Uşaqlara rəsm çəkməyi öyrədək

Şəkil çəkməyi necə öyrədək?

İstəyirsiniz sizin övladınız düz və səliqəli şəkil çəkə bilsin? Bəs, səlist yazı yazmağa nə deyirsiniz? Bunun üçün balacanın əllərini erkən yaşlardan öyrətmək lazımdır.

Rəsm – təkcə incəsənət demək deyil. Çəkilən şəklin səliqəli alınması üçün əlin motorikasını məşq etdirmək lazımdır. Balaca nə qədər çox çalışsa, bir o qədər onda yaxşı alınacaq. İlk dəfədən uşaqlarda düz xətt, dəqiq həndəsi fiqur çəkmək və ya təsviri səliqəli rəngləmək alınmır. Amma dəfələrlə bu hərəkətləri təkrar etdikdə, balaca qrafik bacarıqlarını təkmilləşdirmiş olur. Övladınıza bir neçə asan tapşırıq verməklə özünüz ona şəkil çəkməyi öyrədə bilərsiniz.

Nöqtələr üzrə xətt çəkmə

Bu tapşırıq üçün sizə üzərində nöqtələrlə nişanlanmış hər hansı bir əşya və ya heyvan təsvirli vərəq lazım olacaq. Vərəqi balacaya verin qoyun nöqtələri birləşdirərək şəkli çəksin. Sonra şəkli rəngləmək də olar. Yeri gəlmişkən, belə vərəqləri hazır almaqla yanaşı, özünüz də hazırlaya bilərsiniz. Bu, sizin cəmi bir neçə dəqiqənizi alacaq.

Ştrixləmə-cizgiləmə

Ən sadə bir şey çəkin (alma, top, gül) və uşağa onu cizgiləməyi təklif edin. Amma fikir verin ki, balaca cizgiləri eyni istiqamətdə çəksin.

Boyama-rəngləmə

Bu, yəqin ki, balacaların ən sevimli məşğuliyyətidir. Əgər siz körpənizin bu işdən təkcə zövq almasını deyil, həm də onun qrafik bacarıqlarını inkişaf etdirmək istəyirsiniz, o zaman şəkli rəngləyərkən karandaşı bir istiqamətdə hərəkət etdirməyi və cizgilərdən kənara çıxmamağı öyrədin. Balaca rəssama maraqlı olsun deyə, şəkilləri onun sevdiyi mövzuda götürün.

Labirint-dolanbac

Hər hansı bir balaca qəhrəmana labirinti keçməkdə yardımçı olmaq çox maraqlıdır! Siz həm hazır labirintdən, həm də özünüz hazırladığınızdan istifadə edə bilərsiniz. Balacaya karandaş verin, qoyun düz olan yolu tapsın. Təklif etdiyimiz tapşırıqlar onun üçündür ki, övladınız rəsm çəkməyi öyrənənədək darıxmasın. Axı hansı balaca bir yerdə sakit oturub, saatlarla dairə və ya düz xətt çəkməkdən zövq ala bilər?! Bu işi onun üçün daha əyləncəli etmək lazımdır!

Mənbə: analar.az