Övladlarınızın təhsil yolunda ilk dayanacağı olan uşaq bağçaları uşaqların bacarıqlarını inkişaf etdirən cəlbedici fəaliyyətləri özündə cəmləşdirən rəqabətsiz mühitdir. Uşaq bağçası onların təhsil həyatları üçün möhkəm zəmin yaradır. Bağça təkcə təhsil vermir, həm də övladınızın sosial və emosional inkişafına da dəstək olur.
Bağça mühiti uşaqlarda özünəinam yaradır.
Onlar burada digər uşaqlarla sərbəst formada söhbətləşir, dostlaşır, paylaşmağı və bölüşməyi öyrənir. Övladınızı bağçaya göndərdiyiniz zaman ünsiyyət, konsentrasiya və öyrənmə problemlərinin olub-olmadığını daha erkən öyrənmək imkanınız olur. Müəllimlərin düzgün metodikası ilə burada uşağın nitqi, xüsusi ilə şifahi nitqi daha sürətli inkişaf edib zənginləşir. Lüğət ehtiyatı artır. O, ana dilini qrammatik qanunları əsasında danışmağa başlayır.
Uşaqların əhatə olunduğu mühit onların inkişafına birbaşa təsir edir.
Bağçanın bir üstünlüyü də ondadır ki, adətən, kiçik yaşlı uşaqlar qonaq gedəndə, evə qonaq gələndə analarından ayrılmaq istəmirlər. Bağçaya gedən uşaqda artıq məktəb dövründə müəyyən inkişaf özünü göstərir, məktəbə hazır vəziyyətdə gəlir, sosial fobiyası olmur, ağlamır, qışqırmır, anasını istəmir, yeni mühitə daha tez öyrəşir, tanımadığı uşağa tez alışır. Buna görə də bağçanın rolu uşağın həyatında əvəzolunmazdır. Bağçaya getməyən uşaqlar isə əksərən özünəqapanıq olur, ünsiyyətə az girir, yeni mühitə daha gec adaptasiya olur.
Uşaq bağçası seçmək çətin iş kimi görünə bilər.
Uşağınızı doğru bağçaya yerləşdirmək üçün bir çox şeyi nəzərə almalısınız. Seçimlərin bolluğu valideynləri çox vaxt tərəddüddə qoyur. Uşağınızın xüsusi ehtiyaclarına əsasən mümkün olan ən yaxşı təhsili almasını təmin etmək üçün bağçada nə axtarmaq lazım olduğunu bilmək vacibdir.
Onları gələcəkdə akademik, emosional və sosial uğura hazırlamaq üçün düzgün uşaq bağçası proqramını tapmaq lazımdır. Qərar verdikdə mütləq bütün bağça kollektivini düşünmək lazımdır. Uşaq bağçası axtararkən, müəllimlərə diqqət yetirin, belə ki, valideynlərindən sonra uşaqlara ən böyük təsiri müəllimləri edir. Seçdiyiniz bağçanın əməkdaşları ilə danışarkən onların ötürdüyü informasiya ilə sizin özünüzün təhsil haqqında anlayışınız zənginləşirsə, uşağınız üçün düzgün seçim edirsiniz.
Uşaq bağçası seçərkən diqqət yetirməli olduğunuz məqamlar var.
Uşaq bağçası seçərkən diqqət yetirməli olduğunuz digər məqam ətraf mühitin uşağınızın sağlamlığına uyğunluğudur. Bağçada uşaqların boylarına uyğun yataqlar, yataqların təmizliyi və səliqəsi, təhlükəsiz uşaq hovuzu, təmiz və geniş oyun sahəsi və sinif otaqları kimi imkanları yoxlamaq vacibdir. Bağçada həm də təhlükəsiz nəqliyyat xidməti olmalıdır. Bağçanın həyətyanı sahəsi çəpərlənməli və uşaqların bağça ərazisindən uzaqlaşmasına yol verilməməlidir. Bir valideyn olaraq, uşaq bağçasının rəhbərliyindən təhlükəsizlik üçün nələr etdiklərini maraqlanın. Təhlükəsizlik sizi tam qane etməlidir.
Əsas şərt budur: evinizə yaxın ərazidə bağça axtarmalısınız, lakin bu ən yaxşısı olmalıdır. Səmimi, gülərüzlü işçi heyətindən ibarət bağça seçməlisiniz. Onlar sizi səmimi qarşılamalı, əlaqə qurmaq asan olmalıdır. Peşəkar bağçanın kollektivi uşaqlara səbir, ədalət və qətiyyət kimi keyfiyyətləri aşılamalıdır.
Nizam-imtizamın gətirəcəyi fəsadları düşünün.
Uşaqlarınızı intizamlı bağçalara göndərməkdən çəkinin, çünki burada heyət uşaqlarınızı intizamlı etmək üçün onlarla sərt davranacaq. İcazə verin, uşaqlarınız sərbəst olsun və səhv edərək öyrənsin, çünki bu ən effektiv öyrənmə yoludur.