Bu bağçalar sizi çox təəccübləndirəcək. Sanki bu bağçaların dizaynını pərilər komandası edib. Dünyanın ən kreativ 10 bağçasını sizə təqdim edirik.
Sjötorget Kindergarten, Stokholm (İsveç)
Rotstein Arkitekter ofisi tərəfindən hazırlanan bu bağça yeni tikilinin aşağı mərtəbəsində yerləşir. Bağçanın rəngarəng dizaynı, rahat atmosferi uşaqların istedadını üzə çıxarmağa, yaradıcılığını inkişaf etdirməyə kömək edir. Bağçaya giriş binanın mərkəzində yerləşir. Çoxsaylı, müxtəlifölçülü pəncərələr günəş işığının otaqlara düşməsini təmin edir. İsveçdə günəş nadir hallarda görünür və onlar üçün günəşin görünməsi bayramdır. Elə ona görə də isveçlilər bağçanı bu cür dizayn etməklə uşaqlara sevincli anı yaşatmaq istəyiblər. Bağçanın pozitiv rənglərlə dizayn olunması uşaqların əhval-ruhiyəsini qaldırır, uşaq psixologiyasına müsbət təsir göstərir, öyrəmə prosesinə kömək edir və hətta uşaqların sağlam yuxusunu təmin edir. Şüşəli oyuqlar uşaqların vaxtlarını şən keçirmələrinə kömək edir. Bu oyuqlarda kitab oxumaq, gizlənqaç oynamaq və ya sadəcə dostlarla ünsiyyət saxlamaq olar. Bağça təhlükəsizdir və məkanda hər şey yumşaqdır, otaqlarda iti künclər yoxdur.
Eva Samuel Architec, Paris
Olympiades şəhərində yerləşən, beton bloklar və şüşəli binalarla əhatə olunan bu bağçanın görünüşü rəngarəng oyuncağı və ya konfeti xatırladır. 1960-cı ildə inşa edilən bağça Eva Samuel Architec bürosu tərəfindən yenidən bərpa edilib. Bağça hovuz, boulinq, yeməkxana, oyun zalları və rahat məşğələ otaqlarından ibarətdir. Bağçanın interyerində təbii materiallardan mümkün qədər çox istifadə edilib. Məsələn, döşəmə, divar və tavanlar ağacdandır və moruq rəng məkanda isti və rahat atmosfer yaradır.
Barbapapà, Vinola, İtaliya
Bağça, CCD bürosu tərəfindən 2009-cu ildə inşa edilib. O, Vinolanın yaxınlığında yerləşir. Pəncərələr elə qurulub ki, günəş işığı günün müxtəlif vaxtlarında otaqlara daxil olur. Bağçanın damında yerləşən panellər günəş şüasını elektrik enerjisinə çevirir və bağçanı elektriklə təmin edir. Yağış suyu üçün quraşdırılan xüsusi anbarlardan isə fermer təsərrüfatında istifadə olunur. Bundan əlavə, bağçada asudə vaxtı keçirmək, idman oyunları və yarışlar üçün geniş stadion var.
Kensington International Kindergarten, Banqkok, Tailand
Plan Architect bürosu tərəfindən tikilən bağça uşaqların yaradıcılığını inkişaf etdirmək üçün inşa edilib. Uşaqların otaqlarını küçəndən ayıran şəffaf divalar, əyri şüşələr buna misal ola bilər. Bağçada uşaqların velisoped və maşınlarla hərəkəti üçün məhdudlaşdırılmış yol da çəkilib.
Design Kindergarten, Vonslid, Danimarka
Ultra-müasir bağça CEBRA bürosu tərəfindən elə tikilib ki, uşaqlar burda olduqları müddətdə yaradıcılıqlarını inkişaf etdirsinlər. Maraqlısı odur ki, bağçanın tərtibatında valideynlər də fəal iştirak ediblər.
COBY Kindergarten, Tokio, Yaponiya
Yapon bürosu Tsushima Design Studio tərəfindən inşa edilən bağça müasir dizaynı, minimalizmi ilə fərqlənir. Uşaq bağçasının içərisindəki bütün otaqlar bir-biri ilə bağlıdır və açıqdır. Belə ki, məşğələ otaqlarından uşaqlar ikinci mərtəbədəki mətbəxdə yeməklərin necə hazırlandığını görə bilirlər.
Terenten, İtaliya
Bu bağça keçmiş qolf sahəsində inşa edilib. Kompleksdə fitnesin müxtəlif növləri, rəqs və yoqa ilə məşğul olmaq üçün müasir idman zalı var. Bağça aktiv oyunlar üçün nəzərdə tutulan geniş sahəsi, pilləkən və pəncərələri, həyəti, müasir texnologiyaya əsaslanan məşğələ otaqları ilə fərqlənir.
8Units, Veles-Pubio, İspaniya
Bu bağça layihəsinin məqsədi uşaqların psixomotor bacarıqlarını, zehnini və sosial inkişafını təmin etməkdir. LosdelDesierto dizayn bürosunun fikrinə görə, bağça uşaqlar üçün ikinci ev olmalıdır. Bunu nəzərə alan büro
birmərtəbəli, böyük pəncərəli bağça inşa edib. Rəngarəng şüşəli, kreativ interyerli bağçada uşaqlar özlərini rahat hiss edirlər. Bağça elə tərtib edilib ki, qızğın oyunlar zamanı uşaqlar yaralana bilməsinlər. Yumşaq vinil döşəmə, dairəvi divarlar və iti künclərin yoxluğu bu təhlükəsizliyi təmin edir.
Bir yaşlı uşaqların otaqları yuxunu, dənizi simvolizə edən göy rəngdədir. 1 yaşdan 2 yaşa qədər uşaqların otaqları isə, psixomotorikanı və aktivliyi stimullaşdıran narıncı rəngə boyanıb. 2 yaşdan 3 yaşa qədər olanların isə otaqları təbiətin rəngini əks etdirən yaşıl rəngdədir.
Kita Göttingen, Göttingen, Almaniya
Bu bağçanın binası elə tərtib edilib ki, istiliyi otaqda saxlayaraq istilik itkisini minimuma endirir, eyni zamanda təmiz havanın sərbəst dövriyyəsini təmin edir. Bağçanın rahat atmosferi uşaqların səhərdən axşama qədər məmnunluqla vaxt keçirmələrinə kömək edir. Bu bağçada da digər bağçalarda olduğu kimi böyükölçülü pəncərələr günəş işığının ilin istənilən vaxtında otaqlara daxil olmasını təmin edir.
Cakarta, İndoneziya
Cakartada yaxınlıqakı kəndlərin təbii materiallardan istifadə edən dizaynerlər eko bağça yaradıblar. Oyunlar üçün geniş sahəsi olan bağçanın interyerində əl əməyi ilə hazırlanmış mebellər yer alır. Geniş parlaq otaqlar, harmonik oyun sahələri, məşğələ otaqları, yemək və yataq otaqları – bütün bunlar bağçanı xoşagəlimli edir.
Mənbə: 4mama.ua