Valideynlərin sinif rəhbərlərinə “Bu uşaq sözümə heç qulaq asmır”, “Nə desəm, tərsini edir” kimi cümlələrlə müraciətləri bəllidir. Əslində ana-atanın ünsiyyət tərzinə, bədən dilinə, özlərini ifadə etmək formasına baxaraq onların uşağa söz dinlətmələrinə dair məlumat əldə edə bilirik. Burada “uşağa söz dinlətmək” ifadəsinin problemli səsləndiyini düşünə bilərik. Əslində geniş şəkildə “uşağın valideyni anlayacaq formada dinləyə bilməsi” kimi ifadə edilməli olan bu birləşməni məqalədə “söz keçirtmək” və “söz dinlətmək” kimi qeyd edəcəm.
Bir çox ana-atanın yaşadığı problemlərdən biri uşaqların sözə qulaq asmamasıdır. Belə ki, artıq Google-da da avtomatik “uşağım sözə qulaq asmır” kimi axtarış nəticəsi mövcuddur. Hətta İnternetdə buna aid “dua” belə var! Valideyn olaraq uşaqlarımızdan etməyini istədiyimiz və ya istəmədiyimiz davranışlar var və beynimizdəki uşaq böyütmək planına uyğun onlara tez-tez istiqamət veririk. Bunu hansı formada reallaşdırdığımız, nələr etdiyimiz önəmli rol oynayır. Əvvəlcə, uşaqdan istədiyimiz şeyin lazımlı və məntiqli olması mövzusunu gözdən keçirək.
Antonie De Saint Exupery-nin məşhur uşaq kitabında əmirlərinin qulaq asılmasına əhəmiyyət verən kralla həyatı anlamağa çalışan balaca şəhzadə arasında belə dialoq olur:
Kral şəhzadəyə “Generalıma kəpənək kimi çiçəkdən çiçəyə uçmasını ya da bir qağayı olmasını əmr etsəm və o, buna əməl etməsə kim günahkardır, general yoxsa mən?” sualını verir. Kral “siz” deyən şəhzadənin cavabını təsdiqləyir və insanın hər kəsdən bacardığı şeyi istəməli olduğunu bildirir.
Uşaqdan istədiyimiz (istəmədiyimiz) şeyin məqbul olması əsas amil olmalıdır. “Məqbul” məntiqə uyğun olandır. Açıq danışsaq, qızım üç yaşında olanda ona öyrətdiyim sözlərdən biri də “məqbul” idi. “Balaca şəhzadə” kitabındakı nümunələrlə üç yaşındakı uşağa anlayacağı dillə nələrin məqbul olduğunu və ya əksini başa saldım və bunun xeyrini gördüm.
Bəzən uşağın sizdən istədiyi şeydən asılı olaraq öz silahınızla vurula bilərsiniz. Belə ki, məsələn, uşaq sizdən məqbul bir şey istədi və siz yox dediniz. Məqbul ifadəsini mənimsəyən uşaq bu vəziyyətdə səbəbini soruşa bilər. Bir az düşünəndən sonra uşağın istəyini birbaşa rədd etməyin düzgün olmadığını dərk edir və peşman olursunuz. Belə hadisəni qızımla yaşadığım üçün qeyd etmək istədim.
Məsələn, uşaq məqbul olmayan davranış sərgilədi. Öncə, səbəbini anlamağa çalışaq. Onu qayğı ilə dinləməyə diqqət edək, qınamadan, günahlandırmadan, lazımsız sərtlik göstərmədən maraqla suallar verək. Bu istəklərin nələri əhatə etdiyi barədə danışaq. Çünki güvənli ata-ana uşaq ilə söhbət edər və davranışlarının təməlini araşdırar. Hədəfimiz uşaq davranışlarından əlavə, onun doğru olanı qavramasını təmin etməkdir. Bunu edərkən qarşımızdakını uşaq kimi yox, yetkin biri olaraq görməli və sakit yanaşmalıyıq. Çünki araşdırmalara əsasən, uşaqlarına rahat söz keçirə bilən valideynlər sakit olanlardır. Həmin valideynlər uşaqların davranışlarına şişirdilmiş reaksiya vermirlər. Uşaq yaxşı və ya pis bir şey edəndə bunu qabartmırlar. Burada əsas məqsəd sakitliyi qoruyaraq uşaqla qarşılıqlı güvən yaratmaqdır. Söz dinlətmək mövzusunda vacib məqamdan biri qərarlılıqdır. Qoyduğumuz qaydalara əməl edilmədiyi halda, qərarlı olmağımız uşağın hərəkət və şəxsiyyətinin formalaşmasında önəmli rol oynayır. Lakin təəssüf ki, bir çox insan qərarlı olmaqla sərtliyi qarışdırır. Bəzən valideyn uşağı təhdid edərək qorxutmağa çalışsa da, uşaq bunu önəmsəmir. Halbuki qərarlı olmaq sərtlik demək deyil və uşağın özünü güvəndə hiss etməsini təmin edir. Qərarlı valideyn təhdid etmək yerinə, uşağa davranışının gözlənilən nəticələrini başa salmağa çalışır.
Valideyn olaraq, həmçinin, bunu düşünməliyik: Mən özümə hər mövzuda söz keçirə bilirəm?, Etməli olduğum şeyləri edib yaxud etməməli olduqlarımdan uzaq durmağı bacarıram?, Qərar alan zaman bunu tətbiq etmək üçün cəhd edirəm?. Bu suallara cavabımız “bəli”dirsə, böyük ehtimalla qərarlığımız sayəsində uşaqlara söz dinlətmə mövzusunda problem yaşamırıq. Ancaq cavab “xeyir”dirsə, əvvəlcə, özümüzə söz keçirə bilməliyik ki, bunu uşaqlara da tətbiq edə bilək.
Psixoloq Recep Karataş