20 il əvvəl uşaqlar bağçada, hətta məktəbin dövründə vaxtının çoxunu oyun oynayaraq keçirirdi. Şəkil çəkir, öz beyinlərində və ya dostları ilə xəyal dünyası yaradırdı. Lakin getdikcə bu fəaliyyətlər yuxarı siniflərdəki kimi müəllimin nəzarəti ilə verilən dərslərlə əvəzləndi. Bir çox məktəbdə formal təhsil artıq dörd ya da beş yaşında başlayır.
Bu gün belə bir düşüncə yayılmağa başlayıb: Uşaq erkən yaşda məktəbə başlamasa, oxuma və riyaziyyat kimi önəmli mövzularda geri qalır. Bu düşüncənin səbəbi də budur: Erkən başlamaq daha çox öyrənmək deməkdir.
Lakin bir çox elm adamı, təhsil mütəxəssisləri və işçiləri belə yanaşmanın uzun müddətli uğuru təmin etdiyinə dair əllərində az sübut olduğunu, hətta əks təsir yaratdığını bildirir.
Lesley Universiteti professorlarından Nancy Carlsson-Paige bu trendi “yanılma” olaraq adlandırır. Carlsson-Paige mütəmadi olaraq məktəbləri ziyarət edir və uşaqların başa salınan dərsləri dərk etməkdə çətinlik çəkdiklərini görür.
Erkən yaşda müəllim nəzarətində alınan bu cür təhsil kəşfə marağı olan insan sayını azaldır və sadəcə passiv bilgilərdən istifadə edən, başqalarını izləyən insanlar formalaşdırır.
Son on ildə, xüsusilə, Amerikada akademik erkən təhsil sürətli formada yayılmağa başladı. “Heç bir uşaq geri qalmasın” və “Zirvə yarışı” kimi proqramlar daha çox test və dərs prosesi ilə nəticələndi. Araşdırmalara əsasən, Amerikanın təhsil uğuru bir çox ölkələrdən geri qalır. Eyni zamanda milyonlarla amerikan şagird milli standartlara uyğun deyil və müvəffəqiyyətsizdir. Bəzi ölkələr, Finlandiya və Estoniya daxil olmaqla, məcburi təhsilə yeddi yaşdan qabaq başlamır. Təsil səviyyəsinin müqayisələrinə görə, hər iki ölkə riyaziyyat və oxumaqda Amerikadan daha yüksək sıralarda yer alıb. Əlbəttə ki, bu ölkələr daha kiçik olduğu üçün təhsil problemləri də az olur.
Bəzi araşdırmalara görə, oxumaq və digər sahələrdə erkən yaşda alınan dərslər şagirdlərə kömək edir. Lakin bunun müsbət təsiri təəssüf ki, keçicidir. 2009-cu ildə Almaniya Alanus Universitetinin təhsil araşdırmaçılarından Sebastian P. Suggate 50-dən çox ölkədə 15 yaşında 400 min uşağı dəyərləndirərək erkən yaşda məktəbə başlamağın üstünlüyü olmadığını sübut etdi. Suggate 2012-ci ildə apardığı başqa araşdırmada isə, 83 şagirddən ibarət qrupu bir neçə il qiymətləndirdi. Nəticədə professor beş yaşında oxumağı öyrənməyə başlayan uşaqların daha gec yaşda öyrənməyə başlayan uşaqlara nisbətdə oxuduğunu qavramaq məsələsində pis olduqlarını bildirdi.
Bütün məlumatlara baxmayaraq, təhsil işçiləri məktəbdəki oyun zamanını qısaltmaq istəyir. Bu mövzu üzərində çalışan psixoloq David Whitebread insanların oyunu yetkin davranış kimi düşününmədiklərini deyir. Onun sözlərinə görə, əslində, oyun uşaqların inkişafı üçün önəmlidir və onlara diqqəti, duyğuları idarə etməyi öyrədir.
Son 20 ildə elm adamları uşaqların necə öyrəndiyini daha yaxşı anlamağa başlayır. Kaliforniya Universitetinin mütəxəssisi Jay Giedd insan beyninin doğumdan yetkinliyə qədər necə formalaşdığını araşdırıb. Giedd yeddi ya da səkkiz yaşından kiçik olan uşaqların çoxunun kəşf etməyə daha uyğun olduqlarını deyir. Onun sözlərinə görə, erkən akademik təhsilin yaratdığı digər problem uşaqların kəşfetmə istəyini azaltmasıdır.
Xüsusilə, oxumaq prosesini sürətləndirmək olmaz. Oxumaq yerimək kimi təbii formalaşmır. Çünki insan sadəcə 6000 ildir oxuya bilir. Oxumağa təşviq etmək olar, lakin məcbur etmək mümkün deyil. Halbuki bu gün məktəblər bunu tez-tez edir.
Uşaqların erkən dövrdə aldığı təhsil onların formalaşmasına kömək etməlidir. Bunun üçün təhsil işçiləri elmə və aparılan araşdırmalara fikir verməlidir.