Uşaqların  məktəb  təliminə  hazırlanmasının  zəruriliyi

baby starMəktəbəqədər təhsil proqramı – kurikulumun əsas prinsiplərindən biri uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi prinsipidir. Bu prinsipə görə: “Uşaqların məktəb təliminə hazırlığı onlarda oxumaq həvəsini, məktəbə müsbət emosional  münasibəti  inkişaf etdirir  və möhkəmləndirir. Uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda sosial keyfiyyətləri formalaşdırır. Məktəb təliminə hazırlığın əsas məqsədi uşaqların tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. (Kurikulum-səh 11)

Müasir dövrdə hər bir valideyn düşünə bilər ki, uşaq bağçaya getmədən də məktəbə  adaptasiya olacaq. Bu fikirlə razılaşmaq olar. Amma bu zaman həm uşaq, həm valideyn, həm də müəllimə üçün çətinliklər yaranır. Gəlin, bağçaya gedən və getməyən uşaqlara nəzər salaq. Evdə olan uşaq məlumdur ki, səhər gec yuxudan oyanır. Məktəbə  gedəndə tez yuxudan oyanmaq onun üçün problem olur və valideynin də vaxtını alır. Evdə heç bir uşaq fikrini 35 dəqiqə bir məşğuliyyətə yönəltmir. Cizgi filminə baxmağı nəzərə almasaq. Bu da bilirsiniz ki, uşağın hərtərəfli inkişafına mane olan faktorlardan biridir. Bu zaman məktəbdə 45 dəqiqə oturmaq çətinlik törədir. Bağçanın məktəbəhazırlıq qrupunda məşğələlərin müddəti 30-35 dəqiqə davam edir. Uşaq artıq məktəb təliminə hazırlanmış olur. Həmçinin uşaq bağçasında məktəbə ekskursiya təşkil olunursa, bu  da uşaqlarda məktəbə getmək həvəsini artırır. Uşaqlara məktəbə getmək, oxumaq, öyrənmək sevgisi aşılanmış olur. Evdə olan uşaqlar demək olar ki, ancaq ailə üzvləri ilə ünsiyyət qurur. Bağçaya getdikdə isə artıq müəllimə, dostlarla  ünsiyyət uşaq  üçün  maraqlı olur. Sonra o yeni dost, yeni müəllimə istəyilə məktəbə yollanır. Həm də uşaq bağçada yaşına uyğun bilik və bacarıqlara yiyələnir: say, oxu, hesablama, ətraf aləm haqqında biliklər, əsas inkişafetdirici hərəkətlər və s.

Məktəbəqədər  təhsilin kurikulumunda  uşaqların məktəb təliminə hazırlığı üçün  mühüm olan məsələlər xüsusi nəzərə alınmışdır.     

“Baby Star” uşaq bağçası