Uşağın yaşca böyük qardaş-bacısı onun inkişafına necə təsir edir?

Ailədə ilk uşaq dünyaya gələndə valideynlər bütün diqqətini onun üzərinə yönəldir və  uşağı sevgi ilə əhatə edərək onun istəklərini yerinə yetirməyə başlayırlar. Lakin sonra ailədə ikinci, üçüncü uşaqlar olanda artıq valideynlər onlarla münasibətləri doğru şəkildə necə idarə edəcəkləri ilə bağlı çətinliklərlə qarşılaşır. Görəsən valideynlə yanaşı,  yaşca böyük qardaş-bacının uşağın həyatında nə kimi rolu ola bilər?

Bu barədə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Əməliyyatlar üzrə Direktoru, Məktəbəqədər Təhsil Üzrə Mütəxəssis  Xalidə Rzayevanın fikirlərini təqdim edirik:

Mənim üçün bu mövzu çox doğmadır. Belə ki  ailəmizin üçüncü uşağı olan oğlumun özündən yaşca böyük  iki bacısı var. Mən öz şəxsi təcrübəmə əsaslanaraq  deyə bilərəm ki, əslində biz böyüklər öz yanlış ünsiyyət tərzimizlə çox vaxt uşaqlar arasında hər hansı ayrıseçkilik və  qısqanclığa səbəb oluruq. Tam əksi olduqda, yəni biz böyük uşaqları kiçiyə qarşı düzgün istiqamətləndirdikdə böyüklərin kiçiyin inkişafında müsbət təsiri çox olur.

Ailədəki böyük uşaqların kiçik uşağın inkişafına müsbət təsiri üçün valideyn öncədən zəmin yaratmalıdır. Əvvəla hamilə olduğu müddətdə böyük uşaqları  baş verən dəyişikliyə psixoloji hazırlamaq vacibdir. Körpə evə gələndən sonra isə böyük uşaqlara diqqəti azaltmaq əvəzinə, artırmaq lazımdır. Çünki onlar daha çox başa düşən yaşdadırlar və valideynlərinin diqqətinin tamamilə kiçik uşağa ötürülməsi onlar üçün  ağrılı ola bilər.  Məhz bu fakt qısqanclıq zəminində yaranan  xoşagəlməz anlara gətirib çıxarır.

Buna görə də  valideyn  ailədəki böyük uşaqların rolunu, dəstəyini daim önə çəkməlidir. Uşaqlar ailənin böyüməsini və məsuliyyətlərin artmasını hiss etməlidirlər. Valideyn elə mühit yaratmalıdır ki, uşaqlar balaca bacı və ya qardaşlarına  olan qayğını sevərək və həvəslə göstərsinlər. Çox vaxt valideynlər böyüklərin üzərinə bu və ya digər qayğıları öhdəlik kimi qoyurlar. “Sən bunu etməlisən, çünki  qardaşın  sənnən kiçikdir”, “Sakit danış, bacın yatıb”, “Mane olma, uşaq yemək yeyir” və s. kimi hallarla gündəlik həyatımızda çox rastlaşırıq. Böyük uşaqlar bu sözləri  eşitməkdən yorulurlar. Əslində  isə böyük uşaqlar kiçik bacı-qardaş üçün canlı nümunə, ünsiyyət mənbəyidir. Kiçik uşaq, böyük bacı-qardaşının hərəkətlərini, davranışlarını, maraqlarını müşahidə edir, onlardan öyrənir və özünü böyüklərin arasında önəmli hiss edir.  Özündən böyük bacı-qardaşı olan uşaq çox şanslıdır. Çünki hər zaman valideyn uşaqla oynamaq üçün vaxt ayıra bilmir.  İşləyən və ya ev işləri ilə məşğul olan valideynin vaxtı məhduddur. Bu rolda bacı-qardaşlar olanda uşaqlarda yüksək əhval-ruhiyyə yaranır,  uşaq həmçinin  ünsiyyətcil olur. Ailə böyük olanda kiçik uşaq üçün həyati situasiyalar çox olur. Məsələn, böyüklərin dostlarla münasibəti, onların getdiyi məkanlar, dərs oxumaqları, söhbətləri, hətta mübahisələri belə kiçik uşaq üçün öyrənmə mənbəyidir. Ailədə böyük uşaqlar hər hansı bir idman və ya incəsənət növü ilə məşğul olursa, böyüyən kiçik uşağın da dünyagörüşü zənginləşir. Uşaq aktiv olur və  müxtəlif fəaliyyətlərlə tanış olur. Açıq havada bərabər gəzintilər və oyunlar çox faydalıdır. Kiçik uşaqlar özündən yaşca böyük bacı-qardaşına çox etibar edir və ona oxşamaq istəyir, onu nümunə kimi görür.

Uşaqlararası münasibətlərdə dostluq çox vacibdir. Dostluq əsnasında ünsiyyət  və istənilən fəaliyyətdə uşaq bacı-qardaşla bərabər dünyanı dərk edir. Uşaqların bərabər film izləməsi, yemək yeməsi, market alış-verişi, oyun oynaması  münasibətləri möhkəmləndirir. Çox vaxt valideynlər uşaqların mübahisə etməyindən narahat olurlar.  İnanın ki, məhz belə kiçik konfliktlər onları gələcəkdə müxtəlif situasiyalarda özlərini necə aparacaqları və çıxış yollarını tapmaqları üçün bir məktəbdir.

Beləliklə, uşaqlararası münasibətlərin sağlam şəkildə qurulması valideynlərdən çox asılıdır. Valideyn daim uşaqları özlərini sərbəst ifadə etməsi üçün mühit yaratmalıdır, dəstək olmalıdır və uşaqların bir-biri ilə ünsiyyətinə təkan verməlidir. Evdə yaşca böyük bacı-qardaş varsa,  ailədə baş verən müəyyən proseslər mütləq onlarla müzakirə olunmalı, onların fikri nəzərə alınmalıdır. Valideynlər tərəfindən yanaşma tərzi  pozitiv və uşaqyönümlü olduqda uşaqlar daha mehriban və anlayışlı olurlar.