Uşaqlarda öyrənmə vərdişlərini inkişaf etdirməyin yolları

imtahan-e1500280290952Uşaqların ətraf aləmi dərk etməyə başlaması ilə onlarda ilkin öyrənmə vərdişləri formalaşmağa başlayır. Bu vərdişlərin inkişaf etdirilməsi isə peşəkar tədris və ailənin diqqətindən asılıdır.

Pedaqoq Fidan Qarayeva deyir ki, öyrənmə vərdişlərinin inkişaf etdirilməsi üçün tətbiq olunan məşğələlərdə mütləq yaş amili nəzərə alınır:

“Hər yaş qrupunun özünə uyğun məşğələləri var. Məsələn 2-3 yaş aralığında uşaqlara rəsm və sensor məşğələlər tətbiq olunur. Daha yuxarı yaşlarda isə bu məşğələlər  riyazi təsəvvürlər və savad təliminə yönəlmiş məşğələrlə əvəzlənir”.

Pedaqoq yaş amilinin həm də tədrisin metodikasına təsir etdiyini və bu mərhələdə valideynin də rolunun olduğunu vurğulayır :

“2-3 yaş aralığında uşaqların diqqətini daha çox rənglər, musiqilər çəkirsə, 4-6 yaş arası uşaqların diqqətini isə adətən personajlar, qəhrəmanlar və müxtəlif oyunlar çəkir. Tədris mərhələsində uşaqların diqqətini məzkəzləşdirmək üçün bu amil mütləq nəzərə alınır. Bu mərhələdə valideynlər daima müəllimlə birgə çalışmalıdır. Müəllimlər uşağın bacarıq və qabiliyyətləri barədə valideyni məlumatlandırmalı, valideyn də uşağın gələcəyi ilə bağlı planlarını buna əsasən müəyyənləşdirməlidir”.

Öyrənmə vərdişlərinin qazanılması zamanı uşaqlarda rast gəlinən  problemlərdən biri də diqqətin yayınmasıdır. Psixoloq Günel Məhərrəmli uşaqların diqqətinin yayınmasının səbəblərinin müxtəlif olduğunu deyir:

“Bu mərhələ elə bir yaş dövrünə təsadüf edir ki, həmin vaxt istənilən bir şey uşağın diqqətini yayındıra bilər. Xüsusən də planşet, kömpüter, telefon və s. uşaqların diqqətini mərkəzləşməsinə mane olur. Buna görə də həmin dövrdə bacardıqca  bu əşyaları uşaqlardan uzaq tutmaq lazımdır.  Bundan əlavə uşağı qətiyyən öz yaşıdı ilə müqayisə etmək olmaz. Başqasını uşağa nümunə çəkərək onu ruhlandırmaq lazım deyil, çünki belə halda uşağın diqqəti müqayisə edildiyi həmin uşağa yönələcək və hətta bir müddət sonra ona qarşı ikrah hissi yaranacaq”.

Bu dövrdə uşağın psixologiyasının zərər görməməsi üçün valideynlərin diqqətli davranmalı olduğunu deyən psixoloq, valideynin öz uşağının qavrama qabiliyyətinə bələd olmasının vacib olduğunu deyir:

“Valideyn bilməlidir ki, onun uşağının potensialı nədir və onun qavrama qabiliyyəti nəyə qadirdir.Valideyn uşaqdan öz istəklərini deyil,onun bacara biləcəklərini tələb etməlidir. Humanitar bilikləri öyrənməyə meyilli bir uşaqdan texniki bilikləri öyrənməyi tələb etmək yanlışdır. Bu zaman uşaq heç nə öyrənə bilməyəcək və bir müddət sonra ruhdan düşərək, dərslərdə uğursuz olacaq”.

Uzun illərdir inkişaf etmiş ölkələrin təhsil sahəsində tətbiq olunan və son illərdə Azərbaycanda da üstünlük verilən “after school”- məktəbdən sonra tədris proqramları da uşaqlarda öyrənmə vərdişlərinin inkişaf etdirilməsinə xidmət edir. After school  proqramının müəllimi  İlhamə  Qarayeva bu tədrisin uşaqların təhsil prosesinə uyğunlaşmasına  kömək etdiyini deyir:

“Məktəbdən sonra tədris uşaqları ağırlaşan dərs yükünə uyğunlaşdırmağa xidmət edir. Bağçadan birbaşa məktəbə keçid edən uşaqlara dərslərin mənimsənilməsində mütləq əlavə kömək lazım olur. Xüsusən də valideynlərin hər ikisinin işlədiyi ailələrə bu məsələdə bu cür tədris proqramları kömək edir. Burada uşaqlara təkcə məktəb dərsləri öyrədilmir, onlar burada həm oynayır, həm də kollektiv mühitə uyğunlaşırlar. Bu isə öz növbəsində uşaqların motivasiyasına birbaşa təsir edir”