündürən əsas məsələ şagirdləri yormadan onları daha çox oxumağa, öyrənməyə həvəsləndirməkdir.
Elə bu məqsədlə finlandlar tez bir zamanda əksər ölkələrdə istifadə olunacağını düşündükləri yeni bir təhsil islahatı hazırlamağa başlayıblar.
Onların təhsilə gətirdiyi yeni qayda isə bundan ibarətdir: Dərsləri müxtəlif mövzulara həsr etmək və həmin mövzular daxilində bir neçə fənni eyni anda tədris etmək.
Ekspertlər hesab edirlər ki, bu təhsil islahatı 2020-ci ilin sonuna qədər Finlandiyadakı bütün məktəblərdə tətbiq olunacaq.
Təhsil islahatını hazırlayan mütəxəssislərdən biri Liisa Pohjolainenin fikrincə, adı çəkilən islahat Finlandiya təhsil sistemi üçün böyük yenilik olacaq. Onun fikrincə, hazırkı təhsil sistemində şagirdlər kifayət qədər çox informasiya ilə yüklənir, bu informasiyaları qısa müddətdə analiz etmək isə onlar üçün olduqca çətin olur. Şagirdləri bir-birinə oxşar fənnləri ard-arda tədris etməklə yormaq düzgün deyil. Məsələn, tarix kimi kifayət qədər informasiya tutumlu dərsdən sonra coğrafiya dərsinə girmək uşaqları həddindən artıq yorur. Bu isə onların hər iki dərsə eyni diqqətlə qulaq asmasını, mənimsəməsini çətinləşdirir. Finlandların fikrincə, bunun əksinə olaraq müxtəlif fənnləri, elmləri bir dərsin tərkibində əyləncəli formada izah etmək uşaqlar üçün daha maraqlı olar. Məsələn, Finlandiya yanaşmasına əsasən şagirdlərə coğrafiya ilə ingilis dili fənnlərini ayrı-ayrı deyil, eyni zamanda tədris etmək daha məqsədəuyğundur. Bu zaman uşaqlara coğrafiya dərsi ingilis dilində izah edilir və onlardan da coğrafi sullara ingiliscə cavab vermələri tələb olunur. Bununla onlar dil və coğrafi biliklərini eyni anda inkişaf etdirmiş olurlar.
Yeni təhsil islahatçılarının sözlərinə görə, yalnız uşaqlar deyil, müəllimlər də bu yeni sistemdən olduqca razı qalacaq, yeni təhsil islahatı tətbiq edilməyə başladıqdan sonra köhnə sistemdə nə qədər əksiklər olduğunun bir daha fərqinə varacaqlar.
Bu təhsil islahatında qarşıda duran əsas məsələlərdən biri şagirdləri dərs oxumağın məcburiyyət olduğu fikrindən uzaqlaşdırmaqdır. Bu sistemə əsasən indi uşaqlar qabaq sıralarda oturaraq müəllimin danışdıqlarını olduğu kimi təkrar etmək məcburiyyətində olmayacaqlar.
Yeni təhsil islahatının digər bir üstünlüyü isə şagirdləri əylənərək öyrənməyə həvəsləndirməkdir. Proyektin diektoru Olavi Mentanenin sözlərinə görə, onların ilk məqsədlərindən biri tədris sisteminə şagirdlərin həvəslə qatılacağı yeni oyunlar gətirməklə Finlandiyanı bu sahədəki lider ölkəyə çevirməkdir.
Köhnə sistemdən fərqli olaraq indi şagirdlərə sinif daxilində fənnə uyğun söhbət açaraq onu 2-3 qrup daxilində müzakirə etmək imkanı yaradılacaq. Bu zaman isə müzakirələrdən kənarda qalmaq istəməyən uşaqlar daha çox oxumağa başlayacaqlar. Müzakirələr isə öz növbəsində onlarda dinləmə, araşdırma, analiz etmə qabiliyyətinin inkişaf etməsinə səbəb olacaq.
Bu təhsil islahatının tətbiqini öyrənmək üçün indi dünyanın müxtəlif yerlərindən olan mütəxəssislər Helsinkiyə axın etməyə başlayıblar.